Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-357/2022 17.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması və müraciətinə qarşı cavabdeh orqanın hərəkətsizliyinə görə 300 manat məbləğində kompensasiyanın xeyrinə ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 17 fevral 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayonu Alxanlı Bələdiyyəsinin sədri Sənan Bayramova ünvanlanmış 09 avqust 2021-ci il tarixli müraciətinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və müraciətinə qarşı cavabdeh orqanın hərəkətsizliyinə görə 300 manat məbləğində kompensasiyanın xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, şəhid ailəsi və məcburi köçkün olduqları üçün 2010-cu ildə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyatda olduğu Füzuli rayonu, Alxanlı kəndində 1 (bir) ha torpaq sahəsi istifadələrinə verilmişdir. Həmin torpaq sahəsini hasarlamışlar və təsərrüfat məqsədi ilə istifadə edirlər. Qeyd olunan torpaq sahəsinin başqa şəxslərə verilməsi və buna görə də torpaq sahəsindən istifadə etməyi dayandırmaqları haqda Fizuli rayonu Alxanlı Bələdiyyəsinin sədri Sənan Bayramov tərəfindən şifahi qaydada tapşırıqlar verilir. Lakin qeyd olunan məsələ barədə heç bir rəsmi müraciət verilmir. 09 avqust 2021-ci il tarixdə Fizuli rayonu Alxanlı Bələdiyyəsinin sədri Sənan Bayramova ərizə ilə müraciət edərək, Fizuli rayonu Alxanlı kəndində yerləşən istifadələrindəki 1 (bir) ha torpaq sahəsindən istifadənin dayandırılmasının tələb olunmasının səbəbi barədə rəsmi qaydada məlumat verilməsini xahiş etdmişdir. Lakin qeyd olunan müraciətinin üzərindən 1 (bir) aydan çox müddət keçməsinə baxmayaraq cavabdeh orqan tərəfindən cavab verilməmişdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması və müraciətinə qarşı cavabdeh orqanın hərəkətsizliyinə görə 300 manat məbləğində kompensasiyanın xeyrinə ödənilməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinin məhkəməyə ünvanlanmış 05.11.2021-ci il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının sözlərinə görə şəhid ailəsi olduğu üçün 2010-cu ildə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən onun ailəsinə 1 (bir) hektar əkin üçün torpaq sahəsi ayrılmış və onlar həmin torpaq sahəsindən hal-hazıra kimi istifadə edirlər. Lakin sonradan həmin iddia edilən 1 (bir) hektar ərazi də daxil olmaqla Füzuli Rayon İcra Hakimiyyətinin 25 avqust 2014-cü il tarixli, 89 saylı Sərancamı ilə Alxanlı bələdiyyəsinin mülkiyyətinə 70 (yetmiş) hektar kəndin prespektiv inkişafı fondu torpaq sahəsi kimi ayrıldığından əvvəlki bələdiyyə sədri tərəfindən 5 nəfər Alxanlı kənd sakinlərinin hər birinə 0,12 hektar olmaqla 0,60 hektar həyətyanı torpaq sahəsi qanunauyğun olaraq 25 dekabr 2019-cu il tarixdə satılmışdır. Həmin ərazidə iddia edilən 1 (bir) hektar torpaq sahəsindən 0,40 hektar torpaq sahəsi qalmışdır ki, o da bələdiyyənin prespektiv inkişafı fondu torpağıdır. Əvvəlki bələdiyyə sədri tərəfindən həmin qalmış 0,40 hektar torpaq sahəsinin 0,24 hektarı şəhid ailəsi olduğuna görə İddiaçı ayrılıb verilmişdir. İddiaçı həmin şəxslərə zəbt etdiyi sözügedən torpaq sahəsindən 2019-cu ildən hal-hazıra kimi istifadəyə imkan vermədiyinə görə onlar İddiaçı bu özbaşınalığına görə məhkəməyə veriblər. Mülki iş hal-hazırda Füzuli Rayon Məhkəməsinin icraatındadır. İddiaçı bələdiyyəyə ünvanladığı 09 avqust 2021-ci il tarixli ərizəsində göstərmişdir ki, bələdiyyə onun torpaqdan istifadəsini dayandırmışdır. Bu yalandır, əslində İddiaçı həmin torpaqdan istifadəni dayandırmağı yada salmaqla yaxın vaxtlardan, yəni ərizə yazdığı 09 avqust 2021-ci il tarixdən deyil, 23 avqust 2019-cu il tarixdən həmin ərazidəki (iddia edilən ərazi) 0,60 hektar torpaq sahəsinin Dövlət Reyestrində Alxanlı bələdiyyəsinin mülkiyyəti kimi tanıdılandan dayandırmalı idi. Lakin o, buna əməl etməyərək həmin iddia edilən ərazidə qanuni olaraq torpaq sahəsi olan şəxsləri həmin əraziyə buraxmamış və onların əzab-əziyyətlə çəkdikləri hasarları özü və yaxın qohumları vasitəsilə dəfələrlə söküb atmışlar. Bildirirlər ki, İddiaçı həmin iddia edilən ərazini özü istifadə etmir. Bələdiyyəyə məxsus olan mülkiyyəti qeyri-qanuni olaraq zəbt edərək Alxanlı kənd sakini X2 icarəyə verərək əvəzində hər il ondan nağd olaraq pul alır. Bələdiyyə tərəfindən İddiaçı ərizəsində göstərdiyi kimi sifahi olaraq dəfələrlə qanunvericiliyin tələbləri izah edilsə də, o bunu qəbul etməmişdir. Onun 09 avqust 2021-ci il tarixli ərizəsinə yazılı şəkildə cavab verilmədiyinin səbəbi həmin dövrdə avqust-sentyabr aylarında o və ailə üzvlərinin koranavirusa yoluxaraq ev şəraitində müalicə olunmaqlarına görə unudulmuşdur. İddiaçı hüquqlarına və ya qanuni mənafeyinə bələdiyyə tərəfindən heç bir zərər vurulmamışdır. İddia ərizəsində göstərilənlər əsassızdır və həqiqətə uyğun deyildir. Göstərilənlərə əsaslanaraq, iddianın rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X3 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab vermək tələbi təmin olunduğundan və iddia tələbinin həmin hissəsi üzrə mübahisə artıq mövcud olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, İddiaçı Füzuli rayonu Alxanlı Bələdiyyəsinə 09.08.2021-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Füzuli rayonu Alxanlı Bələdiyyəsinin sədri Sənan Bayramovun İddiaçı və məhkəməyə ünvanladığı 31.08.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı siz bələdiyyəyə ünvanladığınız 09 avqust 2021-ci il tarixli ərizənizdə göstərirsiniz ki, sizə 2010-cu ildə şəhid ailəsi olduğunuza görə Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən müvəqqəti istifadə üçün verilmiş 1 (bir) hektar torpaq sahəsindən istifadəniz Bələdiyyə tərəfindən dayandırılmışdır. Bu yalandır. Əslində siz həmin torpaqdan istifadəni dayandırmağı yada salmaqla yaxın vaxtlarda, yəni ərizə yazdığınız 09 avqust 2021-ci il tarixdən deyil, 23 avqust 2019-cu il tarixdən həmin iddia edilən ərazidəki 0,60 hektar torpaq sahəsinin Dövlət Reyestrində Alxanlı bələdiyyəsinin mülkiyyəti kimi tanıdılanda dayandırmalıydınız. Lakin, Siz buna əməl etməyərək həmin iddia etdiyiniz ərazidə qanuni olaraq torpaq sahəsi olan şəxsləri həmin əraziyə buraxmamış və onların əzab-əziyyətlə çəkdikləri hasarları özünüz və yaxın qohumlarınız tərəfindən dəfələrlə sökülüb atılmışdır. Bildiririk ki, siz iddia etdiyiniz ərazini özünüz əvvəllər istifadə etməyərək Bələdiyyəyə məxsus olan mülkiyyəti qeyri-qanuni olaraq zəbt edərək Alxanlı kənd sakini X2 icarəyə verərək əvəzində hər il ondan nağd olaraq pul almışsınız. Nəzərinizə çatdırırıq ki, iddia olunan ərazi 17.02.2021-ci il tarixdə Füzuli Rayon Məhkəməsi tərəfindən sizin tərəfinizdən qeyri-qanuni olaraq bələdiyyə torpağını icarəyə verdiyiniz Alxanlı kənd sakini X2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair qətnamə çıxarılmışdır. Sizin bütün bunlardan xəbəriniz olmasına baxmayaraq heç nəyə məhəl qoymadan yenə də həmin ərazini istifadə etməkdə davam edirsiniz. Bələdiyyə tərəfindən ərizənizdə göstərdiyiniz kimi dəfələrlə sifahi olaraq qanunvericiliyin tələbləri sizə izah edilsə də, siz bunu qəbul etməmisiniz. Sizin 09 avqust 2021-ci il tarixli ərizənizə cavab verilməməsinin səbəbi isə həmin dövrdə avqust-sentyabr aylarında mən və ailə üzvlərimin koranavirusa yoluxaraq ev şəraitində müalicə olunmağımız və iş yükünün çox olması ilə əlaqədar olmuşdur. Sizin hüquqlarınıza və ya qanuni mənafeyinizə bələdiyyə tərəfindən heç bir zərər vurulmamışdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinə ünvanladığı 09 avqust 2021-ci il tarixli müraciətinə 03 dekabr 2021-ci il tarixdə 87 nömrəli məktubla cavab verilmişdir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının informasiya sorğusuna cavab vermək tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, həmin tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, həmin tələb üzrə iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Füzuli rayonu Alxanlı Bələdiyyəsinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-357/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-357/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver