Məhkəmə qərarları › İş №2-1(120)-336/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-336/2021

08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-336/2021 08.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/6284 nömrəli etirazında qeyd olunmuşdur: “Nəzərinizə çatdırılır ki, İddiaçı tərəfindən müvafiq qaydada şəxsiyyətini təsdiq edən və s. sənədlərini, eləcə də döyüşlərdə iştirakı ilə bağlı müvafiq sənədlərin notarial qaydada təsdiq edilmiş formada Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi məqsədəuyğun hesab edilir. Bu hal Komissiyanın xx.xx.2020-ci il tarixli 1/H- 9117 nömrəli məktubunda qeyd edilmişdir. İddiaçı tərəfindən Komissiyada işin obyektiv araşdırılaraq müvafiq qərar qəbul edilməsi üçün tələb edilən sənədlərin təqdim etməməsi nəticəsində komissiya tərəfindən «İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq aralıq inzibati akt qəbul edilmişdir...” İşdə olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 1/H-9117 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, sizə “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakınızı təsdiq edən sənədləri (hərbi biletinizin birinci səhifəsi təsdiq olunmuş qalan səhifələrin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidmətiniz haqqında arxiv arayışının və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etmənizi qeyd etməklə ətraflı ərizənizlə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. Əlavə olaraq bildiririk ki, əgər hərbi biletinizdə xidmətinizlə bağlı qeyd yoxdursa, xidmətinizi müəyyən etmək mümkün olmadığı üçün xidmət dövrü aylarla qeyd edilməklə Mərkəzi Arxivə müraciət etməyiniz məqsədəuyğundur. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməmişdir. Yəni cavabdeh inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul edilməsi üçün zəruri sənədlərin (hərbi bileti, şəxsiyyət vəsiqəsinin surətini, Hərbi Prokurorluqdan cinayət işinin olub-olmaması barədə arayışı, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) təqdim edilməsini iddiaçıdan xahiş etməsi ona “imtina” verilməsi anlamına gəlmir. Başqa sözlə, iddiaçı həmin zəruri sənədləri cavabdeh inzibati orqana təqdim etdiyi təqdirdə, həmin inzibati orqanın iddiaçının müraciəti ilə bağlı müvafiq komissiyada qərar qəbul etmək imkanı yaranacaqdır. Həmin imkan tükənmədən hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün deyildir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı yəni hazırki tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx.xx.2020-ci il tarixli, 2-1(120)- 1736/2020 nömrəli məktubla yazılı və məhkəmə iclasında şifahi qaydada məlumat verilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə də təqdim etməmişdir. İddiaçıya izah edilir ki, hazırki tələbi ilə bağlı cavabdeh tərəfindən tələb olunan sənədlər ərizəyə əlavə edilməklə cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməlidir. Cavabdeh inzibati orqan müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar