Məhkəmə qərarları › İş №2-1(120)-352/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-352/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-352/2023 25.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 yanvar 2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri H.Əliyrv pr. 10 ünvanında yerləşən ona məxsus mağazada xx.xx.2021-ci il tarixdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına dair yoxlama aparılmışdır. Yoxlama nəticəsində xx.xx.2021-ci il tarixli 006976 nömrəli qərara əsasən 3000 manat məbləğində sanksiya tətbiq olunmuşdur. Beləki həmin tarixdə 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları çay içdikdən sonra kassaya 4.40 manat ödəniş edib gözləmədən mağazadan çölə çıxmışdırlar. Ödənişi alan X11 ödənişi kassaya vurmuşdur, lakin əməkdaşlar bir çox müştərilər kimi xırda ödəniş çeklərinin çıxmağını gözləmədən getdikləri üçün təqdim edə bilməmişdir. 5 dəqiqə sonra həmin yoxlayıcılar qayıdıb çeklərini tələb etdikdə onlara çek təqdim olunmuşdur. Lakin buna baxmayaraq yoxlayıcılar çekin onlar gədikdən sonra vurulduğunu iddia edərək və qərəzli şəkildə (plan vurmaq xatirinə) akt tərtib edmişlər. X1 və mağaza müdüri X2 aktda həqiqətin əks olunmadığı və aktla razı olmadıqları üçün imzalamaqdan imtina etmişdilər. Əlavə olaraq qeyd etmək istəyir ki, ona məxsus bütün ticarət obyektlərində və Şirvan şəhəri H.Əliyrv prospekti 10 ünvanında yerləşən mağazada kassalar Dövlət Vergi xidmətinə məxsus “tokenlər” quraşdırılmışdır və onun bütün uçotu həmin kassa proqramları vasitə ilə aparılır. Hər hansı satışın kassaya vurulmaması onun uçotunun pozulasına gətirib çıxara biləcəyi üçün bütün növ ödənişlər həm qanunvericilik həmdə uçotunun düzgün getməsi baxımından kassadan keçirilir və kassalara quraşdırılmış Dövlət Vergi xidmətinə məxsus “tokenlər” vasitəsi ilə onlayn real vaxt rejimdə vergi idarəsinə inteqrasiya olunur (ötürülür). Qeyd olunanları nəzərə alaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci i 1 tarixli **********34445 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarmasınızı xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçı iddia ərizəsində 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhəri H. Əliyev prospekti 10 ünvanında yerləşən iddiaçıya məxsus mağazada xx.xx.2021-ci il tarixdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına dair yoxlama aparıldığını, əməkdaşların obyektdə çay içdikdən sonra kassaya 4.40 manat ödəniş edib gözləmədən mağazadan çıxdıqlarını, kassirin ödənişi kassaya vurduğunu, lakin əməkdaşların bir çox müştərilər kimi xırda ödəniş çeklərinin çıxmağını gözləmədən getdikləri üçün təqdim edə bilmədiyini, 5 dəqiqə sonra əməkdaşlar qayıdıb çəklərini tələb etdikdə onlara çekin təqdim olunduğunu, lakin buna baxmayaraq əməkdaşlar çekin olar gəldikdən sonra vurulduğunu iddia edərək qərəzli şəkildə akt tərtib etdiklərini” qeyd edir. Qeyd olunan səbəblərdən hesab edirlər ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********0026 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən xx.xx.2021-ci il tarixində İddiaçı məxsus Şirvan şəhəri H.Əliyev ünvanında yerləşən mağazada operativ vergi nəzarəti keçirilmişdir, yoxlamanın nəticəsi xx.xx.2021 tarixli 006976 saylı aktla rəsmiləşdirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşları tərəfindən alınmış mallara (1 çaynik çay, 2 qoğal, 2 bulku) və göstərilmiş xidmətlərə görə saat 17:31-də nağd şəkildə ödənilmiş 4,40 manat satıcı-X1 tərəfindən qəbul edilmiş, lakin ödənilmiş məbləğ NKA nın yaddaşına mədaxil edilməmiş və əməkdaşlara təqdim edilməmişdir. NKA-nın çeki təqdim edilmədiyi üçün əməkdaşlar mağazadan uzaqlaşdıqdan bir müddət sonra saat 17:35-də yenidən mağazaya qayıdaraq özlərini təqdim etmiş, satıcı-X1 şəxslərin vergi orqanının əməkdaşı olduqlarını bildikdən sonra yayındırılmış məbləğin yaddaşından çıxdığını bildirmişdir. Sonra 15578 nömrəli çeklə NKA-nın yaddaşın bərpa etmiş və çeki çap etmişdir. Kassa aparatı mağazada yerləşən vitrinin digər tərəfində olduğu və əməkdaşlar digər tərəfə keçə bilmədiyi üçün “X” hesabatını bərpa çekindən əvvəl almaq mümkün olmamışdır. Bərpa çekindən sonra “X” hesabatı 239 nömrəli çeklə 17:56 radələrində çap edilmişdir. Vergi ödəyicisinin nümayəndəsi və əməkdaşlar İddiaçı məxsus Şirvan şəhəri H.Əliyev ünvanında yerləşən mağazada quraşdırılmış kamera görüntülərinə baxdıqları zaman əməkdaşlara xidmət göstərdikdən sonra daha bir müştəriyə xidmət göstərildiyi müəyyən edilmişdir. Yoxlamanın nəticəsi olaraq 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********34445 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və İddiaçı Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən 3000 (üç min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Lakin İddiaçı məxsus Şirvan şəhəri H.Əliyev ünvanında yerləşən “Mağazada” kassa aparatı mağazada yerləşən vitrinin digər tərəfində olduğu və vergi orqanı əməkdaşlar digər tərəfə keçə bilmədiyi üçün “X” hesabatını bərpa çekindən əvvəl almaq mümkün olmamışdır. Bərpa çekindən sonra “X” hesabatı 239 nömrəli çeklə 17:56 radələrində çap edilmişdir. Bundan əlavə iddiaçı Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad edərək bildirir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab olunur. Odur ki, iddia tələbinin təmin olunmamasını xahiş etmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddia etiraza uyğun izahat vermiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X16 izahatında bildirmişdir ki, yoxlama aparılarkən çəkiliş aparılmayıb, kənar şəxs (şahid) cəlb olunmadan keçirilib, alış-verişi vergi işçiləri etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla, məhkəmə iddianın mümkünlüyünə münasibət bildirir. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir .İPM-in 2.2.1- ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı barəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərar xx.xx.2022-ci il tarixinə aiddir. İddiaçı isə həmin qərarı mübahisələndirmək məqsədi ilə xx.xx.2020-ci il tarixdə (iddia ərizəsi məhkəməyə göndərilməsi üçün sürətli poçt xidmətinə xx.xx.2022-ci il tarixdə təqdim olunmuşdur) müraciət etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. İddia tələbi mahiyyəti üzrə əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********0026 saylı qərarı ilə İddiaçı məxsus Şirvan şəhəri, H.Əliyev prospektində ünvanında yerləşən ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı fəaliyyət növü ilə məşğul olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərar verilmşdir. İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) haqqında xx.xx.2021-ci il tarixli **********0026 saylı qərarı ilə Operativ vergi nəzarətinin həyata keçirilməsi 3-cü dərəcəli müfəttiş X5, X6 və kiçik vergi xidməti müşaviri X3 yoxlamaya təyin olunması qərara alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli, DVX 006976 nömrəli akta qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində İddiaçı məxsus Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən mağazada keçirilmiş OVN-i zamanı tərəfimizdən alınmış mallara və göstərilən xidmətə görə ödənilmiş 4.40 manat satıcı-kassir X8 tərəfindən qəbul edildi, həmin məbləğ NKA-nın yaddaşına mədaxil olunmadı və bizə NKA çeki təqdim olunmadı. Yayındırılmış məbləğ saat 17:36 radələrində №13578 nömrə ilə bərpa olundu və №239 “X” hesabatı saat 17:56 radələrində çap edildi. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4445 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2022-ci il tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4445 saylı qərarın ləğvini tələb edir və bunu onunla əsaslandırır ki, iddiaçı barəsində tətbiq olunmuş maliyyə sanksiyasının əsasında duran hal, alınmış 4.40 manatılıq məhsula dair çekin verilməməsi ilə bağlı mülahizələr formal xarakter daşıyır, bununla yanaşı hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsaslı olubolmaması Vergi Məcəlləsinin müddəaları əsasında müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: -50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Məcəllənin 50.4-cü maddəsinə əsasən, Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarəti keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi, nəzarəti həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürülməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmış malların siyahıya alınmaı VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göründüyü kimi qanunvericilik vergi orqanına vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi yoxlamasının keçirilməsi üçün tam səlahiyyət verilmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh ona verilmiş səlahiyyətlər çərçivəsində “İddiaçı məxsus Şirvan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən ərzaq məhsullarının pərakəndə növü ilə məşğul olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti təyin etmişdir. Məhkəmə bildirir ki, cavabdehin prosessual cəhətdən qəbul etmiş olduğu qərarda hər hansı bir nöqsan olmasa da, qəbul edilən xx.xx.2022-ci il tarixli mübahisəli qərar aşağıdaki qanunvericiliyin müddəalarına görə əsassızdır. Azərbayca Respublikası Vergi Məcəlləsinin: -13.2.3-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti. -15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicisi tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. -16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. -50.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X18); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. - 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması”Qaydasının: - - 2.3-cü bəndinə əsasən vergi ödəyicisinin kassasına nağd pul vəsaitləri malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə edilən pul vəsaitlərindən, bank hesablarından məxaric edilmiş pul vəsaitlərindən, təsisçidən və digər şəxslərdən alınmış borclardan, verilmiş borcların (o cümlədən, təhtəlhesab şəxslərə verilmiş vəsaitlərin) qaytarılmasından, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə görə alınmış avanslardan, məhkəmə qərarları əsasında həyata keçirilmiş ödənişlərdən, işçi heyətinə artıq ödənilmiş pul vəsaitlərinin qaytarılmasından və s. mənbələrdən mədaxil edilir. Qeyd olunan pul vəsaitlərinə görə tərtib edilən kassa mədaxil orderində pul vəsaitlərinin təyinatı göstərilir. - 3.19-cu maddəsinə əsasən pul vəsaitlərinin hərəkəti bu Qaydaya uyğun olaraq uçot sənədləri (kassa kitabı, kassa mədaxil və məxaric orderləri, qəbzlər, çeklər, bank ödəniş sənədi, elektron qaimə-faktura, alış aktları, elektron alış aktları, təhvil-qəbul aktları və digər təsdiqedici sənədlər) ilə rəsmiləşdirilmədikdə və ya həmin sənədlər mövcud olmadıqda, bu hallar pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması kimi qiymətləndirilir. “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: - 4.1-ci maddəsinə əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POSterminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaiməfaktura və ya elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura ilə yanaşı, POSterminaldan çıxarış verilir. “Vergi hesab-fakturasının tətbiqi Qaydaları”nın - 4.1-ci maddəsinə əsasən, vergi hesab-fakturası malı (işi, xidməti) təqdim edən şəxs tərəfindən 2 nüsxədə tərtib edilir. Tərtib edilmiş vergi hesab-fakturasının 1-ci nüsxəsi alıcıya verilir, 2-ci nüsxəsi isə malı (işi, xidməti) təqdim edən şəxsdə saxlanılır.Vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) vergi hesab-fakturasının 1-ci nüsxəsini mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gün ərzində verməlidir. Ödənişlər malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əvvəl həyata keçirildikdə, vergi hesabfakturası ödəmədən sonrakı 5 gün ərzində verilməlidir. Ödəmə qismən həyata keçirilmişdirsə, vergi hesab-fakturası hər ödəmə üçün ayrıca olaraq, ödəmə məbləği həcmində verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”na əsasən hüquqi və fiziki şəxslər tərəfindən alınmış mallara (təqdim edilmiş işlərə, xidmətlərə) görə ciddi-uçot blankları (o cümlədən qaimə faktura) təqdim edilməlidir. Vergi münasibətlərini tənzimləyən qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından məlum olur ki, “nağd pul hesablaşmaları” dedikdə malların təqdim edilməsinin, işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin nağ pul ödəmələri hesabına aparılması başa düşülür . Qeyd olunmalıdır ki, VM-də bitmiş siyahısı müəyyən edilən fəaliyyət növləri istisna olmaqla, nağd pul hesablaşmaları yalnız nəzarət-kassa aparatları vasitəsi ilə həyata keçirmək, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və ya ciddi hesab blanklarında qanunvericilikdə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək, istismar zamanı nəzarət-kassa aparıtının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicilərinin əsas vəzifələrindən biri hesab edilir. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması dedikdə nəzarət kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericilikdə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmaların aparılması, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsi, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulması başa düşülür. Göstərilən əməllər vergi nəzarətinin təşkili ilə bağlı qaydalara qəsd edir. Əməlin obyektiv cəhətini nağd pul hesablaşmalarının aparılması qaydalarının yuxarıda sadalanan pozuntularında özünü göstərir.Pozuntunun subyekti nağd pul hesablaşmaları aparan fiziki və hüquqi şəxslər, subyektiv cəhəti isə qəsd və ya ehtiyatsızlıq formasında özünü göstərən təqsirdir. Bu cür pozuntulara görə VM-də maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən çekin təqdim edilməməsi təşkil edir. Əlbətdə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Lakin, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. İş materiallarında olan sənədləri şahidin ifadəsi ilə birgə təhlil etdikdə məlum olur ki, iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsinin əsasında duran hal – 4.40 manat məbləğində alış-veriş edən şəxsə çek verilməməsi təşkil edir ki, bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Belə ki, “alıcı” qismində çıxış edən şəxsin şəxsi məlumatlarının əldə edilməsi və müvafiq qaydada məhkəmə iclasına şahid kimi dəvət olunması üçün “Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” tərtib olunmuş akta baxış keçirilmiş və cavabdeh inzibati orqanın nümayəndəsi ilə sual-cavab aparılmış, lakin şəxsin məlumatlı olması haqqında hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Nəticədə vergi orqanının aktında qeyd olunan hallar sübuta yetirilməməsi aktın mötəbərliyini şübhə altına almağa əsas verir. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan 4.40 manat məbləğində alış-veriş edilməsinə baxmayaraq NKA çekinin müştəriyə təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. Sübutlarla bağlı mülahizələr formal xarakter daşımamalı, obyektiv həqiqəti əks etdirən hallar dəlillərlə sübuta yetirilməli, yoxlamalar zamanı başqa müşahidəçinin də iştirakı təmin olunmalıdır. (Bax: Ali Məhkəmənin 2-1(102)-1079/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Məhkəmə mübahisənin ədalətli həlli baxımından sübutetmə yükünün cavabdehdə olduğunu bildirir və bunu inzibati orqanın fəaliyyətini tənzimləyən qanunvericiliyin müddəaları ilə təsvir edir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə maliyyə sanksiyası tətbiq etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4445 saylı qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68- ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4445 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar