Məhkəmə qərarları › İş №2-1(120)-369/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-369/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-369/2021 13.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanda yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialının nümayəndəsi X1 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının mütəxəssisi, ünvan 2 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «1979-1983-cü illərdə təhsil müddətinin iş stajına əlavə edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli **********5 nömrəli məktubunda iddiaçının əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının müəyyən edilmədiyi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (xx.xx.2006cı il tarixədək) müəyyən edilmiş pensiya hüququnun pensiya kapitalına çevrilməklə) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün əlilliyə görə əmək pensiyası hüququnun olmadığını qeyd edərək, ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-1983cü illərdə təhsil müddətinin iş stajına əlavə edilməsini və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1975-1992-ci illərdə müxtəlif işlərdə işləmişdir. Həmçinin 1979-1983-cü illərdə Bakı kooperativ texnikumunda təhsil almışdır. İİ qrup əlildir. 2020-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon filialına müraciət etmişdir. Lakin əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay sığorta stajının müəyyən edilmədiyi əsas gətirilərək ona pensiya təyin olunmasından imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, pensiya hüququ bu hüququ yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. Hazırkı mübahisə onun pensiya hüququnun yarandığı dövrə deyil, təhsilini aldığı dövrə aid olduğundan həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx xxxxx 2021-ci il tarixli **********5 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində 1979-1983-cü illər ərzində Bakı Kooperativ Texnikumunda təhsil aldığını iddia edir və həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Əvvəlcə qeyd edilməlidir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra – TSEK) xx.xx.2014-cü il tarixli qərarı ilə əlillik səbəbi – “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Daha sonra İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müvafiq inzibati orqana ərizə ilə müraciət etmişdir. Müvafiq inzibati orqan isə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (İddiaçı əlilliyə görə əmək pensiyası hüququ 2014-cü il tarixdə yarandığından Qanunun həmin dövrdə olan redaksiyasına müvafiq olaraq) AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. İddiaçı münasibətdə tələb olunan sığorta stajı:

1. 57 il (yaş)-15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 42 il (əmək qabiliyyətli yaş dövrü)

2. 42 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 168 ay

3. 168 ay : 12 ay = 14 il Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı 14 ildir. İddiaçı pensiya işinə əlavə edilən ******* №-li əmək kitabçasından göründüyü kimi iddiaçının əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 13 il 02 ay 05 gündür. İşin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: - İddiaçı xx.xx.1976-xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu dövrlər; - İddiaçı xx.xx.1975-xx.xx.1988-ci illər ərzində işlədiyi dövrlər. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət dövrüdür (1992-ci il yanvarın 1-dək keçirilmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin mübahisələndirilməyən halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən iddiaçı M.Qurbanova məxsus ******* №-li hərbi biletinə müvafiq olaraq onun xx.xx.1976-xx.xx.1978-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 02 il 05 gün təşkil edir. İşin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: - İddiaçı 1979-1983-cü illər ərzində təhsil aldığı dövrlər; - İddiaçı 1992-1996-cı illər ərzində işlədiyi dövrlər. “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İşin mübahisələndirilən birinci halı kimi təhsil illəri ilə bağlı qeyd edilməli əsas məqam ondan ibarətdir ki, İddiaçı iş materiallarına əlavə olunan ******* №-li əmək kitabçasında edilmiş qeydlərdən iddiaçının mübahisələndirilən təhsil illəri ərzində müvafiq iş yerlərində işlədiyi görünür. Bu da öz növbəsində İddiaçı qiyabi təhsil aldığını göstərir. Digər tərəfdən həmin dövrlər ərzində İddiaçı işləməsi barəsində əmək kitabçasında edilmiş qeydlər əsasında həmin dövrlər onsuz da sosial sığorta daxil edildiyindən, ikinci dəfə həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunamüvafiq deyildir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normasını rəhbər tutaraq qeyd edilməlidir ki, həmin mübahisələndirilən dövrlər əmək kitabçasında qeyd edilmiş iş illəri ilə üst-üstə düşdüyündən və həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığından onun ikinci dəfə nəzərə alınması yolverilməzdir. İşin mübahisələndirilən digər halı İddiaçı 1992-1996-cı illər ərzində Estoniya Respublikasında işlədiyi dövrlərdir. Qeyd edilməlidir ki, İddiaçı 1988-1991-ci illər ərzində (xx.xx.1992-ci il tarixədək) Estoniya Respublikasında işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınır. Belə ki, həmin dövrlər ərzində keçmiş SSRİ mövcud olduğu üçün həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınır. Lakin 1992-1996-cı illər ərzində İddiaçı Estoniya Respublikası ərazisində qazanmış olduğu iş illərinin Azərbaycan Respublikası ərazisində nəzərə alınması üçün Estoniya Respublikası və Azərbaycan Respublikası arasında ikitərəfli müqavilə olmadığından həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alına bilməz. Beləliklə, mübahisələndirilən illər nəzərə alınmadıqda (təhsil illərində iddiaçı işlədiyi üçün həmin müddətlər onsuz da staja daxil edilmişdir) İddiaçı əlilliyə görə əmək pensiyası hüququ yarandığı 2014-cü il tarixdə ümumilikdə 13 il 06 ay 21 gün sosial sığorta stajı olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq qanunla tələb olunan 14 il sosial sığorta stajına malik deyildir. Yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərini və işin faktiki hallarını nəzərə alaraq İddiaçı təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız və qanunsuz olduğundan iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, diplomun, əmək kitabçasının və Tibbi Sosial Ekspert Komissiyasının müayinə aktından çıxarışın surətlərini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Bakı Biznes və Kooperasiya Kollecinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X2, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iddiaçı xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. İddiaçı xx xxxx 2014-cü il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. İddiaçı 1979-1983-cü illərdə təhsil aldığı müddət sosial stajı nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddiaçının əlil hesab olunduğu zaman (2014-cü il) qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci mаddəsinin tələbinə əsasən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün onun əlil hesab olunduğu xx.xx.2014-cü il tarixədək 14 il iş stajına malik olması tələb olunur. İş materialında olan Salyan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.1979cu il tarixli НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materialında olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1975-xx.xx.1996-cı illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-xx.xx.1996-cı illərdə Estoniya Respublikasında işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəlarından göründüyü kimi vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün sığorta stajına daxil edilməsi üçün həmin dövlətlərlə Azərbaycan Respublikası arasında müvafiq müqavilənin olması tələb olunur. Belə olan halda iddiaçının keçmiş SSRİ ərazisində 1992-ci ilin yanvar 1-dək olan əmək stajı sosial sığorta stajı kimi nəzərə alınmalı, xx.xx.1992-ci il tarixdən sonra Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında iş dövrünün sığorta stajına daxil edilməsini nəzərdə tutan dövlətlərarası müqavilə olmadığından iddiaçının xx.xx.1992xx.xx.1996-cı illərə dair iş dövrü sosial sığorta stajı kimi nəzərə alına bilməz. Həmçinin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı təhsil aldığı dövrdə (1979-1983-cü illərdə) əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Bakı Biznes və Kooperasiya Kollecinin xx xxxx 2021-ci il tarixli K-621 nömrəli məktubunda iddiaçının 1979-1983-cü illərdə Bakı Kooperativ Texnikumunda qiyabi təhsil aldığı qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı təhsil aldığı 1979-1983-cü illərdə eyni zamanda əmək fəaliyyəti ilə məşğul olduğundan qeyd olunan illər ona təkrarən sığorta stajı kimi hesablana bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan xx.xx.1975-xx.xx.1992-ci illərdə fasilələrlə işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alındıqda onun əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 14 il sosial sığorta stajı müəyyən olunmadığından iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «1979-1983-cü illərdə təhsil müddətinin iş stajına əlavə edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 6 saylı regional ərazi filialına qarşı «1979-1983-cü illərdə təhsil müddətinin iş stajına əlavə edilməsi və əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar