Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3568/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğvi haqqında qərarın ləğv olunması, əlillik statusunun bərpa edilməsi və hüquqlarının pozulmasına görə cavabdeh qurumun məsuliyyətə cəlb olunması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğvi haqqında qərarın ləğv olunması, əlillik statusunun bərpa edilməsi və hüquqlarının pozulmasına görə cavabdeh qurumun məsuliyyətə cəlb olunması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, anadangəlmə zehni gerilik (ağıldan kəmlik) diaqonozu ilə uzun illərdir əlillik statusuna malik olmuş, 23 yaşınadək pensiya almış, 2021-ci ildə əsassız olaraq pensiyası dayandırılmışdır. Salyan rayonlararası psixitariya xəstəxanasını və Respublika Klinik xəstəxanasının verdiyi tibbi arayışa baxmayaraq tibbi sosial ekspert komissiyası onun əlillik dərəcəsini bərpa etmir və konustisyon hüququnu pozur. Bu xəstəxanalar tibbi sənədlərlə xəstəliyini təsdiq etmişdir. Buna baxmayaraq 2021-ci ildən əlillik dərəcəsi ləğv edilmişdir. Anadangəlmə psixi xəstələrin müalicəsi mümkün deyil və bu vəziyyət ona dolanışıq imkanı vermir. Həm sosial, həm də tibbi baxımdan köməyə ehtiyacı vardır. Qeyd edilənləri nəzərə alaraq əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik statusunun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Uşaq serebral iflici. Sol tərəfli hemiparez. Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Üzvi (epilepsiya, tez-tez qıcolma tutmaları ilə-anamnezində)mənşəli demensiya,intellektin orta dərəcəli geriləməsi ilə MMTS-13 bal Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əmək müqaviləsi vardır.Xəstəliyi ilə uyğunsuzluq təşkil edir. Səbəbi ilə imtina edilmişdir. Bildirmək istəyirik ki, şəxsin 2021 ci il tarixində pensiyası əsassız dayandırılmamışdır, həmin ildə əlillik müddəti bitmiş və daha sonra şəxsin bütün göndərişləri natamam doldurulmuşdur. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş hazırkı iddia ərizəsi imzalanmamışdır. Buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçılara hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə məktub göndərilərək, imzalanmış iddia ərizəsinin məhkəməyə göndərilməsi və ya məhkəməyə gələrək iddia ərizəsini imzalaması təklif edilsə də, iddiaçı hazırkı vaxtadək tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləyə görə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Məhkəmə qeyd edir ki, iddiaçı həmçinin, əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, iddia tələbi əlilliyin bərpası kimi qoyulmuşdur ki, iş materiallarından da göründüyü kimi iddiaçıya 2021-ci ildə dayandırılmışdır. Həmin müddətdən iddiaçının əlilliyi qiymətləndirilməmişdir. Başqa sözlə, iddiaçının seçdiyi tələb üzrə iddia növü o zaman əldə etmək istədiyi məqsədə çatmağa imkanı verərdi ki, ona əvvəl təyin edilmiş əlillik dərəcəsi, sonradan hər hansı səbəbdən dayandırılmış, yaxud ləğv edilmiş olsun. Hazırkı halda isə işin belə xüsusatı müəyyən edilmədiyindən iddiaçının əlilliyinin bərpa edilməsindən söhbət gedə bilməz. Digər tərəfdən əlilliyinin qiymətləndirilməsi, müəyyən edilməsi və ya imtina edilməsi səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş göndəriş əsasında həyata keçirilməsi ilə şərtləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. – -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci maddəsinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü maddəsinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Hazırkı iş üzrə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün yeni göndərişin alınmaması işin mübahisələndirilməyən halını təşkil etdiyindən iddiaçının həmçinin, düzgün hüquqi müdafiə vasitəsindən istifadə etmədiyini deməyə əsas verir. Belə ki, indiki halda tələbin əlillik dərəcəsinin müəyyən edilməsi kimi təqdim edilməsi halında belə, iddianın mümkünlük şərtləri ödənilmir. Bu baxımdan məhkəmə yardım etmə vəzifəsinə uyğun olaraq təkrar qeyd edir ki, iddiaçı müvafiq göndərişi əldə etdikdən sonra hüquqi marağına uyğun olaraq ehtimal etdiyi hüquqlarının müdafiəsi üçün aidiyyəti inzibati orqana müraciət edə, məqsədinə nail ola bilmədiyi halda isə inzibati məhkəmə icraatı qaydasında iddia irəli sürə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenum Qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün olmayan hüquqi müdafiə vasitəsindən istifadə etdiyindən hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Eləcə də, məhkəmə araşdırması zamanı göndəriş üzrə tərəfin əyani müayinədə olmadığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının anasının verdiyi məlumata əsasən İddiaçı xəstəliyi onun uzaq yol getməsinə maneə yaratması halı müəyyən edilsə də, iş materiallarına əlavə edilən 08 iyul 2025-ci il tarixli iddiaçının anasına ünvanlanan inzibati orqanın məktubuna əsasən şəxsin əlillik hüquqlarının dəqiqləşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşmasını tövsiyyə etdiyi müəyyən edilir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya tövsiyə edilir ki, xəstəliklərinin dəqiqləşdirilməsi məqsədilə yaşayış yeri üzrə Sabirabad rayonu, İlham İsgəndərov küç, 9 ünvanında yerləşən 16 nömrəli TSEK-ə (qəbul günləri İ,İİİ,V günlər olması nəzərə alınaraq) müraciət edə bilər. İddiaçıya izah edilir ki, o, gələcəkdə qanunverciliyin tələblərinə əməl etdiyi təqdirdə müraciətindən imtina olunacağı təqdirdə müddətlə bağlı prosessual qaydalara əməl etməklə bütün sübutları əlavə etməklə yenidən “düzgün formada” iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin ləğvi haqqında qərarın ləğv olunması, əlillik statusunun bərpa edilməsi və hüquqlarının pozulmasına görə cavabdeh qurumun məsuliyyətə cəlb olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-3568/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3568/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver