Məhkəmə qərarları › İş №2-1(120)-3339/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3339/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3339/2025 22.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1960-cı il təvəllüdlüdür. Lənkəran Rayonu,Kərgəlan kənd tam orta məktəbində müəllimə işləmişdir. Ona yaşa görə sosial müavinət təyin edilib.Bununla bağlı 1 saylı X2 və Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına dəfələrlə müraciət etmişdir.Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli 3-17-1/2-R-226164/2023 cavab məktubunda göstərilir ki,"Təqdim etdiyiniz əmək kitabçasının, təhsil haqqında diplomunuzun və əməkhaqqı arayışının surətlərinə əsasən sığorta stajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1980-cı il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 24 il, 2 ay, 8 gün təşkil edir.Həmçinin bildirik ki,xx.xx.2006-cı il tarixindən xx.xx.2018- ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı nəzərə alınmayıb... Əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1984-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək Lənkəran Rayonu Kərgəlan kənd Orta Məktəbində olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X1 Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə birgə tərtib etdiyi 07.06. 2023-cü il tarixli akta əsasən əmək kitabçanızın surətində qeyd olunmuş Lənkəran rayonu,Kərgəlan kənd Tam Orta Məktəbində xx.xx.1984-cü il tarixindən xx.xx.2003cü il tarixinədək olan əmək fəaliyyəti zamanı 1984-cü ildə 8 ay,1986-ci ildə 3 ay, 1987-ci ildə 1 ay,1990-cu ildə 2 ay,1991-ci ildə 3 ay, 1992-ci ildə 2 ay,2003-cü il tarixində 3 ay adınıza əmək haqqqı hesablanmadığı üçün sözügedən dövrlər sığorta stajınıza daxil edilməyib.” Qeyd etmək istəyir ki, yaranmış problemlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdi. Müraciətinə cavab olaraq Lənkəran Regional Təhsil İdarəsi tərəfindən araşdırmalar aparıldı. Ona həmin dövrləri əhatə edən əmək haqqı cədvəlləri təqdim olundu. Əməkhaqqı cədvəllərindən görünür ki, 1984-cü ilin yanvar,fevral,mart,aprel,may,iyun,iyul,avqust və sentyabr aylarında eləcə də 2003-cü ilin oktyabr,noyabr,dekabr ayları üzrə ona həqiqətən əmək haqqı hesablanmayıb. Eyni zamanda cədvəldən aydın olur ki, 1986-ci ildə 3 ay, 1987-ci ildə 1 ay,1990-cu ildə 2 ay,1991-ci ildə 3 ay, 1992-ci ildə 2 ay ona əmək haqqının hesablanmaması ilə bağlı Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialın cavab məktubunda qeyd etdikləri həqiqətə uyğun deyil.Həqiqətə uyğun olmayan hesablamaları aparan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında qərar qəbul edərək hüquqlarını kobudcasına pozmuşdur. Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq arayışlarını Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etsə də heç bir müsbət nəticəsi yoxdur. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 sentyabr 2023-cü il tarixli 3-17-1/2-R-226164/2023 cavab məktubunda göstərilir ki,”Təqdim etdiyiniz əmək kitabçasının, təhsil haqqında diplomunuzun və əməkhaqqı arayışının surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən 28.06. 1980-cı il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla) 24 il,2 ay,8 gün edir. İddiaçı yaşa görə əmək pensiyasının verilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş etirazdan görünür ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı müddətdə nəzərə alınmaqla cəmi sığorta stajı 24 il 11 ay 16 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.2023-cü il tarixli müraciəti zamanı təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin X1 581 ve 582 nömrəli arayışlarında və xx.xx.2023-cü il tarixli müraciəti zamanı təqdim etdiyi 98 və 99 nömrəli arayışlarında qeyd olunmuş 1982-2003-cü illər üzrə əmək fəaliyyətinin araşdırılması zərurəti yaranmışdır. İddiaçının təkrar müraciətilə əlaqədar olaraq bildirilir ki, Fondun 1 saylı X1 Lənkəran-Astara Regional Təhsil idarəsi ilə xx.xx.2023-cü il tarixində birgə tərtib edilmiş aktına əsasən onun adına sözügedən dövrlər üzrə əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmiş, adına əmək haqqı hesablanmayan dövrlər isə işləməyən ananın 3 yaşınadək uşağa qulluq dövrü (6 ildən çox olmamaqla) kimi sığorta stajında nəzərə alınmışdır (1984-cü ilin yanvar-avqust ayları və 2003cü ilin oktyabr-dekabr ayları istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq bildirilir ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sözügedən Qanunun 22- 1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə pensiya” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lənkəran rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE******* saylı şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş Rzayeva X6 rayonu, Kərgəlan kənd ünvanında qeydiyyatdadır. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsi Lənkəran rayon H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 112 nömrəli arayışına əsasən, verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci il tarixinə kimi doğuşa görə sosial məzuniyyətdə olmuşdur. -İşdə olan 022375 nömrəli diplomun surətindən görünür ki, İddiaçı ibtidai sinif müəllimi ixtisasını bitirmişdir. -İşdə olan ******* nömrəli. xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü ilədək müxtəlif idarələrdə, o cümlədən xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işləmişdir. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Astara Regional Təhsil İdarəsinin 09 nömrəli məktubuna əsasən, İddiaçı əmək məzuniyyəti ilə bağlı aşağıda qeyd olunan tarixlərdəki əmrləri məktəbin 1986- 2025-ci illəri əhatə edən əmr kitabında öz əksini tapmışdır.

1. 836 №li əmrə əsasən İddiaçı yay məzuniyyəti qurtardığından 20 mart 1991-ci ildə işdə hesab edilmişdir.(Məzuniyyətə çıxma tarixi ilə bağlı əmr kitabda öz əksini tapmayıb.)

2. 902&1№li əmrə əsasən 15 yanvar 1992-ci il tarixində 1991-1992-ci tədris ilinin hesabına 48 günlük yay məzuniyyətinə buraxılmışdır.

3. 1002 №li əmrlə 01 iyul 1993-cü ildə 48 günlük yay məzuniyyətinə buraxılmışdır.

4. 26 avqust 1993-cü il tarixli 1009 №li əmrə əsasən növbəti yay məzuniyyəti xx.xx.1993cü ildə bitdiyindən xx.xx.1993-cü il tarixində işdə hesab edilmişdir.

5. 16 iyun 1994-cü il tarixli 1071 №li əmrə əsasən 16 iyun 1994-cü il tarixindən 48 günlük növbəti yay məzuniyyətinə buraxılmışdır.

6. 1077№li əmrə əsasən xx.xx.1994-cü il tarixdə işdə hesab edilmişdir.

7. 16 iyun 1995-ci il tarixli 55№li əmrə əsasən növbəti yay məzuniyyətinə buraxılmışdır.

8. 61 №li əmrə əsasən 01 avqust 1995-ci il tarixində işdə hesab edilmişdir.

9. 15 iyun 1996-cı il tarixli 137 №li əmrə əsasən 16 iyun 1996-cı ildə tarixdən 56 günlük növbəti yay məzuniyyətinə buraxılmışdır.

10. xx.xx.1996-cı il tarixli 145 №li əmrə əsasən 12 avqust 1996-cı ildə işdə hesab edilmişdir.

11. 16 iyun 1997-ci il tarixli 196/1№li əmrə əsasən növbəti yay məzuniyyətinə buraxılmışdır.

12. 11 avqust 1997-ci ii tarixli 205 №li əmrə əsasən yay məzunuyyəti qurtardığından 11 avqust 1997-ci il tarixində işdə hesab edilmişdir.

13. 16 iyun 1998-ci il tarixli 244№li əmrə əsasən 56 günlük növbəti yay məzuniyyətinə buraxılmışdır.

14. 12 avqust 1998-ci il tarixli 250№li əmrə əsasən 12 avqust 1998-ci il tarixdə işdə hesab edilmişdir.

15. 16 iyun 1999-cu il tarixli 287/3№li əmrə əsasən növbəti yay məzuniyyətinə buraxılmışdır.

16. 11 avqust 1999-cu il tarixli 290№li əmrə əsasən 11 avqust 1999-cu il tarixindən işdə hesab edilmişdir.

17. 13 iyun 2000-ci il tarixli 325№li əmrə əsasən 16 iyun 2000-ci il tarixdən növbəti yay məzuniyyətinə buraxılmışdır.

18. 12 avqust 2000-ci ii tarixli 330№li əmrə əsasən 12 avqust 2000-ci il tarixində işdə hesab edilmişdir.

19. 16 iyun 2001-ci il tarixli 362/2№li əmrə əsasən növbəti yay məzuniyyətinə buraxılmışdır.

20. 370№li əmrə əsasən 10 avqust 2001-ci il tarixində məzuniyyət vaxtı bitdiyindən 11 avqust 2001-ci il tarixində işdə hesab edilmişdir.

21. 16 iyun 2002-ci tarixli 404/2 №li əmrə əsasən növbəti yay məzuniyyətinə buraxılmışdır.

22. 12 avqust 2002-ci ii tarixli 410№li əmrə əsasən 12 avqust 2002-ci il tarixində işdə hesab edilmişdir. 23.13 iyun 2003-cü il tarixli 445№li əmrə əsasən 16 İyun 2003-cü il tarixindən növbəti yay məzuniyyətinə buraxılmışdır. 24.11 avqust 2003-cü il tarixli 454№li əmrə əsasən 11 avqust 2003-cü il tarixində işdə hesab edilmişdir. Məktəbin 1986-2025-ci il tarixləri əhatə edən əmr kitablarında İddiaçı ilə bağlı məzuniyyət əmrləri yalnız yuxarıda göstərilən tarixləri əhatə edir.1993-cü ilə qədər əmr kitabında məktəbin müəllimlərinin məzuniyyətə çıxma və işə qayıtma ilə bağlı heç bir əmr yoxdur. 836№li, 902&1 №li, 1002№li, 1077№li, 61№li, 370№li əmrlərin tarixi əmr kitabında öz əksini tapmayıb. -İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 24 aprel 2025-ci il tarixli 3-17-1/2-92449/2025 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-3339/2025 nömrəli sorğusuna baxılmışdır. İddiaçı Sahab qızının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara və Fondun 1 saylı X1 müvafiq aktlarına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrləri, 1984-cü ildə 4 ay, 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987-ci ildə 11 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 10 ay, 1991-ci ildə 9 ay, 1992-ci ildə 10 ay adına əməkhaqqı hesablanan aylar, eyni zamanda xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər, həmçinin 1986-cı ildə 3 ay, 1987-ci ildə 1 ay, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci i tarixədək, 1991-ci ildə 3 ay, 1992ci ildə 2 ay övladlarına qulluq etdiyi dövrlər də nəzərə alınmaqla ümumilikdə mübahisələndirilməyən sığorta stajı 24 il 11 ay 16 gün təşkil edir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmamışdır. -İşdə olan Lənkəran rayon H.Səfərov adına Kərgəlan kənd tam orta ümümtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, Lənkəran rayonu H.Səfərov adına Kərgəlan kənd tam orta ümumtəhsil məktəbi üzrə Əmr kitabı 1986-2025-ci illəri əhatə edir. Həmin kitablarda İddiaçı işə girmə ilə bağlı heç bir məlumat olmadığından İddiaçı işə girmə ilə bağlı məlumat vermək mümkün deyil. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Astara Regional Təhsil İdarəsinin 19 avqust 2025-ci il tarixli 3-29-35/2- 1431/2025 nömrəli məktubuna əsasən, Pedaqoji təhsilli sinif müəllimi, Rzayeva (Əliyeva) X6 rayonu Xalq Maarif şöbəsinin 25 yanvar 1982-ci il tarixli, 13 №-li əmri ilə 20 yanvar 1982-ci il tarixdən Kərgəlan kənd orta məktəbinə Pioner baş dəstə rəhbəri təyin edilmişdir. İddiaçı (Əliyeva) Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd tam orta ümumtəhsil məktəbi tərəfindən təqdim edilən 13 sentyabr 2003-cü il tarixli, 05/1 №-li əmrdən çıxarışa əsasən 15 sentyabr 2003-cü il tarixdən məktəb müəllimliyindən müvəqqəti azad edilmişdir. -İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Astara Regional Təhsil İdarəsinin 17 oktyabr 2025-ci il tarixli 3-29-35/2- 2071/2025 nömrəli məktubuna əsasən, Pedeqoji təhsilli sinif müəllimi, Rzayeva (Əliyeva) Hökümə Şahab qızının Lənkəran rayonu Həbib Səfərov adına Kərgəlan kənd tam orta ümumtəhsil məktəbində 1982-2003-cü illərdə əmək fəaliyyəti üzrə məzuniyyətdə olduğu dövrlərə dair məzuniyyət əmrlərin təsdiq olunmuş surətləri göndərilir. 1982-1983-cü illər, 1984- 1985-ci illərə aid məzuniyyət əmrləri həmin illərin əmr kitablarına baxış keçirilən zaman rast gəlinməmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, cavabdeh orqan tərəfindən İddiaçı Sahab qızının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan məlumatlara və Fondun 1 saylı X1 müvafiq aktlarına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrləri, 1984-cü ildə 4 ay, 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987-ci ildə 11 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 10 ay, 1991-ci ildə 9 ay, 1992-ci ildə 10 ay adına əməkhaqqı hesablanan aylar, eyni zamanda xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər, həmçinin 1986-cı ildə 3 ay, 1987-ci ildə 1 ay, xx.xx.1990-cı il tarixindən xx.xx.1991-ci i tarixinədək, 1991-ci ildə 3 ay, 1992-ci ildə 2 ay övladlarına qulluq etdiyi dövrlər də nəzərə alınmaqla ümumilikdə mübahisələndirilməyən sığorta stajı 24 il 11 ay 16 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının işlədiyi digər dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Xİ-JQ 410653 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Sahab qızı xx.xx.1986-cı il tarixdə X12 adlı və AZ-T 064921 saylı xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Sahab qızı xx.xx.1990-cı il tarixdə X5 adlı övladlarını dünyaya gətirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən,

1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

2. Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir: a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü); b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü); c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı barəsində xx.xx.1986-cı il və xx.xx.1990-cı il tarixlərə dair analıq məzuniyyətində (sosial məzuniyyət) olması barədə əmrlərin aşkar edilməməsi həmin dövrlər üzrə onun ödənişli məzuniyyətdə olmaması anlamına gələ bilməz. Məhkəmə təqdim edilmiş əmək kitabçasının, doğum haqqında şəhadətnamələrinin surətləri və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X10-Astara Regional Təhsil İdarəsinin verdiyi arayışlar əsasında müəyyən edlir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işləmiş və əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlər üzrə verilmiş arayışlar əsasında iddiaçının Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işlədiyi məhz xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1993-cü il tarixindən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrləri, 1984-cü ildə 4 ay, 1985-ci ildə 12 ay, 1986-cı ildə 9 ay, 1987-ci ildə 11 ay, 1988-ci ildə 12 ay, 1989-cu ildə 12 ay, 1990-cı ildə 10 ay, 1991-ci ildə 9 ay, 1992-ci ildə 10 ay adına əmək haqqı hesablanan aylar, 1986-cı ildə 3 ay, 1987-ci ildə 1 ay, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrləri qəbul etməsinin, digər dövrlərin isə qəbul etməməsinin səbəbləri barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin orta məktəbdə işləməsi və əmək haqqı alması, o cümlədən orta məktəbin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə Lənkəran rayonu Kərgəlan kənd orta məktəbinin sənədləri tam təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları tam qaydada aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işlədiyi dövrlər sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək, xx.xx.1984cü il tarixdən xx.xx.2003-cü il tarixədək Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını və Lənkəran-Astara Regional Təhsil İdarəsinin verdiyi arayışları mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işlədiyi dövrlər üzrə sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçı Lənkəran rayonu Kərgəlan kənd orta məktəbində işlədiyi dövrlər üçün orta məktəbə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə tam təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair sovxoza məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və yaxud saxlanılmaması işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. İddiaçıya xx.xx.2017-ci il tarixdən 220 manat məbləğində sosial müavinət təyin edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddiaçı iddia ərizəsi təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən), yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan (sosial müavinət çıxılmaqla) ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar