Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3334/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixli komissiya qərarının ləğv edilməsi və direktor vəzifəsinə qəbul olunması öhdəliyinin cavabdehin üzrəinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “xx.xx.2023cü il tarixli komissiya qərarının ləğv edilməsi və direktor vəzifəsinə qəbul olunması öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5084/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildən Beyləqan rayonu 1 nömrəli Tam orta məktəbində tarix müəllimi vəzifəsində çalışır, 8 ildən çox pedeqoji stajı var. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 09 may 2023-cü il tarixində elan edilmiş “Direktorların işə qəbulu” müsabiqəsində iştirak etmişdir. Müsabiqənin test mərhələsi 06 iyul 2023-cü il tarixində keçirilmişdir. Test imtahanında 60 mümkün baldan 38 bal toplayaraq müsabiqənin müsahibə mərhələsinə keçmiş, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müsabiqənin müsahibə mərhələsi 17 noyabr 2023-cü il tarixində Bakı şəhəri 202 nömrəli məktəbdə keçirilmişdir. Müsahibədə ona ünvanlanmış şifahi sualların hər birini cavablandırmağına baxmayaraq müsahibə komissiyasının qərəzli rəyinə əsasən qeyd edilən mərhələdə uğur qazanmadığı barədə ona elektron məlumat göndərilmişdir. Direktorların işə qəbulu üzrə müsahibə mərhələsində iştirak edən şəxslərin onunla olan qərəzli davranışından, etik davranış qaydalarını pozaraq kobud ifadələr işlətməsi, xüsusən də Mil-Muğan regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin qəsdən ona qarşı qərəzli mövqedə olduğu ilk baxışdan hiss olunsa da bunu səbəbi məlum deyildir. Həmçinin, müsahibənin qeyri-şəffaf keçriİdiyini, bütün suallara cavab vermiş, video görüntüləri əldə etməyi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Artıq 3-cü dəfədir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev ona qarşı müsahibələrdə bu cür hərəkətlər edir. Qəsdən ona qarşı mənfi rəy yaradır. Qeyd edilən şəxs müsahibənin formatına uyğun olmayan şəxsi suallar verərək rəsmi qaydada AR Elm və Təhsil Nazirliyinə etdiyi müraciətlərə müsahibədə aydınlıq gətirmək adı ilə onun haqqında mənfi fikir formalaşdırmışdır. Direktorların işə qəbulu üçün Apellyasiya şurasının yaradılması barədə AR Elm və Təhsil Nazirliyinə müraciət etsə də həmin müraciəti də cavabsız qalmışdır. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 17 noyabr 2023-cü il tarixdə cavabdeh imtinaedici inzibati akt qəbul edib. Cavabdehə imtinaedici aktını ümumiyyətlə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən “xx.xx.2023-cü il tarixli komissiya qərarının ləğv edilməsi və direktor vəzifəsinə qəbul olunması öhdəliyinin cavabdehin üzrəinə qoyulması” barədə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 9 may 2023-cü il tarixində elan edilmiş “Direktorların işə qəbulu” müsabiqəsinin müsahibə mərhələsi 17 noyabr 2023-cü il tarixində Bakı şəhəri 202 nömrəli məktəbdə keçirilmiş, İddiaçı həmin müsahibədə iştirak etmiş, lakin müsahibənin nəticələri barədə komissiyanın qərarı ilə razılaşmamış, məhkəməyə göndərilmiş iddia ərizəsində komissiyanın qərarının ləğv edilməsini və cavabdehin direktor vəzifəsinə təyin olunması ilə bağlı cavabdehin üzərinə tələb kimi qoyulmasını xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, müsahibədə ona ünvanlanmış şifahi sualları hər birini cavablandırmasına baxmayaraq komissiyanın qərəzli rəyinə əsasən qeyd edilən mərhələdə uğur qazanmadığı barədə ona elektron məlumat göndərilmişdir. Halbuki, etiraza qoşma şəklində təqdim olunmuş video materialda namizədin qeyd etdiyi kimi müsahibədə qərəzli yanaşılmamış, ünvanlanan sualların əksəriyyətini qeyridəqiq olaraq cavablamışdır. Belə ki, video materiala əsaslanaraq namizədin iddiasını aşağıdakı əsaslarla təkzib edirik: a. Video materialın 1:25 hissəsində direktor müavini və direktorun vəzifə funksiyalarına dair verilən sualın qeyri- dəqiq cavablandırılması: Direktor müavini və direktor arasındakı vəzifə funksiyalarının qeyri-dəqiq cavablandırılması, rəhbər vəzifələrə namizəd olan şəxsin uyğunluğuna ciddi təsir edə bilər. Müsahibə zamanı verilmiş “Direktor müavini və direktor arasındakı əmək funksiyalarında oxşarlıqlar və fərqlər nədən ibarətdir?” sualına qeyri-kafi cavab vermək, həmin şəxsin müvafiq qanunvericilikdə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “20” dekabr 2017-ci il tarixli 18-1 nömrəli “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1”nın təsdiq edilməsi barədə qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2024-cü il 300 nömrəli “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında qərarıda qeyd olunmuş direktorun səlahiyyətlərini tam anlamadığını göstərir. Direktor, müəssisənin idarə edilməsində strateji qərarlar qəbul etməli, resursları səmərəli şəkildə istifadə etməli və əməkdaşların fəaliyyətini koordinasiya etməlidir. Direktor müavini isə, direktorun rəhbərliyi altında müəyyən sahələrdə məsuliyyət daşıyır və onun yoxluğunda funksiyalarını yerinə yetirir. Bu roldakı şəxsin direktorun vəzifələrini tam anlaması, komanda işini gücləndirir və müəssisənin fəaliyyətini daha effektiv edir. Direktorluğa namizəd olan şəxsin əsas vəzifələrini dolğun şəkildə bilməməsi və sualı qısa və natamam cavablandırması onun analitik düşüncə, qiymətləndirmə və monitorinq bacarıqlarının qeyri-kafiliyini göstərir. Bu, gələcəkdə rəhbərlik vəzifələrini icra edərkən ciddi problemlərə yol aça bilər. Namizədin müvafiq qanunvericiliyi öyrənməsi və müasir təhsil idarəetmə prinsiplərini mənimsəməsi vacibdir. b. Video materialın 3:16 hissəsində direktorun qiymətləndirməni necə apardığı barədə məlumatı bilməməsi: Namizəd müsahibə zamanı “Direktor qiymətləndirməni necə aparır?” sualına cavab verə bilməmişdir. Bu, onun rəhbərlik və idarəetmə prosesində tələb olunan əsas prinsiplərə yetərincə bələd olmadığını sübut edir. c. Video materialın 4:03 hissəsində direktor müavinlərinin hesabatı ilə bağlı suala düzgün cavab verilməməsi: Direktor müavinlərinin direktora hesabatlarının necə təqdim edildiyini tam şəkildə izah edə bilməmişdir. Bu isə namizədin rəhbərlik mövqeyi üçün kifayət qədər hazırlıqlı olmadığını göstərir. ç. Video materialın 4:54 hissəsində təhsilin məzmununun ümumi müddəalarının zəif bilinməsi: Müsahibə zamanı təhsilin məzmununa dair ümumi müddəalarla bağlı verilən suala qeyri-dəqiq və natamam cavab verilmişdir. Namizəd “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il 361 nömrəli qərarının 2-ci bölməsində nəzərdə tutulmuş təhsilin əsas müddəalarını bilməməsi ilə yanaşı, qanunvericiliyi də yetərincə yaxşı bilmədiyini göstərmişdir. d. Video materialın 7:21 hissəsində təhsil haqqında qanunvericiliklə bağlı suala natamam cavab verilməsi: Təhsil haqqında qanunvericilik barədə verilmiş suala yalnız 4-5 qanun maddəsini qeyd edərək cavab verməsi, qanunvericiliyi tam mənimsəmədiyini göstərir. e. Video materialın 10:10 hissəsində dünya görüşü ilə bağlı verilən suala səhvlər: “Dünya tarixi üçün ən böyük 10 hadisə hansılardır?” sualına tarix müəllimi olaraq namizəd qaneedici cavab verə bilməmişdir. İlk olaraq 2-ci Qarabağ müharibəsini qeyd etmiş, daha sonra münsiflərin dəqiqləşdirməsindən sonra feodalizm dövrü, 1-ci və 2-ci dünya müharibələri və beynəlxalq təşkilatların yaranmasını sadalamışdır. Bu, onun tarix üzrə dünya görüşünün kifayət qədər dərin olmadığını göstərir. f. Yalan bəyanat verilməsi və Məktəb Liderliyi Proqramında iştirakla bağlı ziddiyyətlər: Videonun 5:58 dəqiqəsində və 17:40 dəqiqəsində namizəd Məktəb Liderliyi proqramının qalibi olduğunu iddia etmişdir. Lakin komissiya heyəti tərəfindən bu məsələ dəqiqləşdirildikdə, belə bir qalibiyyətin olmadığı ortaya çıxmışdır. Bu fakt, namizədin müsahibə zamanı yalan bəyanat verdiyini göstərir. Bununla bağlı olaraq, İddiaçı 13 noyabr 2023-cü il tarixində Məktəb Liderliyi Proqramı ilə əlaqədar proqramın təşkilatçılarına elektron ərizə göndərərək müraciət etmişdir. Müraciətə cavab olaraq verilmiş məktubda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən proqramın iştirak qaydalarının pozulması müəyyən edilmiş və proqrama yenidən bərpa olunma tələbi rədd edilmişdir. Namizəd müsahibə zamanı ayağında yaranmış problem səbəbindən açılış tədbirində iştirak etmədiyini bildirmişdir. Lakin, təqdim olunmuş tibbi sənədlər və məktublarda göstərildiyi kimi, İddiaçı təqdim etdiyi məlumatlar bir-birinə ziddiyyət təşkil edir. Belə ki, tibbi arayışda onun 30 oktyabr - 4 noyabr 2023-cü il tarixlərində “Sol ayaq barmaqlarının piodermiyası” (iltihablaşma) səbəbindən işdən azad edildiyi göstərilsə də, 26 oktyabr tarixində ünvanlanmış e-maildə ayağının sınması barədə məlumat vermişdir. Təqdim edilən tibbi sənədlərdə və 26 oktyabr tarixində ünvanlanmış e-maildə göstərilən tarix və səbəblər ciddi ziddiyyət təşkil edir. Bundan əlavə, açılış tədbiri 28 oktyabrda keçirildiyi halda, tibbi arayış bu tarixdən sonra təsdiqlənmişdir, yəni həmin arayış açılış tədbirində iştirak etməməsi üçün etibarlı əsas deyil. Həmçinin iddiaçı bülletendə olduğunu və yeriyə bilmədiyini vurğulasa da, xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinə işə qəbul üçün test imtahanında iştirak etdiyi müəyyən olunmuşdur. Bu ziddiyyətlər namizədin təqdim etdiyi bəyanatların düzgünlüyünü şübhə altına alır və müsahibə zamanı onun yalan bəyanat verməsini təsdiqləyir. 2. İddiaçı ərizəsində müsahibə zamanı komissiya üzvlərinin ona qarşı qərəzli davrandığını, etik davranış qaydalarını pozaraq kobud ifadələr işlətdiyini və xüsusən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin qəsdən ona qarşı qərəzli mövqe tutaraq mənfi rəy yaratdığını iddia edir. Bundan əlavə, iddiaçı müsahibənin qeyri-şəffaf keçdiyini də qeyd etmişdir. Bu iddialara cavab olaraq bildiririk ki, müsahibə prosesi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və Nazirliyin müvafiq qaydalarına uyğun şəkildə keçirilmişdir. Komissiya üzvlərinin hər biri namizədlərə bərabər və obyektiv şəkildə yanaşmış, hər hansısa qərəzli və ya subyektiv davranışa yol verilməmişdir. Komissiyanın bütün üzvləri etik davranış qaydalarına riayət edərək müsahibədə iştirak etmişdir və iddiaçının bildirdiyi kobud ifadələrin işlədilməsi və ya etik qaydaların pozulması barədə heç bir sübut təqdim olunmamışdır. 3. Xüsusilə Rəşad Musayevin iddiaçıya qarşı qərəzli mövqe tutması və mənfi rəy yaratması barədə iddialar da əsassızdır. Komissiya üzvlərinin verdiyi rəylər namizədlərin bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi əsasında formalaşmışdır və hər hansı subyektiv mövqeyə əsaslanmamışdır. Müsahibənin keçirilməsi prosesi tam şəffaf şəkildə aparılmışdır və iddiaçının qeyri- şəffaflıqla bağlı iddiaları da konkret faktlara əsaslanmır. Nəticə olaraq, iddiaçının müsahibə prosesinə dair irəli sürdüyü qərəz və kobudluq iddiaları sübut olunmamış subyektiv fikirlərdir və müsahibənin qanunvericilik çərçivəsində şəffaf şəkildə aparıldığını vurğulamaq istəyirik. 4. İddiaçı ərizəsində Direktorların işə qəbulu üzrə Appelyasiya Şurasının yaradılması və video görütüləri əldə etməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etdiyini və bu müraciətin cavabsız qaldığını iddia edir. Bununla bağlı olaraq, Apellyasiya Şurasının yaradılması tələbini irəli sürən iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-29-69/2-i-6xx-xx/2023 nömrəli məktubla rəsmi cavab verilmişdir. Həmin məktubda iddiaçıya müraciətində qeyd olunan məlumatlar barədə lazım olan prosedurların aydın şəkildə izah edilməsi üçün 146-2 və 146-6 nömrəli Çağrı Mərkəzləri və Nazirliyin rəsmi internet səhifəsindən elektron sorğu vasitəsilə müraciət edə biləcəyi qeyd edilmişdir. Apellyasiya Şurasının yaradılması ilə bağlı tələbə gəldikdə isə, iddiaçının məktubunda bu barədə bəyanatın yer alması həmin istəyin avtomatik olaraq reallaşması anlamına gəlmir. Apellyasiya Şurasının yaradılması üçün müəyyən qanuni prosedurlar mövcuddur və iddiaçının göstərilən prosedurları izləməsi lazımdır. Apellyasiya Şurasının yaradılması üçün tələb olunan qanuni prosedurlara əsasən, iddiaçı ilk növbədə müvafiq məktəbin direktoruna müraciət etməli, direktor isə həmin müraciəti Region Təhsil İdarəsinə bildirməlidir. Növbəti addımda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinə müraciət etməli və ya “edu.az” portalında şəxsi kabinetindən sorğu göndərilməlidir. İddiaçının bu prosedurlara əməl etmədiyi halda müraciətinə baxılmadığını irəli sürməsi yanlış təəssürat yaratmaqla yanaşı, məsuliyyəti üzərindən götürmür. Rəsmi məktubda qeyd olunan əlaqə vasitələri ilə də müraciət edərək prosedurlarla bağlı əlavə dəqiqləşdirmə etmək imkanı ona tanınmışdır, lakin bu imkanlardan istifadə edilməmişdir. 6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydalarının 4.2-ci maddəsinə əsasən, namizədlər təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Əgər namizəd tərəfindən təqdim edilən məlumatların yanlış olduğu aşkar edilərsə, onun namizədliyi ləğv olunmalıdır. Namizəd müsahibə zamanı özü haqqında yanlış məlumat verib. Məsələn, "Məktəb Liderliyi" müsabiqəsinin qalibi olduğunu iddia edib, lakin bu məlumat həqiqətə uyğun deyil. Müsahibə komissiyası, mövcud qaydalara uyğun olaraq, vaxt məhdudiyyəti səbəbilə həmin məlumatları dərindən yoxlaya bilməyib və namizədin verdiyi cavabları obyektiv qiymətləndirərək nəticədə direktorluğu uyğunsuzluq barədə qərar verib. Bu hal komissiyanın verdiyi obyektiv qərarı şübhə altına almır. Komissiya müsahibə zamanı verilən cavabları düzgün şəkildə qiymətləndirib. Bu səbəbdən, komissiyanın verdiyi qərar obyektivdir, lakin saxta məlumat təqdim edildiyi üçün qaydalara əsasən namizədin nəticəsinin ləğvi də qanunauyğun olardı. Bu, komissiyanın işini deyil, namizədin düzgün məlumat vermək öhdəliyini vurğulayan bir məsələdir. Hüquqi məsələlər: Təhsil müəssələrində direktorların işə qəbulu məsələlərinin tənzimlənməsi, bu sahədə təhsili idarəetmə orqanlarının səlahiyyət və vəzifələrinin müəyyən edilməsi ilə bağlı müddəalar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydalarında geniş əks olunmuşdur. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu şəffaflıq və obyektivlik təmin edilməklə mərkəzləşdirilmiş qaydada dörd mərhələdən ibarət müsabiqə yolu ilə elektron sistem vasitəsilə keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, müsabiqənin üçüncü - müsahibə mərhələsi zamanı namizədlərin aşağıdakı meyaralr əsasında 5 ballıq şkala ilə qiymətləndirilir: - emosional intellekt; - kommunikasiya və komando qurmaq bacarığı; - təqdimetmə bacarığı; - liderlik; - problem həlletmə bacarığı. Namizədlər hər bir meyar üzrə minumum 3 bal toplamaq şərtilə ortalama 3.5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır. Müsabiqənin nəticəsinə əsasən vakant direktor vəzifəsini tutmuş namizədlə bir il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər. Müsabiqənin nəticəsinə görə müsahibədən keçid balını toplamış, lakin təyinat almayan namizədlər ehtiyat kadrlar siyahısına daxil edilir. Ehtiyat kadr statusunda qalma müddəti 2 (iki) ildir. Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər müəyyən olunmuş müddət ərzində yaranmış vakant yerlərə yerləşdirilə bilərlər. Həmin Qaydaların 4.1- cü bəndinə əsasən, direktorların işə qəbulu ilə əlaqədar bu Qaydalara riayət edilməsi və kadrlarla iş sahəsində yol verilən nöqsanlara görə iştirakçılar, təhsili idarəetmə orqanları və müsabiqə komissiyalarının üzvləri qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, direktorların işə qəbulu ilə əlaqədar namizədlər elektron ərizədə doldurulmuş məlumatların, təqdim edilmiş sənədlərin doğruluğuna görə məsuliyyət daşıyırlar. Hər hansı mərhələdə təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu aşkarlanarsa, bu zaman namizədin nəticəsi ləğv edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, müsahibə prosesində namizədin bilik və bacarıqlarında ciddi çatışmazlıqlar olmuş və namizəd rəhbərlik mövqeyi üçün uyğun deyildir. Bu səbəblərə əsaslanaraq, qeyd olunan ziddiyyətlər və yalan bəyanatlar nəzərə alınaraq, təqdim edilmiş iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, A№080161 saylı Azərbaycan Respublikası Bakalavr Diplomunun surətindən görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı tarix müəllimliyi ixtisası üzrə X3-İxtisas dərəcəsi verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, 192228 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən 09 may 2023-cü il tarixində elan edilmiş “Direktorların işə qəbulu” müsabiqəsində iştirak etmiş, müsabiqənin test mərhələsi 06 iyul 2023-cü il tarixində keçirilmiş, test imtahanında 60 mümkün baldan 38 bal toplayaraq müsabiqənin müsahibə mərhələsinə keçmiş, müsahibənin formatına uyğun olmayan şəxsi suallar verərək rəsmi qaydada AR Elm və Təhsil Nazirliyinə etdiyi müraciətlərə müsahibədə aydınlıq gətirmək adı ilə onun haqqında mənfi fikir formalaşdırmışdır. Direktorların işə qəbulu üçün Apellyasiya şurasının yaradılması barədə AR Elm və Təhsil Nazirliyinə müraciət etsə də həmin müraciəti də cavabsız qalmışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə cavabdeh inzibati orqanın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli cavabdehin əsl cavabdehlə əvəz edilməsi ərizəsinə münasibət bildirərək qeyd edir ki, iş üzrə məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyinə uyöun zəruri araşdırmanın aparılması öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsa da, Nazirlik tərəfindən qeyd edilən istiqamətdə müvafiq zəruri araşdırma aparılmasını daxili qurumlara, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə həvalə edilə bilər. Lakin iş üzrə inzibati icraat üzrə araşdırma aparılmasında obyektivlik, qərəzsizlik, bərabərlik prinsiplərinin əməl olunması məqsədilə qeyd edilən istiqamətdə müvafiq zəruri araşdırma aparılmasında və yekun qərar qəbul edilməsində öz nümayəndəsinin iştirakını təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Hazırkı mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, qəbul edilən qərar inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına olunmadığından, qərar hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh olunmamalıdır. Bu baxımdan, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, qərardan apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmədiyindən qeyd edilən qərardan cavabdeh inzibati orqan tərəfindən şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3334/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3334/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver