Məhkəmə qərarları › İş №2-1(120)-331/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-331/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-331/2025 23.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayonu Üçtəpə kəndində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il tarixli, 80 nömrəli qərarına əsasən Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun 26 iyul 1996-cı il tarixli, 06 nömrəli əmri ilə Cəlilabad rayonu, Üçtəpə kəndində 0,15 hektar həyətyanı torpaq sahəsi təhkim edilmişdir. Buna müvafiq olaraq həmin torpaq sahəsinə dair ona xx.xx.1996-cı il tarixli təhkim aktı da verilmişdir. Bundan sonra həmin torpaq sahəsinin üzərində inşa ediləcək fərdi yaşayış evinin layihəsi də hazırlanaraq Cəlilabad rayon İcra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə, yəni ki, 0,15 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və oradan ona bildirilmişdir ki, “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli, 06 saylı əmri Cəlilabad rayon Dövlət Arxivindən arxiv çıxarışı təqdim edilməmişdir. Bildirmək istəyir ki, Cəlilabad rayon Dövlət Arxivindən arxiv çıxarışının olmaması vətəndaş olaraq onun günahı deyildir. Qeyd olunan səbəblərdən torpaq sahəsinə mülkiyyət hüququnu tanıtdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə etiazını onunla əsaslandırır ki, İddiaçı müraciətinə baxılmış və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 01 may 2023-ci il tarixdə **********09 saylı məktubla bildirilmişdir ki, “B.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 saylı əmrinin Cəlilabad rayon Dövlət Arxivindən arxiv çıxarışı təqdim edilməmişdir. Daşınmaz əmlakın qeydə alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə Fərmanının 2.5-ci bəndinə uyğun olaraq yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Cəlilabad rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçının nümayəndəsi eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 07 aprel 2023cü il tarixli müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, “B.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 saylı əmrinin Cəlilabad rayon Dövlət Arxivindən arxiv çıxarışı təqdim edilməmişdir. Daşınmaz əmlakın qeydə alınması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə) Fərmanının 2.5-ci bəndinə uyğun olaraq yaşayış və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında“ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cəlilabad Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad Rayon X1 “ V.Məmmədov ” adına sovxozunda fond üzrə 1996-ci il tarixli əmr kitabına baxılmış, lakin İddiaçı adına həyətyanı torpaq sahəsi aşkar edilmədi. Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının aparatnın məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli əmr kitabında İddiaçı adına Cəlilabad rayon Dövlət Arxivində həyətyanı torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçıya məxsus xx.xx.1985-ci il tarixli, ИТ-İ №1507526 nömrəli Əmək kitabçasının surətindən müəyyən olunur ki, o, xx.xx.1985-xx.xx.1989-cu illər ərzində Cəlilabad 22-ci X3 fəhlə işləmişdir. Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı sovxozun torpaq fondundan fərdi yaşayış evi tikmək üçün 0.15 ha torpaq sahəsi təhkim edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti işləri şöbəsinin xx.xx.1997-ci il tarixli, 868 saylı arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli əmri ilə Üçtəpə kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.15 ha torpaq sahəsi təhkim edilmişdir. Sovxozun əmrinə əsasən torpaq sahəsinin verilməsi Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il, 80 nömrəli qərarına əsasən təsdiq edilmişdir. İddiaçı təhkim olunmuş ərazidə ümumi sahəsi 121.5 kv.m olan bir mərtəbəli otaqdan ibarət olan evin tikintisinə Cəlilabad RİH Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən icazə verilmişdir. Cəlilabad Rayon Üçtəpə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 144 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Döviət Kadastr və Reyestri” publik huquqı şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı 0.15 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanıdılması bərədəki iddiası qanuna müvafiq həll edilməlidir. Cəlilabad RİHB-ın Üçtəpə KİƏDÜ nümayəndəsinin xx.xx.1994-cü il tarixli 80 saylı qərarına əsasən Cəlilabad rayon Vəli Məmmədov adına sovxozun xx.xx.1996-cı ıl tarixli 06 saylı əmri ilə İddiaçı həyətyanı məqsədilə verilmiş 0.15 ha torpaq sahəsi hazırda İddiaçı istifadəsindədir və həmin torpağa görə vergiləri ödəyir. Həmən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına etiraz etmirik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Cəlilabad rayonu V.Məmmədov adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli Qərarı və Üçtəpə kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/1411 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7554/2024 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Üçtəpə kənd ərazi nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli, 06 nömrəli əmri ilə təhkim aktına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində İddiaçı verilmiş, iddia etdiyi və faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7554/2024 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisindən iddia tələbinə görə İddiaçı faktiki istifadəsində olan naturadan plana alınmış 0.15 ha həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən hüquqi statusu- bələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələri torpaqları, növü torpaq sahəsi, təyinatı ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyənləşdirildi. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7554/2024 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Üçtəpə kənd ərazi nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli, 06 nömrəli əmri ilə təhkim aktına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində İddiaçı verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə naturaya uyğun yerləşmə vəziyyəti ilə naturadan plana alınmış faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7554/2024 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Üçtəpə kənd ərazi nümayəndəliyinin xx.xx.1994-cü il tarixli, 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli, 06 nömrəli əmri ilə təhkim aktına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində İddiaçı verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin naturaya uyğun yerləşmə vəziyyətinə görə iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-7554/2024 saylı mütəxəssis rəyinə əsasən, iddia olunan sözügedən torpaq sahəsi İddiaçı faktiki istifadəsində olduğu müəyyənləşdirildi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsi: Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq İslahatı haqqında” Qanun: Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını vəsahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahınıyüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 12. Sovxoz və kolxozların torpaqlarından pay almaq hüququ olan subyektlər

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiştorpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

Məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və həmin torpaq sahəsinə dair arxiv məlumatlarında hər hansı bir məlumatın aşkar edilməməsi əsası ilə müraciətinin icrasından cavabdeh tərəfindən imtina edilmişdir. Belə ki, Cəlilabad Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda Cəlilabad Rayon X1 “V.Məmmədov” adına sovxozunda fond üzrə 1996-ci il tarixli əmr kitablarında İddiaçı adına həyətyanı torpaq sahəsinin aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə kifayət qədər araşdırma apararaq müəyyən edir ki, iddiaçı xx.xx.1985-xx.xx.1989-cu illər ərzində Cəlilabad 22-ci X3 fəhlə işləmişdir və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli əmrin surətindən müəyyən olunur ki, İddiaçı sovxozun torpaq fondundan fərdi yaşayış evi tikmək üçün 0.15 ha torpaq sahəsi təhkim edilmişdir. Həmçinin Cəlilabad rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti işləri şöbəsinin xx.xx.1997-ci il tarixli, 868 saylı arayışında qeyd edilmişdir ki, Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli 06 nömrəli əmri ilə Üçtəpə kənd sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.15 ha torpaq sahəsi təhkim edilmişdir. Sovxozun əmrinə əsasən torpaq sahəsinin verilməsi Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il, 80 nömrəli qərarına əsasən təsdiq edilmişdir. İddiaçı təhkim olunmuş ərazidə ümumi sahəsi 121.5 kv.m olan bir mərtəbəli otaqdan ibarət olan evin tikintisinə Cəlilabad RİH Aparatının memarlıq və tikinti şöbəsi tərəfindən icazə verilmişdir. Həmin mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən qanuni əsaslarla əldə edilidyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut məhkəməyə təqdim olunmadığından həmin hüquqmüəyyənedici sənədlər mötəbər sayılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 10/1411 nömrəli ekspert rəyində bildirilmişdir ki, Cəlilabad rayonu Üçtəpə kənd ərazi nümayəndəliyinin xx.xx.1994-cü il tarixli 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun xx.xx.1996-cı il tarixli, 06 nömrəli əmri ilə təhkim aktına əsasən Cəlilabad rayonu Cəfərxanlı kəndi ərazisində İddiaçı verilmiş, iddia etdiyi və faktiki istifadə kimi plana alınmış 0,15 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmiş, İddiaçı faktiki istifadəsində olan naturadan plana alınmış 0.15 ha həmin həyətyanı torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən hüquqi statusu-bələdiyyə mülkiyyəti, kateqoriyası-yaşayış məntəqələri torpaqları, növü torpaq sahəsi, təyinatı ümumi istifadədə olan torpaq sahəsi olduğu müəyyənləşdirilmiş, İddiaçı verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə naturaya uyğun yerləşmə vəziyyəti ilə naturadan plana alınmış faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq mövcud olmadığı, həmin torpaq sahəsinin naturaya uyğun yerləşmə vəziyyətinə görə iddiaçının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmiş, həmçinin iddia olunan sözügedən torpaq sahəsi İddiaçı faktiki istifadəsində olduğu müəyyənləşdirilmişdir. Bundan əlavə iş materiallarında olan Cəlilabad Rayon Üçtəpə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 144 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Döviət Kadastr və Reyestri” publik huquqı şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı 0.15 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanıdılması bərədəki iddiası qanuna müvafiq həll edilməlidir. Cəlilabad RİHB-ın Üçtəpə KİƏDÜ nümayəndəsinin xx.xx.1994-cü il tarixli 80 saylı qərarına əsasən Cəlilabad rayon Vəli Məmmədov adına sovxozun xx.xx.1996-cı ıl tarixli 06 saylı əmri ilə İddiaçı həyətyanı məqsədilə verilmiş 0.15 ha torpaq sahəsi hazırda İddiaçı istifadəsindədir və həmin torpağa görə vergiləri ödəyir. Həmən torpaq sahəsinin İddiaçı adına qeydiyyata alınmasına etiraz etmirlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınmasından imtina üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçıya torpaq sahəsi sovxoz tərəfindən qanunauyğun şəkildə ayrılmış, ayrılan vaxtdan hal-hazırki dövrədək fasiləsiz və mübahisəsiz istifadəsində olmuşdur. Məhkəmə qeyd edir ki, mülkiyyətçi nə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri tərtib edən, arxivə təhvil verən şəxsdir, nə də ki, qanunla onun üzərinə belə bir vəzifələr qoyulmamışdır. Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin arxiv məlumatlarının aşkar edilməməsi iddiaçının təqsiri nəticəsində baş vermiş hal hesab oluna və onun məsuliyyət sferasına aid edilə bilməz. Əks halda bu ədalət prinsipi baxımından iddiaçıya münasibətdə konstitusion hüquqlarının, yəni mülkiyyət və bərabərlik hüququnun pozulması ilə nəticələnmiş olardı. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il tarixli, 80 nömrəli qərarına əsasən Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun 26 iyul 1996-cı il tarixli, 06 nömrəli əmri ilə Cəlilabad rayonu, Üçtəpə kəndində iddiaçıya ayrılmış 0,15 hektar həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il tarixli, 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun 26 iyul 1996-cı il tarixli, 06 nömrəli əmri ilə Cəlilabad rayonu, Üçtəpə kəndində İddiaçı ayrılmış 0,15 hektar həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cəlilabad rayon Üçtəpə kənd ərazi nümayəndəliyinin 14 aprel 1994-cü il tarixli, 80 nömrəli qərarı və Cəlilabad rayon “V.Məmmədov” adına sovxozun 26 iyul 1996-cı il tarixli, 06 nömrəli əmri ilə Cəlilabad rayonu, Üçtəpə kəndində İddiaçı ayrılmış 0,15 hektar həyətyanı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar