Məhkəmə qərarları › İş №2-1(120)-3659/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3659/2025

30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3659/2025 30.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 vəkili, Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət edərək, onların, “Azərittifaqın” balansında olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 132 ( əmr kitabında 137) nömrəli mağazanın onların imtina ərizələri olmadan Beyləqanr ayonu Dünyamalılar kənd sakini X5 adına verilən xx.xx.2018-ci il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar Beyləqan rayonunun Dünyamalılar kəndində yaşamışdır. Azərittifaqın balansında olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 132 nömrəli mağazada, mağazanın fəaliyyəti dayandırılanadək satıcı işləyiblər. Mağazada satıcı işləməkləri əmək kitabçalarında əmrlərlə qeyd olunmuşdur. Əvvəllər kolxozda işləsələr də, sonradan yaşadıqları Beyləqan rayonunun Dünyamalılar kəndində 1980-cı ildə inşa edilmiş 110 kvadrat metr ölçüdə obyektdə işə götürülərək həmin mağazada ərzaq məhsullarının satışı ilə məşğul olmuşdurlar. Mağaza binası Azərittifaqın balansında olduğuna görə Azərittifaqın Beyləqan filialı tərəfindən həmin mağazaya 137 nömrəsi verilmiş, mağaza fəaliyyətini dayandırana kimi həmin mağazada müdir və satıcı vəzifəsində işləmişdirlər. O, həmin mağazanın müdiri, həyat yoldaşı Tənzilə isə satıcısı vəzifəsində işləmişdir. Mağaza fəaliyyətini dayandırdıqdan sonra həmin mağaza binası Azərittifaqın balansında qalmış, onlar hərdən qapısı bağlı vəziyyətdə olan mağazaya baş çəkmişdir. Övladları hərbi xidmətə getdikdən sonra, həmçinin pandemiya dövründə mağaza binasından istifadə etməmişdirlər. Mağazanın içərisində mağazaya aid olan soyuducu, aspirator və başqa əşyalar qalmışdır. Mağaza fəaliyyətini dayandırdıqdan sonra qanuna müvafiq olaraq həmin mağaza binasını özəlləşdirməkdən ötrü o, vaxtlar Beyləqan rayon İstehlak Cəmiyyətinin sədri müraciət etmişdirlər və özəlləşmə üçün müəyyən pul vəsaiti ödəmişdirlər. İllər ötsə də, mağaza binasının özəlləşdirilməsində onlara köməklik edilməmişdir. Mağazanın qonşuluğunda isə X5 vaxtı ilə işlətdiyi “Gülüstan” kafesi yerləşir. Onların işlətdiyi mağaza 2018-ci ildə X10 tərəfindən məlumatları olmadan yeməkxanadan mağaza binasına özbaşına daxil olaraq sxem və ölçü müəyyənləşdirmiş, yeməkxanaya öz adına çıxarış alarkən onların işlətdiyi mağanıda qanunsuz olaraq öz sxemlərinə daxil edərək mülkiyyət hüququna dair çıxarış almışdır. Yeməkxana Lamiyənin atası Sahib tərəfindən 2005-ci ildə özəlləşdirilmiş, 2018-ci ildə Sahib Cəfərov onların işlətdiyi və Azəriitifaqın balansında olan mağaza binasını qızı Lamiyəyə bağışlama yolu ilə verib çıxarış almışdır. Bu qanunsuz hərəkətlərdən məlumatları olduğuna görə Azərbaycan Respubliaksı Prokurorluğuna və başqa aidiyyəti orqanlara şikayət ərizəsi yazmışdırlar. Beyləqan rayon prokurorluğu tərəfindən toplanmış material üzrə xx.xx.2025- ci il tarixdə cinayət işi başlanılması rədd edilmişdir. Hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etsələr də, onlarda imtina etmişdir. Cavabdehin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqanın tərəfindən təqdim olunmuş 3-21-3-45/2-3701/2025 saylı, xx.xx.2025-ci il tarixli yazılı münhasibətdə (etirazda) göstərilmişdir ki, Beyləqan rayonu Dünyamalılar kənd sakini X5 adına verilən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil.Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Püquqi Şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsi dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək, ünvan reyestrini aparmaq, daşınmaz əmlak obyektlərinə ünvan vermək, qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın qiymətləndirilməsini həyata keçirmək, dövlət kadastrının və dövlət torpaq kadastrının tərtib edilməsi və aparılmasının həyata keçirilməsində iştirak etmək səlahiyyətlərinə malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən X5 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84-06101 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış xx.xx.2018-ci il tarixli, 4Ə-149 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında verilmişdir. Belə ki, sözügedən əmlak X14 tərəfindən X6 bağışlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və iddiaçının vəkili ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddianın mümkün hesab edirlərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatın yazılı etirazı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçıların, iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı halda işin hallarına nəzər salınanda görünür ki, məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 3- 21-3-45/2-339/2025 saylı, xx.xx.2025-ci il tarixli və 21-3-45/2-5223/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubları ilə təqdim olunmuş: Beyləqan RKC müvəkkilərin 12 mart 2004-cü il tarixli iclasının 2 №-li protokolundan müəyyən olunur ki, iclasın protokolu ilə Kooperasiya üzvü X9 Dünyamallar “Ticarət Mərkəzi”ndən ticarət sahəsi almaq barədə məsələsinin müsbət həll edilməsi; RKC idarə heyətinin mütəxəssislərinin alıcı ilə qiyməti razılaşma protokolu nəzərə alınaraq 1983-cü ildə istismara verilmiş ticarət sahəsindən balans dəyəri 43599600 manat, qalıq dəyəri 13600000 manat olan hissə kooperasiya üzvünün imtiyazları da nəzərə alınmaqla, ******* manata alıcı kooperasiya üzvü Cəfərov Sahibə satılması qərara alınmışdır. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Şəhərsalma Kadastr İdarəsi tərəfindən verilmiş 118 №-li qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən mağaza xx.xx.2005-ci il tarixdə 3/2 №-li reyestr kitabında 8-ci səhifədə 418 № ilə X9 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın Bağışlanması barədə xx.xx.2028-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, X2 rayonu Dünyamallar kəndi ünvanında yerləşən ümumi sahəsi 998,3 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə ona məxsus daşınmaz əmlakı X6 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışı ilə Beyləqan rayonu, Dünyamallar kəndində yerləşən ümumi sahəsi 538,1 kv.m olan qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində X5 adına qeydə alınmışdır. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən verilmiş İH-62 №li, xx.xx.2025-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir.Azərittifaq Nizamnaməsinin 6.2.8-ci maddəsinə görə Azərittifaqm üzvləri (rayon kooperativ təşkilatları) Azərittifaqla müştərək olan əmlak barədə sərəncam verməzdən əvvəl bu barədə X7 bildirməli və İdarə Heyətinin razılıq qərarını almalıdır.Həmin nizamnamənin 15.3.11-ci maddəsinə görə Azərittifaqm özünün və üzvləri ilə müştərək olan əmlaın özgəninkiləşdirilməsi ilə bağlı sərəncam verilməsi Azərittifaqm səlahiyyətinə aiddir.Beyləqan rayonun Dünyamalılar kəndində yerləşən 137 N°-li mağaza binasının X13ma və ya onun mərhum atası X1 barədə X8 müvafiq qərarı olmamışdır. İddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış alqı-satqı müqaviləsinin nəticəsi olduğundan hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Daşınmaz əmlakın alqı-satqısı və Dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Bu baxımdan nəzərə almaq lazımdır ki, iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat mülki-hüquqi əqd –bağışlama müqaviləsi əsasında aparıldığından, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş bağışlama müqaviləsi mübahisələndirilməklə həyata keçirilməlidir. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçılara və vəkilinə xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında şifahi qaydada hüquqi yardım göstərilərək izah olunmuşdur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvi ilə bağlı onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri mübahisələndirilməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəllələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar