Məhkəmə qərarları › İş №2-1(120)-37/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-37/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-37/2025 16.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(120)-666/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Ağcabədi rayon bələdiyyəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(120)-107/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağcabədi Bələdiyyəsinin 25 noyabr 2011-ci il tarixli 14 saylı iclasının qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin alqı-satqısı barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən bu torpaq sahəsinin alqı-satqıya görə Ağcabədi bələdiyyəsinin hesabına 26 yanvar 2012ci il tarixdə 33 nömrəli qəbz ilə 850 (səkkiz yüz əlli manat) manat pul ödəmişdir. Bu torpaq sahəsinin Ağcabədi bələdiyyəsi tərəfindən ona satılması ilə əlaqədar Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 22 noyabr 2011-ci il tarixli №563/2 saylı rəyi və DT və XK-nin Ağcabədi rayon şöbəsinin 23 noyabr 2011-ci il tarixli, 276 saylı rəyləri ilə Ağcabədi bələdiyyəsinə müraciət olunmuşdur. Eləcə də Ağcabədi bələdiyyəsi tərəfindən ona 0.06 ha həyatyanı torpaq sahəsinin alqı-satqısına dair 05 noyabr 2013-cü il tarixdə tərtib olunmuş akt 60 nömrə ilə Ağcabədi rayon Torpaq şöbəsində qeydiyyatda alınmışdır. Eləcə də həmin alqı-satqı aktı Ağcabədi bələdiyyəsinin sədri Alı İsmayılov və o zaman rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanov tərəfindən möhürlə təsdiq edilmişdir. Bundan əlavə torpaq sahəsinin plan və ölçüsü barədə dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən xəritə hazırlanmış və həmin xəritə dövlət torpaq və kadastr kitabında 06 noyabr 2013-cü il tarixdə 825 nömrə ilə uçota alınmışdır. Həmin kadastr planının nömrəsi A №432064-dur. Ona satılmış 0.06 ha həyatyanı torpaq sahəsinə çıxarış və torpaq sahəsinin plan ölçü sənədləri almaq üçün DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinə müraciət etmişdir. Onun müraciətinə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi 31 avqust 2021-ci il tarixdə № **********34 saylı imtina məktubu vermişdir. Həmin məktubda göstərilir ki, qeyd olunan torpaq sahəsinə təqdim olunmuş Ağcabədi bələdiyyəsinin qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Rspublikası qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququq daşınmaz əmlakın dövlət reysterindən qeydiyyatda alınmadan bir başa sizin mülkiyətinizə ayrılmışdır və digər bütün sənədlər sizin adınıza tərtib olunmuşdur. Bununla əlaqədar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ona qərəzli olaraq əsassız imtina məktubu verilmişdir. Mən həmin imtina məktııbu ilə razılaşmır və məhəkəmədən xahiş edir ki, Ağcabədi bələdiyyəsi tərəfindən 2012-ci ildə ona satılmış 0.06 ha həyətyani torpaq sahəsinin Dövlət Qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyini DƏDRX-nin 6 saylı Beyləqan Ərazi idarəsinin üzərinə qoyulması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun məhkəmə tərəfindən rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı və üçüncü şəxs Ağcabədi rayon bələdiyyəsinə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və üçüncü şəxs Ağcabədi rayon bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərarından görünür ki, Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin ayrılması və alqı-satqı qaydasında satılmasına razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi bələdiyyəsinin torpaqların alqı-satqısına dair aktdan görünür ki, İddiaçı torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etmiş, ona xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərar ilə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin torpaq sahəsi üçün banka 850 manat haqq ödənilmişdir. İş materiallarında olan X5 Komitəsinin xx.xx.2013-cü il tarixli, A 432064 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin plan ölçüsü tərtib edilmiş və X6 kitabında 825 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti İşləri Şöbəsinin xx.xx.2011-ci il tarixli, 563/2 nömrəli məktubundan görünür ki, Ağcabədi bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasının məqsədə müvafiq olması barədə rəy verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********34 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonunda yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 23 avqust 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Cavab olaraq olaraq bildiririk ki, qeyd olunan torpaq sahəsinə təqdim olunmuş Ağcabədi bələdiyyəsinin qərarı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa sizin mülkiyyətinizə ayrılmışdır və digər bütün sənədlər sizin adınıza tərtib olunmuşdur. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə, əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Qeyd olunanlara nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətinizdə göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə Ağcabədi bələdiyyəsinə müraciət etməyiniz tövsiyyə olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubunda qeyd edilmişdir ki, iddaçı X3 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiasına münasibət bildirilməsi haqqında məhkəmə sərəncamına ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün ərazi idarəsinə müraciət etmişdir. Sənədlərin ekspertizası zamanı Ağcabədi bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan bir başa torpaq sahəsini vətəndaşın mülkiyyətinə ayrılmışdır və digər bütün sənədlər vətəndaşın adına tərtib olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bu səbəbdən də vətəndaşa torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə Ağcabədi bələdiyyəsinə müraciət etməyiniz tövsiyyə olunmuşdur. Bu səbəbdən də iddaçının mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddasını əsasız hesab edərik və iddianın Ərazi İdarəsinə qarşı hissəsinə etiraz edirik. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 21-3-45/2-5667/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cababdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-666/2022 saylı qərardadında mütəxəssis qarşısında qoyulmuş suallarla bağlı hazırlanmış mütəxəssis rəyinin qeyd hissəsində Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları naturada faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları ilə fərqli olduğuna görə yuxarıda göstərilən torpaq sahəsinə aid tərtib olunmuş hüquqi sənədin koordinatlarında düzəliş edilməsinin məqsədə müvafiq hesab edilməsi barədə izah verilməsi və ya rəyi tərtib etmiş mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsinə dair müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Mütəxəssis rəyinin qeyd hissəsində göstərilən Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə aid ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış reyestr nömrəsi **********0566 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsi yerquruluşu planına əsasən Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsi ilə naturada üst-üstə düşsə də sənəddə qeyd edilən koordinatları fərqli olduğu üçün yuxarıda göstərilən torpaq sahəsinə aid tərtib olunmuş hüquqi sənədin koordinatlarının faktiki istifadə vəziyyətinə görə uyğunlaşdırılmasını məqsədə müvafiq hesab etmək olar. Hər iki torpaq sahəsinin koordinatları mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 7475/2023 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyinin nəticəsi hissəsində qeyd edilmişdir:

1. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq istifadəsində olan ərazisinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir.

2. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt (xx.xx.2011-ci ildə) bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olmuşdur. Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsidir.

3. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən alqı-satqı predmeti ola bilər.

4. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir.

5. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada faktiki koordinatları üçüncü şəxslərin qanuni istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qeyd: Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları naturada faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları ilə fərqli olduğuna görə yuxarıda göstərilən torpaq sahəsinə aid tərtib olunmuş hüquqi sənədin koordinatlara düzəliş edilməsi məqsədə müvafiqdir. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8850 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Nəsimi Həsənovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq istifadəsində olan ərazisinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi torpağın satılması barədə qərarın qəbul olunduğu vaxt (xx.xx.2011-ci ildə) bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid torpaq sahəsi olmuşdur. Hazırda da yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid xüsusi mülkiyyətdə olmaqla həyətyanı torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olduğu üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında “Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinə uyğun olaraq bələdiyyə tərəfindən alqı-satqı predmeti ola bilər. Qərardadın dördüncü sualı üzrə Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qərardadın beşinci sualı üzrə Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin naturada faktiki koordinatları üçüncü şəxslərin qanuni istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qeyd: Ağcabədi bələdiyyəsinin xx.xx.2011-cü il tarixli 14 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları naturada faktiki olaraq istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları ilə fərqli olduğuna görə yuxarıda göstərilən torpaq sahəsinə aid tərtib olunmuş hüquqi sənədin koordinatlara düzəliş edilməsi məqsədə müvafiqdir. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.5). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etmiş, ona xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərar ilə 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmış, həmin torpaq sahəsi üçün bank vasitəsi ilə 850 manat vəsait ödənilmişdir. Bundan sonra iddiaçıya X5 Komitəsinin xx.xx.2013-cü il tarixli, A 432064 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədi tərtib edilmiş, Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi X6 kitabında 825 nömrə ilə uçota alınmışdır. Ağcabədi rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti İşləri Şöbəsinin xx.xx.2011-ci il tarixli, 563/2 nömrəli məktubu ilə Ağcabədi bələdiyyəsinin perspektiv inkişaf fondu üçün ayrılmış torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılmasının məqsədə müvafiq olması barədə rəy verilmişdir. Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 nömrəli qərarı hal hazırda qüvvədədir. İddiaçı xx.xx.2011-ci il tarixdən hazır ki, vaxta qədər həmin torpaq sahəsindən istifadə etməklə sahiblik edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 saylı saylı qərarı ilə Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən həyətyanı üçün 0.06 ha torpaq sahəsinin İddiaçı ayrılaraq verilməsi qərara alınmış, həmçinin həmin torpaq sahəsinin plan ölçüsü tərtib olunmuşdur. İddiaçı torpaqların alqı-satqısına dair akt əsasında İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin hüquqlarının dövlət qeydiyyatına alınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ərizənin təmin olunmasından imtina olunmuşdur. Bundan başqa iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/8850 nömrəli ekspert rəyi ilə sözügedən torpaq sahəsinin, iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu, digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 14 saylı saylı qərarı və torpaqların alqı-satqısına dair aktı qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyini, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini, cavabdeh inzibati orqan tərəfindən imtinanın əsasını təşkil edən dəlilinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. Bundan başqa Ağcabədi rayon bələdiyyəsinin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “faktiki koordinatlara uyğun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 50 (əlli) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı faktiki koordinatlara uyğun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsın və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə həvalə edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar