Məhkəmə qərarları › İş №2-1(120)-367/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-367/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-367/2023 07.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 mart 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri, X6 yerləşən “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, ИНВ № 3Ф-983 nömrəli Texniki pasport və Lənkəran Şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 1/1312 nömrəli məktubu əsasında, ümumi sahəsi 27,1 kv.m ölçüsündə qeyri-yaşayış obyektinə (Köşk) onun xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X3 adına xüsusi mülkiyyət hüquqlarını təsdiq edən müvafiq texniki pasport və çıxarışın verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış binasına (anbar-mağazaya) dair mərhum atası X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran şəhəri, X9 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış obyektinin (köşkün) mərhum atası X5 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Lənkəran Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 yanvar 2004-cü il tarixdə vəfat etmiş atası X2 Lənkəran şəhəri, X6 yerləşən qeyri-yaşayış binası olan “Köşk” miras olaraq ona qalmışdır. Belə ki, 02 may 2001 ci il tarixli, “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m-dən ibarət qeyri-yaşayış binası olan “Köşk” rəhmətlik atası X3 mülkiyyətinə verilmişdir. Bu səbəblərdən rəhmətlik atası X3 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran Rayon Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru X3 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və qanunvericiliyin tələbinə əsasən onu, miras qoyanın vərəsəsi olması faktını müəyyən etmişdir. Odur ki, 18 oktyabr 2019-cu il tarixli, 2022 nömrəli müraciətlə, Lənkəran rayon 1 saylı Notariat Ofisi, onun yeganə vərəsə olmağı barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə məlumat vermişdir. Həmin müraciətdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, mərhum X2 miras qalmış daşınmaz əmlak barəsində müvafiq Çıxarışı tərtib edib bu sorğunu təqdim etmiş şəxs vasitəsilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərməyi xahiş edir. Rəhmətlik atası X5 qeyri-yaşayış obyekti olan “Köşk” “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A- 983 nömrəli Texniki Pasportunda 6,95 x 3.9 = 27,10 kv.m ölçülərində qeyd olunmuş hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Odur ki, mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, 25 oktyabr 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti 26 noyabr 2021-ci il tarixli, **********78 saylı “Ərizənin cavablandırılması haqqında” yaşadığı ünvana daxil olmuş məktubla DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavabında səbəb kimi; ölüm kağızı, vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran səhər XDS-nin qərarının əsli təqdim edildiyi təqdirdə, həmin sənədlərin əsasında hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Yəni bəzi qeyd edilən müvafiq sənədlər təqdim edilmədiyindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmadığını yazılı şəkildə bildirmişdir. Bir sözlə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal cavabından belə başa düşmək olur ki, guya aşağıdakı sənədlər təqdim olunmamışdır: 1). Rəhmətlik atası X3 ölüm kağızı; 2) Notariat kontoru tərəfindən xx.xx.2019-cu il tarixli, № 2022 saylı, vərəsəlik məktubu; 3) “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu. Halbuki, 25 oktyabr 2021-ci il tarixli müraciətində, 10 saylı Lənkəran Ərazi İdarəsinə atasının ölüm kağızı, vərəsəlik məktubu, Texniki Pasportun notarial təsdiq edilmiş surətləri qoşma kimi əlavə edilmişdir. Bir sözlə DƏDRX 10 saylı Ərazi İdarəsi faktiki istifadəsində olan və yuxarıda adları qeyd edilən hüquqmüəyyənedici sənədlərinin 25 oktyabr 2021-ci il tarixli ərizə vasitəsilə onlara təqdim edilməsinə baxmayaraq, 26 noyabr 2021-ci il tarixli, **********78 qeydiyyat nömrəli cavabında, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X5 məxsus qeyri-yaşayış obyektini onun adına, dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb gətirmədən yayınır, boyun qaçırır, imtina edir. Bu səbəblərdən “Aztexinventarlaşdırma’ İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m ölçülərində qeyri-yaşayış obyektinə (Köşk) xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X3 adına xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, miras əmlak olaraq Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ünvanında yerləşən qeyri-yaşayış binasına (anbarmağaza) dair müvafiq qeydiyyatın aparılması məqsədilə iddiaçının etibarlı nümayəndəsi X1 tərəfindən mərhum şəxsin adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunmaqla 19 noyabr 2018-ci il tarixli, ********** və eyni məzmunlu 05 dekabr 2018ci il tarixli, ********** qeydiyyat nömrəli ərizələrlə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Qeyd olunan ərizələrlə yanaşı təqdim olunmuş sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, miras əmlak olaraq sözügedən qeyri-yaşayış binasına dair həmin sənədlər üzrə faktiki yerində olan vəziyyət müayinə aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən miras əmlak olaraq sözügedən qeyri-yaşayış binasına baxış keçirilməli və həmin daşınmaz əmlakın faktiki tarixə uyğun mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Odur ki, qanunvericiliyə tam uyğun olaraq, həmin dövrdə qeyd edilən qeyri-yaşayış binasının faktiki yerində müayinə edilməsinə hazırki iş üzrə iddiaçı, yaxud etibarlı nümayəndəsi tərəfindən şərait yaradılmamışdır. Həmçinin, həmin ərəfədə iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən sənədlərin əsli deyil, surəti təqdim olunduğundan, eyni zamanda tələb olunan mühüm sənədlərdən sayılan ilkin torpaqayırma qərarı, vərəsəlik məktubu, Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış lisenziyalı layihə sənədləri və müvafiq qaydada təsdiqlənmiş tikilinin istismarına icazə sənədi təqdim olunmadığından, yuxarıda göstərilən ərizələrin icrası tərəflərindən təmin olunmamışdır. Belə ki, miras əmlak olaraq yuxarıda göstərilən ünvanda yerləşən həmin qeyri-yaşayış binası üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, tikilinin yerləşdiyi torpaq sahəsinin koordinat nöqtələri və təyinatı dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun həmin torpaq sahəsinin, həmçinin üzərində inşa edilmiş tikilinin ümumi ölçüləri göstərilməklə texniki pasport tərtib edilməlidir. Xidmət orqanı olaraq bildirirlər ki, həmin ərəfədə miras əmlak olaraq sözügedən qeyri-yaşayış binası üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı və aidiyyəti sənədlər tam təqdim olunmadığı səbəbindən ərizələrin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış 2022-ci il 11 yanvar tarixli, ********** qeydiyyat nömrəli təkrar ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Lənkəran şəhəri, X9 ünvanında yerləşən, mərhum atanızdan miras qalmış ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (Köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılmasına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının acarılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Həmçinin, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı mülkiyyətçi və ya onun etibarlı nümayəndəsi tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2021-ci il 04 yanvar tarixli, 2 nömrəli Qərarında nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi təmin edilməsidir. Ərizənizdə qeyd olunanlara münasibətdə bildiririk ki, miras əmlak olaraq Lənkəran şəhəri, X9 ünvanında yerləşən, barəsində qeyd olunan ümumi sahəsi 27.1 kv.m-dən ibarət həmir qeyri-yaşayış binasına (Köşk) dair ilkin hüquqmüəyyənedici ənədlərin (ölüm kağızı, vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran şəhər XDS-nin qərarı) əsli 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə, həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün yuxarıda qeyd edilən qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Belə ki, əvvəlki müraciətinizə tərəfimizdən verilmiş cavab məktubunda yuxarıda barəsində qeyd olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran şəhər XDS-nin noyabr 1991 -ci il tarixli, 1/1312 saylı qərarı, habelə ilkin torpaqayırma qərarının təqdim olunması qeyd olunsa belə, hazırki təkrar müraciətinizlə yenə də həmin hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Əlavə olaraq bildirirlər ki, hazırki ərizənizlə yanaşı təqdim olunmuş 2001-ci il 02 may tarixli, 3A-983 inventar nömrəli “texniki pasport” mərhum atanıza (X8) məxsus olmuş “Köşk”ə dair tərtib olunmuş texniki sənəddir. Lakin hal-hazırda faktiki olaraq tərəfinizdən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ünvanında yerləşən, ümumi sahəsi 253,3 kv.m-dən ibarət qeyri-yaşayış binasına (anbar-mağazaya) dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə münasibətdə isə bildirirlər ki, bu halda ilkin torpaqayırma qərarı, tikintiyə icazə verilməsi, habelə tikilinin istismarına icazə sənədi vərəsə olaraq tərəfinizdən təqdim olunduğu təqdirdə baxıla bilər. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AZ-İ № 04837 saylı “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin yanvar ayının 10 günündə 18 № ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2019-cü il tarixli, 2022 saylı məktubundan görünür ki, X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ləmkəran rayon 1 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. İş materiallarında olan 02 may 2001-ci il tarixli, ИНВ № 3A-983 nömrəli Texniki Pasportun surətindən görünür ki, Lənkəran şəhəri, X9 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyri-yaşayış binasına (Köşk) dair “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Texniki Pasport tərtib edilmişdir. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95 x 3.9 = 27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilsin. - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95 x 3.9 = 27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95 x 3.9 = 27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95 x 3.9 = 27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyekti (Köşk) başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/4762 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci və üçüncü sualları üzrə: - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və ölçüləri həmin qeyriyaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfındən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta uyğun olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: - ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə qeyd olunan əlavə materiallar (torpaq sahəsinin baza məlumatları) Mərkəzə təqdim olunmadığından mərhum X8 tərəfindən inşa edilmiş, ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) faktiki vəziyyətdə mövcud olan texniki parametrlərinin (sahəsi, ölçüləri, konfiqurasiyası, bünövrəsi, divarları və.s.) həmin qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta uyğun olduğu müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: - Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında mərhum X8 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) başqa şəxslərin hüquqlarını pozub-pozmamasının müəyyən olunmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyil. Lakin faktiki vəziyyətdə iddiaçının istifadəsində olan qeyri-yaşayış obyektinin planlı yerləşməsini, giriş-çıxışının ayrıca olmasını, texniki pasporta uyğun olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.12 maddə) daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, Lənkəran şəhəri, X9 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) mərhum X5 (xx.xx.2004-cü il tarixdə vəfat etmişdir) məxsus olması həmin qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasportla və işdə olan digər sənədlərlə müəyyən edilir və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Eyni zamanda işin məhkəmə araşdırılmasında o da məlum olur ki, mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Rzayev X4 rayon 1 saylı notariat ofisinə müraciət etmiş və bu müraciət əsasında vərəsəlik işi açılmışdır. X3 vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı inzibati orqan DƏDRX-ə müraciətində hansısa daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını (o cümlədən ilkin qeydiyyat) deyil, daşınmaz əmlaka hüquqların mərhuma məxsus olmasına dair arayışın alınmasını tələb edir ki, hətta həmin arayışda da müvafiq qeydin göstərilməsini qanunvericilik istisna etmir. Məhkəmənin mövqeyinə görə müvafiq arayış mərhumun vərəsəsi kimi tanınan şəxsə verilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində yaranmış münasibətlərdən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmə hesab edir ki, “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Lənkəran şəhəri, X9 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış obyektinin (köşkün) İddiaçı mərhum atası X5 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 68 – 69cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Lənkəran şəhəri, X9 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyriyaşayış obyektinin (köşkün) İddiaçı mərhum atası X5 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar