Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-344/2024 13.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən ona sahibkarlıq obyektinin tikintisi məqsədilə ayrılmış həyətyanı torpaq sahəsinə Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Kürdəmir rayonu Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisindən ona sahibkarlıq obyektinin tikintisi məqsədilə ayrılmış 0.0060 hektar (60 kv.m) torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Kürdəmir rayonu Atakişili bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2 nömrəli qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün obyekt tikintisi məqsədilə 0,006 ha torpaq sahəsi ayrılmış, yerin seçim aktı əsasında “Torpağın alqı-satqısına dair” Akt tərtib olunmuş və tərəfındən 180 manat məlum torpağın ayrılmasına görə Atakişili Bələdiyyəsinə ödəniş edilərək sözügedən torpaq sahəsi mülkiyyətinə verilmişdir. Bundan sonra Atakişili Bələdiyyəsinin qərarı və ona əlavə olunmuş sənədləri DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərmişdir. Bundan sonra sözügedən torpaq sahəsinə “Çıxarış”ın əldə olunması üçün sənədlərin əslini 16 saylı Ucar Ərazi İdarəsinə 2021-ci ildə təqdim etmişdir. Bir ilə qədər müxtəlif araşdırmalar nəticəsində təqdim olunmuş sənədlərin yerdə müayinəsi keçirildi və təsdiqini tapdı. Elan olundu ki, yaxın zamanda ödənişlər edəcək və “Çıxarış” veriləcəkdir. Bundan sonra 16 saylı Ucar Ərazi İdarəsindən ünvanına imtina məktubu daxil olur və imtinanın səbəbi torpağın alqısatqısına dair Aktın və bələdiyyə qərarının Kürdəmir rayon Dövlət arxivində aşkarlanmadığı göstərilmişdir. Bundan sonra imtina bildirişindən şikayət ərizəsi verdi, yenə də cavabdeh eyni məzmunda ərizəsinə cavab verdi. Bununla əlaqədar bildirmək istəyir ki, Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən ona ayrılmış torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədləri, o cümlədən alqı-satqı Aktı DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin imtina məktubu “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.5-ci maddəsinə əməl olunmadan, otaq şəraitində tavana baxmaqla hazırlandığı üçün müraciəti baxılmamış hesab olunmalıdır. Həmçinin 16 saylı Ucar Ərazi İdarəsinin rəhbərliyi nəzərə almamışdır ki, tələb olunan sənədlərin mövcudluğu Kürdəmir rayon Dövlət arxivində deyil, öz arxivində və ləğv olunmuş DTXK-nin arxivində axtarmaq lazımdır. Digər tərəfdən onun təqdim etdiyi sənədlərin hamısı əsli olmaqla aidiyyəti orqanlar tərəfindən təsdiq edilmişdir. Həmin sənədlərin arxivdə mövcud olması və saxlanılması sahəsində onun öhdəliyi və məsuliyyəti yoxdur. Bu öhdəliklərin hamısı 16 saylı Ucar Ərazi İdarəsinin üzərindədir və cavabdehliyi həmin idarə daşıyır. Şərhdən bir daha aydın olunur ki, cavabdeh 16 saylı Ucar Ərazi İdarəsinin “Daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının imtina edilməsinə dair” bildirişi ləğv olunmalı və təqdim olunmuş sənədlər üzrə ona həmin obyektə “Çıxarış” verilməli idi. Lakin, təkrar müraciətinə baxmayaraq, cavabdeh bunu etmədi. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.0060 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icraatı 1 ay müddətinə dayandırılaraq, Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarının və Kürdəmir rayonu, Atakişili bələdiyyəsi və ləğv edilmiş DTXK-nin Kürdəmir rayon şöbəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 30 nömrəli torpaqların alqı-satqısına dair aktın təsdiq olunmuş surətini 16 saylı Ucar Ərazi İdarəsinə təqdim edilməsi ilə bağlı Kürdəmir rayon Arxivinə müvafiq sorğu verilmişdir. Kürdəmir rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə 53 nömrəli məktubla Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin qərarı və torpaqların alqı-satqısına dair aktına dair heç bir sənəd aşkarlanmadığı qeyd edilmişdir. Həmçinin, X7 də, xx.xx.2022-ci il tarixli, 09/5-204 saylı məktubla xx.xx.2007-ci il tarixli 02 nömrəli protokolun iş mərkəzində aşkar olunmadığını bildirmişdir. Bu səbəbdən də ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X5 gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********04 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.0060 hektar sahibkarlıq torpaq səhəsinin sənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizənizə “Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.0060 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmisiniz. Kürdəmir rayonu, Atakişili kəndində yerləşən 0.006 hektar sahibkarlıq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı təqdim edilmiş sənədlərin təsdiq olunmuş surətlərini 16 saylı Ucar Ərazi İdarəsinə təqdim edilməsi ilə Kürdəmir rayon Arxivinə müvafiq sorğu verilmişdir. Kürdəmir rayon Arxivi xx.xx.2022-ci il tarixdə 53 nömrəli məktubla Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin qərarının və torpaqların alqı-satqısı aktına dair heç bir sənəd aşkar edilmədiyi bildirilmişdir. Bununla bağlı ərizənizin icrasından imtina edilərək sizə xx.xx.2022-ci il tarixdə **********11 nömrəli məktubla imtina bildirişi göndərilmişdir. İş materiallarında olan Kürdəmir Rayon İcra Hakimiyyəti memarlıq və tikinti şöbəsinin Kürdəmir rayon Atakişili bələdiyyəsinə ünvanladığı məktubun surətindən görünür ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun və Nazirlər Kabinetinin 2000-ci il 106 saylı qərarına uyğun olaraq Kürdəmir şəhər sakini İddiaçı Atakişili bələdiyyəsinin ərazisindən sahibkarlığın inkişafı məqsədi üçün 60 kv.m torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Kürdəmir rayon Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarından, Atakişili bələdiyyəsinin, DT və XK Kürdəmir rayon şöbəsinin, Kürdəmir Rayon İcra Hakimiiyyəti memarlıq və tikinti şöbəsinin, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş 17 fevral 2007-ci il tarixli Aktın surətindən, Atakişili bələdiyyəsinin, DT və XK Kürdəmir rayon şöbəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları “Yerin seçilməsi aktı”nın surətindən, Atakişili bələdiyyəsinin, DT və XK Kürdəmir rayon şöbəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş “Bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışdan, Kürdəmir rayon Torpaq və Xəritəçəkmə şöbəsində 20 fevral 2007-ci il tarixdə 30 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”ın surətindən və 28 fevral 2007-ci il tarixli 927122 nömrəli kassa mədaxil orderinin surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yaşayan İddiaçı 02 fevral 2007-ci il tarixli ərizəsi və mütəxəssis komissiyasının 17 fevral 2007-ci il tarixli aktı nəzərə alınaraq bələlədiyyə mülkiyyətinə aid 60 kv.m torpaq sahəsi 180 manat dəyəri ödənilməklə ona satılmışdır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən iddiaçı Atakişili Bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,006 hektar torpaq sahəsinin dövlət qeydiyyatına alınması, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə ərizənin təmin olunmasından imtina etmiş, buna yeganə səbəb olaraq Kürdəmir rayon Arxivinin xx.xx.2022-ci il tarixdə 53 nömrəli məktubuna əsasən Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin qərarına və torpaqların alqısatqısı aktına dair heç bir sənədin, həmçinin, X3 xx.xx.2022-ci il tarixli, 09/5-204 saylı məktubuna əsasən xx.xx.2007-ci il tarixli, 02 nömrəli protokolun aşkar edilmədiyini qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayonu Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarına əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisindən İddiaçı sahibkarlıq obyektinin tikintisi məqsədilə ayrılmış 0.006 ha (60 kv.m.) torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ mülkiyyətdə, yəni dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 04 sentyabr 2023-cü il tarixli, 10/5961 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1910/2023 saylı mütəxəssis rəyinə əsasən, Kürdəmir rayon Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 saylı qərarına əlavə olunmuş, “Kürdəmir rayonu Atakişili bələdiyyəsi ərazisində bələdiyyə torpaqların yerquruluşu planı”nda 0.0060 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün 0.0060 ha torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının naturada göstərdiyi 0.0060 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi idarənin elektron baza məlumatlarında aşkar edilməmişdir. Torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1910/2023 saylı mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarında və Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) iddiaçının naturada göstərdiyi 0.0060 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması müəyyən edilmişdir. 2004-cü ildə tərtib edilmiş, “Kürdəmir rayonu Atakişili bələdiyyəsi ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu plam”nda iddiaçının naturada göstərdiyi 0.0060 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi kimi göstərilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçının Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 saylı iclas protokolunun qərarı ilə alqı-satqı qaydasında əldə etdiyi 0,006 hektar (60 kv.m) torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtinasının “Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolunun qərarının və torpaqların alqı-satqısı aktının Kürdəmir rayon Arxivində və X4 aşkar edilməməsi” əsası nə iş materialları, nə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim etdiyi 04 sentyabr 2023-cü il tarixli, 10/5961 nömrəli ekspert rəyi ilə təsdiq edilmir. Həmin torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərin Kürdəmir rayon Arxivində və X4 aşkar edilməməsinin onların mövcudluğunu istisna edən mötəbər sübut kimi qəbul olunmasını məhkəmə mümkün hesab etmir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin bütün zəruri hüquqmüəyyənedici sənədlər əldə olunmaqla iddiaçıya satılması, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları ilə uzlaşmır. Qeyd olunanlar məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolunun qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə iddiaçının qanuni əsaslarla əldə etdiyi faktik mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından, həmin daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsindən imtina etməsinin hüquqi əsası yoxdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı Kürdəmir rayonu, Atakişili bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 02 nömrəli iclas protokolunun qərarı və həmin qərar əsasında tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə ona satılmış 0,006 hektar (60 kv.m.) torpaq sahəsinə faktik olaraq mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş bütün prosedur qaydalara əməl edilməklə heç bir pozuntuya yol verilmədən satıldığından, həmin torpaq sahəsinin satılması barədə Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin 28 fevral 2007-ci il tarixli, 02 nömrəli iclas protokolunun qərarı hal-hazıradək heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyindən və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Bütün qeyd olunanların məcmusunda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Kürdəmir rayonu Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisindən ona sahibkarlıq obyektinin tikintisi məqsədilə ayrılmış 0.006 hektar (60 kv.m) torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Kürdəmir rayonu Atakişili bələdiyyəsinin 26 fevral 2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən Kürdəmir rayonu Atakişili kəndi ərazisindən ona sahibkarlıq obyektinin tikintisi məqsədilə ayrılmış 0.006 hektar (60 kv.m) torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka iddiaçının mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-344/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-344/2024
13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver