Məhkəmə qərarları › İş №2-1(120)-329/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-329/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-329/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik üzrə pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 04 may 2022-ci il tarixli qərardadı ilə “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Dərvişli kəndində yaşayır. Anadangəlmə boynu əyri olmaqla sol qolu işləmir. Buna görə 40 ildir ki, pensiya alırdı. 2021-ci ildən cavabdeh təşkilat tərəfindən pensiyası əsassız olaraq dayandırılmışdır. Pensiyası dayandırıldıqdan sonra o, təkrar müayinəyə getmişdir. Xəstəxana tərəfindən müayinə olunduqdan sonra Respublika tabeliyində olan ixtisaslaşmış müalicə müəssisəsinə göndərilmişdir. Həmin müəssisədə rəy verilmişdir ki, boynu da, qolu da düzəlməyəcəkdir. Bu rəylər də cavabdeh təşkilata göndərildikdən sonra həmin təşkilat qanunsuz olaraq ona əlillik təyin etməkdən imtina etmişdir. O, cavabdeh təşkilatın imtinasını qanunsuz hesab edir. Belə ki, cavabdeh təşkilat adı çəkilən imtinaları ilə onun Konstitusiya ilə təsbit edilmiş hüququnu pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci ildə ilkin təyin edilmiş “ümumi xəstəlik" səbəbindən ikinci dərəcə əlillik sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 0234003AALJH nömrəli göndəriş əsasında İddiaçı Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən üç göndəriş (Forma-088) daxil olmuşdur: 1). Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAPFR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və nevroloji status səthi qeyd olunduğundan “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. 2). Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAQKR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinənin dəqiqləşdirməməsi səbəbindən “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. 3). Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AARW1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və yenidən nevroloji status səthi qeyd edildiyindən “Göndərişin natamam doldurulması” qərarı qüvvədə saxlanılmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərlə müəyyən olunur ki, ona xx.xx.2007-ci ildə ilkin olaraq “ümumi xəstəlik” səbəbindən ikinci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən onun əlilliyi 5 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2021-ci il tarixli, 0234003AALJH nömrəli göndəriş əsasında İddiaçı Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2021-ci ildən “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə dövlət tibb müəssisəsi tərəfindən üç göndəriş (Forma-088) daxil olmuşdur: 1). Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAPFR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və nevroloji status səthi qeyd olunduğundan “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. 2). Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0234003AAQKR nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və ağırlaşmanı təsdiqləyən köməkçi diaqnostik müayinənin dəqiqləşdirməməsi səbəbindən “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. 3). Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 0234003AARW1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və yenidən nevroloji status səthi qeyd edildiyindən “Göndərişin natamam doldurulması” qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının son üç göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı əlilliyi qiymətləndirilməmiş, ona əlilliyin təyin olunmasından imtina edilmiş, səbəb olaraq “Göndərişin natamam doldurulması” qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1971-ci ildə Biləsuvar rayonunda anadan olmuş və Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X1” X2 verdikləri 08 iyun 2022-ci il tarixli, T 232/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsinin son göndərişdə qeyd etdiyi “döş-körpücük-məməyəbənzər əzələnin anadangəlmə deformasiyası, boyun fəqərələrinin anadangəlmə inkişaf qüsuru, sağ tərəfli anadangəlmə əyriboyunluq, sümüklərin inkişaf qüsuru ilə əlaqədar anadangəlmə əyriboyunluq, boyun şöbəsinin fəqərələrarası disklərin mielopatiya ilə zədələnməsi, diskogen C5-C6 mielopatiyası, ağrı sindromu, üz skeletinin asimmetriyası, yuxarı ətrafın monoplegiyası” diaqnozu stasionarlarda müalicələri zamanı aparılmış kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında təyin edilmiş, xəstəliyin dinamikası, klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyəti itirilməmişdir. İddiaçı əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Qeyd edilən diaqnozla əlaqədar onun hazırda əlavə reabilitasiya müalicəsinə ehtiyacı yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 31 yanvar 2023-cü il tarixli, 19 saylı rəydə göstərilmişdir ki, 1-3. İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də xx.xx.2022-ci il tarixdə müayinə zamanı “Boyun fəqərələrinin anadangəlmə inkişaf qüsuru, əyriboyunluq sağ tərəfli üz skeletinin assimetriyası, sol milbilək və əl barmaqların kontrakturası, sol orta sinirinin neyropatiyası, C3-4, C4-5, C5-6 disklərin protruziyası, onurğamn osteoxondrozu, əzələ atrofıyası, sol yuxarı ətrafın funksional pozuntusu, tutma funksiyasınm pozulması, döş qəfəsinin qıfabənzər deformasiyası” müəyyən edildi. Qeyd edilən diaqnozla əlaqədar onun hazırda əlavə reabilitasiya müalicəsinə ehtiyacı yoxdur. Əlilliyin təyini məhkəmə-tibbi ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci H tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqlan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfındən həyata keçirilir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 verdiyi 08 iyun 2022-ci il tarixli, T 232/2022 saylı rəyi ilə 31 yanvar 2023-cü il tarixli, 19 saylı rəyi arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 08 iyun 2022-ci il tarixli, T 232/2022 saylı rəyində “şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi” qeyd olunsa da, 31 yanvar 2023-cü il tarixli, 19 saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliklərinin Az\rbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri” və 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölmələrinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar