Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-33/2024 27.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinə qarşı “30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarın X3 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsi və icarə müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-33/2024 nömrəli qərardadı ilə iddia tələbinə “30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarın X3 aid hissədə ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 03 yanvar 2006-cı il tarixli, 01 saylı ümumi iclasının qərarına əsasən mərhum atası X4 heyvandarlıq və əkinçilik məqsədi ilə 20 il müddətinə 7 hektar torpaq sahəsi verilmiş və mərhum atası ilə Pirili Bələdiyyəsi arasında xx.xx.2006-cı il tarixdə 25 il müddətinə Torpaq icarəsi müqaviləsi bağlanmışdır. Mərhum atası həmin torpaq sahəsini icarəyə götürəndən sonra ölən günə kimi, yəni xx.xx.2014-cü il tarixə kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş və icarə haqqını vaxtlı-vaxtında Pirili Bələdiyyəsinin hesabına ödəmişdir. Atası vəfat etdikdən sonra onun icarəyə götürdüyü torpaq sahəsindən mərhumun varisi olaraq halhazıra kimi istifadə edir və icarə haqqını da bələdiyyənin hesabına ödəyir. İcarəsində olan torpaq sahəsindən istifadə ilə əlaqədar Pirili Bələdiyyəsi ilə aralarında heç bir narazılıq olmamışdır. Atası vəfat etdikdən sonra dəfələrlə Pirili Bələdiyyəsinə müraciət edib mərhum atası ilə Pirili Bələdiyyəsinin arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilərək icarə müqaviləsinin onunla bağlanmasını xahiş etmişdir. X5 xahişinə əməl etməmiş, bu günə kimi mərhum atasının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməkdə davam edir. Həmin torpaq sahəsindən başqa heç bir gəlir mənbəyi yoxdur və ailəni həmin torpaq sahəsindən əldə etdiyi gəlir hesabına saxlayır. Bütün bunlara baxmayaraq Pirili Bələdiyyəsi mərhum atası ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 01 saylı torpaq icarəsi müqaviləsinin ləğv edilərək onunla yeni icarə müqaviləsinin bağlanması təklifinə cavab olaraq xx.xx.2021-ci il tarixli, 02 saylı məktubla cavab verib bir qrup kənd sakinlərinin şikayət ərizəsi əsasında Göyçay Regional Ədliyyə İdarəsində araşdırma aparıldığını və həmin İdarənin təklifinə əsasən Pirili Bələdiyyəsi ilə mərhum atasının arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 saylı tarpaq icarə müqaviləsinin Bələdiyyənin xx.xx.2020-ci il tarixli ümumi iclasının qərarı ilə ləğv edildiyini bildirib onunla yeni torpaq icarəsi müqaviləsi bağlanmasından qanunsuz olaraq imtina etmişdir. Göyçay Regional Ədliyyə İdarəsində şikayətlə bağlı araşdırma aparılması göstərilən məktubda torpaq sahələrinin qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verildiyi, icarə müddətinin bitməsinə baxmayaraq icarə hüquqları bitmiş icarəçilər tərəfindən istifadə edilməsi hallarının mövcudluğunun olduğu göstərilmişdir. X10 ilə onun mərhum atasının arasında bağlanmış torpaq icarəsi müqaviləsi qanunvericiliyin tələblərinə cavab verilməklə bağlanmış, icarə müddəti bitməmiş və icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə bələdiyyə ilə onların arasında icarələrində olan torpaq sahəsindən istifadə qaydaları və s. ilə bağlı ilə heç bir narazılıq olmamışdır. Pirili Bələdiyyəsi isə Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyyə xarakterli təklif məktubunu qanunsuz olaraq əsas tutub mərhum atası ilə bağlanmış Torpaq İcarəsi müqaviləsinin ləğv edilərək onunla yeni Torpaq icarəsi müqaviləsi bağlamaqdan imtina etmişdir. Şərh etdiklərindən göründüyü kimi mərhum atası ilə Pirili Bələdiyyəsi arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 01 saylı torpaq icarəsi müqaviləsinə əsasən mərhum atasının icarəsinə 25 il müddətinə əkinçilik məqsədi ilə 2 hektar, heyvandarlıq məqsədi ilə 5 hektar olmaqla, cəmi 7 hektar torpaq sahəsindən hazırda öz ailə üzvləri ilə birlikdə istifadə edir. Hesab edir ki, həmin torpaq sahəsinə görə Pirili Bələdiyyəsinin onunla yeni icarə müqaviləsi bağlamaq istəməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla bir vətəndaş kimi onun və ailə üzvlərinin Konstitusion hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar qəbul olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə İddiaçı və cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı ümumi iclasının protokolundan çıxarışdan görünür ki, Pirili bələdiyyəsinin 7 hektar torpaq sahəsi 20 il müddətinə X3 ayrılmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 01 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 nömrəli qərarı əsasında 7 hektar torpaq sahəsinin 20 il müddətinə X3 icarəyə verilməsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, AZ-İ № 705175 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)- 1369/2021 nömrəli mətubundan və ona əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 2(041)- 1369/2021 nömrəli qətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş mərhum X2 miras qalmış bütün əmlakla bağlı İddiaçı Kürdəmir Regional “Asan” xidmət mərkəzində notariat ofisi tərəfindən vərəsəlik şəhadətnaməsinin verilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı ümumi iclasının protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 12 noyabr 2020-ci il tarixli Z-522/2/3 №-li məktubu məlumat və icra üçün qəbul edilmiş, qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan, qanunla müəyyən edilmiş müddətdən artıq müddətə və təyinatına uyğun olmayaraq icarəyə verildiyinə görə aşağıda adları göstərilən (13-cü sırada X8) Kürdəmir rayonunun Pirili kənd sakinlərinə torpaq sahəsinin ayrılması barədə bələdiyyənin müvafiq qərarları və bağlanmış icarə müqavilələri ləğv edilərək, həmin torpaq sahələri vətəndaşlardan alınaraq Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05 nömrəli bildirişdən görünür ki, Pirili bələdiyyəsinin iclas protokolu ilə X7 ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və 1 ay müddətində icarəsində olan 7 ha torpaq sahəsinin boşaldılıb bələdiyyənin torpaq fonduna qaytarılması bildirilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli, 15 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 nömrəli qərarından çıxarış xx.xx.2021-ci il tarixli bildiriş ilə iddiaçıya rəsmi bildirilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı Zeynalov X9 hal-hazırkı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə poçta təhvil vermiş və xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftərxanasında qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X7 torpaq sahəsi almaq üçün Kürdəmir rayonu Pirili bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarı əsasında Pirili bələdiyyəsinin ərazisindən 7 ha torpaq sahəsi heyvandarlıq və əkinçilik məqsədi ilə 20 il müddətinə X4 icarəyə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin icarəyə verilməsinə dair xx.xx.2006-cı il tarixli, 01 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Daha sonra Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı ilə Pirili kənd sakinlərinə torpaq sahəsinin ayrılması barədə bələdiyyənin müvafiq qərarları və bağlanmış icarə müqavilələri ləğv edilərək, həmin torpaq sahələri vətəndaşlardan alınaraq Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması qərara alınmış, o cümlədən iddiaçıya 1 ay müddətində icarəsində olan 7 ha torpaq sahəsinin boşaldılıb bələdiyyənin torpaq fonduna qaytarılması bildirilmişdir. Hazırda iddiaçı 7 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 01 saylı qərarın ləğv edilməsinə yönələn xx.xx.2020-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları vardır, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İşdən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğu təqdim edilərək hazırda mübahisələndirilən inzibati aktların qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Lakin, cavabdeh inzibati orqan tərəfindən bu barədə heç bir sənəd (sübut) və məlumat məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi hazırda mübahisələndirilən inzibati aktın (Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının) qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin ikinci bəndinə görə bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərti ilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin maddənin altıncı bəndinin üçüncü hissəsinə görə isə, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətlərinə və torpağın ayrılma məqsədinə, mövcud tikinti normalarına, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun, torpaq icarədarlarının hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barəsində sərəncam vermək (maddə 4.0.1), müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyətləri vardır (maddə 4.0.2). Həmin Qanunun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinə görə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1). Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrininin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir (maddə 9.2). Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır (maddə 9.3). Həmin Qanunun 16-cı maddəsinə görə qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır (maddə 16.1). Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 16.2). Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (maddə 16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (maddə 16.4). Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 1-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının Konstitusiyasının 143-cü maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə əsasən Bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir. Konstitusiyasının 145-ci maddəsinin 1-ci bəndinə əsasən Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Konstitusiyasının 145-ci maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən Bələdiyyənin iclası bələdiyyənin sədri, sədr olmadıqda isə onun müavini tərəfindən aparılır. İclasın katibi bələdiyyə üzvləri sırasından seçilir. Bələdiyyə sədri, sədr olmadıqda isə onun müavini bələdiyyə üzvlərinin və ya bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin təşəbbüsü ilə çağırılan iclasa sədrlik etməkdən boyun qaçırdığı halda iclasın sədri iclasda iştirak edən bələdiyyə üzvləri tərəfindən bələdiyyə üzvləri sırasından seçilir. Həmin Qanunun 6-ci maddəsinə əsasən Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinə qarşı iddia tələbi təmin edilməli, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı X3 aid hissədə ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarı X3 aid hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-33/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-33/2024
27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver