Məhkəmə qərarları › İş №2-1(120)-3691/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3691/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3691/2024 26.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “X3 akt qeydində doğum tarixinin 17 yanvar 2007-ci il tarix kimi göstərilməsinə dair düzəlişin edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “X3 akt qeydində doğum tarixinin 17 yanvar 2007-ci il tarix kimi göstərilməsinə dair düzəlişin edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia tələbini iddiaçılar onunla əsaslandırmışdır ki, tərəflərindən doğum akt qeydinə düzəliş edilməsi barədə Kürdəmir Rayon Məhkəməsinə müraciət edilmişdir. Müraciətin mahiyyəti onunla bağlı olmuşdur ki, İddiaçı2 ilə 2000-ci il tarixdə ailə qurmuş, lakin nikahları rəsmi olaraq 14 may 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Faktiki nikah münasibətlərində olduğu müddətdə 12 may 2001-ci il təvəllüdlü Xanım, 17 yanvar 2007-ci il tarixli Rövşanə, 24 aprel 2011-ci il tarixli Ümid adlı uşaqları olmuşdur. Xanım və Rövşanə ev şəraitində anadan olmuşdur. Lakin Rövşanə adlı qızına doğum haqqında şəhadətnamə o, doğulandan 5 il sonra verilmiş, şəhadətnamədə 17 yanvar 2007-ci il tarixi göstərilməli olduğu halda, səhvən 20 oktyabr 2009-cu il tarixi kimi göstərilmişdir. Halbuki, doğuşda iştirak edən şahidlər və ekspert rəyi ilə doğuşun 17 yanvar 2007-ci il tarixdə olması tam təsdiq edilmişdir. Bu səbəbdən də 28 sentyabr 2011-ci il tarixli 1796 nömrəli doğum akt qeydində düzəlişin edilməsi üçün müraciət edərək doğum tarixinin 20 oktyabr 2009-cu il tarix kimi yox, 17 yanvar 2007-ci il tarix kimi göstərilməsini xahiş etmiş, lakin müraciətinin təminindən imtina edilmişdir. Mülki iş üzrə keçirilmiş ekspert rəyindən də göründüyü kimi onun sümük inkişaf yaşının 16-16,5 yaşlarına uyğun gəldiyi göstərilmişdir. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin qərardadından görünür ki, həmin iş üzrə kifayət qədər araşdırma aparılsa da, son nəticədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, akt qeydində düzəliş edilməsi inzibati icraat qaydasında baxılmalıdır. Odur ki, akt qeydində düzəliş edilməsi üçün inzibati məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı2 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə İddiaçı2 və Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın əsaslılığı : Məhkəmə iddiaçını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 “X3 akt qeydində doğum tarixinin 17 yanvar 2007-ci il tarixli göstərilməsinə dair düzəlişin edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin "Məhkəmə Tibbi Ekspertiza X26 Birliyi" X23 xx.xx.2023-cü il tarixli, 400 saylı rəyində qeyd edilmişdir ki, X3 dəri örtüyünün cizgilərinə, antropometrik ölçüləri və göstəricilərinə, anamnestik məlumatlarına, ailə-məişət və fiziki inkişaf göstəricilərinə əsaslanaraq nəticəyə gəlinir: X1 inkişaf yaşı 16-15.5 ilə uyğun gəlir. “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Ərəbqubalı həkim məntəqəsinin arayışında qeyd edilmişdir ki, İddiaçı2 qızı X7 2007-ci ilin yanvar ayının 17-də ev şəraitində doğularkən doğuşda onun qaynanası X12 iştirak etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydındəki səhvlərin düzəldilməsi və dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin ərizəsinə əsasən qeydiyyat şöbəsi tərəfindən aparıla bilər. Sız qızınız X3 doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.2007- ci yazılması ilə əlaqədar müraciət etsəniz də bununla bağlı qeydiyyat şöbəsinə heç bir subut təqdim edə bilmirsiniz. Belə olan halda Sizin tələbiniz qeydiyyat şöbəsi tərəfindən yerinə yetririlə bilməz və doğum haqqında akt qeydində düzəliş olunmasından imtina olunmalıdır. doğum tarixinin dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyinizi məsləhət bilir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-964/2023 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı1 Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-548/2024 nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı1 vəkili və nümayəndəsi X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-964/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, ərizəçi İddiaçı1 Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə, qızı X3 xx.xx.2009-cu il tarixdə Kürdəmir rayonunda doğulması barədə Cavabdehndə tərtib olunmuş 28 sentyabr 2011 -ci il tarixli, 1796 nömrəli doğum akt qeydində düzəliş edilməklə qızı Rövşanənin 17 yanvar 2007-ci il tarixdə doğulmasının qeyd edilməsi tələbi üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasi Kürdəmir Rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon Çöl-Qubalı kənd sakinləri İddiaçı1 və İddiaçı2 övladı X6 münasibətdə nikah yaşının azaldılması məqsədilə Kürdəmir rayon İcra Hakimiyyətinə hər hansı bir müraciət daxil olmamışdır. xx.xx.2011-ci il tarixli, 1796 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə Kürdəmir rayonunda anadan olmuş (doğulmuşdur), atası İddiaçı1dur, anası İddiaçı2dır. Doğumunu təsdiq edən sənəd- Kürdəmir rayon MRX ********** nömrəli, xx.xx.2011-ci il tarixli. xx.xx.2011-ci il tarixli, 10 nömrəli Nikah haqqında akt qeydindən görünür ki, İddiaçı1 ilə Mustafayeva İddiaçı2 Cavabdehndə nikah akt qeydi bağlamışlar. Atalığın müəyyən etmək haqqında xx.xx.2011-ci il tarixli, 766 nömrəli akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.2009-cu il təvəllüdlü X4 atası müəyyən edilmişdir. Atalığın müəyyən etmək haqqında xx.xx.2011-ci il tarixli, 767 nömrəli akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.2011-ci il təvəllüdlü X10 atası müəyyən edilmişdir. Atalığın müəyyən etmək haqqında xx.xx.2004-cü il tarixli, 370 nömrəli akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.2001-ci il təvəllüdlü X2 atası müəyyən edilmişdir. Atalığın müəyyən etmək haqqında xx.xx.2004-cü il tarixli, 371 nömrəli akt qeydindən görünür ki, İddiaçı1 xx.xx.2004-cü il təvəllüdlü X5 atası müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixli, 1797 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X16 xx.xx.2011-ci ildə Kürdəmir rayonunda anadan olmuş (doğulmuşdur), atası İddiaçı1dur, anası İddiaçı2dır. Doğumunu təsdiq edən sənəd Kürdəmir rayon MRX ********** nömrəli, xx.xx.2011-ci il tarixli. xx.xx.2004-cü il tarixli, 510 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X13 xx.xx.2001-ci ildə Kürdəmir rayonunda anadan olmuş (doğulmuşdur), atası İddiaçı1dur, anası İddiaçı2dır. Doğumunu təsdiq edən sənəd Kürdəmir rayon Ərəbqubalı həkim məntəqəsinin arayışı xx.xx.2004-cü il tarixli. xx.xx.2004-cü il tarixli, 511 nömrəli doğum akt qeydinin surətindən görünür ki, X15 xx.xx.2004-cü ildə Kürdəmir rayonunda anadan olmuş (doğulmuşdur), atası İddiaçı1dur, anası İddiaçı2dır. Doğumunu təsdiq edən sənəd Kürdəmir rayon Ərəbqubalı həkim məntəqəsinin arayışı xx.xx.2004-cü il tarixli. xx.xx.2009-cü il tarixli, 70 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X15 xx.xx.2009-cu ildə ölmüşdür. Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X32 "Kürdəmir Rayon Mərkəzi Xəstəxanasi" X23 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçılar Kürdəmir rayonu Çöl-Qubalı kənd sakinləri İddiaçı1 və İddiaçı2 övladı X9 barədə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X32in Doğum və Ginekologiya şöbəsində hər hansı bir məlumat yoxdur. Məlumat üçün qeyd edirik ki, iddiaçı Novruzova (Mustafayeva) Nigar Qəhrəman qızının Doğum və ginekologiya şöbəsinə müraciəti xx.xx.2011-ci il tarixdə 37-38 həftəlik hamiləlik diaqnozu ilə olmuş, 3200 qram çəkidə oğlan uşağı dünyaya gətirmiş və xx.xx.2011-ci il tarixdə evə yazılmışdır. Azərbaycan Respublikasinin Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini, xx.xx.2009-cu il təvəllüdlü X3 nikaha daxil olmağa məcbur edilməsi barədə rayon polis şöbəsinə heç bir məlumat daxil olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/7-N-7xx-xx/2024 nömrəli arayışında qeyd edilmişdir ki, X15 xx.xx.2004-cü il tarixdə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmuş, xx.xx.2009-cu ildə vəfat etmiş. S.İddiaçı1nın ölmü xx.xx.2009-cu il tarixdə 70 nömrəli akt qeydi ilə Cavabdehndə dövlət qeydiyyatına alınmışdır. X29 Təhsil İdarəsi ünvan 7 ünvanladığı məktubda qeyd olunur ki, X11 dərslərə davam etmədiyi üçün xx.xx.2024-cü il tarixli, 02 saylı məktəb pedaqoji şurasının qərarı ilə məktəbin şagird kontingenti siyahısından çıxarılmışdır. X29 Təhsil İdarəsi Kürdəmir Ərəbqurbanlı kənd İ.Məmmədov adına tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 02 saylı məktəb pedaqoji şurasının 2 nömrəli protokolundan çıxarışdan müəyyən olunur ki, məktəbin 8-B sinif şagirdi X11 üzrsüz səbəbdən dərslərə davam etmədiyi üçün məktəbin şagird kontingenti siyahısından çıxarılması qərara alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqnları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 160.2-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il taruxli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci bəndinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - (2.5.1.) valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; - (2.5.2.) valideynlərin nikah haqqında şəhadətnaməsi; - (2.5.3.) doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; - (2.5.4.) uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; - (2.5.5.) uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; - (2.5.6.) uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; - (2.5.7.) valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə görə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi, mövcud qanunvericilik doğumun qeydə alınması üçün təqdim edilməli sənədlərin siyahına doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədi, eləcə də müvafiq sənədlər, o cümlədən tibb müəssisəsinin sənədi olmadıqda doğumla bağlı məhkəmə qətnaməsinin (qanuni qüvvəyə minmiş) olmasını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçının doğulması ilə bağlı əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı doğum tarixi də 20 oktyabr 2009-cu il kimi qeyd edilmiş və 28 sentyabr 2011-ci il tarixdə də tərtib edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübut, yəni doğum tarixinə “17 yanvar 2007-ci il” kimi düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, həmçinin kifayət qədər əsas mövcud olmadığından cavabdehin imtinası qanuni hesab edilməlidir və iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz. Həmçinin iş materiallarından müəyyən olunur ki, X11 məktəbin 8-ci sinif şagirdi olmuş və xx.xx.2024-cü il tarixli, 02 saylı məktəb pedaqoji şurasının 2 nömrəli qərarla üzrsüz səbəbdən dərslərə davam etmədiyi üçün məktəbin şagird kontingenti siyahısından çıxarılmışdır. İddiaçının qızının 2024-cü il tarixdə 8-ci sinifdə oxuduğunu,15 yaşı olduğunu və təxminən 7 yaşından məktəbə getdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, doğum akt qeydində onun doğum tarixi düzgün olaraq 20 oktyabr 2009-cu il kimi göstərilmişdir və həmin akt qeydinə dəyişiklik edilməsinə heç bir mötəbər sübut və əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X3 akt qeydində doğum tarixinin 17 yanvar 2007-ci il tarix kimi göstərilməsinə dair düzəlişin edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X3 akt qeydində doğum tarixinin 17 yanvar 2007-ci il tarix kimi göstərilməsinə dair düzəlişin edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar