Məhkəmə qərarları › İş №2-1(120)-369/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-369/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-369/2022 26.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 26 aprel 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti başçısının aparatına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pozulmuş hüquqlarının, yəni müavinətin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “övladları X2 və X3 adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını, cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti başçısının aparatının Füzuli Rayon İcra Hakimiyyəti ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə, iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də iş üzrə cavabdeh Füzuli Rayon İcra Hakimiyyəti başçısının aparatı Füzuli Rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Bundan başqa, işin hazırlıq icraatı mərhələsində X6 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X6 İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı «onun övladlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iddiaçı qismində işə cəlb edilmişdir. Məhkəmənin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə Füzuli rayonu Qaraxanbəyli kəndində anadan olmuşdur. Həyat yoldaşı X9 Bakı şəhərində anadan olmuşdur. X14 2000-ci ildə, Bünyadov Toğrul 2002-ci ildə və Bünyadov Tahir 2006-cı ildə anadan olmuşlar. Necə ildir ki, o və X14, Bünyadov Toğrul və Bünyadov Tahir aylıq müavinət alırdılar. Həyat yoldaşı yerli sakin olduğu üçün 01.01.2017 tarixindən övladlarının üçünündə aylıq müavinəti kəsilmişdir. 2018-ci ildə oğlu Bünyadov Turacın aylıq müavinəti bərpa olunmuş, lakin Bünyadov Toğrula və Bünyadov Tahirə isə aylıq müavinət verilməsi bərpa olunmamışdır. O, bu barədə 26.01.2021-ci il tarixində Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ərizə yazmış, 17.02.2021 ci il tarixində Füzuli Rayon İcra Hakimiyyətindən, aparatın sektor müdiri, baş mühasib Cəmşid Əmirovdan ona cavab gəlmişdir. Cavabda onun həyat yoldaşının sənədlərinin qaydasında olmadığını yazmışdır. Bu barədə o, Şirvan İnzibati Məhkəməsinə məktubla müraciət etmiş və o, məhkəməyə dəvət olunmuşdur. Məhkəmədə ona Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin məktubu təqdim olunmuş və ona Füzuli Rayon İcra Hakimiyyəti başçısının aparatına problemləri barədə məktubla müraciət etməyi bildirilmişdir. O, məhkəmədən iddia ərizəsinin geri verilməsini xahiş etmişdir. Füzuli Rayon İcra Hakimiyyəti başçısının aparatına 28.04.2021 tarixində l-ci məktub, 14.07.2021 tarixində 2-ci məktub yazmışdır. 16.08.2021 tarixində 2-ci məktubuna aparatın sektor müdürü, baş mühasib Cəmşid Əmirov bir daha ona təkrar olaraq eyni cavabı yazmışdır. Bu cavab onu qane etmir. Əgər qanun hamıya tətbiq olunubsa niyə məhz onun övladlarının müavinəti kəsilib?! Onun kimi həyat yoldaşı yerli olanların çoxu aylıq müavinət alırlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçılar İddiaçı və X1 iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “övladlarına vahid aylıq müavinətin verilməsi”nə dair Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciəti, Komitə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Füzuli Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmənin diqqətinə çatdırırlar ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. İşin faktiki hallarına əsasən, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən X4 və X5 vahid aylıq müavinətin verilməməsi mövcud qanunvericiliyin tələbinə tam uyğundur. Belə ki, X6 və X3 atası İddiaçı məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malikdir. X16 və Tahir Bünyadovun anası X9 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Qaydanın 2.6-cı bəndinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Bildirirlər ki, qeyd edilən məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (102)- 710/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərarı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-710/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərarının 29, 35-ci və 36-cı bəndlərində qeyd etmişdir ki, “Belə ki, hazırki iş üzrə işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı “məcburi köçkün” statusuna malik olmuş, o, daha sonra ‘‘məcburi köçkün” statusu olmayan şəxslə faktiki nikah münasibətlərində olmuş və həmin nikahdan 06.11.2005-ci il təvəllüdlü övladı dünyaya gəlmişdir. .... Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə aydın olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digrə xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki, sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, onda “Qaydalar’dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçıya və qızına münasibətdə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda iddiaçının qızının yeni tənzimləməyə əsasən aylıq müavinət almaq hüququ yoxdur”. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, İddiaçı və X2 “X6 və X3 adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi”nə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Bununla yanaşı bildirirlər ki, İddiaçı X3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. 04.06.2006-cı il təvəllüdlü X7 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, X7 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırki iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçılar İddiaçı və X6, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçılar ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Füzuli Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 16.08.2021-ci il tarixli, 303 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin ailə üzvlərinizə vahid aylıq müavinət verilməsinə köməklik göstərilməsi barədə Füzuli Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış müraciətiniz Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, Siz özünüz vahid aylıq müavinət alırsınız. Lakin, Sizin həyat yoldaşınızın sənədləri qaydasında olmadığından onun və övladlarınızın müavinət alması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarına əsasən məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 19.10.2021-ci il tarixli, 02/1383 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcbur köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyətlərinin başçıları cavabdehlik daşıyırlar. Yuxarıda yazılanlara əsasən, İddiaçı vahid aylıq müavinətin ödənilib-ödənilməməsi ilə əlaqədar məlumat və sənədlərin təqdim edilməsi məqsədilə, aidyyəti rayon icra hakimiyyətinə müraciət etməyinizi xahiş edirik. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir (bu məbləğ 16 aprel 2018-ci il tarixədək 36 manat, həmin tarixdən 01 aprel 2019-cu il tarixədək 40 manat, 01 aprel 2019-cu il tarixdən isə 60,0 manat olmuşdur). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Həmin Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.6-cı hissəsinə əsasən, valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “məcburi köçkün” statusuna malik olsa da, o, “məcburi köçkün” statusu olmayan şəxslə nikaha daxil olmuş və həmin nikahdan 25.09.2000-ci il təvəllüdlü X8, 24.12.2002-ci il təvəllüdlü X6 və 04.06.2006-cı il təvəllüdlü X7 dünyaya gəlmişdir. İddiaçıya və onun övladlarına “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən (qüvvədə olduğu müddətdə) aylıq müavinət ödənilmişdir. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Həmin Qaydalarda isə valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqların (2.6-cı bənd) aylıq müavinət almaq hüququnun olmaması təsbit edilmişdir. Cavabdehin mövqeyinə görə, sözügedən Qaydalara əsasən, iddiaçının övladlarının aylıq müavinət almaq hüququ yoxdur. Belə ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə ailə qurmuş və onun övladları da valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlar hesab olunurlar. Bu əsasla da aylıq müavinətin ödənişinin dayandırılması qanunamüvafiq olmuşdur. Məhkəmənin qənaətinə görə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.6-cı bəndinin tələbinə müvafiq olaraq iddiaçının övladlarına vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı və X2 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X2 cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar