Məhkəmə qərarları › İş №2-1(120)-376/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-376/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-376/2025 19.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsi Nümayəndə2, Milli Arxiv İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş və iddia tələbi “güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğv edildiyi tarixdən bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, o, əmək pensiyası təyin edilməsi üçün DSMF Saatlı rayon filialına müraciət etmişdir. Bir müddət yaşa görə də əmək pensiyası almışdır. Ona pensiya təyin edildikdən sonra DSMF Saatlı rayon şöbəsi tərəfindən 2019-cu ilin yanvar, aprel və may ayları ərzində ümumilikdə 58 nəfər rayon sakininə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılmışdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi, İ dərəcəli hüquqşünas X10 tərəfindən imzalanmış 06 may 2020-ci il tarixli qərarda göstərilir ki, istintaq zamanı 52 şəxsin yəni, İddiaçı əmək kitabçasındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Yuxarıda adları göstərilmiş 52 şəxsin (İddiaçı daxil olmaqla) pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan sonra ona təyin edilmiş əmək pensiyası bərpa edilməmişdir. Bununla əlaqədar cavabdeh təşkilata rəsmi müraciət etmişdir. Cavabdeh təşkilatdan ona ünvanlanmış 05 may 2023-cü il tarixli, 3- 171/2-Q-100009/2023 saylı məktubda göstərilir ki, fondun 1 saylı X2 xx.xx.2023-cü il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş Saatlı rayonu Ukrayna adına kolxozun xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixədək olan iş stajı 2 ayrı-ayrı vərəqələrdə müxtəlif xətlərlə yazıldığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Fondun Saatlı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin edilmiş pensiya məbləği xx.xx.2019cu il tarixdən cinayət işinin başlanması ilə əlaqədar olaraq dayandırılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubu ilə İddiaçı təyin edilmiş pensiya məbləğinin dayandırlması barədə müvafiq məlumatlar verilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, Nazirlik tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Həmçinin İddiaçı münasibətdə onun əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi dayandırılmışdır. İddiaçı cavabdehin məktubu ilə razılaşmayaraq iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa ve staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 8.1 -ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. İddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməyə dəvət olunmuş Milli Arxiv İdarəsinin nümayəndəsi X3 qeydlərdə olan səhvliklərə bağlı heç bir məlumatlarının olmadığını və idarəyə müəssisələdən həmin sənədlərin hazır gəldiyini qeyd etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Saatlı şəhəridir. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 168 nömrəli arayışından görünür ki, Saatlı rayon sakini 1955-ci il təvəllüdlü İddiaçı 1973-cü ilin dekabr ayından xx.xx.1975-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı və digərlərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilən 52 nəfər şəxsin, İddiaçı da daxil olmaqla pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajınız (xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət nəzərə alınmaqla) 8 il 9 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X2 xx.xx.2023cü il tarixli aktına əsasən əmək kitabçanızın surətində qeyd olunmuş Saatlı rayonu Ukrayna adına kolxozun xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan iş stajı 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazıldığı üçün həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2020-ci il tarixindən yaşa görə müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. İddiaçıya məxsus xx.xx.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-xx.xx.1999-cu il ərzində Saatlı rayon Ukrayna adına kolxozda, xx.xx.2000-xx.xx.2005-ci illər ərzində isə X18 zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2023-cü il tarixli 1 saylı X2 mütəxəssisi və X11 Filialının direktoru ilə birgə tərtib etdikləri aktda qeyd edilmişdir ki, X9 mühafizə olunan Saatlı rayon “Ukrayna” kolxozunun sənədlərinə baxış zamanı vətəndaş İddiaçı 1976-1999-cu illərə aid iş stajına rast gəlindi. Lakin iki ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazıldığı güman edilən məlumatlar var. Milli Arxiv İdarəsi Saatlı Rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 3-48- 33,RA48 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu Ukrayna adına kolxozun sənədləri Azərbaycan Respublikası Dövlət Arxiv idarəsinin Şirvan filialında qorunur.Zəhmət olmasa Dövlət Arxiv idarəsinin Şirvan filialına müraciət edəsiniz.X18 zavodunun sənədləri Saatlı rayon Dövlət Arxiv idarəsində qorunmur. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2-2-02/3/2- 192026310/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə istintaq xx.xx.2020-ci il tarixdə yekunlaşdırılaraq baxılması üçün Saatlı rayon məhkəməsinə göndərilmişdir. Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X5 barəsində olan Saatlı Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli 2(055)-32/2020 saylı hökmü 13 iyul 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. X11 Filialının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X11 filialında mühafizə olunan Saatlı rayonu “Ukrayna” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş İddiaçı 1976-1999-cu illərdə əmək fəaliyyəti barədə aşkar olunan qeydin müvafiq qaydada təsdiq olunmuş surətini sizə təqdim edirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli 2-1(120)-949/2024 nömrəli sorğuya baxılmışdır. Bildirilir ki, X4 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (120)- 278/2021 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixindən əlilliyə görə əmək pensiyası, X6 Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(120)-405/2021 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Statistika Komitəsi Saatlı Rayon Statistika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Saatlı rayon 'Ukrayna” kolxozu (sonradan “Baramovka” aqrofirması) 23 iyun 1996-cı il tarixindən 04 may 1999-cu il tarixinədək qeydiyyatda olmuşdur. Eyni zamanda bildiririk ki, X18 zavodunda məlumat mövcud deyildir. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız "ada' görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. X11 Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsindən X11 filialına daxil olmuş vətəndaş İddiaçı barəsində olan məktuba cavab olaraq, filialda mühafizə olunan Saatlı rayonu “Ukrayna” adına kolxozun “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”nda vətəndaş İddiaçı 1976-1999-cu illərdə əmək fəaliyyəti və Saatlı rayon “Dəmir Beton” zavodunun əmr kitabında vətəndaş İddiaçı xx.xx.2000-cı il tarixdə işə qəbul və xx.xx.2005-ci ildə işdən azad olması barədə aşkar olunan qeydlərin müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Məhkəməyə dəvət olunmuş Milli Arxiv İdarəsinin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş Şirvan Arxiv İdarəsində mühafizə olunan arxiv kitablarına məhkəmə iclasında baxış keçirilmiş və eyni halların digər vətəndaşların şəxsi hesab vərəqələrində də olduğu aşkar edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X17 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həmin Konstitusiyasının həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X17 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən, Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1-ci maddəsinə əsasən, Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı xx.xx.2019cu il tarixdə Fondun Saatlı rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçıya təyin edilmiş pensiya məbləği xx.xx.2019-cu il tarixdən cinayət işinin başlanması ilə əlaqədar olaraq dayandırılmışdır. Həmçinin etirazın və imtinanın əsasını iddiaçının xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək staj dövrünün arxiv arayışında 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazılması və həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması təşkil etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2019-cu il tarixdə dayandırılmışdır. Lakin inzibati orqan tərəfindən İnzibati icraat haqqında Qanunun normalarına uyğun olaraq tələb olunan şəkildə inzibati icraat aparılmamış, barəsində inzibati icraat aparıldığı halda onun icraatda iştirakı təmin olunmamış, dinlənilmə hüququndan istifadəyə şərait yaradılmamış, inzibati icraat nəticəsində qərar qəbul edilməmiş və buna baxmayaraq onun pensiyası dayandırılmışdır. İddiaçıya yalnız cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktub ilə təyin edilmiş pensiya məbləğinin dayandırlması barədə müvafiq məlumat verilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla pensiyanın düzgün təyin edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir.Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də pensiyanın təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası bir çox qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən digər mübahisələrin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Yuxarıda göstərilən qanunvericilik normalarından göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Həmçinin həmin mübahisəli dövrlərlə bağlı iş stajı arxiv arayışları ilə də öz təsdiqini tapmışdır. Мəhkəmə xx.xx.1989-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının xx.xx.1976-xx.xx.1999-cu illərdə Saatlı rayonu “Ukrayna” adına kolxozda işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (xx.xx.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Saatlı rayonu “Ukrayna” adına kolxozda işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Əlavə olaraq məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfindən pensiyanın dayandırılmasına əsas kimi cinayət işinin mövcudluğu göstərilmişdir ki, məhkəmə araşdırması zamanı əldə edilən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı və digərlərinin əmək kitabçalarındakı iş yerləri və əmək stajları barədə qeydlərin saxta olmasını aparılmış istintaqla sübuta yetirmək mümkün olmamış, onların işləmiş olduqları əvvəlki iş yerləri, müəssisələri və sair ilə bağlı ittihamedici hər hansı maddi sübut aşkar edilməmişdir. Adları göstərilən 52 nəfər şəxsin, İddiaçı da daxil olmaqla pensiya təyinatının bərpasında cinayət xarakterli hər hansı faktın olmadığı müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının Saatlı rayonu “Ukrayna” adına kolxozda xx.xx.1976-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək işlədiyi staj dövrünün arxiv arayışında 2 ayrı-ayrı vərəqlərdə müxtəlif xətlərlə yazılması iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərbaərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. Həmçinin məhkəmə axiv materiallarına baxış zamanı müəyyən edir ki, staj dövrlərinin ayrı-ayrı vərəqlərdə, mütəlif xətlərlə yazılması və başqa formada nöqsanlar arxiv arayışlarında bəzi vətəndaşlara münasibətdə də eynilik təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və həmin dövrdən hal-hazıradək pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən bərpa edilməsi və həmin dövrdən hal-hazıradək pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X15 Xüsusi şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar