Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-341/2021 18.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) cavabdehin nümayəndəsi X3 (Kürdəmir rayonu, Xınıslı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı 05.04.1979cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illəri sosial sığorta stalı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh 21 avqust 2020-ci il tarixli, **********3 nömrəli məktubla ona əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illəri iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 08.04.2021-ci il tarixli iclasında İddiaçı iddia tələbini dəyişərək, 05.04.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illəri sosial sığorta stalı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, uzun müddət Salyan rayonunda yerləşən “Oktyabr” kolxozunda və digər təşkilatlarda, 1979-cu ildən 15.03.2016cı ilədək işləyərək əmək haqqı almışdır. Lakin işlədiyi illər onun sığorta stajına tam daxil edilməmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq 05.04.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illəri sosial sığorta stalı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı 25 ildən az olduğu üçün ona avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artırılması mümkün olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən 05.10.1997-10.09.2006-cı illərdə işləmiş olduğu Salyan rayon Təbiət Mühafizə Cəmiyyətinin sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən, idarə fəaliyyət göstərmədiyi və faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricində olmuşdur. Həmçinin Salyan rayon Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən 01.01.2006-10.09.2006-cı il dövrü üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməmiş və pensiya kpitalı qeydə alınmamışdır. Bu səbəbdən də iddiaçının 05.10.1997-10.09.2006-cı illərdəki iş stajının sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı işlədiyi illərin iş stajına daxil edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (6 saylı regional ərazi filialı) Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçıya əmək pensiyası təyin olunarkən 05.04.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illəri sosial sığorta stalı kimi nəzərə alınmamışdır. İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 05.04.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.04.1979-cu il tarixdən 15.03.2016-cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan 24.10.1973-cü il tarixli, H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus 14.04.1979-cu il tarixli, AT 002859 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1976-cı il tarixdən 1979-cu il tarixədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ak.F.Ə.Məlikov adına X7 Texnikumunda zootexnik ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Salyan rayon filialının məhkəməyə ünvanladığı 18.11.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1 maddəsinə əsasən, 01.10.2006-cı il tarixdən (Salyan aqrokimya labaratoriyasında işlədiyi dövr üzrə, Salyan rayon Təbiəti Mühafizə Cəmiyyətində işlədiyi 01.01.2006-10.09.2020-ci illər üzrə PSK qeydə alınmışdır)) pensiya hüququnun yarandığı tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınan 9702,47 manat pensiya kapitalı və 01.01.2006-cı il tarixədək 25 il sığorta stajı nəzərə alınmaqla 04.03.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Salyan rayon Təbiəti Mühafizə Cəmiyyəti tərəfindən 05.10.1997-10.09.2006-cı illərdə işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərə baxmayaraq göstərilən dövr üzrə işləməsi faktı təsdiqlənmədiyi üçün, avtomatlaşdırılmış qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanaraq artırılması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Salyan rayon Statistika İdarəsinin 13.04.2021-ci il tarixli, 142 nömrəli məktubundan görünür ki, Salyan rayon Təbiəti Mühafizə Cəmiyyəti 05.10.1997-ci il tarixdən 10.09.2006-cı il tarixədək Salyan rayon X4 Reyestrində mövcud olmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin 15.04.2021-ci il tarixli, **********210800 nömrəli məktubundan görünür ki, hüquqi şəxs Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti (VÖEN: **********) 31.10.1997-ci il tarixdən vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alındığı və 05.10.1997-ci il tarixdən 10.09.2006-cı il tarixədək olan dövr ərzində tərəfindən dövlət büdcəsinə ümumilikdə 742,0 manat vergi məbləğinin ödənildiyi müəyyən edilmişdir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 2017-ci il tarixdən Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyətinin Salyan, Neftçala, Hacıqabul, Şirvan regional şöbəsinin sədri vəzifəsində işləyir. 2017-ci ilə qədər Salyan rayon Təbiəti Mühafizə Cəmiyyəti fəaliyyət göstərmiş, daha sonra isə sədri olduğu regional şöbə yaradılmışdır. Azərbaycan Respublikası Təbiəti Mühafizə Cəmiyyəti heyvanların və təbiətin qorunması ilə bağlı marifləndirici tədbirlər həyata keçirir. İddiaçı uzun illərdir tanıyır. İddiaçı 05.10.1997- 10.09.2006-cı illərdə Salyan rayon Təbiət Mühafizə Cəmiyyətində təlimatçı vəzifəsində işləmiş və həmin Cəmiyyətin sədri Ramiz Əliyev olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (05.04.1979-cu il tarixli əmək kitabçası) təqdim etmişdir. Мəhkəmə 05.04.1979-cu il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının 05.10.1997-ci il tarixdən 01.01.2006cı il tarixədək Salyan rayon Təbiəti Mühafizə Cəmiyyətindəki iş illərinə dair əmək haqqı və əmr kitablarının arxivə təhvil verilməməsi onun (iddiaçının) təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 05.04.1979cu il tarixdən 01.01.2006-cı il tarixədək əmək kitabçasında qeyd edilən iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Beləliklə, iddia təmin olunmalı, İddiaçı 05.04.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 05.04.1979-cu il tarixdən 01.01.2006-cı il tarixədək işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-341/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-341/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver