Məhkəmə qərarları › İş №2-1(120)-3348/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3348/2023

14.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3348/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün X1 2022-2023-cü il tədris ilində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin İnzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Ə.Rzayev adına Orand tam orta məktəbin direktoru X3 qarşı “övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün X1 2022-2023-cü il tədris ilində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh X5 Təhsil İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndinə əsasən kimiya- biologiyaya, biologiya-kimya, riyaziyyat - fizikaya, fizika-riyaziyyata və informatika-riyaziyata mahiyyət etibarı ilə yaxın fənnlərdir və ehtiyac yarandığı halda bu fənləri həmin ixtisas müəllimləri tədris edə bilər. Orand kənd orta məktəbinin direktoru Babək Rəhimov isə Nazirlər Kabinetinin qərarını öz yaxınlarının xeyrinə dəyişərək qanunsuz dərs bölgüsü aparmışdır. Məktəbin direktoru Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək öz qardaşlarına, qardaşı oğluna və digər qohumlarına qeyri ixtisas dərslərinin tədrisini tapşıraraq övladının və digər uşaqların keyfiyyətli təhsilalmaq hüququnu pozmuşdur. Babək Rəhimovun qanunsuzluqları barəsində etdiyi müraciətləri örtbastır etməkdən ötrü əvvələr Nazirlər Kabinetinin 2010 cu il 3 iyun tarixli 103 nömrəli qərarının 6.2 bəndini əsas gətirdilər. Bu qərarın tətbiq olunmadığını və bölgünün qanunsuz olduğu barəsində yenidən etdiyi müraciətlərə verilən cavablarda zərurət yarandığını əsas gətirdilər. Hal-hazırda isə verilən cavablarda Rəhimovlar ailəsinin peşəkar olduğunu və qeyri ixtisas fənnlərindən kurikulim kurslarında güya iştirak etdiklərini əsas gətirirlər. Orand məktəbində işləmək üçün hansısa unuversiteti və ya kolleci bitirməyə ehtiyac yoxdu. Hansısa kursda 1-2 həftəlik təlim keçib gəlib dərs demək mümkündür. Rəhimovlar ailəsi peşəkarlıq cəhətdən daha təcrübəli, məlumatlı və elmi nəzəri səviyələri ilə fərqləndikləri üçün, qeyri ixtisas fənnlərindən kurikulum üzrə təlim kursunu müvəfəqqiyətlə bitidiklərinə görə diaqnostik qiymətləndirmədən yüksək nəticə göstərdikləri üçün qeyri ixtisas dərsləri onlara verilmişdir. İxtisasca idman müəllimi olan Ramiz Rəhimov qeyri ixtisas olan Biologiya fənnindən necə diaqnostik imtahanda və kurikulum üzrə təlim kursunda iştirak edib və hansı kurikulum kursu idman müəlliminə biologiyadan serifikat verib və nəyin müqabilində? İdman müəllimi Ramizin oglu olan kollec təhsilli ibtidai sinif müəllimi Rəhimov Mustafa riyaziyyatdan nece diaqnostik imtahanda iştirak edib və hansı kurikulum kursu ona riyaziyyatdan sertifikat veribki, o 5-11 ci sinfə kimi 2021-2022 ci tədris ilində riyaziyyatdan dərsləri əvəzçilik qaydasında tədris edib? Fizika müəllimi olan Rəhimov Müqabil kimyadan və yeznəsi Texnologiya müəllimi olan Asif Rəhimov informatikadan, məktəbin direktoru ixisasca texnologiya müəllimi olan Babək Rəhimov musiqidən hansı kurikulum kursunun sertifikatım alıblar və hansı yolla? Onun bir valideyin kimi Rəhimovlar ailəsinin qeyri ixtisas fənnlərindən əldə etdikləri kurikulum kurslarının sertifikatlarıyla tanış olmaq hüququ vardır. Məktəb dövlət müəsissəsidir, dövlət vəsaiti hesabına maliyələşir, aşkarlıq, şəffaflıq və demokratik prinsiplərlə idarə olunmalıdır. Məktəb Rəhimov qardaşlarının şəxsi müəsissəsi deyildir. Rəhimov qardaşları nəinki qeyri ixtisas fənnləri olan kimya, biologiya, informatika, musiqi, riyaziyyatı hətta dərnək saatlarını da öz manapoliyalarına alaraq pulları mənimsəyirlər. Beləki, ata idman müəllimi olan Rəhimov Ramiz və ogul kollec təhsilli ibtidai sinif müəllimi Mustafa Rəhimov dərnək saatlarının pulunu da tədris adıyla mənimsəyirlər. Məktəbdə ata və oğuldan başqa peşəkar müəllim yoxdurmu ki, heç olmasa dərnək saatları onlara verilsin və həmin dərslər doğurdan tədris olunaraq pulları məktəbin direktoru Babək Rəhimov və qardaşları tərəfindən mənimsənilməsin. Babək Rəhimovu məktəbdə dərslərin tədrisi düşündürmür. O özünün və qardaşlarının maddi rifahını düşünür və kimlərsə hansı məqsədlə onu himayə edir. Bununlada övladlarımızın keyfiyyətli təhsilalmaq hüququnu məhdudlaşdırırlar. Babək Rəhimovun yuxarıda adları qeydetdiyi qardaşları və qohumlarının ixtisaslarına uyğun dərs yükü az olduğu üçün o qonşu məktəblərdən saathesabı da olsa ixtisaslı müəllim gətirmək isdəmir ki qaraşları və qohumları qanunsuz dərs yükü ilə təmin etsin. Necə olurki tarix müəllimi ,ingilis dili müəllimi kəndlərindən kilometrlərlə uzaqdan müddətli müqaviləilə işləməyə gəlir. Ancaq Rəhimovlar ailəsinin tədris etdiyi qeyri ixtisas dərslərin tədris etməyə müəllim tapılmır? Rəhimov ailəsi qeyri ixtisas fənnlər üzrə kurikulum təlim kursunu bitirilməsi barədə rəsmi sənədləri məhkəməyə təqdim etsinlər. Rəhimovlar ailəsi əgərləri qeyri ixtisas fənlərinin tədrisi barədə məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etsələr həmin sənədin nədərəcədə qanuni olması barədə aidiyyəti orqanlara sorğu göndərilsin. İnsan hüquq və azadlıqların konstitutsiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlik kimi ümumibəşəri dəyərlər, ölkədə xalqın iradəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul olunan beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında bunu belə ifadə etmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər,ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, qeyd olunan məhkəmə iclasınadək ona edilmiş yardıma uyğun nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Məhkəmənin müraciəti iddiaçıya çatdırılsa da iddiaçı məhkəmənin müraciətinə münasibət bildirməmiş və tərəflər təyin olunmuş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şirvan İnzibati Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli məktub ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bununla belə inzibati orqan iddiaçıya cavab vermədiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Göründüyü kimi inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün X1 2022-2023-cü il tədris ilində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçı izah olunsun ki, iddia ərizəsində qeyd etdiyi vəzifəli şəxslərin hərəkətlərində (əməllərində) qanunvericiliyə zidd hərəkətlər (saxtakarlıq, vəzifələrdən sui–istifadə və s.) olması ilə bağlı müvafiq orqanlara (Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və ya cavabdehin nəzarət orqanı olan Azərbaycan Respublikası Təhsil Nazirliyi) müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün X1 2022-2023-cü il tədris ilində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar