Məhkəmə qərarları › İş №2-1(120)-347/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-347/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-347/2021 07.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı iddiaçı və onun övladlarının adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinətin bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-347/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı iddiaçı və onun övladlarının adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmiş, Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-347/2021 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş X15 və X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndələri, X15 və X12 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı, cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin, üçüncü şəxslər Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndələrinin, X8 və X5 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Azərbaycan SSRİ-nin Füzuli rayonunda anadan olmuşdur. 1992-ci ildə Füzuli rayon sakini X16 ilə birgə nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1993-cü ildə iki övladı dünyaya gəlmişdir. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının bir sıra rayonlarını işğal etməsi səbəbindən 1993-cü ildə Fizuli rayonunun işğalı ilə əlaqədar ailəlikcə doğma yurd-yuvalarından məcburi köçkün düşmüşlər. Hal-hazırda övladları ilə ünvan 1 ünvanda yerləşən yataqxanada müvəqqəti yerləşmiş və qeyd edilən ünvanda yaşayırlar. xx xxxxxxxx 2014-cü il tarixdə Fizuli Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə X16 ilə olan birgə nikahlarına xitam verilmişdir. O və övladları məcburi köçkün olduqlarından 2003-cü ildən 2005-ci ilədək məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətlə təmin olunmuşlar. Lakin 2005-ci ildən onlara verilən bu müavinət kəsilmiş qanunvericilikdə nəzərdə tutulmuş həmin müavinətin verilməsi dayandırılmışdır. Dəfələrlə bununla bağlı aidiyyəti qurumlara müraciət etsə də, onlara təyin olunmuş və sonradan verilməsi dayandırılmış həmin müavinətin bərpa olunmasına çalışsa da, həmin müavinəti ala biləmişlər. Sonuncu dəfə müvafiq müraciəti ilə bağlı aidiyyəti qurum tərəfindən həmin müavinətin dayandırılması ilə bağlı səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası"mn 2.2-ci bəndini əsas gətirmişlər. Həmin bənddə qeyd edilən şəxslərə məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə aylıq müavinət şamil edilmir (milli qəhrəman ailələri, şəhid ailələri, qarabağ müharibəsi ilə əlaqədar birinci dərəcə əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən səxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla). Lakin aidiyyəti qurum onun məcburi köçkünlük statusunu yaradan halın məcburi köçkünlə birgə nikaha daxil olmaqla yaranmadığını nəzərə almamış, onun özünün də Füzuli rayon sakini olmağı və Fizuli rayonunun işğalı ilə bağlı məcburi köçkün düşdüyü faktı nəzərə alınmamışdır. Aidiyyəti qurumun ona qanunvericilikdə verilməsi nəzərdə tutulmuş vahid müavinətin dayandırılmasını əsaslandırdığı elə həmin Qaydanın 1-ci bəndinə əsasən o, aylıq müavinət almaq hüququ olan, məcburi köçkün statusuna malik şəxsdir (Həmin Qaydanın 1.1-ci bəndinə əsasən işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, Respublika ərazisində yaşayan, “məcburi köçkün" statusuna malik olan şəxslər aylıq müavinət almaq hüququna malikdir). Digər tərəfdən həmin dövrdə onun həyat yoldaşı X16 Azərbaycan Dövlət Dəniz Gəmiçiliyində xidməti işi ilə əlaqədar Bakı şəhərinə müvəqqəti qeydiyyata düşmüş, bir müddət sonra yəni xidməti işi başa çatdıqdan sonra təkrarən Fizuli rayonuna qeydiyyata düşmüşdür. Bu hal özü məcburi köçkün statusunu saxlayan hal olaraq həmin Qaydanın 2.2-ci bəndində istisna hal kimi qeyd edilmişdir. Bundan da əlavə o, keçmiş həyat yoldaşı X6 2014-cü ildə nikahının məhkəmə qaydasında pozulması ilə ayrılmışdır. Bu halda X9 məcburi köçkün statusunu itirməsi onun özünə münasibətdə sosial təminat və digər imtiyazlardan məhrum edilməsi ilə nəticələnə bilər. Yəni keçmiş həyat yoldaşı X9 məcburi köçkün statusunu itirməsi bugünkü gündə onun məcburi köçkün statusunun itirilməsinə, onunla birgə ailə təsərrüfatında yaşayan övladlarının məcburi köçkün statusu ala bilməmələrinə, onlara verilən aylıq müavinətin dayandırılmasına əsas ola bilməz. Bu hal özü bütün müvafiq qanunverilik aktlarının müddəalarına, qanunun ədalətlilik, bitərəflik və humanizm prinsiplərinə ziddir. O, məcburi köçkün statusuna və vəsiqəsinə malik olsa da övladları hələ də məcburi köçkün statusu ala bilməmiş, onlara məcburi köçkün vəsiqəsi verilmişdir. Hesab edir ki, o və övladları məcburi köçkün olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydası”na əsasən onlara vahid aylıq müavinətin verilməsi təmin edilməli, 2005-ci ildən bugunkü tarixə kimi (həmin aylıq müavinətin onlara verilməsi 2005-ci ildən dayandırılışdır) ödənilməsi dayandırılmış, yığılmış həmin müavinətin bərpa edilərək onlara verilməsinə dair qərar qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X15 izahat verərək, iddia tələbini qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki,İddiaçı özünə və övladlarına vahid aylıq müavinətin verilməsi barədə xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Komitənin xx.xx.2020-ci il tarixli 01/4243 nömrəli məktubu ilə iddiaçının sözügedən müraciəti, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Qaydanın 2.3-cü bəndinə əsasən məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına aylıq müavinət şamil edilmir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinə malikdir. Bildiririk ki, İddiaçı Füzuli rayonunun işğalından əvvəl 1992-ci ildə X16 ilə nikaha daxil olmuş, onların arasındakı nikah isə Füzuli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(064)-598/2014 saylı qətnaməsi ilə pozulmuşdur. Xüsusilə vurğulanmalıdır ki, X16 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir. Bununla yanaşı, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən verilən məlumata əsasən, iddiaçının həyat yoldaşı X2 rayonunun işğalından əvvəl həmin rayondan yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, Bakı şəhərinə qeydiyyata düşmüşdür. Eyni zamanda, Komitənin Məcburi köçkünlər haqqında Vahid elektron bazasının şəxsiyyət vəsiqələri haqqında məlumat servisinə əsasən, Bakı şəhəri Səbail rayonu RPİ tərəfindən X9 xx.xx.2002-ci il tarixdə ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması müəyyən olunmuşdur. Daha sonra isə xx.xx.2010-cu il tarixində Füzuli RPŞ tərəfindən A.V.Aİİacov yaşayış yeri üzrə Füzuli rayonu, Horadiz kəndinə qeydiyyata alınmışdır, hazırda da müvafiq ünvan üzrə qeydiyyatdadır. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinin tələbinə müvafiq olaraq, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq bəndlərin tətbiq olunmasını istisna edən halların mövcudluğuna dair heç bir etibarlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində əsaslandırma qismində yalnız “həyat yoldaşının xidməti işi ilə əlaqədar Bakı şəhərinə müvəqqəti qeydiyyata düşməsini” qeyd etmişdir. Əlavə olaraq bildirilir ki, iddiaçı ilə həyat yoldaşı arasında 2014-cü ildə nikahın pozulması halı iddiaçıya və övladlarına vahid aylıq müavinətin verilməsini şərtləndirmir, belə ki Qaydanın 2.3-cü bəndində bu kimi hallarla əlaqədar heç bir istisna hal nəzərdə tutulmamışdır. Vahid aylıq müavinətin verilib-verilməməsi ilə bağlı faktın müəyyənləşdirilməsi məsələsi artıq iddiaçı nikaha daxil olarkən öz həllini tapmışdır. “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 nömrəli əmri ilə təsdiq olunmuş, sonradan Komitənin 2010-cu il 10 dekabr tarixli, 127 nömrəli əmri ilə ləğv edilərək yeni redaksiyada verilmişdir. Daha sonra isə, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilərək, yeni redaksiyada təsdiq edilmişdir. Qaydalar qəbul edilənədək qüvvədə olmuş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat” da iddiaçıya və ailə üzvlərinə aylıq müavinətin verilməsini istisna etmişdir. Belə ki, 2002-ci il Təlimatının 5.2-ci bəndinə əsasən məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına yemək xərci üzrə aylıq müavinət verilmirdi. 2010-cu il Təlimatının 5.3-cü bəndinə əsasən məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına yemək xərci üzrə aylıq müavinət verilmir. 2014-cü il Təlimatının 5.3-cü bəndinə əsasən məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakini ilə nikaha daxil olmuş, həmin nikahdan uşaqları olmuş, lakin işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə və onların uşaqlarına yemək xərci üzrə aylıq müavinət verilmir. 2002-ci il Təlimatının 5.1-ci bəndinə əsasən mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üzrə aylıq müavinət verilmir. 2010-cu il Təlimatının 5.2-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra, işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq, işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üzrə aylıq müavinət verilmir. 2014-cü il Təlimatının 6.1.2-ci bəndinin tələbinə əsasən məcburi köçkün olduqdan sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmir və ya dayandırılır. Nəticədə, həm Qaydalar, həm də qüvvədən düşmüş Təlimat iddiaçıya və ailə üzvlərinə müavinətin ödənilməməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1.1 -ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. xx.xx.1993-cü il təvəllüdlü X15 və xx.xx.1993-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatmış fiziki şəxslərdir. Odur ki, onlar tam fəaliyyət qabiliyyətli olduğundan, məhkəmə prosesində iddiaçı qismində özləri çıxış etməli və ya onların adından hazırki iddia tələbinin irəli sürülməsi üçün etibarnamə təqdim olunmalıdır. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, iddiaçı X13 özünün və iki övladına vahid aylıq müavinətin verilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin əsaslı deyildir.. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş və həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AA seriyalı, 342055 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. İşdə olan seriya AZE 17118826 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1967-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş və həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Füzuli rayon Qeydiyyt şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş nikahın bağlanması haqqında xx.xx.1992-ci il tarixli, 28 nömrəli akt qeydinin təqdiq edilmiş surətindən görünür ki, X16 ilə X10 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. İşdə olan seriya AZE 17709766 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş və Füzuli rayonu, Horadiz kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan seriya AZE 17709783 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş və Füzuli rayonu, Horadiz kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Füzuli rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-598/2014 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X16 arasında xx.xx.1992-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İşdə olan nikahın pozulması haqqında AZ-İ 254420 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 X16 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 73 nömrə ilə qeyd edilmişdir. İşdə olan Füzuli rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, 01/80-2 nömrəli məktubunun surətində qeyd edilmişdir ki, İddiaçı müraciəti Rayon İcra Hakimiyyəti başçısının Horadiz kənd inzibati A ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı və ailə üzvləri məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin İddiaçı həyat yoldaşı Bakı şəhərinə daimi qeydiyyata düşmüşdür. Buna görə onrlara verilən vahid aylıq müavinət RİHB-nın Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdçəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.2-ci bəndinə uyğun olaraq dayandırılmışdır, İddiaçı həyat yoldaşı yenidən Horadiz kənd qeydiyyatına düşməsinə baxmayaraq onlar məcburi köçkün vəsiqəsi ala bilməmişdir. İddiaçı və ailə üzvlərinin statusu olmadığı üçün onlara vahid aylıq müavinət verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/1873 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və ailə üzvləri Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin məcburi köçkünlərin vahid elektron məlumat bazasından əldə edilmiş məlumata əsasən vahid aylıq müavinət almır. İşdə olan Füzuli rayon İcra Hakimiyyəti başçısının Horadiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci ildə X16 ilə ailə həyatı qurmuşdur. Onun həyat yoldaşı X16 1990-cı ildən xx.xx.2010-cu ilə kimi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” vəzifəisndə işləyib və həmin iş yerində müvəqqəti qeydiyyatda olub. Vətəndaş Əzizova X1 işqal olunduğu zaman X16 ilə ailəli olduğu üçün müvafiq olaraq ona vahid aylıq müavinət təyin edilməmişdir. İşdə olan Azərbaycan Dövlət Xəzər X4 Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli arayışının surətindən görünür ki, X16 Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində 1990-cı ildən xx.xx.2010-cu il tarixə qədər matros vəzifəsində işləyib və müvəqqəti qeydiyyatda olub. İşdə olan Füzuli rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, 02/1873 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1967-ci ildə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş X16 2010-cu ilədək Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küçəsi, ev 5-də qeydiyyatda olmuş, xx.xx.2010-cu il tarixdə Füzuli RPŞ-dən AZE 07602566 №-li şəxsiyyət vəsiqəsi götürmüş, Füzuli rayon Horadiz kəndində daimi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Mirqasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X16 xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş,xx.xx.2010-cu il tarixdən füzuli rayonun Horadiz kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. 2.3-cü bəndinə əsasən məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına şamil edilmir. 2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara. 2.6-cı bəndinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara Qaydaların 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. xx xxxxxx 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Füzuli rayonu, Horadiz kəndində anadan olmuş və həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. X16 ilə X10 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. Onların birgə nikahlarından xx.xx.1993-cü il tarixdə X15 və X12 anadan olmuşdurlar. X16 2010-cu ilədək Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə küçəsi, ev 5-də qeydiyyatda olmuş, xx.xx.2010-cu il tarixdə Füzuli RPŞ-dən AZE 07602566 №-li şəxsiyyət vəsiqəsi götürmüş, Füzuli rayon Horadiz kəndində daimi qeydiyyata alınmışdır. İddiaçı və ailə üzvləri məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. İddiaçı həyat yoldaşı Bakı şəhərinə qeydiyyatda olduğuna görə onlara verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında xx xxxxxx 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.2-ci bəndinə uyğun olaraq dayandırılmışdır. Füzuli rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(064)-598/2014 nömrəli qətnaməsi ilə X10 ilə X16 arasında xx.xx.1992-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. İddiaçı özünə və ailə üzvlərinə vahid aylıq müavinətin bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə, eyni zamanda məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına aylıq müavinət şamil edilmir. İş materiallarından göründüyü kimi Füzuli rayonu işğal olunmamışdan öncə (xx.xx.1993) iddiaçı ilə X16 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. Həmin vaxt X16 Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Digər tərəfdən, məhkəmə araşdırması zamanı X9 məcburi köçkün olması da müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2-ci bəndinin tələbinə müvafiq olaraq iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı iddiaçı və onun övladlarının adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar