Məhkəmə qərarları › İş №2-1(120)-361/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-361/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-361/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarının ona aid olan hissəsində ləğv edilməsini və müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2016-cı il tarixində təyin edilmiş 3-cü qurup əlillik dərəcəsinin xx.xx.2021-ci il tarixindən həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən müddətsiz olaraq bərpa edilməsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarının ona aid olan hissəsində ləğv edilməsini və müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 may 2022-ci il tarixində cavabdehin təyin etdiyi vaxtda və yerdə əyani tibbi müayinədən keçdikdən sonra uzun müddət müayinənin nəticələri barədə ona məlumat verilməmişdir. 01 oktyabr 2022-ci il tarixində isə çoxsaylı müraciətlərindən sonra əlillik təyinatından imtina edilmiş və səbəb kimi “diaqnozun əlillik əlaməti təyin etməməsi” qeyd edilmişdir. Müraciəti cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. xx xxxx 1973-cü il tarixində Qazı-Məmməd şəhərində doğulmuş və hazırda ünvan 1 ünvanında yaşayır. 1992-1996-cı illərdə həqiqi hərbi xidmətdə olmuş və 23 yanvar 1994-cü il tarixində Horadiz qəsəbəsinin müdafiəsi zamanı yaralanmış, Saatlı Mərkəzi Rayon Xəstəxanasında və DİN Daxili Qoşunlarının hərbi qospitalında müalicə almış, həmin dövrdə aldığı travmaya qoyulan diaqnozun məcmusu belədir: - Sol əlin, saidin aşağı 1/3 hissəsinin parçalanmış güllə yarası. Dirsək sinirinin zədələnməsi. Sol bilək oynağının kontrakturası. Bu diaqnozlar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-Həkim Komissiyasının 23 avqust 2013-cü il tarixli, 32 nömrəli qərarı (sonradan- HHK Qərarı) ilə təsdiq edilmişdir. Həmin bu qərarda qeyd edilən diaqnozlar və onların tibbi ağırlaşmaları əsasənda cavabdeh mən iddiaçıya 04 iyul 2016-cı il tarixində növbəti beş illik dövr üçün 3-cü qrup əlillik təyin etmişdir. 04 iyul 2021-ci il tarixində həmin beş illik dövr başa çatmış və son beş il ərzində eyni diaqnozlarla müalicə almağı barədə epikrizlərlə və Azərbaycan Rerspublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (sonradan-İnstitut) tibbi rəyini əlillik müddətinin uzadılması məqsədilə göndəriş tərtib edilməsi üçün yaşadığı ərazi üzrə səhiyyə müəssisəsinə təqdim etmişdir. Həmin sənədlər əsasında müvafiq göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh tərəfindən əlillik təyinatından dərhal imtina edilərək əsas olaraq, əlilliyin təyin edilməsi üçün cavabdehin yerli şöbəsinə müraciət edtməyim tövsiyyə edilmişdir. Cavabdehin yerli strukturunda bildirilmişdir ki, “bu cür tövsiyyə edildikdə, bilavasitə cavabdehin mərkəzi ofisində (cavabdehin ünvanında) əyani tibbi müayinədən keçmək zəruridir”. Onlayn növbə götürərək cavabdehin ünvanına getmiş və əyani tibbi müayinədən keçmək üçün növbəyə yazılmış, cari ilin may ayında cavabdehin iş telefonundan zəng edilərək 13 may 2022-ci il tarixində saat 14:00-da cavabdehin ünvanında əyani tibbi müayinəyə dəvət edilmiş, həmin tarixdə cavabdehin tələb etdiyi sənədlərin əsillərini təqdim edərək əyani tibbi müayinədən keçmiş, müayinədən keçdikdən sonra orada həkimlər “on beş iş günü ərzində müayinənin nəticələri barədə telefonuna SMS göndəriləyi bildirilmişdir. Lakin dörd aydan çox müddət keçməsinə baxmayaraq, belə bir SMS gəlməmişdir. Cavabdehin qaynar xətti olan 142 nömrəsinə zəng edərək bunun səbəbini soruşduqda, operator bildirmişdir ki, (danışıqlar qeydə alınır, məhkəmə sübut kimi cavabdehdən həmin zəngin audioyazısını tələb edə bilər) indiyə qədər demək olar ki, may ayında keçirilmiş bütün əyani müayinə barədə hamıya SMS-lər göndərilmişdir. Ona keçdiyi müayinə barədə sistemdə heç bir məlumat yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı “ əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə dair etirazı diqqətinizə çatdırırıq. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 37 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 22) Şirvan rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 32 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol əlin, saidin aşağı 1/3 hissəsinin parçalanmış cıüllə yarası. Dirsək sinirinin zədələnməsi. Sol əlin və sol saidin aşağı 1/3-nin dəlib keçən güllə yarasından sonrakı vəziyyət. Sol bilək oynağının kontrakturası. Dirsək sinirinin zədələrıməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol biləyin iç səthində çapıq toxuma, sol əlin İİ barmağının distal falanqası səviyyəsindən rezeksiyası, sol yuxarı ətraf əzələlərinin gücü 4,5 bal müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarından görünür ki, 22) Şirvan rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2013-cü il tarixli 32 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol əlin, saidin aşağı 1/3 hissəsinin parçalanmış güllə yarası. Dirsək sinirinin zədələnməsı. Sol əlin və sol saidin aşağı 1/3-nirı dəlib keçən Qüllə yarasından sonrakı vəziyyət. Sol bilək oynağının kontrakturası. Dirsək sinirinin zədələnməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol biləyin iç səthində çapıq toxuma, sol əlin İİ barmağının distal falanqası səviyyəsindən rezeksiyası, sol yuxarı ətraf əzələlərinin gücü 4,5 bal müəyyən edilmiş, əlillik təyinatına əsas verən patofunksional pozuntular izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qymətləndirilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı dair Şirvan Şəhər Mərkəzi Xəstəxanası tərəfindən “Əlillik" altsisteminə O2540O3AAJER göndəriş (Forma-088) daxil olmuşdur. Həmin göndəriş əsasında vətəndaş 13 05.2022-ci ildə Agentliyin Tibbi- Sosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin əlillik vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən xəstəlik və ağırlaşmalar aşkar edilməmişdir. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA 3073654) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; - İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? - İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? - Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları (Diaqnozun əlillik əlaməti təyin etməməsi – diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilib) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? - “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X8 tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verirmi, göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə konkret olaraq hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan xəstəliklə bağlı maddə konkret göstərilməklə)? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdikləri 28 aprel 2023-cü il tarixli, T224/2023 saylı rəydə göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.3.5.6.7. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə tibbi müayinədən keçərkən Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2023-cü il tarixdə ona kliniki, rentgenoloji və EMQ müayinələrindən sonra “Sol əlin və sol saidin aşağı 1\3-nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol əlin İİ barmağının distal falanqasının amputasiyası. Saidin ön səthinin mil-bilək oynağının ağrılı dartıcı çapıq toxuması. Sol dirsək sinirinin postravmatik neyropatiyası. Sol saidin və əlin əzələ atrofıyası. Mil-bilək oynağının deformasiyaedici artrozu, kontrakturası (bükmə-10° açma-10°). Sol saidin pronasion və supinasion kontrakturası 50°. Sol əlin falanqa daraq oynaqlarının kontrakturası. Əlin tutma funksiyasının pozulması. Sol yuxarı ətrafın funksiya pozğunluğu. Daimi ağrı sindromu. Sol yuxarı ətrafın monoplegiyası. Y36.4; N32.; S68.1; Z89.6; L91; G56; M62.5; S81.2; M19.; M24.5; M19.2; R52.0; R26.0” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində tərtib edilmiş N: 088 saylı göndərişlərdə qeyd edilmiş “diaqnozlar onun istər xx.xx.2023-cü il tarixdə, istərsə də xx.xx.2023-cü il tarixli 1668 saylı məktubdakı diaqnozları ilə ümumən eynilik təşkil edir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aid edilmişdir. 2.4.8.İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin xəstəliklər onda hazırda da müəyyən olunur. 9.10.Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar, xəstəliklər kəskinləşdiyi hallarda müalicəyə cəlb edilirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - xx.xx.1973-cü ildə Qazı-Məmməd şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (ş/v seriyası AA 3073654) hazırki vəziyyətini əks etdirən diaqnozu ona birinci, ikinci və ya üçüncü dərəcə əlilliyin təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə” qeyd olunan hallara uyğundurmu? - Uyğunluq təşkil etdiyi halda İddiaçı xəstəlik vəziyyəti hansı dərəcə əlilliyə uyğun gəlir? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdikləri 30 oktyabr 2023-cü il tarixli, T747/2023 saylı rəydə göstərilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Sol əlin və saidin aşağı 1/3-nin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol əlin İİ barmağının distal falanqasının amputasiyası, saidin ön səthinin mil-bilək oynağının ağrılı, dartıcı çapıq toxuması” diaqnozu xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Məhkəmənin 17 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçıya canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-18908/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün qeydiyyat ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-Q-17040/2024 nömrəli bildiriş məktubu göndərilərək xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin tarixdə vətəndaş Agentliyə yaxınlaşmış, lakin komissiyada iştirak etməkdən imtina etmişdir. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 verdiyi 28 aprel 2023-cü il tarixli, T224/2023 saylı və 30 oktyabr 2023-cü il tarixli, T747/2023 saylı rəyləri ilə iddiaçıda əlilliyin təyini ilə əlaqədar qeyd edilən xəstəliklərin olduğu göstərilmiş, lakin iddiaçının əliliyinin müəyyən edilməsi mümkün olmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Məhkəmənin hüquqi mövqeyi (iddiaçının etmiad hüququ, əlillik təyin edilən zaman iddiaçıda olan xəstəliklərin hal-hazırdada mövcud olması, ağırlaşmalar) inzibati orqan tərəfindən nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar