Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3735/2024 02.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi) qarşı X5 üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, rəsmi qeydiyyatda olan cizgilər daxilində qeydiyyatda olan torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən plan və ölçü sənədinin verilməsi və torpaq sahəsinin onlara təqdim olunmasına dair qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN- 075A, KOD 80102005 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Astara rayonun Kijəbə qəsəbə İƏD-nin Qəcimarda kəndi ərazisində onlara 0.07 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.20224-cü il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Onlara torpaq sahəsinə dair çıxarış verilsə də, həmin torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmədiyindən torpaq sahəsində mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilməsi ilə bağlı DƏDKR-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmiş, sonuncu tərəfindındən 06 may 2024-cü il tarixli, 3-21-3-43/2-1205/2024 saylı məktubla Plan və ölçü sənədinin verilməsinə dair imtina bildirişi verilmişdir. İmtina bildirişində imtinanın əsasları qeyd edilmiş və göstərilmişdir ki, müayinə zamanı iddia olunan torpaq sahəsi Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən X13 torpaqlarında yerləşir. 0.07 hektar torpaq sahəsi onlara Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə verilmiş və torpaq sahələri X13 torpaqlarında yerləşməmiş əgər yerləşibsə həmin vaxt buna nə üçün qərar verilmişdir. Torpaq sahələri X13 torpaqlarına daxil olsa da, Aqrar İslahat Komissiyasının qərarı ilə X13 Torpaqlarının statusu dəyişilmiş və hal-hazırda torpaq sahələri X13 torpaq sahəsi hesab edilə bilməz. Belə ki, torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir (“Torpaq İslahatı haqqında" AR Qanunun 1-ci maddəsinin 2-ci abzası) Torpaq islahatı Dövlət adından həyata keçirildiyindən və Astara rayon Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 03 saylı qərarı da dövlət adından verilmiş hesab edilməlidir. Həmin qərar məhkəmə qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Əgər həmin torpaq sahəsi X13 torpaqlarına daxil olsaydı Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120) -10/2021 nömrəli qərarı ilə həmin 0.07 hektar torpaq sahəsinə dair çıxarış verilməsi DƏDKR-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmazdı və çıxarışın verilməsi həmin torpaq sahəsinin mülkiyyətlərində olmasını təsdiq edir. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120)-10/2021 nömrəli qərarından 10 saylı Lənkərar Ərazi İdarəsi apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106) -2/2023 saylı qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(120) -10/2021 nömrəli qərarı qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 2-1(106) -2/2023 saylı qərarından verilmiş kassasiya şikayəti AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1543/2023 saylı xx.xx.2023cü il tarixli qüvvədə saxlanılaraq cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxs qismində göstərilmiş şəxsə təqdim edilməklə, sonunculara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər və və üçüncü şəxs qismində göstərilmiş şəxs işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Üçüncü şəxs qismində göstərilmiş şəxs məhkəməyə yazılı mülahizə (etiraz) təqdim edərək göstərmişdir ki, göstərilən iddianın ona heç bir aidiyyəti yoxdur. Onların aralarında bir neçə məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisələr həmişə onun xeyrinə bitmişdir. Bütün məhkəmə qətnamələri ilə təsdiq olunub ki, torpaq sahəsi ona məxsusdur və o, qanunsuz olaraq heç kimin torpağından istifadə etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçılar İddiaçı3 və Cavadova (Baxşıyeva) Bahar Həbib qızı məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə gəlməyən iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, əvvəlki iddiada və eyni zamanda hər üç mənkəmə instansiyasının qəbul etdiyi qərarda torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamış və iddiaçıya məhkəmə prosesində çıxarışla bərabər torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməmişdir. Eyni zamanda iddia olunan torpaq sahəsi X13 torpaqlarında yerləşir. Ona görə də iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılmasını xahiş etdi. İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Qeyd olunan Plenum qərarının 15.5-ci bəndində göstərilmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıların hüquqi marağı və məqsədi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış çıxarışa əsasən qanuni mülkiyyətlərində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən müvafiq plan və ölçü sənədinin tərtib edilərək, onlara verilməsinə nail olmaqdan ibarətdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı2 cavabdeh DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 15 dekabr 2017-ci il tarixli qərarın ləğv edilməsi tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir ( səhifə 1, abzas 2). Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə (tələbin dəyişdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək məhkəmədən “torpağın mülkiyyətə verilməsinə dair LN- 075A saylı, KOD 80102005 №-li şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilən fərdi yaşayış evinin DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq mülkiyyət hüquqlarına dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxaırılmasını xahiş etmişdir ( səhifə 1, abzas 4). Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, “Torpağın mülkiyyətə verilməsinə dair JN-075 A saylı, KOD 80102005 №-li şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması” kimi baxılmasını həmçinin ödənilmiş dövlət rüsumunun ona aid edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, torpağın mülkiyyətə verilməsinə dair JN-075A (kod:********) nömrəli şəhadətnamə əsasında iddiaçının və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından narazı qalan cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)- 2/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1543/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-2/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1543/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı2 cavabdeh DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı1, X5) qarşı “ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş Şirvan İnzibati Məhkəməsinə geri qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə göndərilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-3-43/2-1628/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayış məntəqələri torpaqlarından 0,07 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ( **********50 reyestr №) ilə İddiaçı2 adına (ümumi birgə mülkiyyətçilər İddiaçı1, X4, İddiaçı4 ) Daşınmaz əmlakın dövlət reyestrində 178 nömrəli reyestr kitabının 61 №-li vərəqində qeydiyyata alınmışdır. Bundan sonra İddiaçı1 plan və ölçünün verilməsinə dair ərizə ilə DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-3-43/2-1205/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, onların DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, Astara rayonu, Kijəbə qəsəbəsi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli “Çıxarış”la etibarlı nümayəndəsi olduğu şəxsin, (X6) onun və digər ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan 0.07 ha "həyətyanı torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunması proseduru ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Belə ki, icraatda olan sənədlərin ekspertizası və faktiki yerində keçirilmiş müayinə (çöl ölçmə işləri) nəticəsində məlum olmuşdur ki, müayinə zamanı iddia etdiyi torpaq sahəsi Ərazi idarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən X13 torpaqlarında yerləşir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlaka dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsinin 3-21-43/2-1594/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-10/2021 saylı işi üzrə iddiaçı qismində çıxış edən İddiaçı2 tərəfindən 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-075A, kod 80102005 saylı Şəhadətnamə əsasında onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuşdur. Belə ki, iddiada və eyni zamanda hər üç mənkəmə instansiyasının qəbul etdiyi qərarda torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı hər hansı bir qeyd aparılmamış və iddiaçıya məhkəmə prosesində çıxarışla bərabər torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməmişdir. Bununla əlaqədar bildirmişlər ki, hər üç məhkəmə instansiyasının qərarına əsasən hazırki iş üzrə iddiaçı və ailə üzvləri ilə bağlı yalnız Ərazi İdarəsi tərəfindən tək “Çıxarış” verilmişdir. Belə ki, nə iddia ərizəsində nə məhkəmə qərarlarında Ərazi İdarəsinin üzərinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulmamışdır. Eyni zamanda bildirmişlər ki, İddiaçı2 oğiunun etibarlı nümayəndəsi X1 torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsi 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış və tərəflərindən həmin torpaq sahəsinə keçirilmiş faktiki müayinə (çöl-ölçmə işləri) və Ərazi İdarəsinin istifadəsində olan elektron xəritə məlumatlarına əsasən məlum olmuşdur ki, iddia olunan torpaq sahəsi X13 torpaqlarında yerləşir. Bu səbəbdən sözügedən torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Sözügedən məsələnin qanunamüvafiq qaydada icra olunması ilə əlaqədar növbəti məhkəmə prosesi zamanı tərəflərin iştirakı zamanı həmin torpaq sahəsinə tikinti - texniki ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Göründüyü kimi, xx.xx.2024-cü il tarixindən etibarən məhkəmə mübahisəsinin mövcudluğu ilə bağlı cavabdehin istinad etdiyi hal aradan qalxmışdır. Belə ki, torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** (**********50 reyestr №) qeydiyyat nömrəsi ilə İddiaçı2 adına (ümumi birgə mülkiyyətçilər İddiaçı1, X4, İddiaçı4 ) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan zaman torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları kimi qeyd olunmuşdur. Lakin buna baxmayaraq cavabdeh iddiaçının müraciətinin icrasını təmin etməmişdir. Halbuki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67- 69-cu maddələri də təminatlara şamil olunur.Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Beləliklə, torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu və digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də torpaq sahəsi ilə bağlı hər hansı məhkəmə mübahisəsinin də artıq mövcud olmadığı mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1543/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının 30-cu bəndində məhkəmə göstərmişdir ki, “İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə Astara rayonu, Qəcimərdan kəndi ərazisində (faktiki Kijəbə qəsəbə ərazisi) yerləşən 0,07 hektar həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı N-075A (kod: ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Həmçinin bu barədə mövcud DBF (siyahı) və DWF ( xəritə) məlumatlarında müvafiq qeydlər aparılmışdır”. Sözügedən qərarın 31-ci bəndində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi öz qərarında ekspert və mütəxəssis rəyləri ilə, o cümlədən mütəxəssinin iş üzrə məhkəmə iclasında verdiyi izahatla müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında torpaqların elektron kadastruçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən ərazidə aparılmış elektron uçot işləri nəticəsində tərrtib edilmiş rəqəmsal kadastr xəritəsində İddiaçı2 və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0,29 hektar həyətyanı torpaq sahəsi pz əksini tapmışdır. JN-075A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş sözügedən 0,07 hektar torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin faktiki istifadəsində olan 0,29 hektar torpaq sahəsinin hüdudları (sərhədləri) daxilində yerləşir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən məhkəmə qərarının icrasının davamı olaraq iddiaçıların adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Sözügedən torpaq sahəsinin X13 torpaqlarında yerləşməsi əsası ilə plan ölçünün tərtib edilməsindən imtina olunması əsassızdır. Azərbaycan Respubliksı Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2024-cü il tarixli 2-1(102)-420/2024 saylı qərarında qeyd olunmuşdur ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki,belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçılara İPM-nin 13-cü maddəsinə əsasən göstərilməsi nəzərdə tutulan hüquqi yardım (iddia tələbinin dəyişdirilməsi) hazırki iş üzə məqsədə müvafiq hesab olunmamışdır. İddiaçılara izah olunur ki, torpaq sahəsinə plan və ölçü verilməsinə dair iddiaları Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının icrasının davamıdır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İPM-nin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120.1 -ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71 -ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1 -ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. İddiaçılara izah olunur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-10/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının icrasının təmin olunması ilə bağlı həmin iş üzrə ərizə ilə məhkəməyə müraciət edərək, qərarın icrasının təmin olunmasını tələb etməlidirlər. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, Cavadova (Baxşıyeva) Bahar Həbib qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində göstərilməklə “plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiaları mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3735/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3735/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver