Məhkəmə qərarları › İş №2-1(120)-3375/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3375/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3375/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2024-2025-ci il üzrə 110,6582 hektar torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək “2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 1996-cı il 15 noyabr tarixli, 325 nömrəli Sərəncamı ilə İddiaçı kəndli fermer təsərrüfatına kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi daimi istifadəyə verilmişdir. Sözügedən torpaq sahəsinin ümumi sahəsi 110,66 hektardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı tərtib olunaraq verilmişdir. Dövlət aktında torpaq sahəsi iki hissədən ibarət olmaqla 28,1 hektarı 3-cü keyfiyyət, 82,5 hektarı isə 4-cü keyfiyyət qrupuna aid edilmişdir. Qeyd olunmalıdır ki, sözügedən və uzun müddətdir onun istifadəsində olan torpaq sahəsində xeyli vəsait sərf olunaraq şor suların axıdılması üçün kanallar qazılmış, suvarma şəbəkəsi qurulması üçün su xətti çəkilmişdir. Eyni zamanda torpağın münbitliyinin artırılması üçün müxtəlif mineral və üzvi gübrələr verilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, sözügedən torpaq sahəsində taxıl əkinləri aparılaraq hər il dövlətdən taxıl məhsulu istehsalına görə subsidiya alırdı. Sonuncu dəfə isə subsidiya üçün elektron qaydada müraciət etdikdə, mobil nömrəsinə “2024-cü il üçün əkin subsidiyasına müraciəti torpağa istifadə hüququnun müəyyən edilmədiyi üçün təsdiq edilmir” məzmununda sms göndərilmişdir. Qeyd edilən imtina ilə razılaşmayaraq yuxardada qeyd etdiyi kimi sözügedən torpağa dair hüququ 00076 saylı “torpaqdan daimi istifadə hüququna dair” Dövlət aktı ilə təstiqlənir. Göründüyü kimi, cavabdehin imtinası tamamilə əsassızdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na (bundan sonra - Qayda) uyğun olaraq X2 informasiya Sistemi (bundan sonra - EKTİS) üzərindən həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə Qaydanın 5.1.1ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. Belə ki, 2023-2024-cü əkin ilində İddiaçı kəndli (fermer) təsərrüfatının 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair EKTlS-də qeydiyyatdan keçirilmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” sənədi (JN 0076, kod ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) EKTİS-ə inteqrasiya olunan məlumat bazalarında aşkar edilmədiyi üçün torpaq sənədləri təsdiqlənməmiş və subsidiya hesablanmamışdır. Həmçinin, 110,66 ha torpaq sahəsinin aqrokimyəvi analizlərin verilibverilməməsinin Aqrar Xidmətlər Agentliyi ilə işçi qaydada dəqiqləşdirilməsi zamanı aqrokimyəvi analizlərin verilmədiyi müəyyən edilmişdir. Qeyd edilənləri, o cümlədən İddiaçı kəndli fermer təsərrüfatının rəhbəri Nümayəndə tərəfindən qanunvericiliyin tələbləri pozularaq hüquqi aktlarla müəyyən olunmuş müddətdə sənədləri təqdim etməli olduğu halda vaxtında sənədlərin təqdim olunmamasını nəzərə alaraq iddiaçıya subsidiya hesablanması mümkün olmamış və ödənilməməlidir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən cavabdehin iddiasının təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 11. İPMin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən: 1.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; 1.2.2. “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X2” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; 1.2.3. X4 (bundan sonra – Şura) – bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan və aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərar qəbul edən kollegial orqan; 1.2.4. baza məbləği – bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə edilən sabit maliyyə vəsaiti; 1.2.6. fermer – kənd təsərrüfatı məhsullarının istehsalçısı olan və SİS-də qeydiyyata alınan (bitkiçilik və heyvandarlıq sahələri üzrə) fiziki və ya hüquqi şəxs; 2.6. Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (bundan sonra-DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) həyata keçirir. 15. İddiaçı qeyd edilən Qaydaların məqsədləri üçün SİS-də qeydiyyata alınan hüquqi şəxs kimi fermer hesab olunur. İddia mümkündür. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110.66 ha torpaq sahəsi İddiaçı KFT-nin (Nümayəndə) mülkiyyətinə verilmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-56-3/2-1545/2023 nömrəli məktubundan görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə rayonun Qarabucaq kəndində Qarabucaq-1 kəndli fermer təsərrüfatına 110.66 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Kürdəmir rayon Qarabucaq qəsəbə bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 104 nömrəli məktubundan görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə Kürdəmir rayonunun Qarabucaq kənd sakini Nümayəndə 110.66 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün (əkin təyinatlı) daimi istifadəsinə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi hər il təyinatı üzrə Qarabucaq kənd sakini Nümayəndə tərəfindən istifadə olunur. (əkilir) İş materiallarında olan X2 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarixi üzrə 82.516 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan X2 Sistemindən ******* nömrəli əkin bəyanının çıxarışından görünür ki, Nümayəndə 2023 sentyabr tarixli əkin tarixi üzrə 28.1422 ha torpaq sahəsində payızlıq buğda əkilməsi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə elektron qaydada bəyannamə göndərmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə “Nümayəndə arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 101948,52 AZN, ümumi sığorta haqqı 1508,84 AZN müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə “Nümayəndə arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığorta müqaviləsi bağlanmış və sığorta müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2024-xx.xx.2024-cü illər qeyd edilmiş, ümumi sığorta məbləği 34769,69 AZN, ümumi sığorta haqqı 514,6 AZN müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-2/2-980/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.1-1-ci bəndinə əsasən fermerə istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq yaradılan X3 təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Habelə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin “X2” informasiya sisteminə (bundan sonra - EKTİS) inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. 2022-2023-cü əkin ili üzrə İddiaçı KFT-yə əkin subsidiyasının ödənilməsi üçün müəyyən edilən bəyan dövründə EKTİS-ə daxil edilən 110,66 hektar payızlıq buğda əkini qanunvericiliklə müəyyən edilmiş qaydada sığortalanmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı KFT-nin EKTİS-ə daxil edilən 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair məlumatlar Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS- ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənməmişdir. İddiaçı KFTnin 2023-cü il 07 avqust tarixli 3-22-2/1-A-5xx-xx/2023 qeydiyyat nömrəli müraciətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 2023-cü il 21 avqust tarixli 3-22- 2/2-A-581-16-800/2023 nömrəli məktubu ilə cavab verilmişdir. İş materiallarında olan Kürdəmir rayon Qarabucaq qəsəbə bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 125 nömrəli məktubundan görünür ki, Qarabucaq qəəsəbə ərazisində yerləşən İddiaçı kəndli fermer təsərrüfatına məxsus olan 110,66 ha torpaq sahəsində 2023-2024-cü təsərrüfat ilində buğda əkilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qarabucaq qəsəbə inzibati ərazi dairə üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-56-27/2-76/2024 nömrəli məktubundan görünür ki, Qarabucaq qəsəbə inzibati ərazi dairəsində yerləşən, İddiaçı kəndli fermer təsərrüfatına məxsus 110,66 ha torpaq sahəsində 2023-2024-cü təsərrüfat ilində buğda əkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Abbas Nəzər oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-2/2-A-442-16- 577/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə bu Qaydanın 5.1.1 -ci yarımbəndinə uyğun olaraq məlumatların üzləşdirilməsi həyata keçirilir. 2023-2024-cü əkin ili üzrə EKTİS-ə daxil etdiyiniz 110,66 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət aktı JN: 0076, ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1 -ci yarımbəndinə uyğun olaraq aparılan çarpaz yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsində həyata keçirilən payızlıq buğda əkininə görə Sizə subsidiya hesablanması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-2/2- 1747/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfnın 1.2.9-cu yarımbəndinə əsasən əkin subsidiyası fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilir. “Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentə əsasən məqsədli təyinatı örüş, yay və qış otlaq, biçənək olan torpaq sahəsində əkin aparılıbsa, həmin sahəyə görə əkin subsidiyası hesablanmır. Habelə, Qaydanın tələblərinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemlərinin “X2" informasiya sisteminə (bundan sonra - EKTİS) inteqrasiyası təmin edilməklə torpaq sahələrinə dair məlumatların yoxlanılması zamanı torpaq məlumatlarının müvafiq məlumat bazalarında aşkar edilməməsi, sənədlərdə əks olunan məlumatlarla qeyd edilən məlumat bazaları arasında uyğunsuzluqlar aşkar edildikdə fermerlərə subsidiya ödənilmir və əlavə araşdırmaların aparılmasına ehtiyac yaranır. Bununla əlaqədar fermerlərə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməklə istifadələrində olan torpaq sahələrinə dair məlumatların EKTİS-ə inteqrasiyasının təmin edilməsi və ya torpaq sahələrindən istifadə hüququnu təsdiq edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” sənədlərini əldə edərək EKTİS-ə daxil etmələri tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, İddiaçı KFT-nin EKTİS-ə daxil edilən 110,6582 hektar torpaq sahəsindən istifadə hüququna dair sənəd (Dövlət Aktı JN: 0076, KOD ********) barədə məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin EKTİS-ə inteqrasiya edilmiş məlumat bazaları ilə Qaydanın 5.1.1 -ci yarımbəndinə uyğun olaraq aparılan yoxlamalar nəticəsində təsdiqlənmədiyi üçün həmin torpaq sahəsi üzrə EKTİS-ə daxil edilmiş əkin bəyanına görə təsərrüfata subsidiya hesablanmamışdır. Bundan əlavə, İddiaçı KFT-nin torpaq sənədi (Dövlət Aktı JN: 0076, KOD ********) EKTİS-də hüquqi şəxsin adına qeydiyyatdan keçməli olduğu halda, təsərrüfatın rəhbəri Nümayəndə adına qeydiyyatdan keçirilmiş və əkin bəyanı verilmişdir. İddiaçı KFT-nin EKTİS-də qeydiyyatı və əkin bəyanı yoxdur. 2023-2024-cü təsərrüfat ilində əkilən buğda sahəsinin hər hektarına verilən subsidiyanın məbləği barədə sorğunuza cavab olaraq bildiririk ki, Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X3 2024-cü il üzrə “Bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə” 2023-cü il 24 avqust tarixli Qərarının 3.6-cı bəndinə əsasən əkilən buğda sahəsinin hər hektarına verilən əkin subsidiyası 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. İddiaçı KFT-nin 2024-cü il 22 iyul tarixli 3-22-2/1-A-4xx-xx/2024 qeydiyyat nömrəli müraciətinə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin 2024-cü il 20 avqust tarixli 3-22-2/2-A-442-16-577/2024 nömrəli məktubu ilə cavab verilmişdir. Belə olan halda sahibkarlıq sübuyekti olan iddiaçıların subsidiya ödənişindən məhrum olması onun sahibkarlıq subyekti kimi hüquqi maraqlarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, «İnzibati iсraat haqqında» AR Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8- ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etdiyi zaman həmçinin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınması ilə bağlı müvafiq çıxarışın təqdim edilmədiyi, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 325 nömrəli sərəncamı ilə 110.66 ha torpaq sahəsi İddiaçı KFT-nin adına olsa da, qeydiyyat və əkin bəyanının Nümayəndə adına qeydə alındığını əsas gətirmişdir. Məhkəmə qeyd edilən istiqamətdə tam araşdırma apararaq qeyd edilənlərlə bağlı aşağıdakı halları qeyd edir: - 2023-2024-cü təsərrüfat ilində əkilən buğda sahəsinin hər hektarına verilən subsidiyanın məbləği barədə sorğunuza cavab olaraq bildiririk ki, Qaydanın 2.4-cü bəndinə müvafiq olaraq X3 2024-cü il üzrə “Bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə” 2023-cü il 24 avqust tarixli Qərarının 3.6-cı bəndinə əsasən əkilən buğda sahəsinin hər hektarına verilən əkin subsidiyası 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-56-3/2-1545/2023 nömrəli məktubundan görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 15 noyabr 1996-cı il tarixli 325 nömrəli Sərəncamı ilə rayonun Qarabucaq kəndində Qarabucaq-1 kəndli fermer təsərrüfatına 110.66 hektar torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktı tərtib edilmişdir. Araşdırma nəticəsində torpaq sahəsinin ayrılması ilə bağlı aktların hal-hazırdada qüvvədə olması, İddiaçı KFT-nin (Nümayəndə) istifadəsində olması və 2023- 2024-cü il üzrə buğda əkildiyi müəyyən edilir. İnzibati orqan torpaq sahəsi ilə bağlı “çıxarış”ın olmadığını əsas gətirsə də, məhkəmə hesab edir ki, inzibati orqanın qeyd edilən hissə də imtinası iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. - “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’nın 3.8.2-ci maddəsinin tələblərinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı) fermerler SİS-ə daxil etməlidirlər. İş üzrə iddiaçı tərəfindən qeyd edilən sənəd qismində dövlət aktı çıxış etmiş və qeyd edilən sənədi inzibati orqana təqdim etdiyi müəyyən edilir. Çıxarış ilə bağlı isə tələblərin 2025-ci il yanvarın 1-dən etibarən həyata keçiriləcəyi müəyyən edilir. Belə olan halda inzibati orqan iddiaçıdan müvafiq “çıxarış”ı təqdim etməməsi barədə də imtinasi qanunvericiliyə zidd olmuş və müəssisənin hüququnun pozulması ilə nəticələnmişdir. - İmtina üçün digər arqument qeydiyyat və əkin bəyanının Nümayəndə adına qeydə alınması ilə bağlı olmuşdur ki, həmin hissə ilə bağlı məhkəmə qeyd edir ki, sənədlərə baxış zamanı torpaq sahəsinin ölçüləri, əkinlə bağlı məlumatlar və sorğu cavabları qeyd edilən 2023- 2024-cü il üzrə əməliyyatların İddiaçı kəndli fermer təsərrüfatı adının həmin müəssisənin rəhbəri Nümayəndə tərəfindən aparıldığı müəyyən edilir. Eləcə də xx.xx.1997-ci il tarixli, Kod 90610058, JN-0076 nömrəli Torpağdan daimi istifadə hüququna dair dövlət aktında Nümayəndəda adı qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı verdiyi izahatlarda torpaq sahəsi üzrə əməliyyatların İddiaçı kəndli fermer təsərrüfatı tərəfindən həyata keçirildiyi və hüquqi maraqlarının müəssisənin subsidiya ödənişinin alması ilə bağlı olduğu müəyyən edilir. Qeyd edilən qeydiyyat və bəyanın İddiaçı kəndli fermer təsərrüfatı yerinə müəssisənin rəhbəri Nümayəndə adına qeydə alınması iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Belə ki, kənd təsərrüfatı məhsulları arasında qiymət disproporsiyasının aradan qaldırılması (zəiflədilməsi) zərurətinə görə həyata keçirilən, sahibkarlıq subyektlərinin inkişafına dəstək olmaq, onların maliyyə yükünü azaltmaq və iqtisadi fəaliyyətlərini genişləndirmək, kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirliliyini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etmək məqsədilə dövlət tərəfindən göstərilən yardımın verilməsindən mexaniki səhvlərə görə imtina halını məhkəmə əsassız hesab edir. “İnzibati İcraat haqqında” Qanuna əsasən inzibati orqan tərəfindən imtina verilməzdən əvvəl müvafiq icraat tam aparılmalı, yol verilən formal xətaların aradan qaldırılmasında vətəndaşlara kömək göstərilməlidir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə görə subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Agentlik tərəfindən aşağıdakı ardıcıllıqla monitorinqlər aparılır. Həmin Qanunun 5.1.1-ci maddəsinə görə çarpaz – elektron bəyannamə məlumatlarının SİS-də olan digər məlumatlarla üzləşdirilməsi; Həmin Qanunun 5.1.2-ci maddəsinə görə yerüstü müşahidə – peyk ilə və digər texniki imkanlarla əkinlərin və çoxillik əkmələrin müəyyən edilərək, elektron bəyannamə məlumatları ilə üzləşdirilməsi; Həmin Qanunun 5.1.3-cü maddəsinə görə yerində müşahidə – seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə, yaxud heyvandarlıq təsərrüfatlarında DAİM mütəxəssislərinin nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirməsi. Həmin Qanunun 5.2-ci maddəsinə görə bəyan edilmiş əkin sahəsinə və çoxillik əkmələrə görə hesablanan məbləğ monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğdən çox olduqda əkin subsidiyası aşağıdakı qaydada verilir: 5.2.1. fərq 5 faizdən çox olmadıqda, subsidiya monitorinq nəticəsində müəyyən edilmiş sahəyə görə verilir; 5.2.2. fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır; 5.2.3. fərq 20–50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir; 5.2.4. fərq 50 faizdən çox olduqda, cari il və sonrakı il ərzində həmin fermerə subsidiya ödənilmir. 5.4. Monitorinq nəticəsində fermerin bəyannaməsində göstəriləndən fərqli hallar müəyyən edildikdə, fermerə bununla əlaqədar SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş təqdim edildikdən sonra fermer 15 (on beş) gün müddətində bildirişə etiraz etmədikdə, ona münasibətdə, müvafiq olaraq, bu Qaydanın 5.2-ci və 5.3-cü bəndlərinin tələbləri tətbiq edilir. Bildirişə etiraz fermerin iştirakı ilə DAİM-in mütəxəssisi tərəfindən yerində müşahidə aparmaqla qiymətləndirilir, nəticə aktlaşdırılaraq SİS-ə daxil edilir. Agentlik nəticəyə uyğun olaraq yekun qərar qəbul edir və fermerə bu barədə məlumat verir. 5.5. Fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2–5.3-cü bəndlərinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Agentliyə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. 5.6. Agentlik subsidiyalarla bağlı göstərilən xidmətlərin kənd təsərrüfatı məhsullarının istehsalına təsirinə dair qiymətləndirmələrin aparılmasını təmin edir. 5.7. Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini, o cümlədən növbəti il üçün kvota və bitkilər üzrə əmsalları Nazirliyə və Şuraya təqdim edir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, 2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79- cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 2023-2024-cü il üzrə 110,6582 ha torpaq sahəsində əkilən payızlıq buğda əkininə görə subsidiyanın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar