Məhkəmə qərarları › İş №2-1(120)-345/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-345/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-345/2020 05.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi nəzərə alınmaqla ona veteran adının və müvafiq vəsiqənin verilməsini xahiş etmişdir. Lakin cavabdeh 19.11.2019-cu il tarixli 024-26957/4M-3219 saylı məktubunda iddiaçının təqdim etdiyi sənədlərdə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin 1992- 1994-cü illəri əhatə edən əmrlərində və Şirvan Şəhər X1 arayışında döyüş əməliyyatlarında iştirakını təsdiq edən konkret məlumat aşkar edilmədiyini qeyd edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 10.07.1992-ci il tarixdən 19.07.1992-ci il tarixə kimi və 29.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixə kimi Ağdam döyüş bölgəsinə ezam olunduğuna görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. 05 fevral 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 fevral 2020-ci il tarixli 2-1(120)-345/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN YM və QXİBİ-nin 135 saylı göstərişi ilə əlaqədar olaraq 7 saylı HYMD-nin 20.07.1992-ci il tarixli 62 Ş/H saylı əmrinə əsasən 10.07.1992-ci il tarixdən 19.07.1992-ci il tarixə kimi, 11.06.1993-cü il tarixli 116Ş/H saylı əmrinə əsasən 29.05.1993-cü il tarixdən 08.06.1993cü il tarixə kimi Ağdam döyüş bölgəsinə ezam olunmuşdur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Oradan aldığı 03.04.2019-cu il tarixli 1M-3642 saylı məktubda onun bu məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. O, bu məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Oradan aldığı 02.05.2019-cu il tarixli 024-693M-3219 saylı məktubda göstərilmişdir ki, «Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə arxiv şəxsi işində konkret məlumat olmadığına, həmçinin Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin 1991-1993-cü illəri əhatə edən əmrlərində döyüş bölgəsinə ezam olunmağına dair əmr aşkar edilmədiyinə görə qaldırdığı məsələnin müsbət həlli mümkün hesab edilməmişdir. Sonrakı müraciətinə 18.06.2019-cu il tarixli 14/06-M/00483 saylı məktubla ona bildirilmişdir ki, nazirlik 16.12.2005-ci il tarixdə yarandığı üçün bunu etmək onların imkanı xaricindədir. Bununla əlaqədar o, X2 Xidmətinin Şirvan şəhər X2 Dəstəsinə müraciət etmişdir. Orada saxlanılan arxiv sənədlərində onun döyüş bölgəsinə ezam olunmağı barədə əmrlər olduğu üçün ona 13.03.2019-cu il tarixli 37M-012 saylı arayış verilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməli olmuşdur. Oradan aldığı 19.11.2019-cu il tarixli 024-26957/4M-3219 saylı məktubla ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 22.01.2020-ci il 024- 443-1220 saylı münasibət məktubunda qeyd edilmişdir ki, vət.İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək, cavabdeh Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətindən təqdim olunmuş 08.07.2019-cu il tarixli, 37/34-00906 nömrəli məktubda vət.İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə bağlı X2 Xidmətinin arxivində 1992-1994-cü illər üzrə əmrlərdə adının aşkar olunmadığı qeyd edilmişdir. Bundan əlavə DİN-in YM və QXİBİ-nin 7 saylı HYMD-nin 20.07.1992-ci il tarixli, 62 ş/h nömrəli əmrində vət.İddiaçı baş vermiş yanğınların söndürülməsi və xəbərdar edilməsi sahəsində xidməti vəzifələrin yerinə yetirilməsi məqsədilə Ağdam şəhərinə ezam olunması qeyd olunsa da, onun döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən konkret məlumat aşkar olunmamışdır. Həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından 26 ilə yaxın vaxt keçdiyinə görə iddiaçının həmin əməliyyatlarda iştirak etməsi faktını dəqiqləşdirmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edirlər ki, sabiq polis əməkdaşı İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Şirvan Şəhər Dövlət X1 arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına iddiaçının ezam olunmasına dair əmrlərin təsdiq olunmuş surətləri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Şirvan şəhərində qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidməti Şirvan Şəhər Dövlət X1 13.03.2019-cu il tarixli 37/M- 012 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN YM və QXİBİ-nin 135 saylı göstərişi ilə əlaqədar olaraq 7 saylı HYMD-nin 20.07.1992-ci il tarixli 62 ş/h saylı əmrinə əsasən 10.07.1992-ci il tarixindən 19.07.1992-ci il tarixinə kimi, 11.06.1993-cü il tarixli 116 ş/h saylı əmrinə əsasən 29.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixinə kimi Ağdam döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 23.01.2020-ci il tarixli 024-485-1220 saylı məktubundan görünür ki, İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN-in müvafiq uçotlarında məlumat aşkar olunmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası DİN YM və QXİBİ-nin 135 saylı göstərişi ilə əlaqədar olaraq 7 saylı HYMD-nin 20.07.1992-ci il tarixli 62 ş/h saylı əmrinə əsasən 10.07.1992-ci il tarixindən 19.07.1992-ci il tarixinə kimi, 11.06.1993-cü il tarixli 116 ş/h saylı əmrinə əsasən 29.05.1993-cü il tarixdən 08.06.1993-cü il tarixinə kimi Ağdam döyüş bölgəsinə ezam olunduğu üçün о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Odur ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar