Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-37/2024 12.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Kürdəmir rayonu Pirili Bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 mart 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 ETDİ: İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayonu Pirili Bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli Torpaq icarə müqaviləsinin ləğv edilməsinə dair Pirili Bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı ümumi iclasının qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Göyçay Regional Ədliyyə İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu Pirili Bələdiyyəsinin 02 dekabr 2008-ci il tarixli, 07 saylı iclasının qərarına əsasən ona əkinçilik və heyvandarlıq məqsədi ilə 25 il müddətinə 9 hektar torpaq sahəsi verilmiş və onunla Pirili Bələdiyyəsi arasında xx.xx.2008-ci il tarixdə həmin torpaq sahəsinə görə 25 il müddətinə Torpaq icarəsi müqaviləsi bağlanmışdır. O, həmin torpaq sahəsini icarəyə götürəndən sonra hal-hazıra kimi təyinatı üzrə istifadə etmiş və icarə haqqını vaxtlıvaxtında Pirili Bələdiyyəsinin hesabına ödəmişdir. İcarəsində olan torpaq sahəsindən istifadə ilə əlaqədar Pirili Bələdiyyəsi ilə onun arasında heç bir narazılıq olmamışdır. Hazırda icarəsində olan torpaq sahəsindən başqa heç bir gəlir mənbəyi yoxdur və ailəsini həmin torpaq sahəsindən əldə etdiyi gəlir hesabına saxlayır. Bütün bunlara baxmayaraq Pirili Bələdiyyəsi onunla bağlanmış 10 dekabr 2008-ci il tarixli Torpaq icarəsi müqaviləsini özünün xx.xx.2020-ci il tarixli, 13 saylı ümumi iclasının qərarı ilə əvvəlcədən ona heç bir məlumat vermədən Göyçay Regional Ədliyyə İdarəsinin Pirili Bələdiyyəsinə göndərdiyi xx.xx.2020-ci il tarixli tövsiyyə xarakterli məktubunu əsas götürərək qanunsuz olaraq ləğv etmişdir. Göyçay Regional Ədliyyə İdarəsində şikayətlə bağlı araşdırma aparılması göstərilən məktubda torpaq sahələrinin qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verildiyi, icarə müddətinin bitməsinə baxmayaraq icarə hüquqları bitmiş icarəçilər tərəfındən istifadə edilməsi hallarının mövcudluğunun olduğu göstərilmişdir. X7 ilə onun arasında bağlanmış Torpaq icarəsi müqaviləsi qanunvericiliyin tələblərinə cavab verilməklə bağlanmış, icarə müddəti bitməmiş və icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə bələdiyyə ilə onun arasında icarəsində olan torpaq sahəsindən istifadə qaydaları və s. ilə bağlı ilə heç bir narazılıq olmamışdır. X6 Regional Ədliyyə İdarəsinin tövsiyyə xarakterli təklif məktubunu qanunsuz olaraq əsas tutub onunla bağlanmış Torpaq İcarəsi müqaviləsinin ləğv edərək onun icarə hüquqlarını kobud surətdə pozmuşdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərin pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Şərh etdiklərindən göründüyü kimi onunla Pirili Bələdiyyəsi arasında bağlanmış xx.xx.2008-ci il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən onun icarəsinə 25 il müddətinə əkinçilik və heyvandarlıq məqsədi ilə 9 hektar torpaq sahəsindən hazırda o, özü təyinatı üzrə istifadə edir. X2 xx.xx.2008-ci ildə bağlanmış Torpaq icarəsi müqaviləsini ona heç bir məlumat vermədən, icarə müqaviləsinin müddəti bitmədən Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli tövsiyyə xarakterli məktubunu əsas götürüb birtərəfli qaydada ləğv etməklə həm qanunvericiliyin tələblərini və həm də onun Konstitusion huquqlarını kobud surətdə pozur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X8 gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbinin əsassız olduğunu və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinə əsasən bələdiyyələrin iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələləri həll edilir, 145-ci maddəsinin İ hissəsinə görə isə, bələdiyyələrin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 saylı iclası protokolundan çıxarışdan görünür ki, Pirili bələdiyyəsinə aid 9 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıq məqsədi ilə 25 il müddətinə İddiaçı ayrılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı əsasında 9 hektar torpaq sahəsinin 25 il müddətinə İddiaçı icarəyə verilməsinə dair torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan “Yerin seçilmə akti”ndan və “Kürdəmir rayonu Pirili bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışdan görünür ki, Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı əsasında əkinçilik və heyvandarlıq məqsədi ilə 25 il müddətinə İddiaçı ayrılması qərara alınmış 9 hektar torpaq sahəsinin sxemi tərtib edilmiş və iddiaçıya təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsi tərəfindən Kürdəmir rayonu Pirili bələdiyyəsinə ünvanlanmış 12 noyabr 2020-ci il tarixli, Z-522/2/3 №-li məktubdan görünür ki, Pirili kənd sakinlərinin müraciəti ilə əlaqədar Pirili bələdiyyəsi tərəfindən Göyçay Regional Ədliyyə İdarəsinə təqdim olunmuş sənədlər araşdırılmış, bələdiyyə torpaqlarının qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan, qanunla müəyyən edilmiş müddətdən artıq müddətə və təyinatına uyğun olmayaraq icarəyə verildiyi və s. halların mövcud olduğu aşkar edilmiş, iyirmi bir şəxsə, o cümlədən İddiaçı 25 il müddətinə 9 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarının və həmin qərar əsasında bağlanmış xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsinin ləğv edilərək, torpaq sahəsinin Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması barədə bələdiyyə orqanına müraciət edilmişdir. İş materiallarında olan Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı ümumi iclas protokolundan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 12 noyabr 2020-ci il tarixli, Z-522/2/3 №-li məktubunun icrası ilə əlaqədar qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan, qanunla müəyyən edilmiş müddətdən artıq müddətə və təyinatına uyğun olmayaraq icarəyə verildiyinə görə İddiaçı 25 il müddətinə 9 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 7 nömrəli qərarının və həmin qərar əsasında bağlanmış xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahəsinin vətəndaşdan alınaraq Pirili bələdiyyəsinin sahibliyinə qaytarılması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı torpaq sahəsi almaq üçün Kürdəmir rayonu Pirili bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 saylı qərarı əsasında Pirili bələdiyyəsinin ərazisindən 9 ha torpaq sahəsinin əkinçilik və heyvandarlıq məqsədi ilə 25 il müddətinə İddiaçı icarəyə verilməsi qərara alınmış, həmin torpaq sahəsi üzrə tərəflər arasında xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, 12 il sonra Göyçay Regional Ədliyyə İdarəsinin 12 noyabr 2020-ci il tarixli, Z-522/2/3 №-li tövsiyə xarakterli məktubuna əsasən Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı 25 il müddətinə 9 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008ci il tarixli, 7 nömrəli qərarı və həmin qərar əsasında bağlanmış xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsi ləğv edilmişdir. Hazırda iddiaçı 9 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 saylı qərarın ləğv edilməsinə yönələn 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatla birlikdə inzibati iş 23 noyabr 2021-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında məlumatından görünür ki, qoyulmuş sualların həlli üçün əlavə sənədlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin vəsatətin göndərilməsindən uzun müddət keçməsinə baxmayaraq göstərilənlər təmin edilməmişdir. Bu səbəbdən də, qərardadla ekspert qarşısında qoyulmuş sualların həll edilməsi mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsi hansı koordinatlarda yerləşir? - Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsinin 2008-ci ildəki (torpaq sahəsi ayrılan zaman) və hazırkı hüquqi statusu, hüquqi rejimi və uqodiyası müəyyən edilsin. - Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? Əgər uyğunsuzluq varsa, hansı hissədə və hansı həcmdə uyğunsuzluq vardır? (ayrıca sxem çəkilməklə) - Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsi faktiki kimin istifadəsindədir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 29 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/8210 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci və üçüncü sualları üzrə: - Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin naturada yerləşdiyi ərazini müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada göstərdiyi üç ayrı-ayrı hissədən ibarət olan 3.83 ha, 1.95 ha, 1.59 ha n torpaq sahələrinin koordinatları müəyyən edildi. - Qərardadın ikinci və dördüncü sualları üzrə: Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı icarəyə verilmiş 9 hektar torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin hüquqi statusu, hüquqi rejimi və uqodiyasını müəyyən etmək mümkün olmadı. Baxış zamanı iddiaçının naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi üç ayrı-ayrı hissədən ibarət olan 7.37 ha torpaq sahəsi elektron bazada təqdim olunan, 2004cü ildə təsdiq edilmiş, “Kürdəmir rayonu Pirili bələdiyyəsi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əşaşən 3.83 ha, 1.95 ha şoran, 1.59 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, bələdiyyə mülkiyyətinə aid örüş torpaqlar göstərilmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; Həmin Qanunun 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; Həmin Qanunun 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlandırılmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarını öyrənmək və şikayət verə bilmək hüquqları, inzibati orqanın isə həmin hüquqları təmin etmək vəzifəsi vardır. İş üzrə təqdim olunmuş sənədlərdən göründüyü kimi, qəbul olunması nəzərdə tutulan inzibati aktın, yəni Kürdəmir rayonu Pirili bələdiyyəsinin mübahisələndirilən 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarının iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh inzibati orqan inzibati iсraat zamanı iddiaçının iştirakını və dinlənmə hüququnu təmin etməmiş, ona hüquqları izah edilməmiş, qəbul edilmiş inzibati akt (30 noyabr 2020-ci il tarixli, 13 saylı qərar) iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etməsinə baxmayaraq, həmin akt qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmişdir. Məhkəmə tərəfindən hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (prosedura) əməl olunmasına dair sənədlərin təqdim edilməsi təklif olunsa da, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə bu barədə heç bir sənəd (sübut) və məlumat təqdim edilməmişdir. Bundan başqa, məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh inzibati orqan qəbul etdiyi və hazırda mübahisələndirilən inzibati aktın - Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu da sübut edə bilməmişdir. Belə ki, mübahisələndirilən qərarın dispozisiyasında iddiaçıya torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan, qanunla müəyyən edilmiş müddətdən artıq müddətə və təyinatına uyğun olmayaraq icarəyə verildiyi qeyd olunmuşdur. Lakin İddiaçı 25 il müddətinə 9 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndindən, həmçinin, iş materiallarında olan “Yerin seçilmə akti”ndan və Kürdəmir rayonu Pirili bələdiyyə torpaqlarının yerquruluşu planından çıxarışdan görünür ki, müvafiq icra hakimiyyəti orqanından rəyin alınmasını təsdiq edən həmin hüquqmüəyyənedici sənədlər iddiaçıya torpaq sahəsi ayrıldığı zaman torpaqların təyinatı üzrə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməklə istifadə olunmasına nəzarət funksiyasını həyata keçirən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin və Kürdəmir rayonu Pirili bələdiyyəsinin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış və möhürlənmiş, bununla da, həmin torpaq sahəsinin əkinçilik və heyvandarlıq üçün ayrilmasının məqsədəuyğunluğu təsdiq olunmuşdur. Göründüyü kimi, Kürdəmir rayonu Pirili bələdiyyəsinin mübahisələndirilən 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarının dispozisiyasında “iddiaçıya torpaq sahəsinin qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan və təyinatına uyğun olmayaraq icarəyə verildiyi” şərtlərinin mövcudluğu sübuta yetirilmir. Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarının dispozisiyasında qeyd olunan “torpaq sahəsinin iddiaçıya qanunla müəyyən edilmiş müddətdən artıq müddətə verilməsi”ni isə məhkəmə İddiaçı 25 il müddətinə 9 hektar torpaq sahəsinin ayrılması barədə Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarının və həmin qərar əsasında bağlanmış xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsinin ləğvinə əsas kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, torpaq sahəsinin iddiaçıya 25 il müddətinə icarəyə verilməsi barədə qərarı torpağın mülkiyyətçisi olan bələdiyyə orqanı qəbul etmişdir və bunun məsuliyyətinin icarəçinin üzərinə qoyulması yolverilməzdir. Digər tərəfdən, sözügedən torpaq sahəsi iddiaçıya örüş torpağı kimi qanuna müvafiq olaraq 15 il müddətinə verildiyi təqdirdə belə, xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarın və həmin qərar əsasında bağlanmış xx.xx.2008-ci il tarixli, 7 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti həmin inzibati aktların ləğv edildiyi 30 noyabr 2020-ci il tarixdə bitməmiş olur. Bu hal bələdiyyə orqanına həmin inzibati aktları ləğv etmədən müddət məsələsinə dəyişiklik edilməsinə əsas verdiyi halda, bələdiyyə orqanı buna təşəbbüs belə göstərməmiş, ayrılmış torpaq sahəsi üzərində 12 il müddətində təyinatı üzrə qanunvericiliyin tələblərini və tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsinin şərtlərini pozmadan qanuni istifadə hüququnu həyata keçirən iddiaçını məlumatlandırmadan özünün qəbul etdiyi və icarə müddətini təyin etdiyi qərarını heç bir əsas olmadan, yalnız Göyçay Regional Ədliyyə İdarəsinin tövsiyə xarakterli məktubuna istinadən ləğv etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd olunduğu kimi, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Həmçinin, qeyd olunduğu kimi, mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd edilən 25.1-ci, 25.6-cı, 25.8-ci, 36.1.2-сi, 36.3-сü, 51.1-сi, 51.2-сi, 62.1-ci maddələrinin tələblərinə əməl olunmasına dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasında inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 13 saylı qərarının ləğv olunmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarı ləğv olunmalı, iş üzrə təyin edilmiş ekspertiza xərci kimi 50 (əlli) manat pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4.1, 67, 68, 69, 70, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Kürdəmir rayonu Pirili bələdiyyəsinin 30 noyabr 2020-ci il tarixli, 13 saylı qərarı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X3, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-37/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-37/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver