Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-376/2023 02.03.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi XX katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsi və xx.xx.2022-ci il tarixindən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müavinətin ödənilməmiş illərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10064/2021 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Füzuli rayon İcra Hakimiyyəti ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-10064/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyati üzrə baxılması üçün Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1274/2022 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək “məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsi və xx.xx.2022-ci il tarixindən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 1993-cü il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Hal-hazırda ünvan 3ində pasport qeydiyyatındadır. Məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında məskunlaşmışdır. Buna baxmayaraq məcburi köçkün olduğu vaxtdan məcburi köçkünlər üçün nəzərə tutulan yemək xərci üçün aylıq müavinət (çörək pulu) ala bilməmişdir. Ona məcburi köçkünlər üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsini təmin etmələri üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə baxmayaraq məktuba hər hansı rəsmi cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/332 saylı məktubuna əsasən ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 1993-cü ildə Aybasanlı kəndindən məcburi köçkün düşdüyü, hal-hazırda Sumqayıt şəhərində məskunlaşdığı, məcburi köçkün statusu var. İddiaçı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinət alması üçün adının müvafiq aylıq hesabata daxil edilməsinə görə Aybasanlı kənd icra nümayəndəliyinə dəfələrlə müraciət etdiyi, Rayon İcra Hakimiyyəti və Aybasanlı kənd icra nümayəndəliyi ilə birgə vətəndaşın sənədlərində yoxlama edərkən İddiaçı ölkə sərhədlərindən xaricdə bir təqvim ili ərzində 182 gündən artıq olduğu müəyyən edilmiş və bu səbəbdən də iddiaçının vahid aylıq müavinət alması, məcburi köçkünlər və onlara bərabər tutulan vahid aylıq müavinət alması qaydasının 2.8-ci bəndinə görə mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/1066 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Füzuli rayonunda məcburi köçkündür, Komitənin Regional idarəetmə və status şöbəsinin xx.xx.2013-cü il tarixli protokoluna əsasən ona AA 283576 seriya və nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Hazırda ünvan 4 ünvanında məskunlaşmışdır. İddiaçı vahid aylıq müavinətin ödənilib-ödənilməməsi barədə məlumatın təqdim edilməsi üçün Füzuli rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Füzuli rayon İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 01/332 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 1993-cü ildə Aybasanlı kəndindən məcburi köçkün düşmüşdür. Hal-hazırda Sumqayıt şəhərində məskunlaşıb. Məcburi köçkün statusu var. İddiaçı məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinət alması üçün adının müvafiq aylıq hesabata daxil edilməsinə görə Aybasanlı kənd icra nümayəndəliyinə dəfələrlə müraciət etmişdir. Rayon İcra Hakimiyyəti və Aybasanlı kənd icra nümayəndəliyi ilə birgə vətəndaşın sənədlərində yoxlama edərkən İddiaçı ölkə sərhədlərindən xaricdə bir təqvim ili ərzində 182 gündən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən də onun vahid aylıq müavinət alması, məcburi köçkünlər və onlara bərabər tutulan vahid aylıq müavinət alması qaydasının 2.8-ci bəndinə görə mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 33/3858 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1976cı il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında çıxış və giriş məlumatları qeydə alınmışdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 4-cü bəndinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: - "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə; - Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara; - Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə); “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: - 2.8. “məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə; “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçının hazırkı iddiasının mahiyyəti (hüquqi marağı) pozulmuş hüquqlarının bərpa olunmasıdır. İddiaçının hazırda məcburi köçkün statusunda olması işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Cavabdehin imtina məktubunda göstərdiyi halın əsassız olduğu iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən əsassız olduğu müəyyən edildiyindən iddiaçının hüquqları bərpa edilərək ona vahid aylıq müavinıt verilmişdir. Lakin cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci (bərabərlik prinsipi) və 13-cü (etimad hüququnun qorunması prinsipi) maddələrinin tələbi baxımından qeyd edilən xüsusatların araşdırılması ilə bağlı zəruri inzibati icraat aparmalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı idi. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmiş, əsaslı araşdırılma aparılmamış və iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Bu hüquq iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, cavabdehin iddiaçıya verilməli olan vahid aylıq müavinətin verilməsi ilə bağlı hərəkəti iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnun) pozduğundan qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrıseçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrıseçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Cavabdeh Füzuli rayon İcra Hakimiyyəti İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsindən imtina üçün yalnız onun ölkə sərhədlərindən xaricdə bir təqvim ili ərzində 182 gündən artıq olduğunun müəyyən edildiyini bildirmiş və bu səbəbdən də iddiaçının vahid aylıq müavinət alması, məcburi köçkünlər və onlara bərabər tutulan vahid aylıq müavinət alması qaydasının 2.8-ci bəndinə görə mümkün olmadığını qeyd etmişdir. Məhkəmə tərəfindən ünvanlanmış sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 33/3858 nömrəli sorğu məktubunda qeyd edilmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü İddiaçı 2000-ci ildən bugünə kimi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında çıxış və giriş məlumatları qeydə alınmışdır. Həmin məlumatlara əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi vaxtdan təqvim ili ərzində 182 gündən artıq ölkə sərhədlərindən xaricdə olmadığı məyyən edilmişdir. Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.8-ci bəndinə istinad etməklə iddiaçıya aylıq müavinətin verilməməsi iddiaçının konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz hesab olunmalı və İddiaçı tələbdə qeyd etdiyi xx.xx.2022-ci il tarixdən vahid aylıq müavinət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsi və xx.xx.2022-ci il tarixindən hesablanması vəzifəsinin cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69 81 və 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məcburi köçkünlərin yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi üçün adının vahid aylıq müavinətin alanların adlı siyahısına daxil edilməsi və xx.xx.2022-ci il tarixindən hesablanması vəzifəsinin cavabdeh Füzuli rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-376/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-376/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver