Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3726/2025 08.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əli qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mənsubiyyətin tanınması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Əli qızı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü Ünlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü Ünlü Mehmet adlı övladlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşıdır, Türkiyə Respublikasının vətəndaşı olan Ünlü İshak ilə qeyri-rəsmi nikahda olmuşdur. Bir müddət İstanbul şəhərində yaşamışdır. Orda xx.xx.2017-ci il təvəllüdlü Ünlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı iki övladı doğulmuşdur. Övladlarına doğum və vətəndaşılıq sənədləri verilmişdir. Övladlarının atası uşaqlarla bağlı məsələlərin, o cümlədən daimi yaşama məsələsinin tərəfindən həll edilməsi üçün ona etibarnamə vermişdir. 2023-cü ilin iyul ayından gəlib İmişli şəhərində atası evində yaşayır və hər iki övladı onunla bərabər yaşayır. Onlara Azərbaycan Respublikası Ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. Hazırda həmin müddət başa çatmışdır.Övladlarının məktəbə getmək yaşı çatmışdır. Lakin şəxsiyyət vəsiqələri olmadığından məktəbə qəbul etmirlər. Şəxsiyyət vəsiqəsi verilməsi üçün əvvəlcə mənsubiyyətləri tanınmalıdır. Bununla bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmişdir. Cavab məktubunu aldıqdan sonra ərizə ilə ASAN xidmət mərkəzinə müraciət etmişdir. Onlarda məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının tələbinin heç bir hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə uyğun şəkildə müraciət etməmiş, poçt vasitəsilə göndərilmiş məktubuna isə xx.xx.2024-cü il tarixli məktubla cavab verilərək sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən sənədlərini aidiyyəti üzrə ASAN Xidmət mərkəzlərinə təqdim etməsi tövsiyə edilmişdir. Eyni zamanda bildiririk ki, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 479 nömrəli Azərbaycan Respublikası Prezidenti Fərmanının 5-ci bəndinə uyğun olaraq Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətlərinin yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirildiyi nəzərə alınaraq, “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığının müəyyənləşdirilməsi ilə bağlı” müraciətlər “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Dövlət Miqrasiya Xidməti üçün ayrılmış işçi yerləri tərəfindən qəbul edilir. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında təqdim olunmuş yazılı etirazı müdafiə edərək, iddianın mümkün sayılamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il təvəllüdlü Ünlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü Ünlü Mehmet adlı övladlarının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsinin cavabdehə həvalə olunması tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi onun övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətlərinin tanınması ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-37/2-S8334-26-1-08-10741/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, övladları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 İshakın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğusuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə və Qaydaya əlavə olunmuş müvafiq ərizə-anket nümunəsinə uyğun şəkildə tərtib olunaraq siyahıda göstərilən digər sənədlərlə birlikdə “Asan xidmət” mərkəzlərinə müraciət etməyi tövsiyyə olunmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin olunmasından imtina olunmamışdır. Əksinə iddiaçıya ona ünvanlanmış məktubda qeyd olunan sənədlər əlavə olunmaqla aidiyyəti üzrə “Asan xidmət” mərkəzinə müraciət etməsi tövsiyyə olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, Dövlət Miqrasiya Xidmətinin İddiaçı Əli qızının övladları xx.xx.2017-ci il təvəllüdlü Ünlü Yağmur və xx.xx.2018-ci il təvəllüdlü Ünlü Mehmetin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina olunmasına dair qərar qəbul olunduqdan sonra iddiaçının hazırkı iddia tələbi ilə bağlı yarana biləcək mübahisəyə məhkəmədə baxılması mümkün ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iddia mümkün sayıla bilməz. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən məhkəmə iclasında iddiaçıya iddianın mümkünlük halları izah olunduğu üçün yazılı qaydada hüquqi yardım göstərilməsini zəruri hesab etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırkı qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3726/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3726/2025
08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver