Məhkəmə qərarları › İş №2-1(120)-3391/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3391/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3391/2025 10.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Cəlilabad Rayon icra Hakimiyyətinin 20 Yanvar 2008-ci il tarixli Aqrar İslahat Komissiyasına qarşı pay torpaqğının geri qaytarılması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəlilabad Rayon icra Hakimiyyətinin 20 Yanvar 2008-ci il tarixli Aqrar İslahat Komissiyasına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun xəstə olduğunu nəzərə alıb pay torpağının qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1964-cü ildən 1969-cu ilə qədər Cəlilabad Rayon R.Axundov Savxozda fəhlə işləmişdir. 2001-ci ildə islahat gedərkən onun payına 0.83 hektar JN-1355 saylı dövlət Aktı əsasında əkinə yararlı torpaq sahəsi verilmişdir və subsidiyanı fermer kartı vaistəsilə vaxtlı-vaxtında almışdır. Dövlət Aktları yeniləndiyi vaxt Cəlilabad 8 saylı Ərazi İdarəsinə müraciət edərək yeni dövlət Aktı tələb etdikdə ona rəsmi olaraq bildirilmişdir ki, onun adına verilmiş JN-1355 saylı torpaq sahəsi Cəlilabad AİK-nın 24 yanvar 2008-ci il tarixli 1 saylı qərarı ilə başqa şəxsə verilmişdir. İcra Hakimiyyətinin Aqrar İslahat Komissiyası onun adının sənədləşdirilməsində Zöhrə əvəzinə Zəhra yazıldığına əsaslandıraraq pay torpağını rayon sakini X3 vermişdir. Aqrar İslahat Komissiyasının onun pay torpağınə başqa şəxsə verməsi barədə ona hec bir məlumat verilməmişdir. O, Bakı şəhərində işlədiyi üçün pay torpağımı icarə əsasında rayon sakini qonşusu olan X2 vermişdir. Quliyev İxtiyar pay torpağının başqa şəxsə verilməsininə baxmayaraq 2022-ci ilə qədər onun qardaşı Sahibə icarə haqqı ödəmişdir. Quliyev İxtiyar da pay torpağının rayon sakini X3 verilməsini bilərəkdən məqsədli şəkildə ona bildirməmişdir. O, pay torpağını həpsdə olan Quliyev İsmayıla alqı satqı edərək sənədləşdirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim olunmuş cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyətinin müzakirəsi ilə bağlı məsələlərin həlli üçün məhkəməyə dəvət olunmuşlar. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə araşdırması zamanı iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2025-ci il məktub ünvanlanaraq iddia ərizəsi ilə məhkəməyə müraciət olunan zaman yol verilmiş formal xətaların aradan qaldırılması təklif olunmuşdur. İddiaçı tərəfindən təklif olunmuş formal xətalar aradan qaldırılmamışdır. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin viştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: “Torpağa mülkiyyət hüququna dai” JN-1355, 80601004 №-li dövlət aktının surətindən müəyyən olunur ki, İddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli 03 saylı qərarı ilə cizgidə göstərilən sərhədlər daxilində 0,83 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən Daşınmaz Əmlaın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 3-21-3- 60/1648/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim olunmuş Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 1 №-li iclas protokolunundan çıxarışda qeyd olunmuşdur ki, Cəlilabad rayon 30 may 2001-ci il tarixli 03 saylı qərarına aşağıdakı məzmunda dəyişiklik edilsin. Keçmiş R.Axundov adına təsərrüfatda torpaq islahatı ilə əlaqədar siyahı tərtib edilərək səhvən bəzi vətəndaşları adları həmin siyahıda 2 dəfə yazılmış, adları həmin siyahıya düşmüş, bəzi vətəndaşların soyadı və atasının adı səhv yazılmış, yaddan çıxan, lakin qanuni torpaq payı almaq hüququ olan vətəndaşların adları torpaq payı alacaq subyektlərin siyahısına salınmamışdır. Ona görə də adları səhvən torpaq pay almaq hüququ olan subyektlərin siyahısına düşmüş aşağıda göstərilən vətəndaşların adları həmin siyahıdan çıxarılsın.

14. İddiaçı. (№ 1355).

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, hazırkı tələblə iddiaçının iddiasına cavab verməli olan inzibati orqan Cəlilabad Rayon İcra Hakimiyyəti olmalı olduğu halda iddiaçı cavabdeh qismində Cəlilabad Rayon icra Hakimiyyətinin 20 Yanvar 2008-ci il tarixli Aqrar İslahat Komissiyasını qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq olunmuş “X1” Cəlilabad Rayon icra Hakimiyyətinin 20 Yanvar 2008-ci il tarixli Aqrar İslahat Komissiyası inzibati orqan sırasında göstərilməmişdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə yalnız iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı belə bir razılığını (yazılı və ya şifahi qaydada) bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı ona “Aqrar İslahat Komissiyasının” qərarı ilə ayrılmış pay torpağının təhvil verilməsindən ibarətdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırki qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar