Məhkəmə qərarları › İş №2-1(120)-3372/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3372/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3372/2025 12.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə, sonradan isə ərimin ölməsi ilə əlaqədar qalan müddət üçün mənimlə bağlanılmış 13 yanvar 2012-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması (2019-cu il tarixdə icarə müqaviləsinin müddətinin bitməsi nəzərə alınmaqla) və torpaq sahəsinin də təyinatına uyğun yenidən onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2004cü il tarixli 102 nömrəli Sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə, sonradan isə ərimin ölməsi ilə əlaqədar qalan müddət üçün mənimlə bağlanılmış 13 yanvar 2012-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması (2019-cu il tarixdə icarə müqaviləsinin müddətinin bitməsi nəzərə alınmaqla) və torpaq sahəsinin də təyinatına uyğun yenidən onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Ağcabədi rayonu Üzeyirkənd kəndində doğulmuş və Ağcabədi rayonu Avşar kəndində yaşayır. Cavabdeh Başçısının xx.xx.2004cü il tarixli 103 saylı Sərəncamı ilə mərhum əri X1 50 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. X3 vəfatından sonra ərizə ilə müraciətindən sonra icarə müqaviləsinin qalan müddəti ərzində RİHB-nın 13 yanvar 2012-ci il tarixli, 05 saylı Sərəncamı ilə torpaq sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 37 saylı Sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək,əkin dövriyyəsinə cəlb edilmiş və Ağcabədi rayon İHB-nın xx.xx.2017-ci il tarixli Sərəncamı və 08 saylı icarə müqaviləsinə əsasən həmin torpaq sahəsinin 25 hektarı "xxxx"MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 hektar torpaq sahəsinə görə 2500 manat kompensasiya hesablansa da həmin kompensasiyanı almaqdan imtina etmişdir. Həmin 50 hektar torpaq sahəsinin 25 hektarı "xxxx"MMC-nin icarəsinə verilmiş olsa da, bu günədək də 50 hektar torpaq sahəsindən o, istifadə edir və icarə haqqlarını da o, ödəyir. Qanunvericiliyə uyğun olaraq,müqavilə müddəti bitdikdən sonra müqavilə tərəfləri arasında müqavilənin qüvvədən düşməsi, yaxud müqaviləyə xitam verilməsi barədə danışıqlar aparılmayıbsa, müqavilə müddəti əvvəlki müddət qədər uzadılmış sayılır. Yəni ki, 2019-cu il tarixdə hər hansı müqavilə ilə bağlı heç bir pretenziya bildirilmədiyindən 15 illik icarə müqaviləsi yenidən 15 il müddətinə bağlanmış hesab edilir. Bu baxımdan da belə hesab edir ki, onunla bağlanılmış ilkin müqavilə 2034-cü il tarixədək qüvvədədir. Digər tərəfdən də onun nə icarəsinə (ilkin olaraq mərhum əri ilə bağlanmışdır)verilmiş 50 hektar torpaq sahəsinin 25 hektarının "xxxx"MMC-yə verilməsindən,nə də ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı Sərəncamı ilə torpaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsindən xəbəri olmamışdır. İlkin olaraq,ona torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə məlumat verilməli və o icarəsində olan torpaq sahəsinə dair, həmin torpaq sahəsinin təyinatına uyğun onunla icarə müqavilə bağlanılması üçün təklif edilməli idi və əgər o icarəsində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etməzdisə, həmin torpaq sahəsi onun icarəsindən geri alınmalı və icarə müqaviləsinə də xitam verilməli idi. Eyni zamanda icarə müqaviləsi əsasında ona verilmiş 50 hektar torpaq sahəsinin digər 25 hektarının 23,92 ha hissəsi də "xxxx" MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bütün yuxarıda qeyd etdiklərinə uyğun olaraq, nəzərinizə çatdırır ki, hal-hazırda da həmin 50 hektar torpaq sahəsindən faktiki olaraq heç kim istifadə etmir və 25 ha hissəsindən yenə də o istifadə edir. Ona göndərilmiş məktublarla da təsdiq olunur ki, 2022-ci il tarixədək də icarə haqqının onun tərəfindən ödənilmişdir. Bu səbəbdən də o 2023-cü il tarixdə Cavabdeh Başçısına ərizə ilə müraciət edərək, onunla yenidən icarə müqaviləsi bağlanılmasını xahiş etmiş olsa da,icarəsində olmuş 50 torpaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar onunla yenidən icarə müqaviləsinin bağlanılması mümkün hesab edilməmişdir. Daha sonra isə o, İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə torpaq sahəsi ilə əlaqədar etmiş olduğu müraciətinə də Cavabdeh tərəfindən icarəsində olmuş 50 hektar torpaq sahəsinin icarə müddətinin uzadılması ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət daxil olduğu təqdirdə məsələyə mövcud qanunvericiliyə uyğun münasibət bildirəcəklərini bildirmişlər. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki tələblə bağlı iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-3372/2025 nömrəli məktubla yazılı hüquqi yardım edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında tərəflər iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla tələbinin təmin edilməsi barədə iddia qaldırmaq hüququ o halda mövcud ola bilər ki, həmin torpaq sahəsi ilə bağlı iddiaçının hüququ normativ hüquqi aktlardan irəli gəlmiş olsun. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə bağlı hər hansı bir subyektiv hüququ yaranmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıyayazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi yəni hazırkı mübahisənin həlli üçün subyektiv hüququna dair və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sənədlərin məhkəməyə təqdim olunması ilə bağlı hüquqlarını izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə, sonradan isə ərimin ölməsi ilə əlaqədar qalan müddət üçün mənimlə bağlanılmış 13 yanvar 2012-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması (2019-cu il tarixdə icarə müqaviləsinin müddətinin bitməsi nəzərə alınmaqla) və torpaq sahəsinin də təyinatına uyğun yenidən onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kımı məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahısələndırmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibatı aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdıraraq məhkəmə daxıl olmuş iddianın mümkünsüzlüyünə səbəb ola biləcək halları aradan qaldırmaq uçun müvafiq müzakirənin aparılmasını zəruri hesab etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci ıl tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən bildirilir ki, iddia tələbinə baxış keçirilən zaman iddia tələbi üzrə icarəsi müqaviləsinin müddətinin uzadılmasını xahiş etdiyi müəyən olunur. Torpaq sahəsinin icarə müqaviləsinin bağlanılması inzibati orqanın müstəqil səlahiyyətinə aid olan inzibati aktla bağlanılan məsələdir və bu İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunun 2.0.7-ci məadəsinə əsasən diskresion səlahiyyətlərə aid olunur. Diskresion səlahiyyətlərin həll olunması (məsələn: müqavilənin bağlanılması) inzibati orqan səlahiyyətləri daxilində olduğu üçün məhkəmə aidiyyətində hər-hansı mübahisə predmeti ola bilməz Diskresion səlahiyyətlər qanunla inzibatı orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. İcarə müqaviləsinə nəzər yetirilən zaman icarəverənin vəzifələri aydın göstərilmişdir ki, həmin hissə də müddətin uzadılması ilə bağlı hər hansı bir öhdəlik nəzərdə tutulmamışdır. Eləcə də, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə inzibati mübahisə deyil, müqavilə münasibətlərindən irəli gələn mübahisədir. Eləcə də hüquqi marağının inzibati və ya mülki xarakterli olub-olmaması və bu səbəbdən inzibati məhkəməyə aidiyyəti olub-olmaması barədə müzakirə aparılması zərurəti yaranmışdır. Məhkəmə iddiaçının tələbini yuxarıda qeyd olunan sübut və hüquq normaları ilə yanaşı, mövcud qanunvericiliyin aşağıda qeyd olunan hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət icarəsinə və ya elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Xüsusi şəhərsalma əhəmiyyətinə malik dövlət və bələdiyyə torpaqları ayrılıqda, yaxud layihələrlə birlikdə yalnız torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Dövlət torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 10-1.1. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs (bundan sonra – ərizəçi) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə elektron ərizə (bundan sonra - ərizə) ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir. 10-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10-1.2.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10-1.2.2. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 10-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; 10-1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; 10-1.2.5. torpaq sahəsi qanuni istifadədə olduqda, torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd. 10-1.2-1. Bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10-1.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təqdim olunmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxaraq aşağıdakı hüquqi hərəkətlərdən birini edir: 10-1.3.1. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edir. Bu inzibati akt torpaq sahəsinin icarəyə verilməsindən imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır; 10-1.3.2. torpaq sahəsinin icarəyə verilməsini məqsədəuyğun hesab etdikdə, bu barədə rəy hazırlayır, həmin rəy və bu Qanunun 10-1.1-ci və 10-1.2-ci maddələrində nəzərdə tutulmuş sənədlər də əlavə olunmaqla, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) informasiya sistemi vasitəsilə göndərir. 10-1.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar (bu Qanunun 10-1.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla) aşkar etdikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə informasiya sistemi vasitəsilə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 10-1.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə əsasən razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə informasiya sistemi və dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər qeyd olunan məlumatlarla uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) icarə müqaviləsinin bağlanmasına razılıq verilməsindən imtina barədə qərarı imtina hallarına istinad edilməklə əsaslandırılmalıdır. 10-1.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 10-1.3.2-ci maddəsinə uyğun olaraq razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir. 10-1.7. Bu Qanunun 10-1.5-ci və 10-1.6-cı maddələrinin müddəaları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icarəçi ilə icarə müqaviləsi bağlayır və ya icarə müqaviləsinin bağlanmasından imtina haqqında inzibati akt qəbul edir. 10-1.8. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə verilir. 10-1.9. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə verilir. M a d d ə 1 1 . Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci və 146.2-ci maddələrinə uyğun olaraq daşınmaz əmlakla bağlı hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Müvafiq olaraq daşınmaz əmlak üzərində sərəncam vermək, hüququ həmin əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2004-cü il tarixli 102 nömrəli Sərəncamı ilə mərhum əri X1 50 ha qış otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi barədə, sonradan isə ərimin ölməsi ilə əlaqədar qalan müddət üçün mənimlə bağlanılmış 13 yanvar 2012-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılması (2019-cu il tarixdə icarə müqaviləsinin müddətinin bitməsi nəzərə alınmaqla) və torpaq sahəsinin də təyinatına uyğun yenidən onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar