Məhkəmə qərarları › İş №2-1(120)-3574/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3574/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3574/2025 18.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “iddiaçıya məxsus DAF XF 460 FT yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiаçı İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə qarşı “iddiaçıya məxsus DAF XF 460 FT yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, “DAF XF 460 FT” yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobil gömrük bəyannaməsi ilə Azərbaycan Respublikasına daxil olmuş və gömrük qeydiyyatından keçmiş, lakin BDYPİ avtonəqliyyat vasitəsinin qeydiyyata alınması və dövlət nişanlarının verilməsi zamanı şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması şübhə doğurmuş və bu səbəbdən qeydiyyat aparılmamışdır, avtonəqliyyat vasitəsinin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılmasından imtina edilmiş və yalnız məhkəmə qərarı ilə həmin hərkətlərin aparılmasını mümkün saymışdır. Həmin qeydiyyat hərəkətlərinin aparılmasından imtina üçün əsaslı səbəb yoxdur və BDYPİ-nin hərəkətləri qanuna ziddir. Araşdırma zamanı X1 izahatında göstərmişdir ki, yük avtomobili almaq istədiyindən internet saytlarında avtomobillərlə maraqlanmışdır. Nəhayət Hollandıya dövlətində satışda olan “DAF XF 460 FT” yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobili bəyənmişdir. Avtomobilin ödənişini eldikdən sonra sifarişi əsasında qohumu olan İddiaçı adına sənədləşdirilməklə Azərbaycan Respublikasına gətirilmişdir. 17 mart 2025-ci il tarixində gömrük qeydiyyatından keçirmişdir. Bundan sonra avtomobili adına qeydiyyat etdirmək və nömrə nişanları almaq üçün BDYPİ-na müraciət etmişdir. Orada avtomobilə texniki baxış keçirilmiş və avtomobilin şassi nömrəsinin zavod standartlarına uyğunluğunun şübhəli olması bildirilmiş qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobildə hər hansı bir dəyişiklik varsa məlumatı olmamışdır. Avtomobili bu vəziyyətdə almışdır. Qeyd olunanlar nəzərə alınmaqla ona məxsus DAF XF 460 FT yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Biləsuvar rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-5/2-5756/2025 nömrəli məktubundan görünür ki, araşdırma zamanı X1 izahatında göstərmişdir ki, yük avtomobili almaq istədiyindən internet saytlarında avtomobillərlə maraqlanmışdır. Nəhayət Hollandiya dövlətində satışda olan «DAF XF 460 FT» yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobili bəyənmişdir. Avtomobilin ödənişini etdikdən sonra sifarişi əsasında qohumu olan İddiaçı adına sənədləşdirilməklə Azərbaycan Respublikasına gətirilmişdir. 17 mart 2025-ci il tarixdə gömrük qeydiyyatından keçirmişdir. Bundan sonra avtomobili adına qeydiyyat etdirmək və nömrə nişanları almaq üçün BDYPİ-nə müraciət etmişdir. Orada avtomobilə texniki baxış keçirilmiş və avtomobilin şassi nömrəsinin zavod standartlarına uyğunluğunun şübhəli olması bildirilib qeydiyyat hərəkətləri aparılmamışdır. Avtomobildə hər hansı bir dəyişiklik varsa məlumatı yoxdur. Avtomobili bu vəziyyətdə almışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 04 aprel 2025-ci il tarixli 25/134 nömrəli tədqiqat haqqında arayışından görünür ki, «DAF XF 460 FT» yük markalı, baxış zamanı üzərində SD562AZ/TR25 dövlət tranzit qeydiyyat nişanları olan, yəhərli-dartıcı tipli avtomobilin şassi nömrəsi olması nəzərdə tutulan hissəsində həkk edilmiş şassi nömrəsində olan «*XLRTEH4300G034942*» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin iki ədəd tıxacla pərçimlənmiş zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini «XLRTEH4300G034942» və mühərrik nömrəsini «A 189069» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin mühərrik nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş mühərrik nömrəsində olan «- A189069-» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilə baxış zamanı avtomobilin şassi nömrəsinə müdaxilə edilməsi və qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmişdir. Qəbul edilmiş standartlara əsasən avtomobilin növündən asılı olaraq ban və şassi nömrələri üzrə göstəricilər 17 simvol olmaqla hərf və ya rəqəm əsasında müəyyən edilir. Hansı ki, həmin 17 simvolun içərisində avtomobilin istehsalçı ölkəsi, avtomobilin istehsal edildiyi zavod, istehsal ili, mühərrikin variantı, avtomobilin növü, sükan çarxının yeri, ötürücünün növü barədə və istehsal üzrə digər məlumatlar hərf və ya rəqəm şəklində stasionar olaraq avtomobilin banı və ya şassisi üzərinə zavod üsulu ilə həkk edilməklə yerləşdirilir. Bu qəbul olunmuş 17 simvol üzrə göstəricilər və ya həmin göstəricilərdən hər hansı biri yerində olmadığı və ya dəyişdirildiyi halda qəbul olunmuş standartlar üzrə göstərici norması pozulmuş olur ki, bu halda avtomobilin əsas stasionar göstəricisi üzrə qeydi yəni ban və ya şassi nömrəsi üzrə göstəricilər qüsurlu olur. Hansıki qeyd edilən 17 göstərici üzrə zavod göstəricisindən fərqli bir simvol daxil edilməsi həmin avtomobildə hər hansı bir qurğu və ya avadanlıq üzrə göstəricinin fərqli olmasına dəlalət edir. Nəqliyyat vasitəsinin qeydiyyata alınması, qeydiyyatdan çıxarılması və təkrar qeydiyyat hərəkətlərinin aparılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən həyata keçirilir. Avtomobildə ban və ya şassi nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-16/2-114251 nömrəli məktubunda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, “Daf XF 460FT” markalı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə qeydiyyat hərəkətlərinin aparılması üçün DİN BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinə təqdim edilmişdir. Avtomobil müayinə olunarkən şassi nömrəsinin qeydi-zavod üsulu ilə həkk edilməsi şübhə doğurduğundan qeydiyyat hərəkətləri aparılmamış, raport hazırlanaraq materiallar müvafiq qaydada araşdırılması üçün aidiyyəti üzrə DİN Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmişdir. Həmçinin bildiririk ki, DİN BİTl-nin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13-5/2-5756/2025 nömrəli məktubu ilə qeyd olunan nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması öz təsdiqini tapmışdır. Odur ki, həmin nəqliyyat vasitəsinə dair DİN Baş X3 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Bunları nəzərə alaraq məsələni məhkəmənin mülahizənizə veririk. Eyni zamanda diqqətinizə çatdırırıq ki, ban nömrəsi: XLRTEH4300G034942 olan “Daf XF 460FT” markalı nəqliyyat vasitəsi “İNTERPOL”un MDB-da axtarışda olan avtomobillərin siyahısında deyil. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsinin şassi nömrəsində olan «*XLRTEH4300G034942*» hərf və rəqəmlər qeyri-zavod üsulu ilə vurulmuş hərf və rəqəmlərə olmasını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, şassi nömrəsini «XLRTEH4300G034942» və mühərrik nömrəsini «A 189069» göstərən hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərin vurulması iddiaçının iradəsindən asılı olmamış, iddiaçı vicdanlı alıcı kimi qeyd olunan qüsurdan xəbərsiz olaraq avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. Həmin məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində, həmçinin o da müəyyən olunmuşdur ki, avtonəqliyyat vasitəsinin digər hissəsində yerləşən zavod lövhəsi, yəni birka üzərində də nəqliyyat vasitəsinin şassi nömrəsi əks olunmuşdur ki, lövhədə qeyd olunan şassi nömrəsi ilə kustar üsulla da olsa avtonəqliyyat vasitəsində həkk olunan şassi nömrəsi eyniyyət təşkil edir. Qərardan da göründüyü kimi həmin lövhədə vurulan şassi nömrəsi isə kustar üsulla olmayıb, zavod üsulu ilə vurulmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın özündə də avtonəqliyyat vasitəsinin qeydiyyata alınması məsələsi istisna edilməmiş, işin hallarından asılı olaraq avtonəqliyyat vasitəsinə mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək hüququ da tərəfə izah edilmişdir. Bundan əlavə, işin faktik halları ilə bağlı məhkəmənin sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli, 3-13-16/2-114251 nömrəli məktubuna əsasən ban nömrəsi: XLRTEH4300G034942 olan “Daf XF 460FT” markalı nəqliyyat vasitəsi “İNTERPOL”un MDB-da axtarışda olan avtomobillərin siyahısında mövcud olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitəsində şassi nömrəsinin kustar üsulla vurulmasının iddiaçının iradəsindən asılı olmayan hal olması öz təsdiqini tapır. Həmçinin, iş materialları ilə də müəyyən olunur ki, iddiaçı ölkəyə avtonəqliyyat vasitəsinin gətirilməsi ilə bağlı gömrük ödənişlərinin həyata keçirməsinə də təmin etmiş, avtonqəliyyat vasitəsi qanuni əsaslarla ölkəyə daxil edilmişdir. Göründüyü kimi avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus DAF XF 460 FT yük markalı, 73-BDX-8 Holland dövlət nömrə nişanlı, yəhərli-dartıcı tipli, XLRTEH4300G034942 şassi nömrəli, sarı-ağ rəngli, 2014-cü il buraxılışlı avtomobilin iddiaçının adına dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatı şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar