Məhkəmə qərarları › İş №2-1(120)-3358/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3358/2024

03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3358/2024 03.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “yarım qalmış tibb təyinatlı orta ixtisas təhsilini tamamlamağından ötrü digər tibb kolleclərinin birinə köçürülməyi üçün məcburetmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “yarım qalmış tibb təyinatlı orta ixtisas təhsilini tamamlamağından ötrü digər tibb kolleclərinin birinə köçürülməyi üçün məcburetmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iddiа ərizəsi və оnа əlаvə оlunmuş sənədlərin surətləri Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən cаvаbdеhə təqdim оlunmuş, sоnuncuyа iddiаyа qаrşı öz münаsibətini (еtrаzını) yаzılı şəkildə məhkəməyə bildirmək, həmçinin, еtirаzı əsаslаndırаn sübutlаrın məhkəməyə təqdim оlunmаsı üçün müddət təyin оlunmuşdur. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə iclasında iddiaçı və cavabdehin nümayəndəsi iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və qərardad qəbul edilməsini mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Qarağaç kənd sakini X1 11 il tam orta məktəbi bitirdikdən sonra 2006-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il 16 saylı qərarıyla fəaliyyət göstərən Respublika təsərrüfat hesablı Loğman özəl tibb məktəbinə 0402-"Mamaçılıq işi" ixtisasına daxil olmuşdur. Bir il dörd ay orada oxumuş, amma Təhsil Nazirliyinin təşəbbüsüylə 30 dekabr 2007-ci ildə Nazirlər Kabinetinin 221 saylı qərarıyla bu məktəb bağlanmışdır. Bu səbəbdən təhsili yarım qalmışdır. Ona burada haqsızlıq edilmişdir, onun Konstitusion hüququ tapdanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə görə, hər kəsin təhsil almaq hüququ vardır. Hüquqi yöndən baxanda onun təhsilinin davamı üçün başqa bir tibb məktəbinə (kollecinə) köçürülmə edilməliydi. Bu köçürülməni də Təhsil Nazirliyi etməliydi, çünki onun təşəbbüsüylə "Loğman" tibb məktəbini Nazirlər Kabineti 221 saylı qərarıyla bağlayıb. Üzərində duraraq bildirir ki, Nazirlər Kabinetinin qərarıyla qurulmuş məktəbi 1 il 4 ay oxumuşam və yenə Nazirlər Kabinetinin qərariyla bu məktəb bağlanmışdır. Burada onun heç bir qəbahəti yoxdur. Qəbahət varsa da o da Təhsil Nazirliyinindir. Onu digər tibb təyinatlı orta ixtisas məktəbinə (kollecinə) köçürməliydi və köçürməlidir də. Elm və Təhsil Nazirliyinə ünvanladığı məktubunda yuxarıda göstərdiyi səbəblər üzündən tibb istiqaməti üzrə orta ixtisas təhsili yarım qaldığından bu təhsilini hər hansı (yaxşı olar ki, bu evimizə yaxınlığı baxımından Saatlı Rayon tibb kolleci olsun) tibb kollecində davam edə bilməyi üçün Nazirlik qarşısında tələb irəli sürmüşdü. Amma Elm və Təhsil Nazirliyi ona ünvanladığı 04 Aprel 2024-cü il tarixli 3-29-68/2-A-718/24 saylı məktubunda bu haqlı tələbinə etinasız yanaşılmışdır. Bildirirlər ki, "fəaliyyəti dövründə Azərbaycan Respublikası Təssərrüfat hesablı "Loğman" Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli Diplom blankları verilməmişdir." O, buranın Diplomunu ala bilməmiş, amma bağlanana qədər 1 il 4 ay burada oxumuşdur. Yarım qalmış tibb təyinatlı orta ixtisas təhsilinin diğər tibb kolleclərinin birində yaxşı olar ki, bu evinə yaxınlığı baxımından Saatlı Rayon tibb kolleci olsun davam edəbilməyi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Eyni zamanda bildirir ki, 1-ci kursun sonunda Əli Bayramlı (Şirvan) şəhər X3 evində Mamalıq işi üzrə istehsalat təcrübəsində olmuşdur. Bu haqda Əli Bayramlı şəhər Mərkəzi Xəstəxanasından verilən Xasiyyətnaməni ərizəsinə əlavə edir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Respublika Təsərrüfat Hesablı “Loğman” Tibb Məktəbində “Mamalıq işi” ixtisası üzrə təhsil almış, lakin Kollec bağlandığından təhsili yarımçıq qalmışdır. İddiaçı Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh müraciətə baxaraq iddiaçıya cavab məktubu ilə bildirmişdir ki, həmin təhsil müəssisənin məzunlarına Nazirlik tərəfindən dövlət nümunəli təhsil sənədləri verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bildirir ki, “Loğman” Səhmdar Cəmiyyətinin X7 məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 16 nömrəli qərarı ilə qeydiyyata alınmışdır. Tibb məktəbinin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmiş, məktəb yalnız Nazirlər Kabinetinin qərarı əsasında fəaliyyət göstərmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 31-ci maddəsinə görə, Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Fəaliyyət dövründə (1996-2007-ci illər) “Loğman” X7 Məktəbinin məzunlarına Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlar verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirməli, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Bildirir ki, “Loğman” Tibb Məktəbinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmədiyindən, həmin Məktəbin məzunlarına dövlət nümunəli diplomlar verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “X9 Komissiyası haqqında” Əsasnaməyə əsasən, Ekspert Komisiyyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticəsi üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsil Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edlir və müvafiq sertifikat (lisenziya) verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada Dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat (lisenziya) verilir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən göründüyü kimi, Kollecə fəaliyyət göstərməsi üçün sertifikat (lisenziya) verilməmişdir. Qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Kollec fəaliyyət göstərərkən, onun fəaliyyət göstərməsi üçün əsas olan xüsusui razılıq (lisenziya) verilmədiyindən orada aparılan təhsilin hüquqi əsası olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Yuxarıda şərh olunanları və AR İPM-nin 47.2-ci və 68.2-ci maddələrini rəhbər tutaraq İddiaçı Elm və Təhsil Nazirliyinə qarşı “orta ixtisas təhsilinin bərpası və digər təhsil müəssisəsinə köçürülmə öhdəliyinin Elm və Təhsil Naziriynə həvalə edilməsi barədə” iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı yarım qalmış tibb təyinatlı orta ixtisas təhsilini tamamlamağından ötrü digər tibb kolleclərinin birinə köçürülməyindən ibarətdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubları ilə hazırki tələblə cavabdehə müraciət etmək təklif olunmuş, lakin onun tərəfindən hüquqi yardım məktublarına münasibət bildirilməmişdir. İş materiallarında olan: X5 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1 avqust 1989-cu il təvəllüdlü X1 (FİN: xxxxxxx) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X8 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Elm Və Təhsil Nazirliyi Elm Və Ali Təhsil Üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 221 nömrəli Qərarına əsasən "Loğman" Səhmdar Cəmiyyətinin Respublika X7 məktəbinin qeydiyyata alınması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 12 fevral tarixli 16 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Tələbə-məzun” dövlət elektron məlumat sistemində X2 barəsində hər hansı məlumat aşkar edilmədiyi üçün sonuncunun təhsil müəssisəsinə qəbul olunması barədə məlumatlar Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində mövcud deyildir. Səhiyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəii Qərarı ilə “Loğman" Səhmdar Cəmiyyətinin Respublika X7 məktəbi qeydiyyata alınmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 221 nömrəli Qərarı ilə “Loğman" Səhmdar Cəmiyyətinin Respublika X7 məktəbinin qeydiyyata alınması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 fevral 1996-cı il tarixli 16 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının Elm və Təhsil Nazirliyinə və digər orqanlara ünvanladığı məktubdan müəyyən olunur ki, müraciətin məzmunu ona və bacısına iş tapmaqda köməklik edilməsi ilə bağlı olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Qanunverici inzibati icraat üzrə iddia növlərinə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də müəyyən etmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Belə olan halda, iddia mümkün sayılmamalıdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkünsüzlüyünə səbəb olan əsasları aradan qaldırmaqla hüquqi marağına uyğun olaraq, hazırki tələblə bağlı aiddiyyatı üzrə cavabdeh inzibati orqana müraciət etməli, müraciətindən imtina olunacağı təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “yarım qalmış tibb təyinatlı orta ixtisas təhsilini tamamlamağından ötrü digər tibb kolleclərinin birinə köçürülməyi üçün məcburetmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar