Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-345/2021 15.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Laçın rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X5 (Laçın rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddiaçı və onun ailə üzvlərinin adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və onun ailə üzvlərinin adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X7 və Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, Respublikanın ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə ləyaqətlə düşmənə qarşı döyüşüb düşmən tankını və canlı qüvvəsini məhv etmiş, ağır yaralanmış, bunun nəticəsində İİ qrup əlil olmuşdur. Qarabağ döyüşlərində aldığı xəsarətlərin nəticəsində xaricdə müalicə olunmağı zərurətindən şəxsiyyət vəsiqəsi üzrə tək özü (ailə üzvləri istisna olmaqla) yerli qeydiyyata daxil oldu ki, kredit alıb müalicə olunsun. Ancaq girov qoymağa əmlakı olmadığından kredit götürə bilməmişdir. Məcburiyyət qarşısında qalıb yaxın qohumlarından borc pul alıb X11 iki dəfə müalicəyə getmişdir. Hal-hazırda Laçın rayonunun Şeylanlı kəndində qeydiyyatdadır, məcburi köçkündür. Təəsüflər olsun ki, yuxarıda qeyd etdiklərinə baxmayaraq Laçın rayon İcra Hakimiyyəti ailəsinin (çörək pulu) vahid aylıq müavinətini dayandırmışlar. Bununla əlaqədar dəfələrlə şifahi və yazılı müraciət etsə də, heç bir nəticəsi yoxdur. Sonda Laçın rayon İcra Hakimiyyəti xx xxx 2020-ci il tarixli məktubu ilə həqiqəti əks etməyən yalan əsas gətirərək xahişini rədd etmişdir. Onu da qeyd etmək istəyir ki, nə o, nə də digər ailə üzvləri Laçın rayon Şeylanlı kəndi üzrə icra nümayəndəliyinin təsərrüfat qeydiyyat kitabından heç vaxt qeydiyyatdan çıxmamışlar. Cavabdeh onun Bakı şəhərinə qeydiyyata düşdüyünü bildirsə də, ancaq onun və ailə üzvlərinin adına Bakı şəhərində heç bir daşınmaz əmlak yoxdur. Bu hallarla bağlı cavabdeh tərəfindən heç bir araşdırma aparılmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X7 izahat verərək bildirdi ki, o və ailə üzvləri Laçın rayon Şeylanlı kəndi üzrə icra nümayəndəliyinin təsərrüfat qeydiyyat kitabından heç vaxt qeydiyyatdan çıxmamışlar. Hazırda Laçın rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhərində yaşayırlar. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, guya onun məcburi köçkün vəsiqəsi yoxdur. Ancaq bu tamamilə əsassızdır. O, məcburi köçkündür və bunu təsdiq edən vəsiqəsi də vardır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş “ona və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə” dair xx.xx.2020-ci il tarixli müraciəti baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərilmişdir. Komitənin xx.xx.2020-ci il tarixli 01/18673 nömrəli məktubu ilə isə iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Laçın rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan səxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1 -ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinə malikdir. İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019cu il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdən isə Laçın rayonu, Şeylanlı ərazi dairəsi, Şeylanlı kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində əsaslandırma qismində yalnız “kredit alıb müalicə olunması məqsədilə yerli qeydiyyata alındığını” qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1 -ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1.1-ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. AZE seriyalı 15673757 nömrəli şəxsiyyət vəsiqəsi əsasən xx.xx.1980-ci il təvəllüdlü iddiaçının həyat yoldaşı X7 yetkinlik yaşına çatmış fiziki şəxsdir. Odur ki, X7 tam fəaliyyət qabiliyyətli olduğundan məhkəmə prosesində iddiaçı qismində özü çıxış etməli və ya onun adından hazırki iddia tələbinin irəli sürülməsi üçün etibarnamə təqdim olunmalıdır. Xüsusilə vurğulamaq lazımdır ki, X7 məcburi köçkün vəsiqəsinə malik deyildir. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan “məcburi köçkün vəsiqəsi” təsdiq edir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, İddiaçı özünün və ailə üzvlərinin adlarının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi və aylıq müavinətin ödənilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Laçın rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Laçın rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Laçın rayonu, Şeylanlı kəndində anadan olmuş, Laçın rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AA seriyalı, 186657 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. İşdə olan seriya AZE 15673757 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1980-cı il tarixdə Laçın rayonu, Şeylanlı kəndində anadan olmuş, Laçın rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AA seriyalı, 095829 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X7 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 412 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısının Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daimi qeydiyyatındadır və məcburi köçkün kimi hazırda Səbail rayonu, Badamdar qəsəbəsində yaşayır və arvadı-X4, qızı-X1, qızı-X1 və oğlu-X3 ibarət ailə tərkibi vardır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 5308 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev ö/t 70-də yaşayır, ailə tərkibi 5 nəfərdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, İddiaçı, X7, X6, X6 və X2 rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Dövlət İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Mirqasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018/39-171 nömrəli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Laçın rayonunun Şeylanlı kəndində, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev Ö/T 73-də yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdən hazıradək Laçın rayonunun Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 11/33 nömrəli məktubundan görünür ki, Laçın rayonunun Şeylanlı kəndindən daimi qeydiyyatdan çıxaraq, Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün vahid aylıq müavinətin ödənilməsi dayandırılmış və bununla bağlı özünə və ailə üzvlərinə vahid aylıq müavinətin bərpa olunmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 02/249 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2021-ci il tarixli etirazında “Laçın rayonundan məcburi köçkün İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması və xx.xx.2019-cu il tarixdən isə Laçın rayonu, Şeylanlı ərazi dairəsi, Şeylanlı kəndi ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması”na dair məlumat Komitənin Məcburi köçkünlər haqqında vahid elektron məlumat bazasının Şəxsiyyət vəsiqələri haqqında məlumat servisinə əsasən qeyd edilmişdir. Komitənin məcburi köçkünlərə məcburi köçkün vəsiqələri üzrə siyahılar 2007-ci ildən elektronlaşdırıİmışdır. X7 xx.xx.2004-cü il tarixli AA095829 nömrəli məcburi köçkün vəsiqəsini 2007-ci ildən əvvəl əldə etdiyindən və həmin vəsiqənin dəyişdirilməsi ilə bağlı müraciət etmədiyindən, həmin elektron siyahıda onun məcburi köçkün vəsiqəsinin olması barəsində heç bir məlumat müəyyən olunmamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2019-cu ildə məcburi köçkünlər barədə vahid elektron məlumat bazası yaradılmışdır. Həmin vahid elektron məlumat bazasında aparılan araşdırma zamanı X5 məcburi köçkün vəsiqəsinə malik olmasına dair məlumat aşkarlanmamışdır. Etirazda göstərilmiş müvafiq məlumat həmin elektron məlumat bazasına əsasən məhkəməyə təqdim olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Qaydaların 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Qaydaların 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. xx xxxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısının Şeylanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin daimi qeydiyyatındadır və məcburi köçkün kimi hazırda Səbail rayonu, Badamdar qəsəbəsində yaşayır İddiaçının ailə tərkibi arvadı-X4, qızı-X1, qızı-X1 və oğlu-X3 ibarətdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışlarına əsasən İddiaçı, X7, X6, X6 və X2 rayonu, Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı özünə və ailə üzvlərinə vahid aylıq müavinətin bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin Laçın rayonunun Şeylanlı kəndindən daimi qeydiyyatdan çıxaraq, Bakı şəhərinə daimi qeydiyyata düşdüyü üçün vahid aylıq müavinətin ödənilməsi dayandırıldığı əsas gətirilərək onun müraciəti təmin olunmamışdır. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Mirqasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018/39-171 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Laçın rayonunun Şeylanlı kəndində, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev Ö/T 73-də yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdən hazıradək Laçın rayonunun Şeylanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Səbail rayonu üzrə sektoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 5308 nömrəli arayışında isə qeyd olunur ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ev ö/t 70-də yaşayır. Yəni iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv, ev Ö/T 73-də yaşayış yeri üzrə qeydiyyatda olduğu bildirilsə də, faktiki yaşayış ünvanı kimi ev Ö/T 70 ünvanı göstərilmişdir. Digər tərəfdən, iddiaçı məhkəmə iclasında onun və ailə üzvlərinin Bakı şəhərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyata alınmadığını bildirmişdir. Belə olan halda iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək hansı əsaslarla və kimin mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata düşməsi cavabdeh inzibati orqan tərəfindən araşdırılmamışdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AA seriyalı, 095829 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən X5 1992-ci ildən Laçın rayonundan məcburi köçkün olduğu müəyyən olunur. Ancaq üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi iddaya etirazında qeyd etmişdir ki, “...Xüsusilə vurğulamaq lazımdır ki, X7 məcburi köçkün vəsiqəsinə malik deyildir...”. Qeyd olunan bu ziddiyyətli hallar da cavabdeh inzibati orqan tərəfindən araşdırma predmeti olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (maddə 11). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). Hazırkı işin halları onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı ümumiyyətlə, inzibati icraat aparmamış, iddiaçıya formal imtina məktubu yazmaqla kifayətlənmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından, eyni zamanda işin faktiki və hüquqi halları tam müəyyən edilmədiyindən iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Bundan başqa, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə İddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə İddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-345/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-345/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver