Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-340/2020 20.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 10 sentyabr 1954-cü il tarixdə Əli-Bayramlı rayonu, Muğangəncəli kəndində doğulmuşdur. Sabirabad rayonu, Muğangəncəli kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 28 oktyabr 2019-cu il tarixli **********5 saylı məktubunda Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsinin fəaliyyəti olmadığı və eyni zamanda sənədləri saxlanılmadığı üçün iddiaçının 1998-2004-cü illərə aid sığorta stajının araşdırılmasının mümkün olmadığını qeyd edərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 08.01.1998-ci il tarixdən 25.12.2004-cü il tarixədək Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək Dövlət Sosial X1 rayon şöbəsinin üzərinə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 sentyabr 1954-cü ildə Əli- Bayramlı rayonu, Muğangəncəli kəndində anadan olmuşdur. Hazırda Sabirabad rayonu, Muğangəncəli kəndində qeydiyyatda olmaqla orada yaşayır. Ümumilikdə 1972-ci ildən 2004-cü ilədək 30 ildən artıq əmək stajı vardır. Həmçinin 08.01.1998-ci il tarixdən 25.12.2004-cü il tarixədək Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləmişdir. Qeyd olunan iş stajı adına açılmış əmək kitabçası ilə təsdiq olunur. Yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial X1 rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin Dövlət Sosial X1 rayon şöbəsi tərəfindən 28 oktyabr 2019-cu il tarixli **********5 saylı imtina məktubu göndərilərək ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İddiaçı və cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti «AZƏRİKİMYA» İstehsalat Birliyinin «Etilen-Polietilen» zavodunun arxiv arayışının və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin arayışının təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin, 5 saylı Ərazi Vergilər İdarəsinin məktubları və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti «AZƏRİKİMYA» İstehsalat Birliyinin «Etilen-Polietilen» zavodunun arxiv arayışı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 10 sentyabr 1954-cü il tarixdə doğulmuşdur. 10 mart 2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçının hərbi xidmətdə olduğu müddət və əmək kitabçasında qeyd olunan digər iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçıya məxsus əmək kitabçasında onun 1972- 2004-cü illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. Həmçinin iddiaçının 26.07.1972-22.10.1973 və 03.02.1976-14.06.1976-cı illərdə işləməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti «AZƏRİKİMYA» İstehsalat Birliyinin «Etilen-Polietilen» zavodunun 28.06.2018-ci il tarixli 138 saylı arxiv arayışında da öz əksini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının 1998-2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi sosial sığorta stajı kimi qəbul edilməyərək, mübahisələndirilmişdir. Məhkəmə tərəfindən iddiaçının 08.01.1998-ci il tarixdən 25.12.2004-cü il tarixədək Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin araşdırılması üçün müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və 5 saylı Ərazi Vergilər İdarəsinə sorğular göndərilmişdir. Müəyyən olunmuşdur ki, Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsi 30 iyul 1996-cı il tarixindən 16 yanvar 2003-cü il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuş, 24.11.1999-cu il tarixdə ********* (9 rəqəmli) saylı eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alınmış, lakin 12.04.2004-cü il tarixdən başlanılan vergi ödəyicilərinin yenidən inventarlaşdırılması zamanı 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin alınması üçün vergi orqanına müraciət etməmişdir. Göründüyü kimi Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsi vergi ödəyicisi kimi 24.11.1999-cu il tarixdən 12.04.2004-cü il tarixədək qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının 24.11.1999-12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işlədiyi illər sosial sığorta stajı kimi müəyyən edilərək, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, 08.01.1998-24.11.1999 və 12.04.2004- 25.12.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işlədiyi illər sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, 2006-cı ilədək müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, 18 fevral 1997ci il tarixli «Sosial sığorta haqqında» Qanunun 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək Sığortaçının vəzifələrinə aiddir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək Sığortaedənin vəzifələrinə aiddir. Göründüyü kimi müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilməməli, sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığorta edən müəssisənin vəzifəsidir və ödənilməsinə vaxtlı-vaxtında nəzarət isə sığortaçının vəzifələrinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə–pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (24.11.1999-12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi barədə əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə iddiaçıya məxsus əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsinin sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialına təhvil verilməməsi səbəbindən cavabdeh inzibati orqan tərəfindən iddiaçının 24.11.1999- 12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illərinin qarşılıqlı yoxlanılmasının mümkün olmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 24.11.1999-12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi ilə bağlı əmək stajı nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 24.11.1999- 12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа hüququnun yarandığı 10 mart 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia qismən təmin edilsin. İddiaçı 24.11.1999-12.04.2004-cü illərdə Salyan 1 №-li Təsərrüfat Hesablı tikinti icarə sahəsində işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа hüququnun yarandığı 10 mart 2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin üzərinə qoyulsun.
2. İddia qalan hissədə təmin edilməsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov