Məhkəmə qərarları › İş №2-1(120)-3388/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3388/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3388/2025 29.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Universitetinin “Maliyyə və kredit” bakalavr dərəcəsi üzrə 30 iyun 2018-ci il tarixli B18 205341 №-li bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2013-cü il tarixdə “X2” Universitetinin “Maliyyə və kredit” bakalavr dərəcəsinin tam kursuna daxil olmuşdur. xx.xx.2028-ci il tarixində həmin kursu bitirmişdir. Həmin tarixli B18 №205341 saylı bakalavr diplomu verilmişdir. Sözügedən universitetdə 2013-2018-ci illər olmaqla qiyabi təhsil almışdır. Diplomun tanınması ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etiraz): Eirazda göstərilmişdir ki, İddiaçı X3 Nəqliyyatı Universiteti tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, B18 N205341 nömrəli diplom (Mühasibat uçotu və audit/bakalavr/qiyabi) üzrə ali təhsilə aid kvalifikasiyanın tanınması məqsədilə xx.xx.2025-ci il tarixində Agentliyə müraciət etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra-Qaydarlar) uyğun olaraq aparılmışdır. Qaydalara uyğun olaraq iddiaçının tədris ili ərzində müvafiq təhsil səviyyəsi üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmaması və əvvəli təhsil dövrünün ali təhsil dövrü üçün nəzərə alınmasında əhəmiyyətli fərqlər aşkar olunduğu üçün xx.xx.2025-cü il tarixli qərarla onun müraciəti üzrə imtina qərarı verilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir.Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30dan çox olmamalıdır və qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180- 240 saat nəzərdə tutulur. Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında göstərilmişdir.Bu tələb yerli qanunvericlikdə əks olunmuş tələbləri xarici dövlətlərdə təhsil almış şəxslərə nisbətdə yüngülləşdirmişdir.(Halbuki bu güzəşt nisbəti yerli ali təhsil müəssisələrində 25 faiz təşkil etməkdədir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü yarımbəndinə əsasən Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır. Bu Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən digər tələblərdən biri Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunmasıdır). Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: 1-ci il 5 gün; 2-ci il 7 gün; 3-cü il 8 gün; 4-cü il 11 gün; 5 il 20 gün. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.5.3-cü yarımbəndinə əsasən əhəmiyyətli fərq dedikdə xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və (və ya) yekun attestasiyanın nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə Azərbaycan Respublikasındakı uyğun kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin Azərbaycan Respublikasında təhsilini növbəti səviyyədə davam etdirməsi və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq nəzərdə tutulur. İddiaçının qeyd olunan mövcud qiyabi təhsil normativi tələblərinə uyğun şəkildə bakalavriat səviyyəsi üzrə əldə etdiyi kvalifikasiyaya münasibətdə tədris prosesində iştirak etməməsi, həmçinin bitirdiyi və qəbul olunduğu ixtisaslara münasibətdə uyğunsuzluq iddiaçının ixtisas üzrə göstərilən tədris yükünü qeyd olunan təhsil müddəti ərzində əldə etməsini istisna edir.Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, müraciətindən imtina olunduğu üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın müddət ilə bağlı mümkünlük şərtinin ödənilməsinə münasibət bildirir və hesab edir ki, müddət ilə bağlı şərt ödənilmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Ukrayna “Dəmiryolu Nəqliyyatı Universiteti” tərəfindən xx.xx.2028-ci il tarixdə verilmiş B18 seriyalı 205341 №-li diplomun tərcüməsindən (surətindən) müəyyən olunur ki, İddiaçı “Maliyyə və kredit” ixtisası üzrə bakalavr proqramını mənimsəmiş və Ukrayna Təhsil və Elm Nazirliyi İdarəsinin xx.xx.2019-cu il tarixli, A-64659-19 №-li qərarına əsasən bakalavr dərəcəsi verilmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2025-ci il tarixli, NA00038367 №-li qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix İstiqamət Ölkə xx.xx.2011 Çıxış-Rusiya; xx.xx.2013 Giriş-Rusiya, xx.xx.2013 Çıxış-Rusiya; xx.xx.2013 Giriş-Rusiya;xx.xx.2013 Çıxış-Ukrayna; xx.xx.2013 Giriş Rusiya; xx.xx.2014 Çıxış-Ukrayna; xx.xx.2014 Giriş Ukrayna; 09,06.2015 Çıxış Ukrayna;xx.xx.2015 Çıxış İran; 12.12,2015 Giriş-İran; 27.12 2015 Çıxış-İran; 27,12.2015 Giriş-İran; xx.xx.2016 Çıxış-İran; 12,03.2016 Çıxış-İran; xx.xx.2016 Çıxış-Ukrayna; xx.xx.2016 Giriş-Ukrayna; 07.05 2016 Çıxış-İran; xx.xx.2016 Giriş-İran; xx.xx.2016 Çıxış- İran; xx.xx.2016 Giriş-İran; xx.xx.2017 Çıxış-Ukrayna; xx.xx.2017 Giriş-Rusiya; xx.xx.2017 Çıxış-İran; xx.xx.2017 Giriş-İran; xx.xx.2017 Çıxış-İran; xx.xx.2017 Giriş-İran; xx.xx.2018 Çıxış-İran; xx.xx.2018 Giriş-İran; xx.xx.2018 Çıxış-Ukrayna; xx.xx.2018 Giriş-Rusiya; xx.xx.2018 Çıxış-İran; xx.xx.2018 Giriş-İran;xx.xx.2018 Çıxış-İran; xx.xx.2018 Giriş-İran; xx.xx.2019 Çıxış-İran; xx.xx.2019 Giriş-İran, xx.xx.2019 Çıxış-İran; xx.xx.2019 Giriş-İran. TƏTBİQ EDİLƏN HÜQUQ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). ... Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. ... Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarının: ... 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”

8. Ali təhsil proqramları: ... 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ... 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları: ... 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: ... 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: ... 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir. 1.2. Tanınma xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının sahiblərinə Azərbaycan Respublikasında təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu verir. 1.3. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir. ... 1.5.9. tanınma– xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; ... 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. ... 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). ... 5.1. Akademik tanınma ərizəçiyə Azərbaycan Respublikasında ali təhsil pilləsində təhsilini davam etdirmək hüququnun verilməsi məqsədilə aparılır. ... 6.1. Peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda tətbiq edilir. 6.2. Bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. ... 7.1. Ərizəçinin ali təhsilə aid kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi tarixdən etibarən 5 (beş) gün müddətində hazırlanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: ... 1.6. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Heydər Əliyev adına Hərbi İnstituta qəbul olunduqdan sonra əsas təhsil proqramlarının icrasına başlamazdan əvvəl bütün təhsilalanlara, yaxud komandanlığın qərarı ilə təhsilalanların bir qisminə xarici dillərin dərindən öyrədilməsi və zəruri olan digər fənlərin əsaslarının tədrisi məqsədilə Azərbaycan Respublikası müdafiə nazirinin qərarı ilə 1 (bir) tədris ili müddətində hazırlıq kursu təşkil edilir. Hazırlıq kursunun proqramını Azərbaycan Respublikasının müdafiə naziri təsdiq edir. Bilik və bacarıqların qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Kursun proqramını bu və ya digər səbəblərdən yerinə yetirməyən və ya müvəffəqiyyət qazanmayan təhsilalan xüsusi təyinatlı ali təhsil müəssisəsindən xaric edilir. Bakalavriat təhsili almış məzun elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələrdə əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu təhsil səviyyəsini bitirən şəxslər təhsillərini magistratura səviyyəsində davam etdirə bilərlər. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. ... 2.8. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 2.9. Tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”:

Bənd 1.1. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. ... 2.2.2. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. ... 3.1.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. ... 3.1.8. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”: Maddə 1.2 Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. ... Maddə 6. “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər.

Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”ya qoşulmuşdur.

Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən 5 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyası: Maddə 1. Bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibin-dən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsinə bərabər tutulan rəsmi sənədlər (qeydlər).

2. Razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyini, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür.

3. İmzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya sənədi leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz.

4. 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ.

Yuxarıda istinad edilən Qaydaların 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qaydaların 1.3-cü bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. “Təhsil haqqında” Qanunda Azərbaycan Respublikasında qəbul edilən təhsilalma formaları müəyyən edilmişdir. Bunlar əyani, qiyabi, distant (məsafətdən), sərbəst (eksternat) formalar olmaqla 4 növdən ibarətdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. Qeyd olunanlar əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının bakalavriat səviyyəsində aldığı təhsilin forması qiyabi olduğu halda, onun həmin müddət ərzində universitetin dərslərində əyani qaydada iştirak etməməməsi, tədris normativ üzrə orada təhsil almaq üçün tələb olunan müddət qarşılığında həmin ölkədə qısa müddət ərzində qalmaqla, dərslərə davamiyyət etmədən tədris proqramını yerinə yetirməsi qeyri-mümkündür. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır. Həmçinin, iddiaçının Ukrayna Respublikasında 1-ci il 5 gün, 2 il 7 gün, 3-cü il 8 gün, 4-cü il 11 gün, 5 il 20 gün, digər kurs dövrlərində isə ölkə ərazisində olmaması iş materialları ilə də müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı tələbində haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdı Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar