Məhkəmə qərarları › İş №2-1(120)-3623/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3623/2025

28.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3623/2025 28.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “17 aprel 2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “17 aprel 2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, “Torpağa mülkiyyət hüququna dair” JN-0099, KOD 60618018 nömrəli xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 1.26 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin koordinatlarının naturada müəyyənləşdirilərək, torpaq sahəsinin yerində təhvil verilməsi məqsədi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməmişdir, xx.xx.2025-ci il tarixli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.04 ha və 0.22 ha torpaq sahələrinin ölçülərək göstərilməsi barədə 14 mart 2025-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sahəsinə dair hesablanmış xidmət haqqı ödənildikdən sonra müraciətə qanunvericiliyin tələblərinə uyğun yenidən baxılması təmin ediləcəkdir. İddiaçı müraciətə cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu hesab edir. İddiaçı torpaq sahəsinin kadastrını, qeydiyyatını və ya texniki inventarlaşdırılmasını tələb etmədiyini bildirir. Sadəcə olaraq, özünə məxsus torpaq sahəsinin yerini bilmək istəyir ki, bunun üçün hansısa ödənişin həyata keçirilməsinin ondan tələb edilməsi tamamilə qanunsuz və əsassız olduğunu düşünür. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh öz imtinasında Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə istinad etmişdir ki, həmin tariflərdə göstərilən xidmətlər onun cavabdehdən tələb etdiyi xidmətlərə aidiyyəti yoxdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 17 aprel 2025-ci il tarixli imtinasının qanunsuz hesab edilərək Füzuli rayonu, Kərimbəyli kəndiərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi öhdəliyini icra etmək vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı yənihazırki tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi və digər formal pozuntuların aradan qaldırılması üçün iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-3623/2025 nömrəli məktubla yazılı hüquqi yardım edilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddia ərizəsinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin smetasında qeyd edilmiş xidmətlər arasında “Xİİ bölməsində torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi barədə” məlumat öz əksini tapır və tarifi-qiymət barədə ətraflı məlumat göstərilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, xidmət haqqı (dövlət rüsumu) ödəməklə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi ilə bağlı müraciət etməlidir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddiaçı sənədlərlə birlikdə iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə, yəni Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “17 aprel 2025-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar