Məhkəmə qərarları › İş №2-1(120)-3373/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3373/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3373/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı “yeni doğum haqqında şəhadətnamənin verilməsi və nikah haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı doğum haqqında məlumatlarının düzgün formada rəsmiləşdirilməsi məqsədilə, Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində “Doğum tarixi” bəndində xx.xx.1963-cü il tarixinin göstərildiyini nəzərə alaraq, bu tarix əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi və eyni zamanda 2012-ci il tarixli AZ-İ № 737775 saylı nikah haqqında şəhadətnamənin “Doğum tarixi” bəndində səhvən “xx.xx.1965” olaraq göstərilmiş məlumatın “xx.xx.1963” tarixi ilə əvəzlənərək düzəliş olunması və bu düzəlişə əsasən yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Hacıqabul Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində “Doğum tarixi” bəndində xx.xx.1963-cü il tarixinin göstərildiyini nəzərə alaraq, bu tarix əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi və Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 25 saylı nikah haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, nikah haqqında akt qeydində qadın qrafasının “Doğum tarixi” bəndində doğum tarixinin xx.xx.1965-ci il tarixindən xx.xx.1963-cü il tarixinə dəyişdirilməsi və buna uyğun olaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 dekabr 1963-cü il tarixində Hacıqabul rayonu, Qazıməmməd qəsəbəsində anadan olmuş və hal-hazırda Hacıqabul şəhəri, X.Natəvan küçəsi, ev 16 ünvanında yaşayır. Uzun müddətdir ki, böyrək xəstəliyindən əziyyət çəkir və səhhətindəki çətinliklər səbəbindən gündəlik işlərini belə məhdud şəkildə yerinə yetirə bilir. Doğum haqqında şəhadətnaməni itirdiyi üçün yenisinin verilməsi məqsədilə aidiyyəti üzrə cavabdeh dövlət orqanına rəsmi qaydada müraciət etmişdir. Lakin həmin orqan tərəfindən 11 aprel 2025-ci il tarixli, 3-16-54/8-15-2025 saylı rəsmi məktubla ona imtina cavabı verilmişdir. İmtinanın əsaslandırılmasında 16 dekabr 1963-cü il tarixli, 529 saylı doğum aktı qeydində Həsənova (Ağayeva) Mircahan Əliağa qızının doğum tarixinin “xx.xx.1963” kimi göstərilməsinə baxmayaraq, ona məxsus AA2294693 seriyalı və xx.xx.2020 tarixli şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1965-ci il kimi qeyd olunması əsas gətirilmişdir. Bununla yanaşı, 2012-ci il tarixli AZ-İ № 737775 saylı nikah haqqında şəhadətnamədə də doğum tarixi texniki səhv ucbatından “xx.xx.1965” kimi göstərilmişdir. Həmin səhvin aradan qaldırılması, yəni doğum tarixinin “xx.xx.1963” kimi düzəldilərək qeyd olunması və buna uyğun olaraq ona yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə cavabdeh orqana yenidən müraciət etsə də, bu halın yalnız məhkəmə qərarı əsasında mümkünlüyü bildirilmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Məlumat üçün bildirmək istəyir ki, cavabdeh dövlət orqanı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-54/8-15-2025 saylı məktubla doğum haqqında şəhadətnamənin yenidən verilməsindən imtina edilməsi tamamilə əsassız və qanunsuz xarakter daşıyır. Cavabdeh orqan imtinanı əsaslandırarkən, xx.xx.1963-cü il tarixli, 529 saylı doğum aktında doğum tarixi “xx.xx.1963” kimi qeyd olunmasına baxmayaraq, AA2294693 seriyalı və xx.xx.2020 tarixli şəxsiyyət vəsiqəsində doğum tarixinin “xx.xx.1965” göstərilməsini əsas tutmuşdur. Lakin qeyd etmək lazımdır ki, şəxsiyyət vəsiqəsindəki bu fərq məhz və yalnız şəxsiyyət vəsiqəsini təqdim edən orqan tərəfindən yol verilmiş texniki və sənədləşmə səhvidir. Bu hal onun iradəsindən kənar baş vermiş, onun iştirakı və təqsiri olmadan qeydiyyat orqanı tərəfindən rəsmiləşdirilmişdir. Bundan əlavə, 2012-ci il tarixli, AZ-İ № 737775 saylı nikah haqqında şəhadətnamədə də doğum tarixinin xx.xx.1965 kimi göstərilməsi, yüksək ehtimalla həmin dövrdə mövcud olan şəxsiyyət vəsiqəsinə istinad edilərək tərtib olunmuşdur. Yəni, bu texniki səhv təkrar edilmiş və nikah şəhadətnaməsinə də sistematik olaraq köçürülmüşdür. Bu hallar nəzərə alınmadan cavabdeh orqan tərəfindən məsələ inzibati qaydada araşdırılmadan, sadəcə sənəd üzərindəki texniki uyğunsuzluqlara əsasən imtina qərarının verilməsı Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun müddəalarına ziddir. Xüsusilə həmin Qanununun 5-ci maddəsinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Bu norma hüquqi dövlət və qarşılıqlı əməkdaşlıq prinsipinə əsaslanır. Halbuki, təqdim etdiyi doğum akt qeydində doğum tarixinin “xx.xx.1963” olduğu açıq şəkildə görünür. Şəxsiyyət vəsiqəsində və nikah haqqında şəhadətnamədə yer alan texniki uyğunsuzluğun səbəbini dəqiqləşdirmək və bu ziddiyyəti aradan qaldırmaq üçün cavabdeh orqan digər aidiyyəti inzibati orqanlarla əlaqə yaratmalı və hüquqi yardım almalı idi. Lakin cavabdeh bu vəzifəni yerinə yetirməmiş, sənədlər arasında uyğunsuzluqdan çıxış yolu axtarmaq əvəzinə səthi əsaslarla vətəndaşa imtina vermişdir. Bu səbəbdən də cavabdeh orqanın verdiyi imtina qərarının nə hüquqi, nə də faktiki əsası yoxdur və bu qərarın qanunsuz olduğu qənaətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2025 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Doğum akt qeydində düzəliş edilməsi barədə xx.xx.2025-ci il tarixli müraciətinizə Hacıqabul rayon Qeydiyyat şöbəsində baxılmışdır. Bildiririk ki, 529 nömrəli xx.xx.1963-cü ilə aid doğum akt qeydinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Həsənova (Ağayeva) Mircahan Əliağa qızına aid doğum akt qeydində doğum tarixinin xx.xx.1963-cü il olmasına dair akt qeydi Hacıqabul rayon arxivində saxlanılır. Yalnız mənsubiyyətinizi təsdiq edən AA ******* seriyalı xx.xx.2020-ci il tarixli şəxsiyyət vəsiqəsində Sizin doğum tarixi xx.xx.1965-ci il yazılmışdır. Belə ki, ziddiyət olduğundan və tutarlı sübutlar təqdim edə bilmədiyiniz üçün müracətinizin icra olunmasından imtina olunur. Göstərilənlərə əsasən tələbinizin icrasından imtina olunur və izah edilir ki, müraciətinizə baxılmasının nəticəsindən Sizin subordinasiya və məhkəmə qaydasında şikayət vermək, eyni zamanda iddia etdiyiniz faktın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. Bundan əlavə, iddiaçı nikah haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 3-16-5/8-31-2025 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Nikah haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı ərizənizə Hacıqabul rayon qeydiyyat şöbəsində baxılmışdır. Hacıqabul rayon qeydiyyat şöbəsində tərtib edilmiş 25 saylı, xx.xx.2012-ci il tarixli nikah haqqında akt qeydində Sizin doğum tarixi xx.xx.1965-ci il yazılmışdır. Şəxsiyyət vəsiqənizdə də doğum tarixi xx.xx.1965-ci il yazılmışdır. Doğum haqqında şəhadətnamənin itirildiyini bildirirsiniz. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sizin doğum haqqında akt qeydində doğum tarixi xx.xx.1963-cü il yazılmışdır. Təqdim olunmuş digər sənədlərə əsasən müvafiq nikah haqqında akt qeydində düzəliş və dəyişiklik edilməsi üçün kifayət qədər əsas olmadığından Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 25 saylı, xx.xx.1965-ci il tarixli nikah haqqında akt qeydinə düzəliş edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərlə bağlı bildiririk ki, müvafiq akt qeydinin sizə münasibətdə tərtib olunduğunu iddia etdiyiniz halda həmin faktın təsdiqi ilə bağlı və ya akt qeydinə düzəliş və ya dəyişiklik edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. İş materiallarında olan AA2294693 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Qazıməmməd (hazırda Hacıqabul) şəhər soveti tərəfindən tərtib olunmuş 16 dekabr 1963-cü il tarixli, 529 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qazıməmməd (hazırda Hacıqabul) şəhərində doğulmuş, akt qeydinin ata qrafasında X5, ana qrafasında anası X6 yazılmışdır. İş materiallarında olan Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 25 nömrəli Nikah haqqında akt qeydinin surətindən görünür ki, X1 Həsən Əlimərdan oğlu ilə rəsmi nikaha daxil olmuşlar. Nikah haqqında akt qeydinin qadın qrafasında Ağayeva (Həsənova) Mircahan Əliağa qızının doğum tarixi 01 dekabr 1965-ci il qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “nikah haqqında şəhadətnamə” surətindən görünür ki, X4 ilə X3 arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanaraq, 25 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra iddiaçıya “Həsənova” soyadı verilmiş, doğum tarixi isə 01 dekabr 1965-ci il qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-78/2-8558/2025 saylı arayışından görünür ki, xx.xx.1965-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı barəsində təqsirləndirici materialın olub-olmaması yoxlanılmış və bu barədə hər hansı bir məlumat müəyyən edilməmişdir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşdur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının adına haqqında “Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 16 dekabr 1963-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində “Doğum tarixi” bəndində doğum tarixi xx.xx.1963cü il olaraq qeyd olunmuşdur. Lakin iddiaçıya məxsus sənədlərin (məhkəməyə təqdim olunmuş) hamısında onun doğum tarixi “xx.xx.1963-cü il” deyil, “xx.xx.1965-ci il” kimi göstərilmişdir. Bundan başqa, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı X3 ilə X4 arasında nikah xx.xx.2012-ci il tarixdə bağlanaraq, 25 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra iddiaçıya “Həsəova” soyadı verilmiş, Nikah haqqında akt qeydinin qadın qrafasında Ağayeva (Həsənova) Mircahan Əliağa qızının doğum tarixi 01 dekabr 1965-ci il qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, doğum akt qeydində iddiaçının doğum tarixi xx.xx.1963 olduğu halda, digər sənədlərdə, yəni iddiaçının mənsubiyyətini təsdiq edən AA ******* seriyalı xx.xx.2020-ci il tarixli şəxsiyyət vəsiqəsində, eləcə də xx.xx.2012-ci il tarixli, 25 saylı nikah haqqında akt qeydində və xx.xx.2012-ci il tarixli, AZ-İ № 737775 saylı nikah haqqında şəhadətnamədə müvafiq olaraq qeydlərin aparılması iddiaçının deyil, həmin sənədləri vermiş orqanların rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq qeyd edilən sənədlərin tərtibi zamanı müvafiq orqaların yol verdiyi yanlışlıqlar isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Qeyd olunmalıdır ki, məhkəmənin sorğusu əsasında Hacıqabul rayon Polis Şöəsinin xx.xx.2025-ci il tarixli, 3-13-78/2-8558/2025 saylı cavab məktubunda xx.xx.1965ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı barəsində təqsirləndirici materialın olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır və hesab edir ki, cavabdeh Hacıqabul rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və istinad olunan müddəalara əsaslanmaqla məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Göründüyü kimi, cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963-cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində “Doğum tarixi” bəndində xx.xx.1963-cü il tarixinin göstərildiyi nəzərə alınaraq, bu tarix əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi və Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 25 saylı nikah haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, nikah haqqında akt qeydində qadın qrafasının “Doğum tarixi” bəndində doğum tarixinin xx.xx.1965-ci il tarixindən xx.xx.1963-cü il tarixinə dəyişdirilməsi və buna uyğun olaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 14.3, 23.1, 33, 52, 58.7, 62.3, 68-69, 73.1, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı adına Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1963cü il tarixli, 529 saylı doğum haqqında akt qeydində “Doğum tarixi” bəndində xx.xx.1963cü il tarixinin göstərildiyi nəzərə alınaraq, bu tarix əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi və Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 25 saylı nikah haqqında akt qeydindəki uyğunsuzluq aradan qaldırılmaqla, nikah haqqında akt qeydində qadın qrafasının “Doğum tarixi” bəndində doğum tarixinin xx.xx.1965-ci il tarixindən xx.xx.1963-cü il tarixinə dəyişdirilməsi və buna uyğun olaraq yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar