Məhkəmə qərarları › İş №2-1(120)-3340/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3340/2025

07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3340/2025 07.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona daimi əlillik statusunun verilməsi, kəsilmiş əlillik pensiyasının bərpa edilməsi və pensiya kəsiləndən hal-hazıradək ötən müddətin ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona daimi əlillik statusunun verilməsi, kəsilmiş əlillik pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi Sosial Ekspertiza və X1 Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 1CP2U7A0008 №-li qərarın ləğv olunması, ona təyin olunmuş üçüncü dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi və müddətsiz təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddianı və iddianın dəyişdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Hərbi Komissarlığı tərəfindən 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.2001-ci il tarixdə xidmət zamanı, səngərdə düşmən gülləsi ilə yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 206 saylı Qərarı ilə ona “Hərbi Travmadır” Azərbaycn Respublikasının Müdafiəsi zamanı Alınmışdır” kimi qiymət verilmişdir. Həmin qərara əsasən ona əlillik təyin edilmişdir.2020-ci ildə Komissiyada təkrar əyani müayinədən keçdikdən sonra əlillik dərəcəsi 2025-ci ilə qədər növbəti 5 il müddətinə uzadılmışdır.2023-cü ilin avqust ayında 2 saylı Dost Mərkəzinə sanatoriyaların birində müalicə olunmaq üçün müraciət etdikdən sonra, qeyri-müəyyən səbəblərə görə təkrar tibbi-sosial ekspert komissiyasında əyani müayinəyə dəvət olunmuşdur. O, çağırışa gedib, müayinədən keçmişdir. Ona bildirilmişdir ki, 15 iş günü ərzində cavab veriləcəkdir. Bir ildən çox müddət məlumat verilməmişdir. Bundan sonra pensiyasının verilməsi dayandırılmışdır. 2020-ci ildə də belə bir hal baş verdiyi üçün şübhələnməmişdir. Bundan sonra nazirliyə müraciət etmişdir. Müraciətinə cavab verilməmişdir. O, hal-hazırda da müalicə alır, çünki müalicə olmadan vəziyyətini sabit saxlamaq mümkün deyil. Soyuq havalarda isə ümumiyyətlə ağrıları dözülməz olur. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin ötürülməməsini nəzərə almağı xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, əlilliyin bərpası, müavinət və təqaüdlərinin dayanan vaxtdan ödənilməsinin davam etməsi üçün ilk gündən müraciətlərini qətiyyən dayandırmamışdır. Bununla bağlı müxtəlif qurumlara kpməkliklə bağlı müraciətləri olmuşdur. Hazırda da, müraciətindən 1 (bir) ildir ki, məhkəmədədir. Onun tərəfindən müddət ötürülməmişdir, daim aidiyyəti aidiyyəti qurumlarla, məhkəmələrlə yazışmalarda olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0008 №-li qərarı ilə xx.xx.1977-ci il təvəllüdlü İddiaçı tam reabilitasiya olunması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Qərar xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmişdir. Agentliyin 3-17-4/2-13066/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2020-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüynünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. X2 nəzarət, audit, monitorinq və təhlil departamentinin Monitorinq və təhlil söbəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində mütəmadi olaraq yoxlamalar aparılmaqdadır. Araşdırma zamanı 17 nəfər vətəndaşın əlillik dərəcəsinin təyini barədə qərarın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə vətəndaşın qeydiyyat ünvanına xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-19676/2023 nömrəli bildiriş məktubu göndərərək Agentliyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlillik səviyyəsində aşkar olunmadığından xx.xx.2023-cü il tarixindən tam reablitasiya olması barədə qrəar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial ekspert Komissiyasının yekun qərarı barədə xx.xx.2024cü il tarixli 3-17-4/2-S-15249/2024 nömrəli məktubla vətəndaş məlumatlandırılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Agentliyə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etdmişdir. (İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur). Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ( hakim A.Hüseynova) İddiaçı ərizəsinin təmin edilməsi, İddiaçı cavabdeh Agentliyə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Qərardaddan şikayət verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan-Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllə: Maddə 33.Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi). İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd edilməlidir ki, iddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının tələbi onun əlilliyinin müəyyən edilməsi barədə inzibati aktın ləğv olunmasına, yəni əlilliyin bərpa olunmasına yönəlmişdir. Məhkəmə hazırki iş üzrə iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman əlilliyin təyin olunmasından imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-243/2024 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, oxşar mövqe hazırkı iş üzrə də iddianın məcburetmə növündə iddia olmasına dəlalət edir. Bu səbəbdən də əlillik dərəcəsinin təyin edilməsindən imtina barədə qərarın ləğv edilməsi və əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə münasibətdə iddianın müddətlə bağlı mümkünlüyü məsələsi, məcburetmə növündə iddia üçün nəzərdə tutulmuş müddətlə bağlı qayda əsas götürülməklə qiymətləndirilməlidir. AR İPM-nin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyası haqqında Əsasnamə”nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə ləğv edilmişdir) 5.5-ci bəndində qeyd edilir ki, TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.4-cü bəndində qeyd edilir ki, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinin tələbinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İşin faktiki hallarından Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Agentliyə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etdmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ( hakim A.Hüseynova) İddiaçı ərizəsinin təmin edilməsi, İddiaçı cavabdeh Agentliyə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Qərardaddan şikayət verilməmişdir. Bundan sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək,ona daimi əlillik statusunun verilməsi, kəsilmiş əlillik pensiyasının bərpa edilməsi və pensiya dayandırıldığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli 2-1(112)-6203/2025 saylı məktubla inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi qərar barəsində məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra öz iradəsi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, əlilliyin müəyyən edilməsindən imtina edilməsi (Tam reabilitasiya olma səbəbindən) barədə xx.xx.2023-cü il tarixi qərarın iddiaçıya təqdim edilməsi barədə qərardan məlumatın mövcud olması aşkar surətdə məlumatının olduğunu təsdiqedici sənədlər mövcuddur ki, lakin iddiaçı cavabdehin qərarının ləğv olunması ilə bağlı ikinci dəfə 2024-cü ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Məcburetmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddəti ilə bağlı iddianın mümkünlük şərtinə əməl etməmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesindigər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçı müddətin hər hansı üzürlü səbəbdən buraxılmasına dair heç bir əsas göstərməmiş və məhkəməyə təqdim etdiyi ərizəsində müddətin ötürülməməsinin nəzərə alınmasını xahiş etmişdir.. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qüvvədə olan qanunvericilikdə əks olunan normalarda nəzərdə tutulmuş müddət prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərardan iddiaçı ən azından 2024cü ilin iyul ayından rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə qərarın mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 2 aydan çox ( ərizəsini məhkəmədə geri götürdükdən) müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, inzibati münasibətləri tənzimləyən İPM-nin müddəalarında prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyü ilə bağlı norma nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, necə ki yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır.Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin ərizənin mümkünlüyü ilə bağlı məsələlərdə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, yeni açılmış hallar ilə bağlı ərizəsi olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə müddət məhdudiyyət ilə bağlı ərizələrin qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunması şərti yerinə yetirilməmişdirsə, prosessual qənaət prinsipindən irəli gələrək həmin ərizənin mümkün sayılması qənaətinə gəlinməlidir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun tərəfindən təqdim olunmuş müddətin bərpası barədə ərizə mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, vəsatət (ərizə) və iddia mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar