Məhkəmə qərarları › İş №2-1(120)-3627/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3627/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3627/2025 01.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən Lənkəran rayonu, İstisu qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə edilmiş texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, o, X13 ilə 17 il birgə nikahda olmuş və 4 il öncə aralarında olan nikah qeydi pozulmuş və onlar ayrılmışlar. Lənkəran rayon İstisu bələdiyyəsi 2004-cü il tarixdə özünün 11 saylı qərarı ilə qaynatası Lənkəran rayonu, İstisu qəsəbə sakini X12 İsti-su bələdiyyəsinin mülkiyyətində olan K.P.İ fond torpağından həyətyanı üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan sonra o, Lənkəran rayon İstisu bələdiyyəsinə müraciət edərək ailəsi üçün 0.08 ha həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lənkəran rayon İstisu bələdiyyəsi də qaynatası X12 ayrılmış torpaq sahəsinin kənarında 0.08 ha həyətyanı torpaq sahəsi ayıraraq ona təhvil vermiş və bildirmiş ki, o, həmin torpaq sahəsinə görə ödənişi həyata keçir, onunla sənələşdirmə işlərini həyata keçirsinlər. O, Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsinə görə Lənkəran rayon İstisu bələdiyyəsinin hesabına 500 manat pul ödəmişdir. Sonradan Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsində özü üçün fərdi yaşayış evi inşa etmiş. Lakin sonradan Lənkəran rayon İstisu bələdiyyəsi ona ayırdığı 0.08 ha torpaq sahəsinin sənədləşmə işlərini qəsdən yubatmağa başlamışdır. Hazırki günə kimi Lənkəran rayon İstisu bələdiyyəsi ona ayırdığı həmin 0.08 ha torpaq sahəsinin sənədləşdirmə işlərini aparmamışdır. Çünki, Lənkəran rayon İstisu bələdiyyəsinin sədri Rahim onun qaynatası olmuş mərhum X10 qohumudur. Mərhum qaynatası xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. O, X5 boşandıqdan sonra Lənkəran rayon İstisu bələdiyyəsinin sədri Rahim saxta sənədlərlə onun özü üçün inşa etdiyi fərdi yaşayış evini X6 bacısı olan X3 adına qeydiyyata aldırmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən bu barədə X3 adına çıxarış da verilmişdir. Onun adına çıxarış verilərkən həmin çıxarışa əlavə olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sxem və plan ölçüsünü özündə əks etdirən texniki parportda verilmişdir. Həmin texniki pasporta həmçinin onun tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ölçü və parametrləri də öz əksini tapmışdır. Həmin texniki pasportda öz əksini tapan torpaq sahəsinin koordinat və döngə nöqtələririnin yeri dəyişdirilərək Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsinin üzərinə sürüşdürülmüş, Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən ona ayrılmış 0.08 ha torpaq sahəsinin koordinat və döngə nöqtələrinin yeri dəyişdirilərək Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən mərhum qaynatası X12 ayrılmış 0.06 ha torpaq sahəsinin üzərinə sürüşdürülmüşdür. Yəni torpaq sahələrinin yeri dəyişdirilmişdir. Lənkəran rayon İstisu bələdiyyəsinin sədri bunu ona görə etdirmişdir ki, onun özü üçün inşa etdiyi fərdi yaşayış evi Lənkəran rayon İstisu bələdiyyəsi tərəfindən mərhum qaynatası X12 ayrılmış 0.06 ha torpaq sahəsinin üzərinə düşsün və onun inşa etdiyi fərdi yaşayış evinin sahibi kimi Lənkəran rayon İstisu bələdiyyəsinin sədri Rahimin qohumu olan onun mərhum qaynatası X14 dövlət qeydiyyatına alınsın və o, vəfat etdiyi üçün həmin fərdi yaşayış evinin mülkiyyətçisi sonda onun vərəsəsi olan onun keçmiş baldızı X9 olsun. Hansı ki, bütün bunlar saxtakarlıqlarla həyata keçirilmişdir. Çünki həmin fərdi yaşayış evi 2013-cü il tarixdə inşa edilmiş, qaynatası X14 isə xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Belə olan halda xx.xx.2011-ci il tarixdə vəfat edən adam 2013-cü ildə fərdi yaşayış evi inşa edə bilməz. O, bununla bağlı əvvəlcə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş. Lənkəran rayon Məhkəməsi özünün qətnaməsi ilə onun iddia tələbini rədd etmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş. Şirvan Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətinə baxaraq qismən təmin etmiş, həmin iddia tələbi üzrə icraata xitam vermiş və ona Şirvan İnzibati Məhkəməsinə bununla bağlı iddia ərizəsi ilə müraciət etməyi qərara almışdır. Ona görə də o, hazırki ərizə ilə müraciət edib və xahiş edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsi tərəfindən Lənkəran rayonu, İstisu qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə edilmiş texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, İstisu qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə edilmiş texniki pasportun ləğv edilməsi barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə hazırki iş üzrə iddiaçı tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Məlumat üçün bildirir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan xüsusatlar hazırki iş üzrə iddiaçının nəzərinə çatdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Lənkəran rayon İsti-su bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 11 saylı qərarından görünür ki, Lənkəran rayonu İsti-su qəsəbə sakini X11 İsti-su bələdiyyəsinin mülkiyyətində olan K.P.İ-fond torpağından həyətyanı üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. xx.xx.2004-cü il tarixdə 788 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı satqısına dair aktdan görünür ki, Lənkəran rayonu İsti-su qəsəbəsində yaşayan X11 İsti-su bələdiyyəsinin mülkiyyətində olan torpağından həyətyanı üçün 600 kv.m torpaq sahəsi satılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsindən 0.06 ha torpaq sahəsi X7 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Əlikərəm Fərhad oğlunun qanun üzrə vərəsəsidir və o, miras əmlakdan pay almışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Lənkəran rayonu, İstisu qəsəbəsində yaşayış məntəqələrinin torpaqlarından 0.06 ha torpaq sahəsi X2 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı X4 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən Lənkəran rayonu, İstisu qəsəbəsində 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X3 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə edilmiş texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddiaçıya hüquqi yardım məktubu ünvanlamış və subyektiv hüququnun müəyyən olunmaması, tələbin düzgün olmadığını, bülə ki, çıxarışın deyil, çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədləri mübahisələndirməli olduğunu qeyd edərək qanunvericiliyin iddianın mümkünlüklə bağlı şərtlərini ətraflı şəkildə izah etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi sənədlərlə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə onun mülkiyyət və ya digər hüquqlarına müdaxilə, həmçinin hüquqlarının məhdudlaşdırılması müəyyən edilmir. Həmçinin məhkəmə iş materiallarından müəyyən edir ki, mübahisələndirilən çıxarış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmişdir və belə olan halda həmin mübahisəyə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmədə baxılmalıdır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 14 may 2025-ci il tarixli hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar