Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-344/2023 22.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 may 2022-ci il tarixli qərardadı ilə Saatlı Rayon Mərkəzi X3 şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uzun müddətdir ki, xəstədir. 40 yaşı var. Ona “Digər qırmızı yastı dəmrov” xəstəliyi üzrə diaqnozu qoyulmuşdur. Bundan əlavə ona ağırlaşma halında “Qırmızı yastı dəmrov” diaqnozu qoyulmuşdur. Xəstəliklərinə görə mütəmadi müalicə kursu keçir. Əvvəllər İİ qrup əlil olmuşdur. Ona 2016-cı ildən pensiya təyin edilmişdir. Lakin 2021-ci ildən etibarən pensiyası əsassız olaraq dayandırılmışdır. Ağır xəstədir, özünü idarə edə bilmir. Müddət ötdükcə xəstəliyi ağırlaşır. 2014-cü ildən Saatlı Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır və həmin tarixdən də xəstəlikləri ağırlaşmağa başlayıb. Maddi vəziyyəti çox ağırdır. Müalicə almağa maddi imkanı yoxdur. Ümidi pensiyaya idi, lakin onu da dayandırıblar. xx.xx.2014-cü ildən-xx.xx.2014-cü ilə qədər, xx.xx.2021-ci ildən-xx.xx.2021-ci ilə qədər və xx.xx.2021-ci ildə “Respublika Dəri Zöhrəvi Mərkəzi” PHŞ-də stasionar müalicə kursu keçmişdir. Tibb müəssisəsi tərəfindən (“Saatlı Rayon Mərkəzi Xəstəxanası” PHŞ) 07 avqust 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına 0309003AAP0W saylı göndəriş verilmişdir. Sözügedən göndərişə əsasən, ƏƏSMN-nin tabeliyində DTSE və RA-nin həkimləri tərəfindən 05 oktyabr 2021-ci ildə ona imtina verilmişdir. İmtinaya əsas kimi “dövlət səhiyyə müəssisəsi tərəfindən göndərişin natamam doldurulması və ekspertiza üçün əhəmiyyətli olan, ağırlaşmaları təsdiqləyən diqanostik göstəricilərin ətraflı müayinə olunaraq dəqiqləşdirilməməsi” göstərilmişdir. Qeyd edir ki, 2014-cü ildən bu günə kimi mütəmadi olaraq müalicə alır. Müalicəsi və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Səhhəti günü-gündən ağırlaşır, artıq müalicəyə tabe olmur və həmçinin səhhətində heç bir irəliləyiş yoxdur. “Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, səhiyyə müəssisəsinin 0311003AAVRH saylı göndərişi əsasında TSERAS üzərindən əlillik vəziyyəti təkrar olaraq qiymətləndirilmiş və “2014-cü ildən-2021-ci ilə qədər ambulator və stasionar müalicə günləri haqqında məlumatın olmaması” səbəbindən ona imtina qərarı verilmişdir. Qeydiyyatda olduğu səhiyyə müəssisəsində xəstəlikləri barədə bütün məlumatlar var. TSERAS-a göndərişdə (forma 88) xəstəlikləri barədə və müalicə olduğu illər barədə məlumat verilsədə, hansı səbəbdən ona əlillik dərəcəsinin təyin edilməməsi müəmmalıdır. Hesab edir ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi verilmir və ona qarşı haqsızlıq olur. Bir aydır ki, döymədiyi qapı qalmayıb. Lakin müraciətləri heç bir nəticə vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən, “Digər qırmızı yastı dəmrov” xəstəliyi olan xəstələrə ikinci dərəcə əlillik təyin edilir. Cavabdeh inzibati orqanın bu kimi hərəkətləri ciddi qanun pozuntusudur. Cavabdeh tərəfindən bu qanun pozuntusu və süründürməçilik, sözügedən Əsasnamənin tələblərinə ziddir. Hesab edir ki, sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Çünki, əlində olan sənədlərlə sübut olunur ki, o, müalicəsi mümkün olmayan xəstədir və əmək qabiliyyəti məhduddur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 - Papulaskvamoz pozğunluqlar => L43 - Qırmızı yastı dəmrov => L43.0 - Hipertrofık qırmızı yastı dəmrov; Diaqnozun mətni: Yayılmış qırmızı yastı dəmirov, hormondan asılı vəziyyət, yarım kəskin aktiv qırmızı yastı dəmrov; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: qırmızı yastı dəmirov” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: Xİİ Sinif- Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 - Papulaskvamoz pozğunluqlar => L43 - Qırmızı yastı dəmrov => L43.0 - Hipertrofik qırmızı yastı dəmrov; Diaqnozun mətni: Yayılmış qırmızı yastı dəmirov, hormondan asılı vəziyyət, yarım kəskin aktiv qırmızı yastı dəmirov; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: qırmızı yastı dəmirov” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 - Papulaskvamoz pozğunluqlar => L43 - Qırmızı yastı dəmrov => L43.8 - Digər qırmızı yastı dəmrov; Diaqnozun mətni: L43.8 Digər qırmızı yastı dəmrov, Qırmızı yastı dəmirov; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan, ağırlaşmaları təsdiqləyən diaqnostik göstəricilər ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİ Sinif - Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 - Papulaskvamoz pozğunluqlar => L43 - Qırmızı yastı dəmrov => L43.9 - Dəqiqləşdirilməmiş qırmızı yastı dəmrov; Diaqnozun mətni: Digər qırmızı yastı dəmrov, Qırmızı yastı dəmirov; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2014-cü ildən 2021-ci ilə qədər ambulator və satasionar müalicə günləri haqqında məlumat yoxdur.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasf’nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalannın, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydamn 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmişelektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfmdən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi İddiaçı1 sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2014- cü ildən 2021-ci ilə qədər ambulator və satasionar müalicə günləri haqqında məlumat yoxdur” olmuşdur. Odur ki, iddiaçının ixtisaslaşdırılmış tibb müəssisəsində əlavə müalicə aldıqdan sonra yenidən müraciət etməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı1, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1982-ci il tarixdə Saatlı rayonunun Bayramovka kəndində doğulmuş və Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayan İddiaçı1 adına tərtib olunmuş tibbi sənədlərdən görünür ki, o, xx.xx.2014-cü il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında tibbi nəzarətə götürülmüş, əlillik təzahürlərinin olması ilə əlaqədar xx.xx.2015-ci il tarixli 0309003AACH nömrəli göndəriş əsasında 34 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış (ilkin müayinə) və “Səbəbi: Ümumi xəstəlik => X1: Xİİ Sinif – Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 – Papulaskvamoz pozğunluqlar => L43 – Qırmızı yastı dəmrov => L43.0 – Hipertrofik qırmızı yastı dəmrov; Diaqnozun mətni: Yayılmış qırmızı yastı dəmrov, hormondan asılı vəziyyət, yarım kəskin aktiv qırmızı yastı dəmrov; Meyar: 2.2 ikinci dərəcə əlillik => Digər: qırmızı yastı dəmrov səbəbi ilə ona xx.xx.2016-cı il tarixədək 1 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə iddiaçının əlillik vəziyyətinə təkrar baxılmış və “Səbəbi: Ümumi xəstəlik => X1: Xİİ Sinif – Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 – Papulaskvamoz pozğunluqlar => L43 – Qırmızı yastı dəmrov => L43.0 – Hipertrofik qırmızı yastı dəmrov; Diaqnozun mətni: Yayılmış qırmızı yastı dəmrov, hormondan asılı vəziyyət, yarım kəskin aktiv qırmızı yastı dəmrov; Meyar: 2.2 ikinci dərəcə əlillik => Digər: qırmızı yastı dəmrov səbəbi ilə ona xx.xx.2021-ci il tarixədək 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0309003AAPOW nömrəli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və X1: Xİİ Sinif – Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 – Papulaskvamoz pozğunluqlar => L43 – Qırmızı yastı dəmrov => L43.8 – Digər qırmızı yastı dəmrov; Diaqnozun mətni: L43.8 Digər qırmızı yastı dəmrov, qırmızı yastı dəmrov; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması, Ekspertiza üçün əhəmiyyətli olan ağırlaşmaları təsdiqləyən diaqnostik göstəricilər ətraflı müayinə olunaraq dəqiqləşdirilsin” qeyd olunmuşdur. Saatlı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 0311003AAVRH nömrəli göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçının əlillik vəziyyətinə baxılmış və X1: Xİİ Sinif – Dəri və dərialtı toxuma xəstəlikləri => L40-L45 – Papulaskvamoz pozğunluqlar => L43 – Qırmızı yastı dəmrov => L43.9 – Dəqiqləşdirilməmiş qırmızı yastı dəmrov; Diaqnozun mətni: Digər qırmızı yastı dəmrov, qırmızı yastı dəmrov; Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “əlavə müalicəyə ehtiyacın olması – Səbəb: 2014-cü ildən 2021-ci ilə qədər ambulator və stasionar müalicə günləri haqqında məlumatın olmaması” qeyd edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1982-ci ildə Saatlı rayonu, Bayramovka kəndində anadan olmuş və Saatlı rayonu, Dədə Qorqud kəndində qeydiyyatda olan İddiaçı1 canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X2” X4 verdikləri 21 iyun 2022-ci il tarixli, T 252/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı1 tibbi-sosial ekspert komissiyası tərəfındən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən ”Qırmızı yastı dəmrov” diaqnozu kliniki, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. O, həmin xəstəlikdən əziyyət çəksə də, əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12. 2015-ci il tarixli 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Vətəndaş İddiaçı1nm hazırda qeyd edilən xəstəliklə əlaqədar əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, lakin, xəstəlik kəskinləşdikdə müvafıq ixtisas sahəsi üzrə həkimdə müalicə oluna bilər. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 04 aprel 2023-cü il tarixli, 06 saylı rəydə ekspertlər “İddiaçı1 əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Qırmızı yastı dəmrov” diaqnozu kliniki, laborator instrumental müayinələr əsasında düzgün müəyyən olunmuşdur. xx.xx.2023-cü il taridə özünün əyani müayinəsi zamanı qeyd edilən diaqnoz təsdiq olunmuş və hal-hazırda onun sağlamlıq dürümü, əmək qabiliyyətinə ciddi təsir etmədiyini, vətəndaş İddiaçı1 düçar olduğu xəstəlikb bağlı bərpaedici müalicəyə ehtiyacı olmasa da, xəstəlik kəskinləşdiyi təqdirdə müvafıq ixtisaslı həkimə müraciət edə biləcəyini” vurğulamışlar. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, zərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən, Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. İddiaçı1 əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən L43, L43.0, L43.8 və L43.9 kodlu “Qırmızı yastı dəmrov” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”nın “Dəri və dərialtı toxumanın xəstəlikləri”nin təsbit olunduğu 12-ci bölmənin təsir dairəsinə daxil edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını TSEK və bu Qaydada nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Agentlik tərəfindən müəyyən edildiyini, L43, L43.0, L43.8 və L43.9 kodlu “Qırmızı yastı dəmrov” xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun gəlmədiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-344/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-344/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver