Məhkəmə qərarları › İş №2-1(120)-368/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-368/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-368/2022 05.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 05 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Qanunu Konstitusiyasına və “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısı cənab Asif Ağayevə 21 aprel 2021-ci il tarixində elektron qaydada və 22 aprel 2021-ci il tarixdə rəsmi poçt vasitəsi ilə informasiya sorğusu göndərmişdir. Sorğunu cavabdeh rəsmi almış və almağına dair imza atmışdır. Mövcud Qanunlara əsasən informasiya sahibi sorğu edilən informasiyanı vaxtında və operativ olaraq sorğu verənə çatdırmalıdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətə lakin 7 iş günündən gec olmayaraq informasiya sahibi tərəfindən informasiya verənə ötürülməlidir. O, cavabdehə onun barəsində yaranan və rəhbər olduğu Beyləqan Rayon İcra Hakimiyyətinə 17 sual ünvanlamışdır. Ünvanladığı informasiya sorğusu dövlət, şəxsi həyat və yaxud ailə sirrli xarakterli deyildir. Cavabdehin informasiya sorğusuna vaxtında cavab verməməsi qanunun əsaslarını pozması və vəzifə səlahiyyətlərini düzgün icra etmək istəməməsi öhdəliyini Asif Ağayevin üzərinə götürməsindən xəbər verir. Hesab edir ki, ümumi məhkəmə orqanı İcra hakimiyyəti başçısının qanunsuz hərəkətləri barədə xüsusi qərardad qəbul etməli, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikasının aidiyyəti orqanlarına təqdim etməlidir. O, sorğusunda aşağıdakı sualları ünvanlamışdır: 1). Beyləqan Rayon İcra Hakimiyyəti başçısı təyin edilən vaxtdan hal hazırkı müddətə kimi Beyləqan rayon ərazisində gördüyünüz abadlıq işləri barədə məlumat. 2). 2020-ci ildə Beyləqan rayonuna dövlət tərəfindən ayrılan vəsait və həmin vəsaitin təyinat üzrə xərclənməsini əks etdirən sənədlər. 3). Sizin vəzifə səlahiyyətlərinizdən istifadə etməklə Beyləqan rayon ərazisindəki torpaq sahiblərindən və fermerlərdən, eləcə də dövlət ehtiyyat fonduna aid olan torpaqlardan qanunsuz yollarla dostlarınızın və şəriklərinizin adına sənədləşmə işləri görməklə əldə etməyinizə münasibət. 4). Fermerlərə dövlət tərəfindən verilən ssubsidiya əvəzi mazut, yanacaq və gübrə məhsullarının pullarını 2018- 2021-ci illər ərzində başqa-başqa şəxslərin adına təsis etdirdiyiniz MMC-lər vasitəsilə mənimsəməyinizə dair söz-söhbətlərə münasibət. 5). Beyləqan Rayon İcra Hakimiyyətinin internet portalında Beyləqan rayon ərazisində görülməli, görülən, narazılıq, şikayətçi və şikayətlərin təmin edilməsi, eləcə də digər yuxarıda qeyd etdiyi məlumatların hansı səbəbə yerləşdirməmisiniz? 6). Əldə etdiyiniz saysız hesabsız daşınan və daşınmayan var-dövləti İcra Hakimiyyəti başçısı olaraq dövlətdən aldığınız məvaciblə əldə etmisinizmi? 7). Rayonun digər idarələrindən öz şəxsi mənafeyiniz naminə maxenasiyalar etməyinizə dair münasibət? 8). Beyləqan rayon ərazisində gələcəkdə hansı abadlıq işlərini görməyi planlaşdırmısınız və bu məqsədlərlə maliyyə nazirliyinə vəsaitin ayrılması ilə bağlı müraciət etmisinizmi? 9). Birinci və ikinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinə, qazilərə, müharibə veteranlarına hansı maddi və mənəvi köməklikləri göstərmisiniz? Göstərmisinizsə onların ad, soyad və atalarının adları göstərilməklə yardım barədə məlumatı sorğuya əlavə edəsiniz. 10). Beyləqan rayonundan olan Qarabağ müharibəsində iştirak etmiş, əlil olmuş ən başlıcası isə şəhid ailəsi olan şəxslərin sizdən kifayət qədər narazı olmasının səbəblərinə aydınlıq gətirəsiniz. 11). Beyləqan rayonundan olan, İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinə, qazilərə və müharibə veteranlarına səthi yanaşmağınızın və onların problemləri ilə hansı səbəbə maraqlanmamağınızın səbəbləri. 12). Beyləqan rayonunun ərazisində məktəb, bağçaları sökdürərək onların yerləşdiyi torpaq sahələrini, eləcə də, dövlət torpaqlarını “Qəhrəman adlı” şəxsin vasitəçiliyi ilə atamalı kimi satmağınıza dair münasibət. 13). Beyləqan rayonunun Binnətdi, Dünyamallar, Şahsevənli, Qaraldar, Eyvazalılar, Tatalılar, Gödəklər kənd əhalilərini və Bahar qəsəbəsinin sakinlərini dövlətdən narazı salmağınız hansı məqsədi daşıyır? 14). 2020-2021-ci illərdə dövlətin Beyləqan Rayon İcra Hakimiyyətinə ayırdığı vəsaitin xərclənməsini əks etdirən təsnifatı verəsiniz. 15). Beyləqan Rayon İcra Hakimiyyətinə başçı təyin edildikdən sonra rayonun vəzifəli şəxslərini, idarə rəhbərlərini və digər məsul işçiləri hansı səbəbə vəzifədən uzaqlaşdırmısız? Bunlar sizin şəxsi büdcənizə gəlir gətirməsi üçün sizin tərəfinizdən hazırlanmışdırmı? 16). İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oxşar qanunsuz hərəkətlərini təkrar etməkdə məqsədiniz kapital yığımıdırmı? 17). Ölkə Prezidentinin hakimiyyətin dostu adlandırdığı jurnalistlərə, mediayaya hansı səbəbə informasiya verməkdən qaçırsınız? Qanunsuzluqlara yol verməklə informasiya sorğusuna cavab vermək istəməyən İcra Başçısı öz qanunsuz hərəkətlərini ört-basır etmək niyyəti onun sorğuya cavab verməməsinin əyani təzahürüdür. Beləliklə, hesab edir ki, Məhkəmə İcra Hakimiyyəti başçısına ona ünvanladığı 17 sual əks edilən informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəcəkdir. Göstərilənlərə əsaslanaraq, cavabdehin üzərinə informasiya sorğusuna cavab vermək öhdəliyinin qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. Cavabdeh Beyləqan Rayon İcra Hakimiyyəti iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin təklif, ərizə və şikayətləri, onların qəbul edilməsi ilə əlaqədar kargüzarlıq işləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa, “Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığm aparılması qaydaları”na və “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”a müvafiq olaraq aparılır. Bildirirlər ki, İmişli rayonu, Ağcüyür kənd sakini Mirzəyev X1 Rayon İcra Hakimiyyətinə informasiya sorğusu ilə bağlı müraciət etmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə - vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydasına əsasən İddiaçı müraciəti Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində 27.04.2021-ci il tarixdə, 333 nömrə ilə qeydiyyata alınmışdır. Həmin müraciətə baxlmış və rəsmi olaraq 05.05.2021-ci il tarixli, 4/333 nömrəli məktubla cavab verilmişdir. İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı müraciətinə «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərində nəzərdə tutulan müddətdə iddiaçıya cavab verilməməsi barədə iddia tələbi əsassızdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, “X3 Ailələri və Milli Qəhrəmanlar” İctimai Birliyinin sədr müavini: “Yeni Tərəqqi” TV və “Rossi Westi” radiosunun bölgə müxbiri Mirzəyev X1 Rayon İcra Hakimiyyətinə 22.04.2021-ci il tarixli informasiya sorğusu göndərmişdir. İş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 05.05.2021-ci il tarixli, 4/333 nömrəli məktubunda qeyd olunmuşdur ki, Beyləqan Rayon İcra Hakimiyyət Sizin informasiya sorğunuza cavab olaraq bildirir ki, rayonda həyata keçirilən sosial, iqtisadi, mədəni, abadlıq və quruculuq işləri barədə məlumatları rayon İcra hakimiyyətinin saytından (www.beyləqan-ih.gov.az) əldə edə bilərsiniz. Bundan əlavə, iş materiallarında olan Beyləqan Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 15.03.2022-ci il tarixli, 2/183 nömrəli məktubunda qeyd olunmuşdur ki, Beyləqan Rayon İcra Hakimiyyəti Sizin informasiya sorğusu barədə müraciətinizi aşağıdakı kimi cavablandırır: 2019-cu ildə Dövlət Proqramının abadlaşdırma tədbirlərinə uyğun olaraq şəhərin M.Ə.Rəsulzadə, A.Əkbərov, Nəriman Nərimanov, Akif Cavadov və Sərdar İmrəliyev küçələrində 101 kv.metr yeni barılar tikilmiş, mövcud barıların 2860,l kv.metr hissəsi qaya daşları, 173,12 kv.metr hissəsi dekorativ kərpiclə üzlənmiş, barıların üst hissələri dalğavarı metal kirəmit löhvələrlə örtülmüş, darvazaların üzəri taxta materiallarla üzlənərək laklanmışdır. Bu dövrdə şəhərin S.İmrəliyev, A.Cavadov, Magistiral, G.Əsədov küçələrində 400 metr yeni səkilər çəkilmiş, mövcud səkilərin bərpası məqsədi ilə 600 kv.metr sahədə rəngli kərpiclə hörgü işləri görülmüş, səki bardurlarının 800 metri yeni bardurlarla əvəzlənmişdir. Bundan əlavə hesabat dövründə şəhərin N.Nərimanov, M.Əzizbəyov, S.İmrəliyev, M.Ə.Rəsulzadə, G.Əsədov, A.Cavadov, Z.Əliyeva, Ə.Cavad, M.Miişviq, A.Əkbərov, N.Xəzri, S.Bəhlulzadə, M.Əsədov M.Ş.Vazeh və F.Kərimzadə küçələrində ümumilikdə 33352 kv.metr asfatlaşma işləri görülmüşdür. 2020-ci ildə Ölkə rəhbərinin “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün şəhərin SMD-4 qəsəbəsində tikintisinə başlanmış 36 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilmiş, binada beton və hörgü işləri tamamlanmış, dam örtüyü vurulmuşdur. Hazırda binanın bütün mərtəbələrində mühəndis kommunikasiya və bəzək işləri başa çatdırılaraq son tamamlama işləri görülür. Bununla yanaşı cari ildə Beyləqan rayon Mənzil İstismar Sahəsi tərəfindən müəssisənin balansında olan çoxmənzilli və təkailəli binaların 1157 m2 dam örtüyünün sökülüb yeni taxta qəfəs düzəldilməklə dəmir şiferlərlə vurulması, 160 p.rnetr künclərin dəmir künclliklərlə dəyişdirilməsi, habelə SMD-4 qəsəbəsində 2 saylı binanın l və 2-ci girişlərində pilləkən və dəhlizin beton məhlulu ilə, şəhərin M.Ə.Rəsulzadə küçəsində isə 106 saylı binanın l və 2-ci girişlərində pilləkənlərin taxta materialı ilə düzəldilməsi və rəngli boya ilə rənglənməsi nəzərdə tutulmuşdur. Planlaşdırılmış işlərə uyğun olaraq hesabat dövründə şəhərin RTS, SMD-42 qəsəbələrində habelə M.Füzuli küçəsində tək ailəli və Birinci Şahsevən kəndində və Xaçınabad qəsəbəsində çoxmənzilli 2 binanın ümumilikdə 1157 m2 dam örtüyü dəmir şifer vurulmaqla yenisi ilə əvəzələnmiş və 160 p/m künclər dəmir künclərlə dəyişdirilmişdir. Bundan əlavə SMD-4 qəsəbəsində 2 saylı binanın l və 2-ci girişləri beton məhlulu ilə, M.Ə.Rəsulzadə küçəsində isə 106 saylı binanın l və 2-ci girişlərində pilləkənlər taxta materialı ilə düzəldilmiş və rəngli boya ilə rənglənmişdir. Dövlət Proqramının abadlaşdırma tədbirlərinə uyğun olaraq hesabat dövrü ərzində şəhərin M.Ə.Rəsulzadə və R.Abbasov küçələrində 476 m2 yeni barılar tikilmiş, mövcud barıların 2836 m2 hissəsi qaya daşları, 152 m2 hissəsi dekorativ kərpiclə üzlənmiş, barıların üst hissələri 732 p/m dalğavarı metalkirəmit löhvələrlə örtülmüş, darvazalar rəngli boya ilə rənglənmişdir. Bundan əlavə hesabat dövründə yerli büdcə vəsaiti hesabına şəhərin H.Əliyev, N.Nərimanov, S.İmrəliyev, M.Ə.Rəsulzadə, Z.Əliyeva, A.Əkbərov və F.Kərimzadə küçələrində ümumilikdə 46593 m2 asfatlaşma işləri görülmüşdür. 2021-ci ildə Ölkə rəhbərinin “Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamına əsasən Beyləqan şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün şəhərin SMD-4 qəsəbəsində tikintisinə başlanmış 36 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır. Hazırda binada son tamamlanma və kommunikasiya xətlərinin qoşulması işləri aparılır. Planlaşdırılmış işlərə uyğun olaraq hesabat dövründə Mənzil İstismar Sahəsinin balansında olan Beyləqan şəhəri H.Əliyev və H.Hacıyev küçələrindəki habelə rayonun Araz və Xaçınabad qəsəbələrində 5 ədəd çoxmənzilli və tək ailəli binalarda ümumilikdə 782 kv.m dam örtüyü sökülərək dəmir şifer vurulmaqla yenisi ilə əvəzlənmiş, 177/p/m künclər dəmir künclüklərlə dəyişdirilmiş və 625 metr suaxıdıcı novlar quraşdırılmışdır. Dövlət Proqramının abadlaşdırma tədbirlərinə uyğun olaraq hesabat dövrü ərzində şəhərin M.Ə.Rəsulzadə küçəsində və M.Ə.Rəsulzadə küçəsində yerləşən 1941-1945-ci il müharibəsi iştirakçılarının adını daşıyan parkda yararsız halda olan tamet tavalar, səki daşları və səki bardurları sökülərək 2259 m2 sahəyə yeni tamet tavalar döşəməklə üzlənmiş, 959 metr sahəyə beton səki bardurlar düzülmüşdür. Həmçinin parkda yerləşən hovuzun daxilində kraska qatı qaşınaraq təmizlənmiş 999 m2 sahəsi suyadavamlı boya ilə 2 qat rənglənmişdir. Bundan əlavə cari ildə yerli büdcə vəsaiti hesabına şəhərin 20 Yanvar, A.Cavadov, Q.Nəbi, H.Hacıyev, H.Əliyev, E.Məmmədov küçələrində və Bağ Massivində ümumilikdə 37510 kv.metr sahədə yol əsası və çiyinləri qum-çınqıl qarışığından düzəldilmiş, 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığı ilə yenidən tikilmişdir. Beyləqan rayonuna ayrılan vəsaitlər təyinatı üzrə xərclənmiş və ayrılan vəsaitlərin xərclənməsinə nəzarət aidiyyəti qurumlar tərəfindən həyata keçirilir. Beyləqan rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq rəyləri əsasında qanunvericiliklə müəyyən olunmuş qaydada müxtəlif hüquqi və fiziki şəxslərin icarəsinə ayrılmışdır. Kənd təsərrüfatı məsullarının istehsalı ilə əlaqədar hüquqi və fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsi X2 tərəfindən müəyyən olunmuş əmsallar əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. Beyləqan rayonu üzrə görülmüş işlər və rayonun iqtisadi göstəriciləri barədə maəlumatlar Beyləqan Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında (www.beyləqan-ih.gov.az) yerləşdirilmişdir və mütəmadi olaraq yenilənir (məlumat əlavə olunur). Birinci və İkinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələrinə, qazilərə, müharibə veteranlarına bu gunə kimi 154750 manat dəyərində ərzaq yardımı, 44910 manat maddi yardım, qəbirüstü məzar daşı götürülməsi üçün 5400 manat, evin təmiri üçün 1750 manat pul vəsaiti ayrılmışdır. Bundan əlavə şəhid adının əbədiləşdirilməsi məqsədi ilə ümumilikdə 182 şəhid adının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni- maarif ocaqlarına verilməsi həyata keçirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına uyğun olaraq ərazidə yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsinin və əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən 166 nəfər mənzil növbəlliliyinə alınmış və məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Şəhid ailələrinin və qazilərin evlərinə, yaşayış şəraitlərinə baxış keçirilməsi məqsədi ilə mütəmadi səfərlər olunur, onların sosial problemləri ilə yerində maraqlanılır. 83 nəfər şəhid ailəsi, qazi və müharibə iştirakçıları rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında müvafiq işlərlə təmin olunmuşdur. Eyni zamanda Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri 37 nəfər özünüməşğulluq proqramına cəlb olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) ilə mütəmadi əlaqə saxlanılmış, fond əməkdaşlarının Beyləqan rayonu ərazisində fəaliyyət göstərməsinə dəstək olmuşdur. Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərin ailələrinə (400 ailə) ərzaq yardımı edilməsinə dəstək olunmuşdur. Qeyd edirlər ki, rayonun kənd və qəsəbələrində, həmçinin şəhər mərkəzində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə fiziki şəxslər və bələdiyyələr tərəfindən 55 min manat dəyərində 28 abidə kompleksi inşa edilmişdir. Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən mütəmadi olaraq rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri ilə əlaqələr yaradılaraq ərazidə yaşayan şəhid ailələri və qazilərin, eyni zamanda müharibə iştirakçılarının mövcud problemləri daim diqqət mərkəzində saxlanılır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə ünvanladığı 22 aprel 2021-ci il tarixli informasiya sorğusu barədə müraciətinə, 05 may 2021-ci il tarixli, 4/333 nömrəli məktubla cavab verilmişdir. Bundan əlavə Beyləqan Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı 15.03.2022-ci il tarixli, 2/183 nömrəli məktubundan görünür ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı informasiya sorğusu barədə müraciətinə 15.03.2022-ci il tarixli, 2/183 nömrəli məktubla əlavə olaraq cavab verilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının sorğusunda qeyd edilən sualların müəyyən bir hissəsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı olan hallardır ki, iddiaçı həmin hallarla bağlı özünün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd edilməlidir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Beyləqan Rayon İcra Hakimiyyətinə qarşı “informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar