Məhkəmə qərarları › İş №2-1(120)-3517/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3517/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3517/2025 18.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və həmin tarixdən birinci dərəcə əlilliyin bərpa edilməsi (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlillik statusunun qərardan əvvəlki vəziyyətə qaytarılması” barədə qərar qəbul edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6033/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3517/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və həmin tarixdən birinci dərəcə əlilliyin bərpa edilməsi (orqanizmin funksiyalarının pozulması faizi 81-100%) öhdəliyinin qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Talış dağlarında yerləşən ucqar və çətin şəraitli dağ kəndinin yoxsul sakinidir. xx xxxxx 1963-cti ildə Lerik rayonu Akinaheran kəndində doğulub, böyüyüb boya-başa çatmış, orada da yaşamaqla qeydiyyatdadır. 1989-cu ilin qışında 35 il əvvəl kənd yaxınlığında baş vermiş ağır qəzada sərnişini olduğu avtomobil 25 metrlik uçurumdan coşqun dağ çayına yuvarlanıb. Ağaddin avtomobildən çətinliklə sağ çıxsa da ağır xəsarətlər almış, nəticədə onurğasından təcili ağır neyrocərrahi əməliyyat olunmuş və odan bəri uzun müddətdir ki, müalicə alası olmuşdur. Bundan sonra onun sağlamlıq, əmək və sosial vəziyyəti qaçılmaz olaraq, təbii ki, kəskin pisləşmişdir. Sonradan da bu əsasla onun 1991-ci ildən İİ qrup əlilliyi tanınmışdır. İllər keçdikcə isə, cərrahiyyə əməliyyatı etmiş həkiminin də əvvəldən də xəbərdarlıq etdiyi kimi, səhhətində pisləşmələr yaş keçdikcə artmış, imkansızlıqdan, eləcə də aldığı pensiya sıravi müalicəyə belə yetərli olmadığından lazımi müalicələri ala bilməmişdir. Burada həm də ucqar və yolları keçilməz və bərbad olan kəndin əlavə çətinlikləri və ağır məişəti az rol oynamamışdır. Kənddə nə qaz, nə yol, nəinki bir iş yeri və idarə, heç xəstəxana və həkim yoxdur, işıq fasilələrlədir. Ərizəçi 1500 metr d.s. yüksəklikdə, qışı sərt, yüksək dağlıq ərazidə, rayon mərkəzindən 20 km, regionun mərkəzi şəhəri Lənkərana 75 km, orada neyrocərrahiyyə xidməti olmadığı üçünsə yetərli müalicənin əlçatan olduğu paytaxt Bakıya, Respublika Neyrocərrahiyyə Xəstəxanasına isə 320 km məsafə yaşayır. Ağrıları nəhayət dözülməz həddə çatmış, otura-dura bilməmiş, nəticədə 2004-cü ildə yenidən onurğasından eyni xəstəxanada təcili neyro əməliyyat olunmuşdur. Bununla qəzadan sonra xəsarət almış və 13 il əvvəl əməliyyat olunmuş nayihələrində artıq xeyli pisləşmələr olduğu təsdiq olunmuş, təcili əməliyyat olunması tövsiyə edilmişdir. Xəstəxanadan verilən xx.xx.2004-cti il tarixli Çıxarış və diaqnozdan da görünür ki, L-1, L-2, L-3, S-1, S-2 fəqərələrinə dair laminoektomiya sonrakı vəziyyət hər iki ətrafların parezi, S1-S2 fəqərələrdə şişin residivi qeydə alınmışdır (bax: qoşma: Bakı Neyrocərrahlıq Xəstəxanası, xx.xx.2004-cü il tarixli, Şöbə Müdiri və cərrah Ərəb Salehovun imzaladığı ÇİXARİŞ). Yeni əməliyyat nəticəsində isə, həkimin də əvvəldən bildirdiyi kimi, səhhətindəki problemlər, bir neçə əlavə ağırlaşmalar olacağı qaçılmaz olmuşdur. Əməliyyat mümkün ən uğurlu şəkildə baş tutsa da, tibbi-elmi risklər də, təəssüf ki, özünü doğrultmuşdur. Nəticədə aşağı ətraflarında, xüsusən sol ayağında əlavə fəsadları (hipesteziya) artmış, yerimə ilə bağlı məhdudiyyət olduqca pisləşmişdir. Digər, daha ağır bir pisləşmə isə o olmuşdur ki, aşağı ətraflara gedən sinirləri nəinki sağlamlaşdırmaq, hətta tam toxunulmaz qoruyub qorumaq mümkün olmadığı üçün, qaçınılmaz olaraq çanaq nahiyəsi orqanlarının da funksiyası kəskin pozulub. Nəticədə ÇİXARİŞDA da yazıldığı kimi sidik və nəcis ifrazatı ləngimə tipli pozulub. (Bax: Çıxarış). Ərizəçi çəliksiz ümumiyyətlə yeriməz hala gəlmiş, ağrılara görə uzun müddət yeriyə bilməz olmuş, sidik və ifrazat orqanlarında (düz bağırsaqda) əlavə çətinliklər yaranmış, xarici köməyə tam möhtac qalmışdır. Əlavə olaraq o vaxtdan kateterə təhkim qalıb. Bu əməliyyatdan sonra onun tibbi sənədləri əsasında İİ qrup əlilliyi 2005-ci ildə İ qrupa keçirilmişdir. Yaş keçdikcə və üstəlik də yeni fəsadlar daha da vəziyyətini pisləşdirdiyi üçün yeni məcburi müalicələr alası olmuşdur. Əlçatan yeganə ixtisaslı müalicə müəssisələrinin yerləşdiyi Bakı uzaq, yol əziyyətli, baha və xərci çox olduğu üçün, şikəstəhal adama bu olmazın əlavə əziyyətlər gətirir. Əvəzində məsafə yaxın olduğu və səhiyyəsi daha inkişaf etmiş olduğu üçün, yol, yemək, müayinə, müalicə və dəva-dərman xərcləri daha ucuz başa gəldiyi üçün qohumları və həmkəndliləri tərəfindən mütəmadi İranın Ərdəbil şəhərinə tibbi müayinə və müalicəyə gedəsi olmuşdur. Uroloji müayinələrdən sonra 2021-ci ildə prostat və sidik kisəsi 2021-ci ildə onkoloki müayinə və müalicə edilmişdir. 11.2023-2024cü ildəki müayinə və müalicənin nəticəsi Yeni klinikada endikronoloji müalicə edilib, boğazında düyünlü zoba qarşı tibbi müdaxilə edilib. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdar edilmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Həmçinin iddiaçı cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirmişdir. Belə ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək, onun barəsində əlillik təyinatının ləğv edilməsi və barəsində xx.xx.2007-ci il tarixdə təyin edilimş müddətsiz birinci dərəcə əlilliyin dəyişdirilərək, ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşin qeyd olunan hallarını nəzərə alaraq aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 94-17-4/2-C-25317/2024 nömrəli iş materialına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra – Qayda) 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixində Agentlikdə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirahmud Kazımovski küç.134) əyani müayinədə iştirak etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, ümumi xəstəlik səbəbindən xx.xx.2007-ci il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlillik dəyişdirilərək, ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixindən müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. - İşdə olan (AZE********) saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Lerik rayonu, Babakücə kəndində anadan olmuş, Lerik rayonu, Babakücə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təkrar birinci dərəcəli əlillik (2.1. Birinci dərəcə əlillik => 2.1 digər:L1-L2-L3 fəqərələrin t12t11 fəqərə səyivvədə aparılmış lyaminoektom.dan s/v. Hər iki aşağı ətrafların parezi. S1- S2 fəqərə cisimləri səviyyədə onurğa beyinciyi qeyd edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir, qərar “Əlillik” altsisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamə tətbiq edilməlidir. “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin 3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X1 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. "İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.1. 2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1. 6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1.rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2.səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3.inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1.inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2.maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3.inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4.inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (nadralquqüh) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən edir ki, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz təkrar birinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra isə müddətsiz əlillik qüvvədə olan zaman cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2024-cü il tarixli bildiriş göndərərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir və bu səbəbdən də onu xx.xx.2024-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət etmişdir. İddiaçı əyani müayinədə iştirak etmişdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı cavabdehin həmin əlverişsiz inzibati aktından narazı qalaraq məhkəmə qaydasında mübahisələndirmiş və ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı barəsində qəbul edilmiş və qüvvədə olan əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən ləğv edilərək barəsində ikinci dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar ilk növbədə fərqləndirilməli olan məsələ inzibati orqanın istinad etdiyi hallarla bağlıdır. Başqa sözlə, diqqət yetirilməli məqam ondan ibarətdir ki, inzibati orqan özünün əvvəlki qərarını qanunsuz, yoxsa qanuni əlverişli inzibati akt kimi ləğv etmişdir. Əgər inzibati orqan əlillik təyin edilməsinə dair qərarının qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsi nəzərə alınmaqla həll olunmalıdır. İddiaçı cavabdehin həmin əlverişsiz inzibati aktından narazı qalaraq məhkəmə qaydasında mübahisələndirmiş və ona təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki inzibati aktının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan inzibati aktı, yəni qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq məlumat verməklə icraatı təzələməklə, şəxsin inzibati icraatda iştirakını və onun dinlənilmə hüququnu təmin etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. "Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, əvvəlki aktın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə əvvəlki aktın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm aktın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, əlilliyin təyini ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Belə ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qanuni əlverişli inzibati aktın ləğvi məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu halda, inzibati orqan əvvəlki aktının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə aktın ləğv edilməli olduğunu bildirir. Şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. Bu halda mübahisənin həllinə tətbiq edilməli olan hüquq “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Həmçinin nəzərə alınmalıdır ki, inzibati orqan əlillik təyini haqqında əvvəlki qərarının qəbulundan sonra yaranmış hallara istinad etdiyi halda da, həmin hallar konkret şəxs ilə bağlı olmalı, eləcə də istinad olunan halın mövcudluğu uyğun, yetərli və mötəbər qaydada sübut olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 68.2-ci maddəsi qanuni əlverişli inzibati aktın ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutmaqla yanaşı, bunun üçün həm də məhdud əsaslar dairəsi müəyyən etmişdir. Buna görə, yalnız Qanunda sadalanmış həmin məhdud əsasların birinin və ya bir neçəsinin mövcudluğunda qanuni əlverişli inzibati akt ləğv edilə bilər. Qanunun 68.3-cü maddəsinə görə qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, inzibati orqan Qanunun 68.2-ci maddəsində sadalanmış əsasların mövcudluğunda həmin əsaslar ona məlum olduğu gündən 1 il müddətində özünün əvvəlki qanuni əlverişli inzibati aktını ləğv edə bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz və ya qanuni əlverişli inzibati akt olmasından asılı olmayaraq inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktları ləğv edərkən “İnzibati icraat haqqında” Qanununda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. Həmçinin həmin bəndin tələbinə görə müayinənin nəticələrinə əsasən, TSEK qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı halda isə inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Belə ki, Əsasnamənin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdehin istinad etdiyi sübut isə ümumiyyətlə mövcud deyil və mücərrəd xarakter daşıyır. Belə ki, şübhəli halların nədən ibarət olması nə iddiaçıya, nə də ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, şəxsi əyani müayinəyə cəlb etdikdən sonra qərar qəbul etməyə və icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olur. Təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh müddətsiz əlilliyinin ləğvi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bundan başqa Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3517/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyi verilməsi ilə əlaqədar qərardad qəbul edilmişdir. İşdə olan “Respublika Neyrocərrahiyyə Xəstəxanası” X8 xx.xx.2025-ci il tarixli 18-1- 5/2-941/2025 nömrəli məktubuna əsasən, iddiaçı xx.xx.1963-cü ildə Lerik rayonunda anadan olmuş, Lerik rayonu, Babaküçə kəndində qeydiyyatda olan və Lerik rayonu, Akinaheran kəndində yaşayan X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyinə qarşı “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələblərinə dair inzibati iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla mütəxəssis rəyinin verilməsi qərara alınaraq və mütəxəssis rəyinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. 15 oktyabr 2025-ci il tarixdə vətəndaş X5 əlil arabasında (AZE********, Fin: xxxxxxx) yaxın qohumları ilə tibb müəssisəyə ambulator müraciət etmiş və həkimneyrocərrah Emil İsmayılov tərəfindən konsultasiya olunmuşdur. Vətəndaş A.Yahyayev 2004-cü il tarixdə “L1-L2, S1-S2 fəqərələri nahiyəsində şişin residivin xaric edilməsi” üzrə cərrahi əməliyyat olunduğunu bildirmişdir. A.Yahyayev sidiyə gedə bilməməyi (kateterlə getmək), defekasiyaya imailə ilə getməsi, qulaqlarında eşitmənin pozulması, sol baldırın arıqlaması, sol pəncənin sallanması, hissiyatın pozulması, sol sağrı nahiyəsində hissiyatın hiper algeriya tipli pozulması, sol pəncənin plegiyası, sol baldır əzələlərinin atrofiyası, səthi və dərin hissiyatın pozulması və qrafikanın pozulmasından şikayətçi olduğunu bildirmişdir. Vətəndaş A.Yahyayevin təqdim etdiyi müayinə nəticələrinə əsasən: “Th12, L1, L2 fəqərələrində cərrahi əməliyyatdan sonrakı vəziyyət. S1-S3 səviyyədə törəmə aşkar edildi, süa terapiya müalicə alındı” qeyd edilmişdir. Həkim-neyrocərrah E.İsmayılov A.Yahyayevə hər iki aşağı ətrafın “EMQ”, “Baş-beyin” və “X9” MRT müayinələrini təyin etmişdir. Vətəndaş A.Yahyayev xx.xx.2025-ci il tarixdə tibb müəssisəmizdə keçirilmiş “EMQ” müayinə nəticələrinə əsasən: “Bu incələmədə sağ aşağı ətraf peroneal hərəki, tibial hərəki va sural hissi sinir analizləri ila yanaşı F-cavabı analizləri olunmuşdur. Sağ tərəfli peroneal hərəki sinir analizlari norma daxilindədir. Sağ tibial hərəki sinir analizi AH əzələ qeydində alınmadı, GK əzələ qeydində norma daxilində alındı. Sağ sural hissi sinir analizi alınmadı. Bu incələmədə sol aşağı ətraf peroneal hərəki, tibial hərəki və sural hissi sinir analizləri ilə yanaşı F-cavabı analizləri olunmuşdur. Sol tərəfli peroneal hərəki sinir analizi norma daxilindədir. Sol tibial hərəki sinir analizləri distal va proksimal aparmalarda alınmadı. Sol sural hissi sinir analizi alınmadı. Nəticə-Bu incələmədə əldə edilən nəticə tibial sinirin solda tam, sağda isə distal hissədə aksonal zədələnməsi ilə uyğundur”, “Baş-beyin” MRT müayinə nəticəsinə əsasən: “Supratentorial sahə: Hipofiz normal ölçülü, siqnal morfologiyası va qıf konfiqurasiyası standartdır. Xiazmın vizualizasiya edilən hissələri və bazal sisternlərin qeyri adiliyi yoxdur. Hippokampların koronar görüntüsü və siqnalı simmetrikdir. İll ventrikul transverzal ölçüsü artmışdır (10mm-kimi).Hər iki lateral mədəciyin mühüm genişlənməsi, transverzal ölçüsününü artması (sağda-16mm; solda -13mm-yə kimi ölçülür). Epifiz va mezensefal strukturların kompressiyası/dislokasiyası izlənilmir. Korpus kallosumda anormalliq müşahidələnmir. Subaraxnoidal şırımların həcmi normal yaş hüdudları əks edir. Hər iki peırventrikulyar ağ maddə daxilində T2\Flair hiperintens siqnal artımıtransependimal onurğa beyni mayesi kecidi izlənilir. Baș beynin hər iki yarımkürəsində fronto-parietal periventrikulyar dərin ağ maddə daxilində, hər iki semioval mərkəzdə müxtalif ölçülərdə böyüyün ölçüsü~6mm olan, T2\Flair hiperintens siqnallı, DW restriksiyası göstərməyən qliotik ocaqlar qeyd edilir. Kəllə tağı sümüklərində və ekstrakranial yumșaq toxumalarda patologiya qeyd edilmir. Subtentorial sahə: İV mədəciyin ölçüləri va subtentorial likvor sahələrinin həcmi yaşa müvafiqdir. Serebellyar parenximin patoloji signal abnormallıqı yoxdur. Retroserebellar sahədə -8mm qalıınlığında araxnoidal likvor kistası izlənilir. Pontin daxili qeyri adi intensivliyi olan MR siqnal aşkarlanmır. Magistral damarlar bazilyar, daxili karotid, va Vilizi çarpazı arteriyaların kalibri və trayektoriyaları yașa uyğundur. Kavernoz sinuslar simmetrikdirlər. Kəllə bazisi strukturlarında lokal destruksiyalar/deformasiyalar aşkarlanmır. Mastoid hüceyrələrdə və piramidlərdə anormal siqnalı olan substrat yoxdur. Hər iki maksilyar, frontal sinuslarda və etmoidal hüceyrələrdə mukozal divar qalınlaşması qeyd edilir. Nazal septum sola mühüm deviasiyalıdır. Göz almaların morfologiyası və forması adidir. Oftalmik sinirlərin trayektoriyasında və strukturunda izlənilmir. Retrobulbar sahədə qeyri-adi signali olanstrukturlar müşahidələnmir. Müayinə kəsiyi daxilində servikal vertebralarda osteoparotik dəyişkənliklər qeyd edilir. Servikal MRT müayinəsi tövsiyə olunur. Nəticə: Bas-beynin hər iki yarımkürəsində fronto-parietal periventrikulyar dərin ağ maddə daxilində, hər iki semioval mərkəzdə müxtəlif ölçülərdə böyüyün ölçüsü 6mm olan, T2\Flair hiperintens siqnallı DW restriksiyası göstərməyən qliotik ocaqlar. Kəskin və ya yarımkəskin dövr işemiya sahəsi qeyd edilir” və xx.xx.2025-ci il tarixdə “X10” də keçirilmiş “X9” MRT müayinəsinə əsasən: “Boyun lordozu, döş kifozu və bel lordozu təbiidir. Fəqərə end platolarında subxondral skleroz və osteofitlər mövcuddur. İntervertebral disk aralıqları və disklərin siqnal intensivliyi bəzi intervallarda degenerasiyaya bağlı azalıb. C3-C4 Fəqərəarası diskdə dural kisəni sıxan arxa mərkəzi protruziya (3mm) izlənir. C5-C6 fəqərəarası diskdə dural kisəni və sol sinir kökünü sıxan sol paramedian protruizya (3mm) aşkar olunur. C6-C7 Fəqərə-arası diskdə subaraxnoidal sahəni sıxan annulyar qabarma izlənir. Digər disklərə aid yırtıq və ya protruziya aşkar edilmədi. Onurğa beyninin distal hissəsi və conus medullarisdə L1-L3 səviyyəsində 78*18 mm ölçüdə intradural intramedulyar qeyri düzgün konturlu ,qarışıq strukturlu, heterogen kontrastlanan törəmə izlənir. Cauda equinada L5-S2 səviyyəsində intradural 74*19 mm ölçüdə identik strukturlu törəmə izlənir. Əvvəlki müayinələr və histoloji nəticələrlə korrelyasiya tövsiyyə olunur. Paravertebral əzələlərin morfologiya və siqnal intensivliyi təbiidir. Nəticə: Degenerativ spondiloz. C3-C4 Fəqərə-arası diskdə dural kisəni sıxan arxa mərkəzi protruziya (3mm); C5-C6 Fəqərəarası diskdə dural kisəni və sol sinir kökünü sıxan sol paramedian protruizya (3mm); C6- C7 Fəqərə-arası diskdə subaraxnoidal sahəni sıxan annulyar qabarma. Onurğa beyninin distal hissəsi və conus medullarisdə L1-L3 səviyyəsində 78*18 mm ölçüdə intradural intramedulyar qeyri düzgün konturlu, qarışıq strukturlu, heterogen kontrastlanan törəmə; Cauda equina-da L5-S2 səviyyəsində intradural 74*19 mm ölçüdə identik strukturlu törəmə (Əvvəlki müayinələr və histoloji nəticələrlə korrelyasiya tövsiyyə olunur)” qeyd edilmişdir. Həkim-neyrocərrah Emil İsmayılov baxış zamanı vətəndaş A.Yahyayevin müayinə nəticələri nevroloji statusda qeyd olunanlar özünü tam əks etdirdiyi vurğulamışdır. Vətəndaş A.Yahyayevin sol aşağı ətrafın plegiyası, sağ ətrafın mötədil parezi, kiçik çanaq orqanlarının funksiya pozulması qeyd olunur. Yuxarıda qeyd olunan defisitlər xəstədə hərəkət məhdudluğuna və kənar şəxslərin qulluğuna səbəb olur. Belə ki, qeyd olunanları nəzərə alaraq, (Diaqnoz: L1-L3 və S1-S3 səviyyədə intradural törəmə, Th11-L13 səviyyədə cərrahi əməliyyatdan və şüa terapiyadan sonrakı vəziyyət, sol aşağı ətrafın plegiyası, sağ aşağı ətrafın mötədil parezi, kiçik çanaq orqanlarının ləngimə tipli funksiya pozulması) həkim-neyrocərrah E.İsmayılov vətəndaş A.Yahyayeva müayinə nəticələrinə və kliniki nevroloji vəziyyətinə əsasən, onkoloq və nevroloqun müayinə müalicəsini tövsiyə etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin inzibati orqanın praktikasına etimadı qanunla qorunur. Etimad hüququnun qorunması Konstitusiyadan və X11 Konvensiyasından irəli gəlir. X11 Konvensiyasının 1 -ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları "İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müddətsiz əlilliyin ləğv edilməsi ilə bağlı davranışı yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barədə qəbul edilən qərar qanunsuz və əsassızdır. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia ərizəsi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0002 saylı qərar İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı təyin olunmuş “ümumi xəstəlik” ilə əlaqədar birinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 81-100 %) müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar