Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-369/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan şəhər Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı şəhid ailəsi kimi Əli-Bayramlı (indiki-Şirvan) Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas qərarı ilə şəhərin Ə.Kürçaylı küçəsi 47 ünvanda fərdi yaşayış evi inşa etmək məqsədilə pulsuz 600 kv.m torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin sözügedən qərarında həmin torpaq sahəsinin İddiaçı şəhid ailəsi olduğu üçün dəyəri ödənilmədən fərdi yaşayış evi inşa etmək məqsədilə satıldığı qeyd edilmiş, bu barədə bələdiyyə ilə vətəndaş arasında 53 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır. Komissiya üzvləri tərəfindən həmin torpaq sahəsinin ayrılması haqqında akt tərtib edilmiş, torpaq sahəsinin yerqurluşu planı (torpaq sahəsinin sxematik planı) hazırlanmış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, Ə.Kürçaylı küçəsində yerləşməsi və şəhərin zona bölgüsündə 2-ci zonaya aid olması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli Bayramlı şəhər şöbəsi tərəfindən rəy verilmişdir. Bundan sonra, Əli Bayramlı şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa etmək üçün rəy vermiş, tikinti işlərinin aparılmasına xx.xx.2007-ci il tarixdə icazə vermiş və bu barədə həmin tarixdə akt tərtib edilmiş, fərdi yaşayış evinin eskiz layihəsi təıtib edilmişdir. Həmin torpaq sahəsində İddiaçı bir mərtəbəli, iki otaq və bir böyük zaldan ibarət fərdi yaşayış evi inşa etmişdir. Qeyd edir ki, İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanda yerləşən ona məxsus həyətyanı toıpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX-nın DƏDKR publik hüququ şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh idarə vətəndaşın müraciətinə 20 aprel 2023-cü il tarixdə imtina məktubu göndərmişdir. Cavabdeh imtinanın səbəbi kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı- satqısına dair akt” sənədinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin plan və ölçüsü” sənədinin təqdim edilmədiyini göstərmişdir. Həmçinin,qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan və sonra bələdiyyə ilə vətəndaş arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkün olacaqdır. Cavabdehin daşınmaz əmlakların dövlət qeydiyyatına almaqdan imtina bildirişini əsassız hesab edir. Hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməli və həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, İddiaçı 2006-cı il tarixdə fərdi yaşayış evi tikmək məqsədilə şəhər bələdiyyəsindən torpaq sahəsi aldıqdan sonra, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün lazım olan yuxarıda qeyd etdiyi bütün sənədləri toplamış, lakin cavabdeh həmin sənədlər əsasında daşınmaz əmlakları dövlət qeydiyyatına almaqdan əsassız olaraq imtina etmişdir. Göründüyü kimi, cavabdeh torpaq sahəsi ilə bağlı qanunla nəzərdə tutulmuş kifayət qədər sənədlər olmasına baxmayaraq, 2006-cı ildə bütün vətəndaşlara torpaqlar torpaqayırma aktı və yerqurluşu planı hazırlanmaqla verildiyini, kadastr planının (torpaq sahəsinin plan və ölçüsü) mövcud olmadığı bir vaxtda, şəhid ailəsinə torpağın dəyəri ödənilmədən satıldığı üçün notarial qaydada alqı-satqı müqaviləsinin lüzumsuz olmasına baxmayaraq, sözügedən toıpagın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli Bayramlı şəhər şöbəsinin verdiyi rəylə bələdiyyə torpagı qeyd edilməsinə və cavabdeh idarənin özünün elektron baza məlumatlarında həmin sözügedən torpagın dövlət və şəxsi mülkiyyətdə olmaması barədə məlumatının olmasına baxmayaraq, cavabdeh idarə vətəndaşın müraciətinə lazım olmayan sənədlər tələb edib əsassız imtina verməklə, onun qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlaklar üzərində olan hüquqlarını kobud şəkildə pozmuşdur. Qeyd edir ki, Şirvan Bələdiyyəsi DƏDKR publik hüququ şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, 06/88 nömrəli məktub ünvanlamış, həmin məktubda İddiaçı qızma şəhid ailəsi kimi Əli-Bayramlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 04 saylı iclas qərarı ilə şəhərin Ə.Kürçaylı küçəsi 47 ünvanda fərdi yaşayış evi inşa etmək məqsədilə dəyəri ödənilmədən 600 kv.m torpaq sahəsi verilməsi, sənədlərin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olduğu və həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi üçün dövlət qeydiyyatına alınmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdehin imtinasının əsassız olduğunu düşünürlər və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “torpaqların alqı-satqısına dair akt” sənədi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə və 3-cü şəxsə məlumat verilmiş, lakin cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Faktiki hallar və sübutlar: X5 xx.xx.2006-cı il tarixli, 04 saylı qərarında qeyd edilmişdir ki, X6 Əli Bayramiı şəhəri Ə.Kürçyalı küçəsində yerləşən, alqı-satqı predmeti olan torpaqlardan alqı-satqı qaydasında İddiaçı fərdi ev tikmək üçün 600,0 (altı yüz) kv.m torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli Bayramlı şəhər şöbəsinin hazırladığı sənədlər nəzərə alınsın. İddiaçı X11 şəhəri Ə.Kürçaylı küçəsində yerləşən ərazisindən alqı-satqı predmeti olan torpaqlardan fərdi ev tikmək üçün 600,0 kv.m torpaq sahəsi dəyəri ödənilmədən satılsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2000-ci il tarixli 89 saylı qərarına müvafiq olaraq dəyəri ödənilmədən satılmış torpaq sahəsinin normativ qiyməti barədə xüsusi nümunədə arayış verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilsin. DT və XK-nın Əli Bayramiı şəhər şöbəsindən xahiş edilsin ki, dəyəri ödənilmədən satılan torpağa, nümunəsi “Torpaqların alqı-satqısı qaydaları”na əlavədə göstərilən nümunə əsasında «Torpaqların alqı-satqısına dair» üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsi Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli Bayramlı şəhər Ərazi İdarəsindən xahiş edilsin. Əli Bayramlı şəhəri X14 tərəfindən şəhər sakinlərinə fərdi ev tikməkdən ötəri torpaq sahəsi verilərkən mühəndis - texniki kommunikasiyalar (rabitə, su, elektrik enerjisi, qaz, kanalizasiya, küçələrin çəkilməsi, hər bir fərdi torpaq sahəsi üçün müvafiq işlərin görülməsi) barədə Bələdiyyə ilə fərdi torpaq sahəsi mülkiyyətçisi arasında qarşılıqlı razılaşma haqqında xx.xx.2006-cı il tarixli, 53 nömrəli müqavilədən görünür ki, X14, Torpaq, Təmir-Tikinti şöbəsi tərəfindən X1 Tükəzban Vəliş qızına məxsus fərdi yaşayış evinə, həyətinə rabitə su, qaz, elektrik enerjisi, kanalizasiya xəttlərini öz vəsaiti hesabına çəkəcəyini öz üzərinə götürmüşdür. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Əli Bayramlı şəhər şöbəsinin rəyində qeyd edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əli Bayramlı şəhər şöbəsi bildirir ki, şəhər sakini şəhid ailəsi İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsi 600,0 kv.m olmaqla Əli Bayramlı şəhər Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Verilməsi nəzərdə tutulan torpaq sahəsi Ə.Kürçaylı küçəsində olmaqla həyətyanı məqsədi üçün ayrılması qanunamüvafıqdir. Həmin torpaq sahəsi Əli Bayramlı şəhərinin zona bölgüsündə 2-ci zonaya aiddir. Əli Bayramlı şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyində qeyd edilmişdir ki, sahəni yerində qəbul etsin, qorusun və onun sanitar vəziyyətinə nəzarət etsin. Layihələndirmənin vaxtı və qaydası Memarlıq və Tikinti şöbəsinin tapşırığını və nəzərdə tutulan şərtləri yerinə yetirsin. X9 texniki şərtlərlə birlikdə yalnız layihələndirmək üçün əsasdır. Tikintini qeydiyyatdan keçirmək və ona başlamağa müvafiq icazə almaq üçün texniki sənədlər sifarişçi tərəfindən Memarlıq və Tikinti şöbəsinə təqdim edilməlidir. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq Memarlıq fəaliyyəti ilə lisenziya əsasında məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən işlənilməlidir. X3 nəzərdə tutulan sahədən artıq torpaq sahəsində tikinti aparılarsa və ya tikinti Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun aparılmasa, Qərar öz qüvvəsini itirir. Şəhər Bələdiyyə İclasının tikinti məqsədi ilə ayrılmış torpaq sahəsi barədə Qərarına yuxarıda qeyd olunan Memarlıq və Tikinti şöbəsinin rəyini nəzərə almağınızı xahiş edirik. Əli Bayramlı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli fərdi yaşayış evinin tikintisinə icazədə qeyd edilmişdir ki, Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Əli Bayramlı Şəhər Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 04 saylı iclasının Qərarına müvafiq Ə.Kürçaylı küçəsi 47 saylı ünvanda İddiaçı tikəcəyi fərdi evin eskiz layihəsi tərtib edilmişdir. Şirvan şəhər Bələdiyyəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 06/88 nömrəli məktubunda qeyd edilmişdir ki, şəhərin Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən və fərdi ev tikintisi üçün nəzərdə tutulan 600 kv.m torpaq sahəsi şəhid ailəsi İddiaçı güzəştinə uyğun dəyəri ödənilmədən verilmişdir. Sənədlər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olduğu üçün ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində şəhər sakini İddiaçı mülkiyyət hüquqlarının X12 Ərazi İdarəsində qeydiyyata alınmasına etiraz etmirlər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı üə təsdiq edilmiş “torpaqların alqı-satqısına dair akt” sənədi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Odur ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Əli Bayramlı Şəhər Bələdiyyəsinin Ə.Kürçaylı küçəsində yerləşən ərazisindən İddiaçı satılan həyətyanı torpaq sahəsinin yerquruluşu planı tərtib edilmişdir. Şirvan Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan inzibati işə baxılması ilə əlaqədar olaraq İddiaçı adına tərtib olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şirvan şəhər şöbəsi tərəfindən imzalanmış arayış, rəy və plan, həmçinin həmin sənədlərin verilməsinə əsas olan sənədlər Şirvan Şəhər İcra Hakimiyyətində aşkar edilməmişdir. Şirvan Şəhər Bələdiyyəsinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, Bələdiyyənin xx.xx.2006-cı il tarixli 04 saylı iclasının Qərarından çıxarışla ünvan 8 ünvanda alqı-satqı olan torpaqlardan fərdi ev tikmək üçün Tükəzban Vəliş qızına ayrılmış 600 kv.m torpaq sahəsində onun adına mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsini xahiş edirlər və etiraz etmirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 10/8649 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Şirvan bələdiyyəsinin 03 may 2006-cı il tarixli 04 saylı iclas qərarı ilə İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evi inşa etmək məqsədi ilə şəhid ailəsi üçün dəyəri ödənilmədən ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki döngə nöqtələrinin kordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Şirvan bələdiyyəsinin 03 may 2006-cı il tarixli 04 saylı iclas qərarı ilə İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evi inşa etmək məqsədi ilə şəhid ailəsi olduğu üçün dəyəri ödənilmədən ayrılmış 600 kv.m torpaq sahəsinin ayrılması barədə qərarların qəbul olunduğu vaxt hansı məlumat bazasına istinad olunmasının araşdırılması tərəfimizdən mümkün olmamışdır. Lakin, hazırda torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Şirvan bələdiyyəsinin 03 may 2006-cı il tarixli 04 saylı iclas qərarı ilə İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evi inşa etmək məqsədi ilə şəhid ailəsi olduğu üçün dəyəri ödənilmədən ayrılmış 600 kv.m torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı, sənəd üzrə ayrılmış torpaq sahəsi təsərrüfatın faktiki istifadəsində olan ərazi ilə eyni ərazi olduğu müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Şirvan bələdiyyəsinin 03 may 2006-cı il tarixli 04 saylı iclas qərarı ilə İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evi inşa etmək məqsədi ilə şəhid ailəsi olduğu üçün dəyəri ödənilmədən ayrılmış 600 kv.m torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Üst-üstə düşmə halının olmadığı müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X15rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X16rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 15-ci maddəsinə əsasən : Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə görə, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti tərəfindən müvafiq olaraq dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, eləcə də müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. Qeyd olunan torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin etiraz məktubunda qeyd edilən əsasların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 10/8649 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, Şirvan bələdiyyəsinin 03 may 2006-cı il tarixli 04 saylı iclas qərarı ilə İddiaçı Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında fərdi yaşayış evi inşa etmək məqsədi ilə şəhid ailəsi üçün dəyəri ödənilmədən ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki döngə nöqtələrinin kordinatları yerquruluşu planında göstərilmiş, hazırda torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi göstərilmiş, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı, sənəd üzrə ayrılmış torpaq sahəsi təsərrüfatın faktiki istifadəsində olan ərazi ilə eyni ərazi olduğu, həmin torpaq sahəsinin üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Şirvan Şəhər Bələdiyyəsi iddia tələbinə etiraz etmədiyini və tələbin təmin edilməsini xahiş etmişdirlər. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qanuni əsaslarla əldə edilidyi, istifadə edildiyi və tikildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Şirvan şəhəri, Ə.Kürçaylı küçəsi 47 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-369/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-369/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver