Məhkəmə qərarları › İş №2-1(120)-354/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-354/2025

14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-354/2025 14.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan 2.38 hektara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-359 saylı X9 rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1997-ci il tarixli, 29 saylı qərarı ilə verilmiş torpaq sahəsinin ölçüsünün 2.70 hektar olmasına dair düzəliş edilməsi və bu haqda çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Torpağa mülkiyyət hüququna dair” JN-359 saylı X9 rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1997-ci il tarixli, 29 saylı qərarı ilə verilmiş torpaq sahəsinin ölçüsünün 2.38 hektar olmasına dair düzəliş edilməsi və bu haqda çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 29 saylı qərarı əsasında İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-359 saylı Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan 2.38 hektara düzəliş edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ölkədə aparılmış aqrar islahat əsasında onlara 5 nəfər ailə üzvləri daxil hər adambaşı 0.53 ha olmaqla 2.7 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi islahat komissiyası tərəfindən ölçülərək mülkiyyətlərinə verilmişdir. Sonradan onlara təqdim edilmiş JN-359 (kod ********) “Torpağa mülkiyət hüquqna dair” Dövlət Aktında isə texniki səhv nəticəsində həmin torpaq sahəsi 1.58 ha kimi qeyd olunmuşdur. Əvvəllər bu haqda rayon Torpaq şöbəsinə müraciət etmişlər, onlar cavab olaraq bildirmişdilər ki, yenidən elektron sənədləşmə aparılanda bu problemi həll edərik. Sonradan Torpaq şöbəsi ləğv edildi. Hazırda həmin 2.7 ha torpaq sahəsi faktiki olaraq istifadələrindədir. Hər il 2.70 hektar torpaq sahəsinə görə torpaq vergisini ödəyirlər. 2.7 hektar torpaq sahəsi faktiki olaraq yerindədir, sadəcə olaraq dövlət aktında öz əksini tapmamışdır. Bu haqda adiyyəti üzrə müraciət edərək, Dövlət aktında olan bu yalnlışlığın düzəldilməsini xahiş etmişdir. Ərizəsinə xx.xx.2023-cü il tarixli, 3-21-3- 44/2X-00939/2023 saylı məktubla imtina edərək bildirildi ki, bu haqda məhkəməyə müraciət etsin. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar Rayon Dövlət Arxivinin 307 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışından da görünür ki, Biləsuvar rayonunda Aqrar islahat aparılarkən, Biləsuvar rayon X16 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı qərarı ilə Aşağı Cürəli kəndində yaşayan vətəndaşlara - çöl əkin torpaq sahəsi hər bir vətəndaşa 0.65 ha olmaqla əkin torpaq sahəsi ayrılaraq verilməsi göstərilmişdir. Həmin arayışda qeyd olunur ki, ailə üzvləriniz 5 nəfər olmaqla sizə 2.70 hektar torpaq sahəsi verilmişdir. Hesab edir ki, bu sübutlar əsasında cavabdeh təşkilatın imtinası əsassızdır. Cavabdeh təşkilatın təqsiri nəticəsində onun və ailə üzvlərinin mülkiyyət hüquqları pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı X1 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 10 aprel 2023-cü il tarixdə **********76 saylı məktubla bildirilmişdir ki, qüvvədə olan Torpaq Məcəlləsinin 103cü maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz problemin həlli üçün müvafiq məhkəmə qurumuna müraciət etməyiniz tövsiyyə olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi Nümayəndə gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciətiniz “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsində araşdırıldı. Məlumat üçün bildiririk ki, qüvvədə olan Torpaq Məcəlləsinin 103-cü maddəsinə görə torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Odur ki, müraciətinizdə qeyd etdiyiniz problemin həlli üçün müvafiq məhkəmə qurumuna müraciət etməyiniz tövsiyyə olunur. İş materialarında olan Biləsuvar rayon Dövlət Arxivinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 307 nömrəli Arxiv Arayışında aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2022-ci il tarixli 309 saylı ərizəniz əsasında Biləsuvar rayon Dövlət Arxivində saxlanılan X17 Komissiyasının Arxiv sənədlərinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Şəfəq kolxozunda vətəndaşlara çöl torpaq sahəsi barədə X17 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı protokolu və Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli qərarı ilə Aşağı Cürəli kəndində vətəndaşlara çöl torpaq sahəsindən hər bir vətəndaşa 0.65 hektar torpaq sahəsi ayrılması barədə qərar qəbul etmişdir. Sizin ailə üzvlərinizə düşən torpaq payı 5 nəfər olmaqla cəmi torpaq sahəsi 2.70 ha olduğu halda səhv olaraq Dövlət aktında 1.58 ha göstərilmişdir. Tərtib edilmiş islahatın adlı siyahısında Sizin ailə üzvləriniz 5 nəfərdən ibarətdir. Əsas: X17 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı protokolu və Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli qərarı. İş materiallarında olan Şəfəq kolxozunda torpaq payı alan şəxslərin siyahısının təsdiq edilməsi barədə Şəfəq kolxozu X18 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı protokolunun və Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 nömrəli protokolunun surətlərindən görünür ki, Biləsuvar rayonu Aşağı Cürəli kəndində hər bir vətəndaşa 0.65 hektar pay torpaq sahəsi ayrılmalı olduğu müəyyən edilmiş, bu barədə Şəfəq kolxozu üzrə X18 Komissiyasının qəbul qərarı Biləsuvar rayonu Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair Kod 80800038, JN-359 nömrəli Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvləri - İddiaçı, X6, X8, X7 və X2 (cəmi 5 nəfər) ayrılmış torpaq sahəsi 1.58 ha olaraq göstərilmişdir. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair Kod 80800038, JN-359 nömrəli Dövlət Aktına əlavə olunmuş “Mülkiyyətə verilmiş torpaq sahəsinin planının (cizgisinin) təsdiq olunmuş surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 nömrəli qərarı ilə İddiaçı və onun daha 4 nəfər ailə üzvünə ayrılmış torpaq sahəsinin planında həmin torpaq sahəsi 358 və 359 nömrə ilə iki hissədə göstərilmişdir. İş materiallarında olan Şəfəq kolxozu X18 Komissiyasının möhürü ilə təsdiq olunmuş “Şəfəq kolxozunda ailə başçılarının püşkatma aktları əsasında tərtib edilmiş siyahısı”ndan görünür ki, siyahı üzrə nömrəsi 273 olan X4 3 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 359 nömrə ilə və siyahı üzrə nömrəsi 272 olan İddiaçı 2 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 358 nömrə ilə qeyd olunmuşdur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Şəfəq kolxozu X18 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı qərarına əsasən Biləsuvar rayonu Aşağı Cürəli kəndində hər bir vətəndaşa 0.65 hektar pay torpaq sahəsi ayrılmalı olduğu müəyyən edilmiş, bu barədə Şəfəq kolxozu üzrə X18 Komissiyasının qəbul etdiyi qərar Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş, həmin qərarlar əsasında iddiaçı və onun ailə üzvləri - İddiaçı, X6, X8, X7 və X2 (cəmi 5 nəfər) ayrılmalı olan torpaq sahəsi 3.25 ha təşkil etdiyi halda, “Torpağa mülkiyyət hüququna dair Kod 80800038, JN-359 nömrəli Dövlət Aktında ayrılmış torpaq sahəsi 1.58 ha olaraq göstərilmiş, X4 3 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 359 nömrə ilə və İddiaçı 2 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 358 nömrə ilə qeyd olunsa da, hər iki torpaq sahəsinə 359 nömrə ilə bir Dövlət Aktı verilmişdir. İddiaçı “Torpağa mülkiyyət hüququna dair Kod 80800038, JN-359 nömrəli Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan faktiki istifadəsində olan 2.38 hektara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - JN-359 saylı, Kod 80800038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 1.58 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İddiaçı istifadəsində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 2.70 ha pay torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - JN-359 saylı, Kod 80800038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 1.58 hektar torpaq sahəsinin koordinat göstəriciləri ilə İddiaçı istifadəsində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 2.70 ha pay torpaq sahəsinin koordinat göstəriciləri biri-biri ilə uyğundurmu? - JN-359 saylı, Kod 80800038 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 1.58 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə İddiaçı istifadəsində olan Biləsuvar rayonu Aşağı Cürəli kəndində yerləşən 2.70 ha pay torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü, düşürsə hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Mübahisəli torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi ayrılan zaman, eləcə də hazırda hansı növ kateqoriyada (kənd təsərrüfatı torpaqları, yaşayış məntəqələrinin torpaqları və s.) olması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 yanvar 2025-ci il tarixli, 10/9641 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, JN 359 nömrəli dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.42 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir. - Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı istifadəsində olan 2.70 ha (faktiki 2.38 ha) torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 359 nömrəli dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.42 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı istifadəsində olan 2.70 ha (faktiki 2.38 ha) torpaq sdahəsinin koordinatları bir-biri ilə uyğun olmadığı müəyyən edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 359 nömrəli dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.42 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı istifadəsində olan 2.70 ha (faktiki 2.38 ha) torpaq sahəsinin koordinatlarının 1.41 ha hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxemində torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatlar göstərilmişdir. - Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, Mübahisəli torpaq sahəsinin koordinatları Torpaqların elektron kadastr uçotu informasiya sistemində JN 358 nömrəli dövlət aktında (Aşağı Cürəli təsərrüfatının pay torpağı almaq hüququ olan subyektlərin siyahısında ad göstərilməmişdir) göstərilmiş 1.12 ha torpaq sahəsinin 0.96 ha hissəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu sxemində torpaq sahələrinin yerləşmə vəziyyəti və koordinatlar göstərilmişdir. - Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən, mübühisəli torpaq sahəsinin kateqoriyasının ayrılan zaman və hal-hazırda kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 24 yanvar 2025-ci il tarixli, 10/9641 nömrəli ekspert rəyinə və iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-4639/2024 saylı mütəxəssis rəyinə əsasən İddiaçı və onun ailə üzvlərinin faktiki ümumi birgə mülkiyyətində olan 2.38 ha torpaq sahəsinin 1.42 hektarı 359, 0.96 hektarı isə 358 nömrə ilə qeyd olunmuş torpaq sahəsində yerləşir. Qeyd olunduğu kimi, Şəfəq kolxozu X18 Komissiyasının möhürü ilə təsdiq olunmuş “Şəfəq kolxozunda ailə başçılarının püşkatma aktları əsasında tərtib edilmiş siyahısı”nda siyahı üzrə nömrəsi 273 olan X4 3 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 359 nömrə ilə və siyahı üzrə nömrəsi 272 olan İddiaçı 2 nəfər ailə üzvləri ilə birlikdə ayrılmış torpaq sahəsi 358 nömrə ilə qeyd olunmuşdur. Beləliklə, iş materiallarının məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, ailə üzvləri 2 nəfərdən ibarət İddiaçı və onun övladı ailə üzvləri 3 nəfərdən ibarət X4 ayrılmış torpaq sahələrinə dair müvafiq olaraq JN 358 və JN 359 nömrəli dövlət aktları tərtib olunmuş, JN 358 nömrəli dövlət aktında ad göstərilməmiş, JN 359 nömrəli dövlət aktında hər iki ailə üzvlərinin adları (İddiaçı, X6, X8, X7 və X5 olmaqla 5 nəfər) birlikdə göstərilmiş, JN-359 nömrəli dövlət aktına əlavə olunmuş torpaq sahəsinin planına (cizgisinə) əsasən Biləsuvar rayonu Aşağı Cürəli kəndində hər bir vətəndaşa düşən 0,65 hektar torpaq sahəsi hesabı ilə İddiaçı 358, X4 359 nömrə ilə pay torpaq sahəsi ayrılmış, lakin hər iki ailənin üzvlərinin adları birlikdə qeyd olunmuş JN 359 nömrəli dövlət aktında 5 nəfərdən ibarət ailə üzvlərinə ayrılmış torpaq sahəsinin ölçüsü adambaşına düşən pay torpaq sahəsinin ümumi ölçüsündən (5 x 0,65 ha = 3.25 ha) xeyli az, yəni 1.58 ha göstərilmişdir. Biləsuvar rayon Dövlət Arxivinin iş materiallarında olan İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 307 nömrəli Arxiv Arayışına əsasən Biləsuvar rayon Dövlət Arxivində saxlanılan X17 Komissiyasının Arxiv sənədlərinə baxış zamanı X17 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı protokolu və Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli qərarı ilə Aşağı Cürəli kəndində vətəndaşlara çöl torpaq sahəsindən hər bir vətəndaşa 0,65 hektar torpaq sahəsi ayrılması barədə qərar qəbul edildiyi, iddiaçının ailə üzvləriniə düşən torpaq payı 5 nəfər olmaqla cəmi torpaq sahəsi 2.70 ha olduğu halda səhv olaraq Dövlət aktında 1.58 ha göstərildiyi bildirilmişdir. Qeyd olunduğu kimi, iddiaçı “Torpağa mülkiyyət hüququna dair” Kod 80800038, JN- 359 nömrəli Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan faktiki istifadəsində olan 2.38 hektara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etirazının hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü (torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq İcra Hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir) və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci (hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır) maddələrinə istinad etmişdir. Qanunvericiliyin tələbləri məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbinə etiraz etməsinin hüquqi əsası yoxdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın elektron üsulla təqdim olunması 3 gün müddətində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun ... 9.5-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinin məzmunundan görünür ki, Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması vəzifəsi məhz həmin inzibati orqanın üzərinə qoyulmuşdur. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X15 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X15 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı və X6, X8, X7, X5 olmaqla ailə üzvləri Şəfəq kolxozu X18 Komissiyasının 05 sentyabr 1996-cı il tarixli, 03 saylı iclas protokolu və Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli qərarı ilə Aşağı Cürəli kəndində adambaşına 0.65 hektar olmaqla 358 və 359 nömrə ilə onlara ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişlər. Hazırda həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən 2.38 hektar torpaq sahəsi 30 ilə yaxın müddət ərzində heç bir fiziki və hüquqi şəxs tərəfindən mübahisələndirilmədən İddiaçı və ailə üzvlərinin istifadəsindədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı “Torpağa mülkiyyət hüququna dair” Kod 80800038, JN-359 nömrəli Dövlət Aktında torpaq sahəsinin ölçüsünün səhvən qeyd olunmuş 1.58 hektardan mülkiyyət hüququnu qanuni əsaslarla əldə etdiyi faktiki istifadəsində olan 2.38 hektara düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 29 saylı qərarı əsasında İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-359 saylı Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan 2.38 hektara düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli, 29 saylı qərarı əsasında İddiaçı və onun ailə üzvlərinin adına tərtib edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-359 saylı Dövlət Aktında torpaq sahəsinin ölçüsünün 1.58 hektardan 2.38 hektara düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar