Məhkəmə qərarları › İş №2-1(120)-3755/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3755/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3755/2025 08.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının xx.xx.2025-ci tarixli, 5-71/3-2-15/2025 saylı sərəncamının qanunsuz hesab edilməklə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli, 02-s saylı sərəncamı ilə heyvandarlığın inkişafı məqsədi ilə 5,0 ha torpaq sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışıdr. Bundan sonra həmin torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1 saylı icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Cavabdeh Başçısı tərəfindən xx.xx.2025-ci il tarixli, 5-71\3-2-15/2025 saylı sərəncamı qəbul edilmiş və həmin sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidən daxil olmuş çoxsaylı məktublarda Salyan rayonunda dövlət və bələdiyyə fondu torpaq sahələrindən təyinatı üzrə istifadə edilmədiyi, təyinatdankənar əkin aparıldığı, süni nohurlar yaradıldığı, bəzi hallarda isə tikinti işlərinin aparıldığı bildirilmiş, bununla əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Müraciətlərlə əlaqədar Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 5-71/3-2-144/2024 saylı “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə komissiyanın yaradılması barədə” Sərəncam ilə komissiya yaradılması barədə” Sərəncamı ilə komissiya yaradılmış, komissiya rayonun dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan təyinatı üzrə istifadə vəziyyətinin monitorinqi ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi, istifadəyə və icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən torpaq qanunvericiliyinin tələblərinin pozulması və təyinatı üzrə istifadə edilməməsi hallarını, habelə həmin sahələrdə inşa edilmiş qanunsuz tikililərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün təkliflər verilməsi tapşırılmışdır. Komissiya tərəfindən Sarvan dövlət fondu qış otlaq sahəsindən Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 02-s saylı sərəncamı ilə heyvandarlığın inkişafı məqsədi ilə ona icarəyə ayrılan 5,0 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilmədiyi, xırda iri buynuzlu heyvan saxlanılmadığı və əkin aparıldığı müəyyən edilmişdir. Cavabdeh Başçısının sərəncamını əsassız və qanunsuz hesab edir. Mübahisə predmeti olan sərəncam ona rəsmi qaydada təqdim olunmamış, sərəncam barədə Şirvan Kommersiya Məhkəməsində olan zaman məlumatı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Cavabdeh Başçısının “İddiaçı heyvandarlığın inkişafı məqsədilə 5,0 hektar torpaq sahəsinin icarəyə ayrılması barədə” 02-s saylı, xx.xx.2023-cü il tarixli sərəncamdan çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı Salyan rayonunun inzibati ərazisində kənd təsərrüfatı təyinatlı 10 №-li qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə 5,0 ha örüş sahəsinin icarəyə ayrılmıası; “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icarə müddətində torpaqlardan təyinatı üzrə istifadə edilməsi, icarəyə verilən torpaq sahəsinin mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, torpaqlardan istifadə zamanı ekoloji tarazlığın gözlənilməsi və ətraf mühitin mühafizəsinin təmin edilməsi İddiaçı tapşırılsın. Sərəncamın surəti sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə rayon Statistika idarəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinə, 5 saylı Ərazi Vergilər İdarəsinə və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilməsi barədə sərəncam verilmişdir. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-71/2-A-39-7/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinin mütəxəssisləri tərəfindən rayon İcra hakimiyyəti başçısının 8.01.2023-cü il tarixli 02-s saylı sərəncamı ilə Salyan rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 10 №-li qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə icarəsinə ayrılmış 5,0 ha torpaq sahəsində torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə 23 may 2023-cü il tarixdə monitorinq aparılmış və tərəfindən təyinatdan kənar əkin aparıldığı aşkar edilmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnən qayda pozuntularına görə müvafiq qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdehnə ünvanlanmış 16 iyun 2023-cü il tarixli 3-21-3/2-8208/2023 saylı məktubla Torpaq Məcəlləsinin 65-ci və 73-cü maddələrinin tələblərinə müvafiq olaraq yuxarıda qeyd edilən sərəncama, eləcə də icarə müqaviləsinə yenidən baxılması və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir.Bununla əlaqədar icarəçi olaraq o, monitorinq zamanı tərtib edilmiş aktla tanış edilmiş, belə halların yol verilməz olduğu diqqətinə çatdırılmışdır.Rayon İcra hakimiyyəti başçısının “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsi vəziyyətinin öyrənilməsi məqsədilə komissiyanın yaradılması barədə” xx.xx.2024-cü il tarixli, 5-71/3-2-144/2024 saylı sərəncamın icrası məqsədi ilə Sarvan dövlət fondu qış otlaq sahələrinin istifadə vəziyyətinə komissiya töərəfindən xx.xx.2024-cü il tarixdə yerində nəzarəti qaydada baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 02-s saylı sərəcamı ilə heyvandarlığın inkişafı məqsədilə icarəsinə ayrılan 5,0 ha torpaq sahəsində normadan artıq əkin ( 5,0 ha) aparıldığı və torpaq sahəsində xırdaa və iri buynuzlu heyvanların saxlanılmadığı müəyyən olunmuşdur.14 oktyabr 2024-cü il tarixdə komissiya tərəfindən müvafiq akt tərtib edilmiş, məlumatı olmasına baxmayaraq baxışda iştirak etməmişdir. Yol verdiyi nöqsanlar barədə tərəflərindən 29 dekabr 2024-cü il tarixdə 5-71 /2-A-39-2/2024 saylı məktubla ona xəbərdarlıq göndərilmişdir. Edilmiş cərimə və xəbərdarlıqlara baxmayaraq təkrar təyinatdan kənar istifadə (əkin və xırda və iri buynuzlu heyvanların saxlanılmadığı) hallarına yol verdiyi üçün xx.xx.2023-cü il tarixli, 02-s saylı sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi bir tərəfli qaydada qanunvericiliyə müvafiq olaraq ləğv ediləcəkdir. Bununla əlaqədar 22 yanvar 2025-ci il, saat 10:00-da rayon İcra Hakimiyyətinə dəvət edilirlər. Cavabdeh Başçısının “İddiaçı icarəsinə ayrılmış 5,0 ha torpaq sahəsinin bütövlükdə dövlət fonduna geri qaytarılması barədə” 5-71/3-2-15/2025 saylı, xx.xx.2025-ci il tarixli sərəncamından çıxarışdan müəyyən olunur ki, Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 02-s saylı sərəncamı ilə Salyan rayonunun inzibati ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı 10 №-li qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədi ilə Salyan şəhər sakini İddiaçı icarəsinə ayrılmış 5,0 ha torpaq sahəsindən müqavilə şərtlərinə əməl olunmadan məqsədli təyinatına uyğun istifadə edilmədiyi üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən 5,0 hektar torpaq sahəsi bütövlükdə dövlət sonduna geri qaytarılması; Cavabdeh Başçısının xx.xx.2023-cü il tarixli 02-s saylı sərəncamın qüvvədən düşmüş hesab edilməsi; İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, 01 saylı icarə müqaviləsinə xitam verilməsi üçün mhəkəməyə müraciət edilməsi; Sərəncamın surətinin müvafiq olaraq rayon Statistika idarəsinə, Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan ərazi şöbəsinə, 5 saylı Ərazi Vergilər İdarəsinə və inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli e-2-2(121)-1325/2025 saylı məhkəmə bildirişi ilə sonuncuya “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin dövlət fonduna geri qaytarılması və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair məhkəmə iclasının xx.xx.2025-ci il tarixə təyin olunması barədə məlumat verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-1325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin dövlət fonduna qaytarılması və icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) Məhkəmənin e-2-2(121)-1325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllə: ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. ... Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar.

İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi. Qanunvericiliyin qeyd olunan tələblərini nəzərə aldıqda məlum olur ki, iddiaçının hazırkı tələbi mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. İddiaçı inzibati orqanın xx.xx.2025-ci il tarixdə qəbul etdiyi 5-71/3-2-15/2025 №-li inzibati aktın ləğv olunmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İşin müəyyən olunan hallarından Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 5-71/2- A-39-7/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(121)-1325/2025 saylı məhkəmə bildirişindən və e-2-2(121)- 1325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən olunur ki, iddiaçı mübahisələndirilən sərəncamdan məlumatlı olmuşdur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncam barəsində məlumatlı olsada, iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Prosessual qanunvericiliyin tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə məcburetmə haqqında iddia növünə də aiddir. Məcburetmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması ilə yanaşı iddia müddətinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesindigər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün ona xx.xx.2025-ci il tarixdə hüquqi yardım məktubu göndərmiş, iddiaçı müddətin hər hansı üzürlü səbəbdən buraxılmasına dair ərizə və heç bir əsaslı sübüt məhkəməyə təqdim etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar