Məhkəmə qərarları › İş №2-1(120)-340/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-340/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-340/2024 24.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X21 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X21 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı ildə anadan olmuş, 14 avqust 1973-cü ildən X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, 05 yanvar 1977-ci ildən 09 oktyabr 1985-ci ilə qədər X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsində işləmiş, 1985-1992-ci illərdə həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş, 1992-1997-ci illərdə Meliorasiya-Mexaniki Təmir Zavodunda elektrik-qaz qaynaqçısı vəzifəsində işləmiş, 1997-1999-cu illərdə Əli Bayramlı stansiyasının texniki mərkəzinin operatoru vəzifəsində işləmiş, xx.xx.1999-cu ildən "xxxx" BMMM-də icarə təmir sahəsinə yükləyici, Neftin Komplekləşdirilməsi və Hazırlanması Sexinə təmirçi çilingər, daha sonra həmin sexdə texnoloji nasosların maşinisti vəzifəsində işləmişdir. Daha sonra eyni müəssisədə xx.xx.2021-ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmiş, işlədiyi bütün iş stajı əmək kitabçasında öz əksini tapmışdır. Onun işlədiyi elektrik qaynaqçısı, təmirçi çilingər və texnoloji nasosların maşinisti vəzifələri istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 03 avqust 2021-ci il tarixli məktubda xx.xx.1973-xx.xx.1974 və xx.xx.1977-xx.xx.1992-ci illərdə işlədiyi illərin iş stajına dair arxiv sənədləri mövcud olmadığına görə həmin illəri iş stajı kimi qəbul etməmişlər və bu səbəbdən də ona güzəştli şərtlərlə əmək pensiyasının təyinatı qeyri-mümkün hesab edilmişdir. Onun X24 artırma və yetişdirmə təsərrüfatında işlədiyi əmək fəaliyyəti həm əmək kitabçasında, həm də qeyd edilən müəssisə tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli arayışla təsdiq edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı 02.iyun 2021-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı güzəştli iş stajının 08 il 03 ay 12 günü təşkil etməsi səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan müddəalarına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X18 qərarlarını, X18 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı mərkəzi filiala təqdim etdiyi ИT-İ ******* nömrəii əmək kitabçasına əsasən o, xx.xx.1973xx.xx.1974-cü il tarixlərdə, xx.xx.1977-xx.xx.1992-ci il tarixlərdə “X14 Təsərrüfat İdarəsi”ndə işləmişdir. İddiaçı adıçəkilən müəsisədəki iş stajına dair sənədlərdə qeyd olunan məlumatların mərkəzi filial tərəfindən dəqiqləşdirilməsi zamanı “X14 Təsərrüfat İdarəsi”nin X15 Filialında mühafizə olunan sənədlərində yuxarıda göstərilən dövrlərdə sözügedən müəssisədə İddiaçı əmək fəaliyyəti ilə məşğul olmağına dair hər hansı məlumat aşkar olunmamışdır. Bu səbəbdən de İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 12 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X7 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14 avqust 1973-cü ildən X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, 05 yanvar 1977-ci ildən 09 oktyabr 1985-ci ilə qədər X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsində işləmiş, 1985-1992-ci illərdə həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş, 1992-1997-ci illərdə Meliorasiya-Mexaniki Təmir Zavodunda elektrik-qaz qaynaqçısı vəzifəsində işləmiş, 1997-1999-cu illərdə Əli Bayramlı stansiyasının texniki mərkəzinin operatoru vəzifəsində işləmiş, xx.xx.1999-cu ildən "xxxx" BMMM-də icarə təmir sahəsinə yükləyici, Neftin Komplekləşdirilməsi və Hazırlanması Sexinə təmirçi çilingər, daha sonra həmin sexdə texnoloji nasosların maşinisti vəzifəsində işləmişdir. Daha sonra eyni müəssisədə xx.xx.2021-ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmişdir. İşdə olan X24 artırma və yetişdirmə təsərrüfatının xx.xx.1992-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1973-cü ildən X24 artırma və yetişdirmə təsərrüfatına 4-cü dərəcəli elektrik msvarşik vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1974-cü ildən hərbi xidmətə getmişdir. xx.xx.1976-cı ildə hərbi xidmətdən qayıtmışdır. xx.xx.1977-ci ildə həmin təsərrüfata 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuşdur. Bakı axşam Neft texnikumunun Ekonomist fakultəsini bitirdiyinə görə həmin təsərrüfata xx.xx.1985-ci ildə baş mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, 174 nömrəli arayışından görünür ki, 1956-cı il təvəllüdlü vətəndaş İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. İşdə olan X14 təsərrüfat idarəsinin xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışın surətindən görünür ki, İddiaçı X14 təsərrüfatında İV-dərəcə elektro svarşik işləmişdir. Abbasov X9 təsərrüfatında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr vəzifələr üzrə iş stajı X14 təsərrüfatında 4 (dördüncü) dərəcəli elektro svarşik xx.xx.1973-xx.xx.1974, X14 təsərrüfatında 4 (dördüncü) dərəcəli elektro svarşik xx.xx.1977-xx.xx.1985, cəmi 9 il, 11 ay, 30 gün stajı vardır. İşdə olan “X12 LTD” şirkətinin Azərbaycan Respublikası filialının xx.xx.2019-cu il tarixli, 21 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “X12 Limited” şirkətinin Anbar Təsərrüfatı Xidmətində anbar vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı "xxxx" BMMM-də güzəştli şərtlərlə 01 il, 01 ay, 21 gün iş stajı var. Belə ki, 183/k saylı xx.xx.2001-ci il tarixli əmrlə xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" BMMM-in X8 və Vurulması sexində (NKHV sexi) 4-cü dərəcə texnoloji nasosların maşinisti peşəsində işləmişdir. İddiaçı "xxxx" BMMM-də 01 il, 01 ay, 21 gün güzəştli şərtlərlə iş stajı var. İşdə olan Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti Meliorasiya-Mexaniki Təmir Zavodunun xx.xx.2019-cu il tarixli, 09 nömrəli arayışından görünür ki, 1956-ci il təvəllüdlü İddiaçı Əliyar oğlu həqiqətən xx.xx.1992-ci il tarixində 05 л/c saylı əmrə əsasən Meliorasiya-Mexaniki Təmir Zavodunun (keçmiş Əli-Bayramlı Mexaniki Təmir X5) Mexaniki sahəsinə 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı peşəsi üzrə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının ƏM 37-ci il maddəsinə əsasən (öz xahişi ilə) xx.xx.1997-ci il tarixində 06 saylı əmrlə işdən azad olunmuşdur. xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixədək işlədiyi dövr ərzində öz hesabına (ödənişsiz) məzuniyyətdə olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi ИT-İ ******* nömrəli əmək kitabçanda xx.xx.1973-08.11,1974-cü il, xx.xx.1977xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X14 Təsərrüfat İdarəsi”ndə işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən dəqiqləşdirilməsi zamanı “X14 Təsərrüfat İdarəsi”nin X15 Filialında mühafizə olunan sənədlərində yuxarıda göstərilən dövrlərdə sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olmağına dair hər hansı məlumat aşkar olunmamışdır. Qeyd edilən faktlar X15 Filialı tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 12 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-21/2-263/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 811 nömrəli sərəncamınına əsasən "Azərbalıq" X6 Konserni ləğv edilmiş və həmin sərəncamın 2-ci bəndinə əsasən ölkə başçısının 2001 -ci il 29 mart tarixli 669 nömrəli Sərəncamının 1 -ci bəndində göstərilən digər müəssisə və təşkilatlar, o cümlədən Əlibayramlı Balıqartırma və X1 və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməmişdir. Bundan əlavə, X3 Xidmətinin müvafiq tabeli qurumunda qaynaqçı vəzifəsinin əmək funksiyası aşağıdakı kimidir: Elektrik avadanlıqlarına və qurğularına, nasos qurğularına, aqreqatların elektrik idarəetmə aparatlarına xidmət edir. Avadanlıq və qurğularda bütün təhlükəsiz qaynaq işlərini həyata keçirir. Bu avadanlıqlarda meydana çıxan nasazlıqları aradanqaldırır. Avadanlıqların təhlükəsizlik istismarını təmin edir. Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasına riayət edir. İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi üzrə iş aparır. Qeyd edək ki, qaynaqçı vəzifəsi əmək şəraitinə görə ağır və zərərli iş hesab edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 saylı Qərarına əsasən əmək haqqına 1.12% əlavə ödəniş və Azərbaycan Respublikası Əmək Məcəlləsin 115-ci maddəsinin 1-ci bəndinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:

1. xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının toplanmaması;

2. İddiaçının xx.xx.1973-xx.xx.1974 və xx.xx.1977-xx.xx.1992-ci illərdə işlədiyi X14 təsərrüfat idarəsində əmək fəaliyyəti ilə məşğul olmağına dair hər hansı məlumat aşkar olunmadığı səbəbindən həmin dövrlərin güzəştli iş tajı kimi qəbul edilməsinin mümkün olmaması. Məhkəmə hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılmasına keçməzdən əvvəl, ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hansı zəruri şərtlərin ödənilməli olmasına qiymət verir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad edir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - 14 avqust 1973-cü ildən X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, 05 yanvar 1977-ci ildən 09 oktyabr 1985-ci ilə qədər X24 artırma və yetişdirmə təsərrüfatına elektrik qaynaqçısı vəzifəsində işləmiş, 1985-1992-ci illərdə həmin müəssisədə baş mühasib vəzifəsində işləmiş, 1992-1997-ci illərdə Meliorasiya-Mexaniki Təmir Zavodunda elektrik-qaz qaynaqçısı vəzifəsində işləmiş, 1997-1999-cu illərdə Əli Bayramlı stansiyasının texniki mərkəzinin operatoru vəzifəsində işləmiş, xx.xx.1999-cu ildən "xxxx" BMMM-də icarə təmir sahəsinə yükləyici, Neftin Komplekləşdirilməsi və Hazırlanması Sexinə təmirçi çilingər, daha sonra həmin sexdə texnoloji nasosların maşinisti vəzifəsində işləmişdir. Daha sonra eyni müəssisədə xx.xx.2021-ci il tarixə qədər müxtəlif vəzifələrdə işləmişdir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Məhkəmə qanunvericiliyin müddəalarını əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının qanunvericiliyə uyğun olaraq ümumi iş stajı 25 ildən çox təşkil edir. Qeyd edilməlidir ki, iddiaçının ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən etiraz ərizəsində və məhkəmə iclasında nümayəndələr tərəfindən ümumi iş stajının mübahisəsiz olduğu qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının işlədiyi xx.xx.1973-08.11,1974-cü il, xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X14 Təsərrüfat İdarəsi”ndə işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filial tərəfindən dəqiqləşdirilməsi zamanı “X14 Təsərrüfat İdarəsi”nin X15 Filialında mühafizə olunan sənədlərində yuxarıda göstərilən dövrlərdə sözügedən müəssisədə əmək fəaliyyəti ilə məşğul olmağına dair hər hansı məlumat aşkar olunmamışdır. Qeyd edilən faktlar X15 Filialı tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiq edilmişdir. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 12 gün (xx.xx.1992xx.xx.1997-ci il, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini bildirmişdir. Məhkəmə bildirir ki,“Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq hərbi və əmək kitabçasında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən çox olması müəyyən olunur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan qeydlər şübhə doğurmur. Çünki, məhkəmə cavabdeh inzibati orqanın X14 Təsərrüfat İdarəsinin fəaliyyət göstərməməsi səbəbindən mübahisəli dövr kimi hesab etdiyi iddiaçının işlədiyi xx.xx.1973-08.11,1974-cü il, xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X14 Təsərrüfat İdarəsi”ndə işlədiyi dövr ilə bağlı tam araşdırma apararaq sorğu cavabları nəticəsində aşağıda qeyd edilən halları müəyyən etmişdir: - X24 artırma və yetişdirmə təsərrüfatının xx.xx.1992-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1973-cü ildən X24 artırma və yetişdirmə təsərrüfatına 4-cü dərəcəli elektrik msvarşik vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1974-cü ildən hərbi xidmətə getmişdir. xx.xx.1976-cı ildə hərbi xidmətdən qayıtmışdır. xx.xx.1977-ci ildə həmin təsərrüfata 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul olunmuşdur. Bakı axşam Neft texnikumunun Ekonomist fakultəsini bitirdiyinə görə həmin təsərrüfata xx.xx.1985-ci ildə baş mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. - X14 təsərrüfat idarəsinin xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayışın surətindən görünür ki, İddiaçı X14 təsərrüfatında İV-dərəcə elektro svarşik işləmişdir. Abbasov X9 təsərrüfatında güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr vəzifələr üzrə iş stajı X14 təsərrüfatında 4 (dördüncü) dərəcəli elektro svarşik xx.xx.1973-xx.xx.1974, X14 təsərrüfatında 4 (dördüncü) dərəcəli elektro svarşik xx.xx.1977-xx.xx.1985, cəmi 9 il, 11 ay, 30 gün stajı vardır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 37051/2024 nömrəli məktubundan görünür ki, vətəndaş X10 xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilən pensiya işinə isə nəzər yetirilən zaman T.Qədirovunda iddiaçı ilə X14 təsərrüfatında işlədiyi və işlədiyi dövrün mumi iş stajına əlavə edidiyi müəyyən edilir. - İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-21/2-263/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 811 nömrəli sərəncamınına əsasən "Azərbalıq" X6 Konserni ləğv edilmiş və həmin sərəncamın 2-ci bəndinə əsasən ölkə başçısının 2001 -ci il 29 mart tarixli 669 nömrəli Sərəncamının 1 -ci bəndində göstərilən digər müəssisə və təşkilatlar, o cümlədən Əlibayramlı Balıqartırma və X1 və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilməmişdir. Bundan əlavə, X3 Xidmətinin müvafiq tabeli qurumunda qaynaqçı vəzifəsinin əmək funksiyası aşağıdakı kimidir: Elektrik avadanlıqlarına və qurğularına, nasos qurğularına, aqreqatların elektrik idarəetmə aparatlarına xidmət edir. Avadanlıq və qurğularda bütün təhlükəsiz qaynaq işlərini həyata keçirir. Bu avadanlıqlarda meydana çıxan nasazlıqları aradanqaldırır. Avadanlıqların təhlükəsizlik istismarını təmin edir. Tapşırıqların vaxtında yerinə yetirilməsini, məhsulun yüksək keyfiyyətlə ahəngdar buraxılışını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasına riayət edir. İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, yeni məhsulun və texnoloji proseslərin mənimsənilməsi üzrə iş aparır. Qeyd edək ki, qaynaqçı vəzifəsi əmək şəraitinə görə ağır və zərərli iş hesab edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 saylı Qərarına əsasən əmək haqqına 1.12% əlavə ödəniş və Azərbaycan Respublikası Əmək Məcəlləsin 115-ci maddəsinin 1-ci bəndinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verilir. Yuxarıda şərh olunan qanunvericiliyin müddəalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının təsdiq olunan iş dövrü onun sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının X14 Təsərrüfat İdarəsində işləməsi ilə bağlı sənədlərin arxivə təqdim edilməməsi onun iradə ifadəsindən asılı olan hal deyil və onun ziyanına şərh olunmamalıdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, iddiaçı həqiqətən də X14 Təsərrüfat İdarəsində işləmiş və qeyd edilən dövrdə müəssisə fəaliyyət göstərmişdir. Göstərilən sənədlərin mötəbərliyi hər hansı şübhə doğurmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Eləcə də, inzibati orqanın imtinası iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Məhkəmə iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı qeyd edir ki, həmin güzəştli iş illəri onun (iddiaçının) işlədiyi peşənin zamana görə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” əsasında müəyyən edilməlidir. Lakin X14 Təsərrüfat İdarəsi tərəfindən iddiaçının işlədiyi dövrün güzəştli iş stajı kimi qeyd edilən arayış vrilsə də, həmin dövrlə bağlı müaviq siyahının konkret bölməsi (kodu) qeyd edilməmiş və hal-hazırda həmin müəssisənin fəaliyyətsiz olması səbəbindən qeyd edilən arayışın alınması mümkün olmamışdır. Qeyd edilən istiqamətdə məhkəmə tərəfindən araşdırılma aparılmış və verilən sorğu məktubuna Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidməti tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-14-21/2- 263/2024 nömrəli cavab məktubuna əsasən qaynaqçı vəzifəsinin əmək funksiyaları qeyd edilərək həmin vəzifənin əmək şəraitinə görə ağır və zərərli iş hesab edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137 saylı Qərarına əsasən əmək haqqına 1.12% əlavə ödənişlər edildiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsin 115-ci maddəsinin 1-ci bəndinə əsasən 6 təqvim günü əlavə məzuniyyət verildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı xx.xx.1973-08.11,1974cü il, xx.xx.1977-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “X14 Təsərrüfat İdarəsi”ndə işlədiyi dövrü həm ümumi, həm də güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə olduğu halda məhkəmə mövcud olan sənədləri qanunvericiliyin müddəaları ilə birgə təhlil etdikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəşli iş stajı 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən xx.xx.1973-08.11,1974-cü il, xx.xx.1977xx.xx.1992-ci il tarixləri arasındakı dövrdə işlədiyi vəzifənin (peşənin) əmək şəraitinə görə ağır və zərərli iş hesab edilməsinin və iddiaçının təqdim etdiyi arayışın həqiqətə uyğun olmadığının sübuta yetirilmədiyi hazırki iş üzrə müəyyən olunmur. Belə yanaşma isə vətəndaşların müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effektivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Beləliklə, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X21 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyası pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən təyin edilməli olsa da, adıçəkilən Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 01 fevral 2021-ci il tarixində müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən də ilkin müraciətinin iş materiallarına əsasən 01 fevral 2021-ci il tarixində edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pensiya məbləği onun ilkin müraciət etdiyi tarixdən geriyə 3 (üç) il ərzində, yəni 01 fevral 2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2013-cü il tarixindən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar