Məhkəmə qərarları › İş №2-1(120)-3506/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3506/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3506/2025 13.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı ona məxsus olan doğum akt qeydində adının Kənan, doğum tarixinin isə xx xxxxxxxx 1996-cı il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal hazırda yuxarıda qeyd olunan ünvanda yaşayır. Ona məxsus olan şəxsiyyət vəsiqəsində adı, soyadı və atasının adı İddiaçı kimi yazılmışdır. Buna uyğun olaraq digər sənədlərində də soyadı, adı və atasının adı İddiaçı kimi qeyd edilmişdir. Bundan başqa onun doğum tarixində bir sıra sənədlərində xx xxxxxxxx 1996-cı il yazılmışdır. Lakin onun doğum haqqında şəhadətnaməsində soyadı adı və atasının adı X7 və doğum tarixi isə 26 noyabr 1996-cı il yazılmışdır. Bu da sənədlərində uyğunsuzluq yaratmışdır. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir, ona görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materialarında olan: Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli 532 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında düzəliş olunaraq, şəxsin adının “Kamran”dan “Kənan”a, doğum tarixinin “xx.xx.1996-cı il”dən “xx.xx.1996-cı il”ə dəyişdirilməsi barədə müraciətinizə Cavabdehndə baxılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1996-cı il tarixli 532 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin tam adı X7, doğum tarixi xx.xx.1996-cı il olaraq qeyd edilmiş və həmin akt qeydində hər hansı məlumata dəyişiklik edilməsi barədə heç bir qeyd aparılmamışdır. Beləliklə, xx.xx.1996-cı il təvəllüdlü X7 və xx.xx.1996-cı il təvəllüdlü İddiaçı adlı şəxslərin inzibati orqan tərəfindən başlanmış icraat qaydasında eyniləşdirilməsi mümkünsüzdür və belə olduğu halda akt qeydinə müvafiq dəyişiklik edilməsi tələbiniz (müvafiq məhkəmə qərarı olmadan) şöbə tərəfindən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Göstərilənlərə əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 8-ci bəndini rəhbər tutaraq, müvafiq doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin ad və doğum tarixinə dəyişiklik edilməsi tələbinizin icrasından imtina olunur. Əlavə olaraq bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (və ya) məcburetmə haqqında iddia ərizəsi ilə məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. İddiaçıya məxsus SX№ ******* nömrəli, xx.xx.2014-cü il tarixli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş bütün sənədlər Azərbaycan Respublikası DİN-nin 335 nömrəli əmrinin tələblərinə əsasən 3 il müddət keçdiyindən məhv edildiyi üçün onların sürətini Sizə göndərilməsi mümkün olmamışdır. Ədliyyə Nazirliyi Salyan Regional “Asan Xidmət” X1 xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı Cavabdehnə müraciət etmiş, lakin doğumu haqqında akt qeydi Cavabdeh müvafiq akt qeydləri kitablarında aşkar edilməmişdir. Görülmüş tədbirlər zamanı uşaq haqqında məlumatlar qrafasında şəxsin adı və doğum tarixi (ayı) istisna olmaqla doğum yeri, soyad, ata və ana barədə məlumatlar eyni olan akt qeydi Cavabdeh tərəfindən tərtib edilmiş 1996-cı ilə aid doğum haqqında akt qeydləri kitabında aşkarlanmış, lakin həmin xx.xx.1996-cı il tarixli 532 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Kamran”, doğum tarixi “xx.xx.1996-cı il” olaraq qeyd edilmişdir. Qeyd olunanlarla bağlı vətəndaşa təkrar doğum haqqında şəhadətnamə verilməsi, eləcə də kifayət qədər əsaslar olmadığından akt qeydinə düzəliş edilməsi Qeydiyyat şöbəsi tərəfindən mümkün olmamış və vətəndaşın tələbinin icrasından imtina edilmişdir. xx.xx.1996-ci il tarixli, 532 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1996-cı il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1995-ci il tarixli, 242 nömrəli Doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1995-ci il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1994-cü il tarixli, 10 nömrəli Nikahın bağlanması haqqında akt qeydindən görünür ki, X3 ilə X5 arasında rəsmi nikah bağlanmışdır. X8 filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası X8 filialında mühafizə olunan Salyan rayon Kürqaraqaşlı kənd İnzibati Ərazi nümayəndəliyinin arxiv sənədlərində, o cümlədən 1996- 2015 ci illərə aid təsərrüfatların əlifbası araşdırıldı. Lakin xx.xx.1996-cı il təvəllüdlü İddiaçı təsərrüfatı aşkar edilmədi. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Kürqaraqaşlı kənd İƏDÜN-nin təsərrüfatbaşına kitabda özündən başqa (X6 xx.xx.1995-ci il) bacısının adı qeyd olunmuş, atası bizim vətəndaş olmadığı üçün ailə tərkibi haqqında arayışı yaza bilmədik. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Salyan Rayon Mərkəzi Xəstəxanasi” X13 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan RMX-nin Doğum və Ginekologiya şöbəsinin Arxiv bölməsində olan 979 nömrəli doğum tarixinə əsasən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı anası Qədirova (Hətəmova) Gülxar Ədalət qızı xx.xx.1996-cı il tarixdə saat 11:20 radələrində cinsi -oğlan, çəkisi -3100,0 qr, boy -51 sm olan diri uşaq dünyaya gətirmişdir. Zahı qadın xx.xx.1996-cı il tarixində kafi vəziyyətdə uşaqla birgə evə buraxılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı ona məxsus doğum haqqında akt qeydində adına və doğum tarixinə dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin doğulması faktını təsdiq edən əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı akt qeydində şəxsin adı “Kamran”, doğum tarixi isə xx.xx.1996-cı il kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, ona məxsus digər sənədlərdə adı “Kənan”, doğum tarixi isə xx.xx.1996-cı il kimi qeyd edildiyinə görə bu yöndə doğum akt qeydində də dəyişiklik edilməlidir. Belə ki, AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə doğulmuşdur. Həmçinin iddiaçıya məxsus SX№ ******* nömrəli, xx.xx.2014-cü il tarixli Hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya məxsus xx.xx.1996-ci il tarixli, 532 nömrəli Doğum haqqında akt qeydindən isə görünür ki, X7 xx.xx.1996-cı il tarixdə doğulmuş, atası X3, anası X2r. Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Salyan Rayon Mərkəzi Xəstəxanasi” X13 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Salyan RMX-nin Doğum və Ginekologiya şöbəsinin Arxiv bölməsində olan 979 nömrəli doğum tarixinə əsasən xx.xx.1996-cı il təvəllüdlü İddiaçı anası Qədirova (Hətəmova) Gülxar Ədalət qızı xx.xx.1996-cı il tarixdə saat 11:20 radələrində cinsi oğlan, çəkisi -3100,0 qr, boy -51 sm olan diri uşaq dünyaya gətirmişdir. Zahı qadın xx.xx.1996-cı il tarixində kafi vəziyyətdə uşaqla birgə evə buraxılmışdır. Belə olan halda məhkəmə müəyyən edir ki, iddiaçının doğum akt qeydində heç bir səhvə yol verilməmişdir və məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə doğum akt qeydində düzəliş edilərək ad və doğum tarixinin dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, digər sənədlərdə iddiaçının adının doğum akt qeydində qeyd olunan soyadına uyğunlaşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüququ vardır. Bundan əlavə iddiaçı ərizəsi əsasında qanunamüvafiq qaydada adının dəyişdirilməsini tələb edə bilər. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ona məxsus olan doğum haqqında akt qeydində adının Kənan, doğum tarixinin isə xx xxxxxxxx 1996-cı il kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar