Məhkəmə qərarları › İş №2-1(120)-342/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-342/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-342/2020 18.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə qarşı «əlilliyəgörə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 30 dekabr 1966-cı ildə anadan olmuşdur, 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləmişdir.Ona22 dekabr 2017-ci il tarixdəTibbi Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 15 noyabr 2019-cu il tarixli, **********2 saylı imtina məktubu verilərək, 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi səbəbindən pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993- 1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozdaişləməsi əmək kitabçasında yazılmasa da, həmin illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayədəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əlillik arayışından çıxarışı, cavabdehin imtina məktubunu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin arayışını, Beyləqan rayon Dövlət Arxivinin arxiv arayışını, yaşayış yerindən arayışını, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yeri barədə arayışını əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Dövlət arxivinin Beyləqan rayon filialının arxiv kitabından çıxarışlarına və Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubuna istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, 22 dekabr 2017-ci il tarixdə Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yəni xx.xx.1985-xx.xx.1987-ci illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 28 noyabr 2019-cu il tarixli, 621 nömrəli arayışı ilə, 1993- 1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləməsi Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 316 nömrəli arxiv arayışı ilə, digər təşkilatlarda işləməsi AZE ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Ümumiyyətlə cavabdeh iddiaçının bütün iş illərini deyil, məhz əmək kitabçasında qeyd edilməyən 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işlədiyi illəri mübahisələndirir. Yəni digər illər əmək kitabçasında qeyd edildiyindən həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin 09 yanvar 2020-ci il tarixli **********5 saylı məktubu ilə iddiaçının əlilliyə görə pensiya təyin olunmasına imkan verən əmək stajına və pensiya kapitalına malik olması təsdiq olunur. Belə ki, həmin məktubda İddiaçı xx.xx.1985-xx.xx.1987-ci illər hərbi xidmət dövrü, əmək kitabçasına əsasən xx.xx.2000-xx.xx.2002-ci illər X1 İdarəsində işlədiyi dövr sığorta stajı, 1993-1996-cı illərdə dörd il “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işlədiyi dövr sığorta stajı, xx.xx.2006-xx.xx.2014-cü illər Beyləqan rayon İmamverdilər kənd Ərazi İcra nümayəndəsi işlədiyi dövrdə fərdi şəxsi hesabında yığılmış 8816,85 manat pensiya kapitalına əsasən əlilliyə görə əmək pensiyası hüququ olduğu qeyd olunur. Məhkəmə mübahisələndirilən 1993-1996-cı illərlə bağlı onu qeyd edir ki, iş materialında olan arxiv arayışında həmin dövrlərə və Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin 09 yanvar 2020-ci il tarixli **********5 saylı məktubuna nəzərə yetirdikdə iddiaçının həmin dövrlərdən 1993, 1994, 1995, 1996-cı illərdə tələb olunan adam günü (həmin dövrə 240 gün nəzərdə tutulmuşdur) normasını tam yerinə yetirdiyini müəyyən etmək olur. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta stajı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1993-1996-cı illərdə dörd il “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləməsinə dair Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2018ci il tarixli, 316 nömrəli arxiv arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Beyləqan rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, 316 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə həmçinin iddiaçının digər müəssisələrdə işləməsinə dair AZE ******* nömrəli əmək kitabçasını, xx.xx.1985-xx.xx.1987-ci illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin 28 noyabr 2019-cu il tarixli, 621 nömrəli arayışını da iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1993-1996-cı illərdə (dörd il) “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1993-1996-cı illərdə dörd il “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 1993-1996-cı illərdə “Partiyanın XXİİİ Qurultayı” adına kolxozda işlədiyi iş stajı (həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla) sosial sığorta stajı kimi qəbul edilərək, ona əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar