Məhkəmə qərarları › İş №2-1(120)-3576/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3576/2024

30.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3576/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İddiaçı münasibətdə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı il, doğum yerinin Ermənistan Respublikası Zəngibasar rayonu Sarcalar kəndi, adının İddiaçı, ananın adının X2, ananın milliyətinin Azərbaycanlı yazılması, atanın adının X3, milliyətinin Azərbaycanlı yazılması və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “İddiaçı münasibətdə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı il, doğum yerinin Ermənistan Respublikası Zəngibasar rayonu Sarcalar kəndi, adının İddiaçı, ananın adının X2, ananın milliyətinin Azərbaycanlı yazılması, atanın adının X3, milliyətinin Azərbaycanlı yazılması və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1976-cı ildə Ermənistan Respublikası Masis (Zəngibasar) rayonu Sancalar kəndində anadan olmuş və doğum faktı Ermənistan Respublikası Kalinin İN tərəfindən xx.xx.1976-cı il tarixli 12 nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Doğumum haqqında verilmiş şəhadətnamədə doğum tarixi xx.xx.1976-cı il, doğum yeri Ermənistan Respublikası Masis (Zəngibasar) rayonu Sancalar kəndi, tam adı İddiaçı, anasının adı X2, anasının milliyətinin azərbaycanlı yazılmış, ata haqqında məlumatlar qrafası valideynlərinin nikahı olmadığı üçün, tək anasının ərizəsinə əsasən X3, milliyyəti azərbaycanlı yazılmışdır. Lakin aşağıdakı göstərdiyi səbəblərdən hazıradək Azərbaycan Respublikasının vətəndaşı üçün müəyyən edilmiş formada şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Belə ki, bir müddət öncə şəxsiyyət vəsiqəsi almaq üçün ASAN xidmət mərkəzinə müraciət etmiş, lakin həmin vaxt doğumu haqqında akt qeydinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud olmadığı üçün aktın bərpası zərurəti yaranmışdır. Bundan sonra doğumu haqqında akt qeydinin bərpa edilməsindən ötrü Cavabdehnə müraciət etmiş, lakin həmin qurumdan verilmiş rəsmi cavabda şəxsiyyət vəsiqəsi olmadığı üçün onun doğum haqqında şəhadətnaməmə əsasən doğum haqqında akt qeydinin bərpasının təmin edilməsinin mümkün olunmadığı bildirilmişdir. Surətlərini iddia ərizəsinə əlavə etdiyi N-CL № 112818 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, doğum faktı Ermənistan Respublikası Kalinin İN tərəfindən xx.xx.1976-cı il tarixli 12 nömrəli aktla dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan sənəd qanunvericiliyin tələbi baxımından aktın bərpa olunaraq Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almağı üçün yetərlidir. Lakin informasiya sistemində doğumu haqqında məlumatın olmaması şəxsiyyət vəsiqəsi almağına maneə yaratmış, digər tərəfdən isə şəxsiyyət vəsiqə olmadığı üçün doğum aktının bərpa edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"ın 16.-cı bəndində göstərilir ki, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktlarının itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göstərilən normanın bu tələbi baxımından mənə Ermənistan Respublikası Kalinin İN tərəfindən verilmiş N-CL № 112818 seriya nömrəli doğum haqqında şəhadətnamə, doğumum haqqında akt qeydinin bərpa edilməsi üçün əsasdır. Lakin şəxsiyyətimi təsdiq edən sənəd (şəxsiyyəti vəsiqəsi) olmadığı üçün Cavabdeh doğumum haqqında akt qeydini bərpa etməkdən imtina etmişdir. Surətlərini iddia ərizəsinə əlavə etdiyi Salyan rayonu Qaraçala qəsəbə İH-nin ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda doğum tarixini, soyad, ad və ata adı barədə məlumatlar öz əksini tapmışdır. Onun İddiaçı olmağını tanınmalı və doğumum haqqında akt qeydinin bərpa edilməsi və yeni şəhadətnamə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar (məcburetmə haqqında iddia) inzibati məhkəmələr tərəfəindən həyata keçirilir. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Göstərilənlər əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 305-311 -ci maddələrini və İPM-nin 68, 69 və 73-cü maddələrini rəhbər tutaraq, İddiaçı münasibətdə şəxsiyyət vəsiqəsi olmadan doğumu haqqında akt qeydinin bərpa edilməsi və doğumu haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı il, doğum yerinin Ermənistan Respublikası Zəngibasar rayonu Sancalar kəndi, adının İddiaçı, anasının adının X2, anasının milliyətinin azərbaycanlı yazılması, atasının adının X3, milliyyətinin azərbaycanlı yazılması və yeni şəhadətnamə verilməsi öhdəliyinin Salyan regional “ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmədə iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Ermənistan Respublikası Masis (Zəngibasar) rayonu Sancalar kəndində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X4, anası X1 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mingəçevir şəhəri polis şöbəsinin xx.xx.1993-cü il tarixli, XXV-ЖГ 671910 nömrəli Pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildə Ermənistan Respublikası Masis rayonu Sarcalar kəndində doğulmuşdur, milliyyəti azərbaycanlı kimi qeyd edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakmiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, İddiaçı həqiqətən Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çadırlı kəndində yaşayır. İş materiallarında olan Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 15-580/2024 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"rın 9.8.-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi tələbininin icrasından imtina olunur və bildiririk ki, müraciətinə baxılmasının nəticəsindən onun subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.2,-ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2,-ci maddəsinə əsasən sizin məcburetmə haqqında iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. İş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-11-757/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Ermənistan Respublikasında doğulduğu üçün doğumu haqqında akt qeydi elektron informasiya sistemində və qeydiyyat şöbəsinin arxivində mövcud deyil. Eyni zamanda bildiririk ki, iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi barədə Cavabdehnə müraciət etmişdir. Lakin məlum olmuşdur ki, onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Göstərilənlərə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi barədə vətəndaşın tələbinin icrasından imtina olunmuşdur. İş materiallarında olan Salyan rayon İcra Hakmiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5- 71-7/2-111 nömrəli məktubunda qey edilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-7/2-419 nömrəli arayışın verilməsinə əsas İddiaçı Salyan rayonu Çadırlı kəndinin ev təsərrüfatlarının elektron uçotu kitabında şəxsi hesab 383, kitab 10, səhifə 102-də qeydiyyat olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati-Prosesul Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydanın 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, iddiaçının doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən - Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından iddiaçının Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranmışdır. Ermənistana gedə bilmədiyi üçün iddiaçı “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət edib və doğum akt qeydinin bərpa olunmasını və şəhadətnamənin verilməsini istəyir. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu səbəbdən də “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 19-cu bəndində göstərilən inzibati hərəkətin həyata keçirilməsinin (rəy və toplanmış digər materialların icra üçün Ermənistana göndərilməsinin) mümkün olmaması doğum akt qeydinin bərpasından imtina üçün legitim səbəb təşkil edə bilməz. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı dövlət mənafeyi üçün əhəmiyyət kəsb edir və vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda iddiaçının doğumu barədə itirilmiş qeydin bərpa edilməməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu cür bərpanın edilməməsi iddiaçının şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Məhz buna görə də, təcrübədə doğumu Ermənistan SSR-də qeydə alınmış Azərbaycan vətəndaşlarının (eləcə də, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSR-dən qaçqın düşmüş şəxslərin) vətəndaşlıq vəziyyəti aktlarının (o cümlədən doğum akt qeydlərinin) bərpası onların təqdim etdikləri doğum haqqında və digər şəhadətnamələr əsasında həmin şəxslərin Azərbaycanda yaşayış yeri üzrə qeydiyyat şöbələri tərəfindən birbaşa bərpa edilir və buna dair sistemli inzibati praktika mövcuddur. Məhkəməhesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina üçün əsaslar olmamış və imtinası formal xarakter daşımışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı münasibətdə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı il, doğum yerinin Ermənistan Respublikası Zəngibasar rayonu Sarcalar kəndi, adının İddiaçı, ananın adının X2, ananın milliyətinin Azərbaycanlı yazılması, atanın adının X3, milliyətinin Azərbaycanlı yazılması və yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 73-cü, 75-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı münasibətdə şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1976-cı il, doğum yerinin Ermənistan Respublikası Zəngibasar rayonu Sarcalar kəndi, adının İddiaçı, ananın adının X2, ananın milliyətinin Azərbaycanlı yazılması, atanın adının X3, milliyətinin Azərbaycanlı yazılması və yeni şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar