Məhkəmə qərarları › İş №2-1(120)-3732/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3732/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3732/2024 27.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və əvvəlki iş yerinə bərpa olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (bundan sonra mətndə Astara RPŞ) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xidmətdən azad olunmağı barədə əmrin ləğv edilməsi, Astara RPŞ-də əvvəlki iş yerinə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının alınıb xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28 aprel 2005-ci il tarixdə Astara RPŞ-yə polis nəfəri vəzifəsinə qəbul olunmuşdur və həmin vəzifədə qüsursuz olaraq 23 noyabr 2015-ci il tarixə kimi işləmişdir. İşlədiyi 10 (on) il müddətində ümumi vəzifələrlə yanaşı, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində borcunu layiqincə, vicdanla yerinə yetirmiş, xidmət dövründə töhmət və tapşırıq almamışdır. Bu keyfiyyətlərinə baxmayaraq heç bir əsaslı səbəblər olmadan qanunsuz olaraq işdən azad olmuşdur. O, 23 noyabr 2015-ci il tarixdə xidmətdən azad olmuşdur. Barəsində kimsə tərəfindən şikayət olmadığı halda Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin tələbləri kobud surətdə pozulmaqla şəxsi həyatı haqqında məlumatlar razılığı olmadan toplanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilməklə, sonuncuya iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusu əsasında Astara RPŞ tərəfindən 3-13-65/2-10506/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş Astara RPŞ-nin 186 Ş/h saylı, xx.xx.2015-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, Astara RPŞ-nin PPXT-nin polis nəfəri, polis serjantı İddiaçı qardaşına məxsus yaşayış sahəsini heç bir müqavilə olmadan əvvələr tanıdığı yüngül həyat tərzi keçirən Fəxriyyə Məmmədovaya, Əfsanə Hüseynovaya və polis serjantı İlkin Xəlilovun qeyri rəsmi ər-arvad münasibətlərində olduğu Pərvanə Quliyevaya kirayə verməklə, nəticədə kirayəçilərin hərəkətlərinin qonşuların narazılığına səbəb olmasına zəmin yaratmaqla, rəsmi nikahda olmasına baxmayaraq cəmiyyətdə qəbul olunmuş ailə məişət normalarına riayət etməyərək, nikaha sədaqətli olmalı halda qadın kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməklə,vətəndaşa hədə qorxu ilə təyziq göstərməyə cəhd etməklə, baş vermiş və ya baş verə biləcək cinayət əməlləri ilə bağlı Astara RPŞ-nin digər əməkdaşlarına məlumat verəcəyi halda onu cəmiyyətə rüsvay edəcəyi ilə hədələməklə öz şəxsi mənafeyini RPŞ-nin mənafeyindən üstün tutmağa cəhd etməklə, kollektivdə mənfi xarakterizə olunmaqla, şöbə rəhbərliyi tərəfindən ona tutulmuş iradlardan müsbət nəticə çıxarmayaraq, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə yol verməklə Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli 130 №-li əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik Davranış Kodeksi”nin 1-ci və 10cu maddələrinin tələblərini kobud şəkildə pozduğuna, xidməti yoxlama zamanı yol verdiyi qənaətləri təkzib etməklə qeyri-səmimiliyə yol verdiyinə görə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə əmr verilmişdir. “Azərbaycan Respublikasının Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə əsasən xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının hazırki tələbi mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisələndirilən əmrin ləğv olunması ilə bağlı əvvəllər Şirvan-İnzibati İqtisadi Məhkəməsinə müraciət etdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasının səbəbinin mübahisənin məhkəmədən kənar qaydada həll olunması ilə bağlı olduğunu göstərsə də, məhkəmə qeyd olunan halı iddia müddətinin axımının kəsilməsi üçün əsas hesab etmir. İş materiallarından da göründüyü kimi, iddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə 2-1(86)107/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadının qəbul olunmasından 8 (səkkiz) il 2 (iki) ay keçdikdən sonra hazırki iddia ərizəsini poçta təqdim etmiş və bu zaman üzürlü səbəb kimi işə qəbul və işdən olunmağı barədə əmrlərin surətlərini dəfərlərə tələb etsə də ona təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə edilən əmrin surətini almaması məhkəməyə müraciət etmək üçün maneə yaradan hal deyil. Belə ki, İPM-in 38.1- ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Belə ki, hazırda məhkəmənin arxivində saxlanılan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(86)-107/2016 saylı inzibati işin materiallarında olan 2- 1(86)-1994/2015 saylı iş üzrə xx.xx.2015-ci il tarixli iddia ərizəsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Astara RPŞ-yə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xidmətdən azad olunmağı barədə əmrin ləğv edilməsi və Astara RPŞ-də əvvəlki iş yerinə bərpa olunmağı və məcburi iş buraxma günləri üçün əmək haqqının alınıb xeyrinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəməyə İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, xidmətdən azad olunmağı ilə bağlı Astara RPŞ-nin 21 noyabr 2015-ci il tarixli 186 ş/h nömrəli əmrin 1-ci bəndinin ləğv edilməsi kimi dəyişdirilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)107/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdeh Astara RPŞ-yə qarşı xidmətdən azad olunmağı ilə bağlı Astara RPŞ-nin 21 noyabr 2015-ci il tarixli 186 ş/h nömrəli əmrin 1-ci bəndinin ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. 2-1(86)107/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadın 2-ci səhifəsinin 2-ci abzasında qeyd olunmuşdur ki, iddiaçı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək, iddia ərizəsində dəqiqləşdirmə aparmaq məqsədilə iddianı qeyri-mümkün edərək, ona geri qaytarılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-107/2016 nömrəli iş üzrə 09 mart 2016-cı il tarixli qərardadı xx.xx.2016-cı il tarixli məktubla İddiaçı və Astara RPŞ-yə göndərilmiş və qeyd olunan qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bundan sonra iddiaçı cavabdeh Astara RPŞ-yə qarşı 186ş/h nömrəli, xx.xx.2015-ci il tarixli əmrinin ləğvi və işə bərpa olunma, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində məlumatlı olmuş, əmrin ləğv edilməsi tələbi ilə xx.xx.2015-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, daha sonra öz iradəsi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3732/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş buraxılmış müddətin üzürlü hesab edilərək, bərpa olunmasına dair ərizəsi təmin olunmamışdır. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı əmrin ləğv olunması və əvvəlki iş yerinə bərpa olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar