Məhkəmə qərarları › İş №2-1(120)-3642/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3642/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3642/2024 18.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının mərhum atası X4 Cəlilabad şəhəri ərazisindən 959,78 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1964-cü ildə X2 adına rəsmiləşdirilmiş həmin 0,238 ha torpaq sahəsinin ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 18 dekabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 3 may 2001-ci il tarixli, 03 saylı qərarına əsasən ləğv edilmiş DTXK-nın Cəlilabad rayon şöbəsi tərəfindən mərhum atası X2 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair 238456 nömrəli sənədin ləğv olunması və mərhum atası X1 miras qalmış Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında ilkin sənəddə (pasport) göstərilən əraziyə və koordinatlara uyğun arayış verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin Cavabdeh ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının mərhum atası X4, eləcə də 1964-cü ildə onun adına rəsmiləşdirilmiş həmin 0,238 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi Cavabdeh ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının mərhum atası X4 Cəlilabad şəhəri ərazisindən 959,78 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1964-cü ildə X2 adına rəsmiləşdirilmiş həmin 0,238 ha torpaq sahəsinin ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1997-ci ildə dünyasını dəyişmiş mərhum atası X4 1963-cü ildə keçmiş Astraxanbazar (indiki Cəlilabad) şəhərinin keçmiş 1 may (indiki Şəhriyar) küçəsində ev tikib yaşamaq üçün müvafiq dövlət orqanları tərəfindən 0,238 ha torpaq sahəsi ayrılmışdır. Mərhum atası həmin sahədə fərdi yaşayış evi və saray inşa etmiş, eləcə də bağ salmışdır. 1964-cü ilin yanvar ayında həmin sahə rayon kommunal təsərrüfatı şöbəsi tərəfindən inventarizasiya olunmuşdur. Bundan sonra mərhum atasına rayon kommunal təsərrüfatının müdirinin imzası və müvafiq möhürlə təsdiqlənmiş 51.8 kv.m yaşayış evi, 12.0 kv.m saray, 1904.0 kv.m bağ və 424 kv.m həyəti (cəmi 2380 kv.m) olan həmin yerə dair 177 saylı inventarizasiya kartası və onun əsasında mərhum atasının adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasport verilmişdir. 28 noyabr 2023-cü il tarixdə onun ərizəsinə əsasən Cəlilabad rayon 1 saylı notariat ofisində mərhum atasından qalmış miras əmlakı barədə qanun üzrə vərəsəlik açılmışdır. 18 aprel 2024-cü il tarixdə onun verdiyi etibarnamə əsasında X3 onun adından Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, mərhum atasından miras qalmış həmin fərdi yaşayış evinə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsini xahiş etmişdir. 8 saylı Cəlilabad Ərazi İdarəsi adı çəkilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 0,0959 ha kimi ləğv olunmuş DTXK-nın Cəlilabad rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyini (sənədin nömrəsi 238456) əsas gətirərək müvafiq arayış verilməsindən imtina etmişdir və həmin ölçüdə mərhum atasına torpaq sahəsi verilməsi barədə Cəlilabad rayon Aqrar islahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş 238456 nömrəli sənədi onlara təqdim etmişdir. Düşünür ki, 1997ci ildə dünyasını dəyişmiş mərhum atasının adına pasportda (ilkin sənəddə) 0,238 ha göstərilməsinə baxmayaraq 0,0959 ha torpaq sahəsi ayrılması barədə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının verdiyi 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı yanlışdır, qeyri qanunidir, heç nəyə əsaslanmayıb və buna görə də həmin qərar əsasında ləğv olunmuş DTXK-nın Cəlilabad rayon şöbəsinin mərhum atası X2 adına 0,0959 ha torpaq sahəsinə verdiyi 238456 nömrəli sənəd ləğv olunmalıdır. Bildirir ki, mərhum atasından miras qalmış 0,238 ha torpaq sahəsi və fərdi yaşayış evi rəsmi qaydada heç kimə satılmayıb, heç kimə bağışlanmayıb, heç kimə vəsiyyət edilməyib və vərəsələr arasında bölünməyib. Həmin torpaq sahəsi ilə ona aid olan sənəd (pasport) üst-üstə düşməklə eynilik təşkil edir və hal-hazırda faktiki olaraq ailələrinin istifadəsindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə “X12 Komissiyasının yaradılması haqqında” 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı, Azərbaycan Respublikası X12 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1995-ci il 14 aprel tarixli, 313 nömrəli fərmanları qüvvədən düşmüş hesab edilmişdir. Ləğv edilən Azərbaycan Respublikası X12 Komissiyasının müvafiq sənədləri, X10 X7 Agentliyinin sənədləri və əmlakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilmişdir. Yuxarıda göstərilən Fərmanlara əsasən Cavabdeh qismində çıxış edə bilməz. Qeyd edilənlərə əsaəsn İddiaçı iddia ərizəsinin məhkəmə qaydasında araşdırılmasına etiraz edirlər. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mərhum atasının adına verilmiş torpaq sahəsinin plan və ölçüsünə dair həmin sənəd DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən tərtib edildiyindən iddia tələbi məhz Cavabdeh məlum qərarının mərhum atasına aid olan hissəsinin ləğv olunması barədə qoyulmalıdır. Bununla bağlı bildirir ki, məhkəmə qaydasında ləğvini tələb etdiyi sənədlərdən, eləcə də həmin sənədlərin kim tərəfindən, nə vaxt və hansı qərarla verilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Elə buna görə də əvvəllər bu barədə məhkəmədə iddia qaldırmaq imkanları olmamışdır. Qeyd olunanları nəzərə alaraq qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərək, ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsini xahiş edir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X11 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X11 ərizəyə uyğun izahat verərək, buraxılmış prosessual müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X12 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət AİK daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası X12 Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Mübahisələndirilən qərar əsasında iddiaçının adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsünə dair sənədin 2010-cu ildə verildiyi və həmin torpaq sahəsinin plan və ölçüsünə dair sənəddə də bilavasitə istinad edildiyi nəzərə alındıqda, iddiaçının həmin qərardan məlumatsız olduğuna dair dəlilləri əsassızdır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının prosessual müddətin bərpasına dair ərizəsinə gəldikdə, İPM-in 24.1-ci maddəsinin tələbindən göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Mübahisələndirilən qərarın verildiyi 2001-ci ildən başlayaraq iddiaçının sərəncamında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində nəzərdə tutulmuş 1 ay sərbəst prosessual müddət olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı məhkəmə qaydasında ləğvini tələb etdiyi sənədlərdən, eləcə də həmin sənədlərin kim tərəfindən, nə vaxt və hansı qərarla verilməsi barədə onlara heç bir məlumat verilməmişdir. Elə buna görə də əvvəllər bu barədə məhkəmədə iddia qaldırmaq imkanları olmamışdır. Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Çünki, iddiaçının marağı olduğu torpaq sahəsinin sənəddə ölçüsünün nə qədər olması ilə 20 ildən artıq müddətdə maraqlanmaması ağlabatan deyildir. Müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün isə göstərilən hallar mövcud deyildir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, iddiaçının nümayəndəsi özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının mərhum atası X4 Cəlilabad şəhəri ərazisindən 959,78 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1964-cü ildə X2 adına rəsmiləşdirilmiş həmin 0,238 ha torpaq sahəsinin ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarının mərhum atası X4 Cəlilabad şəhəri ərazisindən 959,78 kv.m torpaq sahəsinin ayrılması hissəsində ləğv edilməsi və 1964-cü ildə X2 adına rəsmiləşdirilmiş həmin 0,238 ha torpaq sahəsinin ona ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar